Şriftin ölçüsü:
03.09.2011 01:05 | Oxunma sayı: 665
Çin Xalq Respublikasının (ÇXR) Urumçi şəhərində davam edən Birinci Çin-Avrasiya sərgi-forumu çərçivəsində sentyabrın 2-də Azərbaycan-Çin biznes forumu keçirilmişdir. Forumda Azərbaycandan 17, Çin tərəfdən isə 40-a yaxın şirkət təmsil olunmuşdur.
Tədbirin açılışında çıxış edən Baş nazirin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Abid Şərifov demişdir ki, Azərbaycan hökuməti Çin ilə bütün sahələrdə, xüsusən də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Azərbaycanın son illər dinamik inkişafı, əldə edilmiş nailiyyətlər barədə danışan A.Şərifov ölkə iqtisadiyyatında özəl sektorun böyük rol oynadığını bildirmişdir.
Baş nazirin müavini bu cür biznes forumların davamlı təşkilinin iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin qurulmasına müsbət təsir göstərdiyini, yeni ticarət və qarşılıqlı sərmayə imkanlarının təşviqinə əlavə töhfə verəcəyinə ümidvar olduğunu demişdir.
ÇXR-in Sincan-Uyğur Muxtar Rayonu Kommunist Partiyası Mərkəzi Komitəsi katibinin müavini Siaokayti İmin təmsil etdiyi muxtar rayon ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsinin tərəflər üçün faydalı olacağını bildirmişdir.
O, biznes forumu Çin-Azərbaycan arasında ticarət dövriyyəsində əsas paya malik olan Sincan-Uyğur Muxtar Rayonu ilə əməkdaşlığın genişlənməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirmişdir.
Sonra Azərbaycana həsr olunmuş təqdimat keçirilmişdir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Rüfət Məmmədov ölkəmizin iqtisadiyyatı, əlverişli biznes və investisiya mühiti, vergi sistemi, Çin şirkətləri üçün perspektivli olan sahələr barədə ətraflı məlumat vermişdir.
Azərbaycan Ticarət və Sənaye Palatası və Çinin Sincan-Uyğur Muxtar Rayonunun Sənaye və Ticarət Federasiyası arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.
Forumda Azərbaycan və Çin şirkətlərinin təqdimatı olmuş, ikitərəfli görüşlər keçirilmiş, müxtəlif sahələr üzrə əməkdaşlığa dair ilkin razılıqlar əldə edilmişdir.
* * *
Birinci Çin-Avrasiya sərgi-forumunda iştirak etmək üçün Urumçidə səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə Çinin Sincan-Uyğur Muxtar Rayonunun sədri Nur Bekrinin görüşü olmuşdur.
Nur Bekri qədim tarixi köklərə söykənən Azərbaycan-Çin əlaqələrinin hazırkı dövrdə inkişafında Sincan-Uyğur Muxtar Rayonunun əhəmiyyətli rol oynadığını demişdir. O, Çinin ən böyük və perspektivli bölgələrindən olan Sincan-Uyğur Muxtar Rayonu və malik olduğu imkanlar haqqında məlumat vermiş, son illər rayonun sürətlə inkişaf etdiyini, bir çox ölkə, o cümlədən Azərbaycan ilə əlaqələrin genişləndiyini diqqətə çatdırmışdır.
Baş nazirin müavini Abid Şərifov Azərbaycanın ÇXR ilə, o cümlədən Sincan-Uyğur Muxtar Rayonu ilə əlaqələrin dərinləşməsinə böyük diqqət yetirdiyini bildirmişdir. O, bu əməkdaşlığın genişlənməsində hökumətlərarası komissiyanın, o cümlədən Azərbaycan və Çinin Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun fəaliyyətinin əhəmiyyətini vurğulamışdır. Komissiyanın və işçi qrupunun iclaslarında tərəflər arasında iqtisadiyyatın qarşılıqlı maraq doğuran sahələri üzrə konkret məsələlərin müəyyən edildiyini və bu istiqamətdə əməli işlərin həyata keçirilməsinin sevindirici hal olduğunu demişdir.
* * *
Baş nazirin müavini Abid Şərifovun ÇXR-in kommersiya nazirinin müavini, hökumətlərarası komissiyanın Çin tərəfdən həmsədri Conq Şan ilə görüşündə iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılmışdır.
Dinamik inkişaf edən hər iki ölkə arasındakı ticarət dövriyyəsinin ötən il ən yüksək həddə çatdığı, lakin bunun ölkələrimizin mövcud potensialını tam əks etdirmədiyi, imkanların geniş olduğu bildirilmişdir.
Qeyd olunmuşdur ki, ölkələrimizin hökumətləri iqtisadi əlaqələrin daha da inkişafına hər cür dəstək verirlər.
* * *
Azərbaycan nümayəndə heyətinin Çin Milli Turizm Administrasiyasının sədr müavini Cu Şanconq ilə görüşündə turizm sahəsində əməkdaşlıq imkanları, o cümlədən qarşılıqlı turist səfərlərinin təşkili, bu istiqamətdə keçirilən sərgilərdə, konfranslarda qarşılıqlı iştirakın təşviqi məsələləri müzakirə olunmuşdur.
{nl}
Şahin CƏFƏROV AzərTAc-ın xüsusi müxbiri
Urumçi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.