Şriftin ölçüsü:
10.09.2011 11:16 | Oxunma sayı: 931
Sentyabrın 9-da Naxçıvan şəhərində fəaliyyət göstərən "Zümrüd" kiçik müəssisəsinin yeni binası və kostyum istehsalı sahəsi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsmişdir.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov bildirmişdir ki, 2011-ci ilin ötən dövründə muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə 16 layihə üzrə istehsal və xidmət müəssisələri istifadəyə verilmiş, 37 layihə üzrə isə bu iş davam etdirilməkdədir. Hazırda muxtar respublikada əhalinin tələbatının daha dolğun ödənilməsində mühüm rolu olan 428 müəssisə fəaliyyət göstərir.
"Zümrüd" kiçik müəssisəsinin direktoru Etibar Hacıyev sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Zümrüd" kiçik müəssisəsinin yeni binasının açılışı və yeni istehsal sahəsinin fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik edərək demişdir: " Muxtar respublikamız uzun illərdir blokada şəraitində yaşayır. Belə bir şəraitdə daxili bazarın yerli istehsal məhsulları ilə təmin olunması üçün dövlət dəstəyi ilə sahibkarlıq subyektlərinin, özəl müəssisələrin yaradılmasının mühüm əhəmiyyəti vardır. Bu müəssisələrdən biri olan "Zümrüd" tikiş məhsulları müəssisəsi də daxili tələbatın ödənilməsində iştirak edir. Müəssisəyə Sahibkarlığa Kömək Fondu tərəfindən 560 min manat kredit verilmiş, fəaliyyəti üçün lazımi dövlət dəstəyi göstərilmişdir".
Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkə başçısı tərəfindən uğurla davam etdirilməsinin nəticəsində Azərbaycanın digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikası da inkişaf edir. Bu gün muxtar respublikada ümumi daxili məhsul istehsalının 87 faizə yaxını özəl sektorun payına düşür.
Ali Məclisin sədri demişdir: "Bu gün dövlət müəssisələrinin yerini özəl müəssisələr tutur. Özəl bölmənin fəaliyyəti də qəbul olunmuş qanunlar çərçivəsində diqqətdə saxlanılır, dövlətimiz qanunların icrasına nəzarət edir. Sahibkarlarla yaradılmış belə sağlam əlaqələr, birgə fəaliyyət də ümumilikdə ölkəmizin inkişafına, yüksəlişinə səbəb olur. Öz işini günün tələbləri səviyyəsində quran, qanunvericilik çərçivəsində fəaliyyət göstərən sahibkarlara bundan sonra da lazımi diqqət və qayğı göstəriləcəkdir. Məqsəd ondan ibarətdir ki, yeni iş yerləri açılsın, daxili tələbat yerli istehsal hesabına ödənilsin, sahibkarlıq fəaliyyəti daha da inkişaf etsin. Bunun müqabilində isə sahibkarlarımız istehsal etdikləri məhsulların keyfiyyətinə ciddi diqqət yetirməli, işçilərə lazımi qayğı göstərməli, onların əməkhaqları bugünkü tələblərə uyğun ödənilməlidir".
Ali Məclisin sədri müəssisənin əhəmiyyətini qeyd edərək demişdir ki, burada Almaniya, Yaponiya və Türkiyə istehsalı olan ən müasir avadanlıqlar qurulmuşdur. Bu, müasir texnikadan istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması baxımından da mühüm əhəmiyyət daşıyır. Dövrümüzdə müasirlik, yeni texnologiyalardan istifadə günün tələbinə çevrilmişdir. Ona görə də istehsal müəssisələrində yüksək keyfiyyətli, iş prinsipi daha səmərəli olan avadanlıqların quraşdırılması bir vəzifə kimi qarşıya qoyulur və buna xüsusi diqqət yetirilir.
Ali Məclisin sədri müəssisənin müasir səviyyədə qurulmasına və ən son texnoloji avadanlıqların alınıb quraşdırılmasına görə sahibkara təşəkkürünü bildirmişdir.
Sonra müəssisənin binasına və yeni istehsal sahəsinə baxış keçirilmişdir.
Ali Məclisin sədri müəssisəyə dövlət sifarişlərinin verilməsi, ali məktəb tələbə və müəllimləri, hüquq-mühafizə orqanlarının əməkdaşları üçün geyim formalarının tikilməsi, keyfiyyətə ciddi diqqət yetirilməsi barədə tapşırıqlar vermiş, fərdi sifarişlərin qəbulunu, işçilərin iş təcrübələrinin artırılması üçün xaricdən mütəxəssislərin dəvət olunmasını, gələcəkdə rayon mərkəzində də müəssisənin satış mağazalarının açılmasını tövsiyə etmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.