Şriftin ölçüsü:
04.09.2011 10:29 | Oxunma sayı: 746
Son illər Azərbaycanda informasiya texnologiyalarının inkişafina dövlət qayğısı artmaqdadır . Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı demişdir: "İnformasiya-kommunikasiya texnologiyalarının gələcək inkişafımızda çox önəmli rolu olacaqdır. Çünki bütün dünyanın elmi-texniki tərəqqisi bu istiqamətdə inkişaf edəcəkdir".
Bu sahədə bir neçə Dövlət Proqramı qəbul olunmuşdur ki, onlardan biri də "Elektron Azərbaycan"dır. Qeyd edək ki, bu, Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyadan (2003-2012-ci illər)" irəli gələn vəzifələrin həyata keçirilməsi üçün qəbul olunmuş ikinci dövlət proqramıdır. Bu proqramı, həmçinin "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı" və Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci tarixli sərəncamı ölkəmizdə İKT sektorunun sürətli inkişafı ilə yanaşı, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi istiqamətində mühüm rol oynayır.
Dövlət orqanlarında fəaliyyətin səmərəliyinin artırılması, vətəndaşlara və təşkilatlara xidmətlərin daha rahat və keyfiyyətli şəkildə göstərilməsi məqsədilə çoxsaylı elektron hökumət layihələri həyata keçirilir, müxtəlif təyinatlı informasiya sistemləri, reyestrlər və digər informasiya ehtiyatları yaradılır.
Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən elektron imzanın istifadəsi, dövlət orqanları arasında informasiya mübadiləsinin təşkili üzrə milli infrastrukturun qurulması işləri aparılır. Artıq elektron imzanın istifadəsinin təşkili üçün yaradılmış Milli Sertifikat Xidmətləri Mərkəzi, həmçinin dövlət orqanlarının informasiya mübadiləsi sistemi və istifadəçilərin elektron xidmətlərdən istifadəsini təmin edəcək Elektron Hökumət Portalı əsasən hazırdır və tezliklə istifadəyə verilməsi planlaşdırılır.
Həyata keçirilən dövlət proqramları çərçivəsində əhalinin müasir rabitə və informasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsinə, onların İKT sahəsində savadlılıq səviyyəsinin yüksəldilməsinə ciddi diqqət yetirilir. Bu məqsədlə mütəmadi olaraq təlimlər, seminar və konfranslar, olimpiada və viktorinalar təşkil edilir və digər maarifləndirici işlər görülür.
Dövlət qulluqçularının və mütəxəssislərin İKT sahəsində hazırlığının artırılması üçün informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və s. mövzularda çoxsaylı "dəyirmi masa"lar keçirilir. 2010-2012-ci illər üzrə Dövlət Proqramına və "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə Elektron hökumətin formalaşdırılması üzrə Fəaliyyət Proqramı"na uyğun olaraq, vətəndaşların, dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyələrinin yüksəldilməsi, İKT və informasiya təhlükəsizliyi sahələrində ixtisaslı kadrların hazırlanması məqsədilə "E-hökumət" təlim-tədris mərkəzinin yaradılması, müxtəlif tədris kursları və təlimlərin təşkili istiqamətində tədbirlər davam etdirilməkdədir. Milli şəbəkə infrastrukturunun genişləndirilməsi, internetə qoşulma sürətinin artması, istifadə haqlarında endirimlər edilməsi, internetə yeni çıxış texnologiyaları tətbiq olunması günümüzün reallığıdır. Lakin vətəndaşların müasir internet xidmətlərinə artan tələbatının tam və dolğun ödənilməsi, dövlət orqanları tərəfindən elektron xidmətlərin tətbiqinə əlverişli şəraitin yaradılması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında genişzolaqlı xidmətlərin inkişafı üzrə Fəaliyyət Proqramı" layihəsi hazırlanmışdır. Hazırda proqramın aidiyyəti qurumlarla razılaşdırılıb, təsdiq edilməsi istiqamətində müvafiq işlər görülür. Nazirlik Dövlət Proqramı üzrə dövlət orqanları ilə qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsini mövcud Əlaqələndirmə Şurası çərçivəsində həyata keçirir. Əlaqələndirmə Şurası Dövlət Proqramının və Fəaliyyət Proqramının icrası ilə bağlı ümumi məsələlərin müzakirəsi və qərar qəbul edilməsinə, nəzərdə tutulmuş nəticələrin əldə olunmasına yardım edir. Əlaqələndirmə Şurasında dövlət orqanlarının nümayəndələrinin təmsil olunması və birbaşa əlaqələrin mövcudluğu tədbirlərin icrasına əlverişli şərait yaradır.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.