Şriftin ölçüsü:
08.07.2011 11:56 | Oxunma sayı: 740
Dünən "Hyatt Bakı" mehmanxanasında Azərbaycanda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün "on-layn" rejimində qeydiyyata alınmasına başlanması ilə əlaqədar təqdimat mərasimi keçirilmişdir.
Xatırladaq ki, Vergilər Nazirliyi tərəfindən sahibkarlığın qeydiyyatının müasir beynəlxalq standartlara tam uyğunlaşdırılması istiqamətində ardıcıl reallaşdırılan tədbirlər çərçivəsində 2011-ci il iyul ayının 1-dən etibarən fiziki şəxslərin İnternet Vergi İdarəsi vasitəsilə qeydiyyatına başlanılmışdır.
Təqdimat mərasimində dövlət strukturlarının, beynəlxalq və yerli təşkilatların, sahibkarlıq birliklərinin nümayəndələri iştirak etmişlər.Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov çıxışında tədbir iştirakçılarına elektron qeydiyyat sisteminin ("e-qeydiyyat") tətbiqi barədə ətraflı məlumat vermiş, bunun nazirlik tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin bariz nümunəsi olduğunu vurğulamışdır.N.Əmirov bildirmişdir ki, "e-qeydiyyat" sisteminin tətbiqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin mayın 23-də imzaladığı "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının icrası ilə əlaqədar Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş Tədbirlər Planı çərçivəsində həyata keçirilmişdir. "E-qeydiyyat" sistemi ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə tətbiq olunmuşdur. "E-qeydiyyat" sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının "bir pəncərə" prinsipinin davamı olaraq həyata keçirilən mühüm layihələrdən biridir.
Tədbirdə Vergilər Nazirliyinin Baş idarə rəisi Zaur Fətizadə "e-qeydiyyat" sisteminin vergi ödəyicilərinə verdiyi üstünlüklər barədə danışmışdır. Qeyd etmişdir ki, bu sistemin tətbiqi ilə fiziki şəxslər vergi orqanlarına getmədən, vaxt itkisinə yol vermədən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində istifadəçi kodu və şifrə-parol vasitəsilə uçota alınırlar. "Bir pəncərə" prinsipinin tətbiqi ilə fərdi sahibkarlar qeydiyyata durmaq üçün 2 gün sərf edirdilərsə, "e-qeydiyyat"ın tətbiqi biznesə başlama üçün tələb olunan vaxtı bir neçə dəqiqəyə qədər azaltmışdır. Bununla yanaşı, fiziki şəxslərin "on-layn" rejimində qeydiyyatı həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılmasına imkan verəcək, həmçinin şəffaf qeydiyyat prosedurlarının aparılmasını təsbit edəcəkdir. İlkin qiymətləndirmələrə görə, "e-qeydiyyat"ın tətbiqi ildə 1 milyon manata yaxın vəsaitin qənaətinə şərait yaradacaqdır.
Z. Fətizadə bildirmişdir ki, iyul ayının 1-də Azərbaycanda ilk fiziki şəxs elektron qeydiyyata alınmış və sistemin tətbiqindən keçən qısa müddət ərzində bu elektron xidmətdən yararlanmaq istəyənlərin sayı sürətlə artmaqdadır. O, eyni zamanda, göstərmişdir ki, vahid qeydiyyat orqanı olan Vergilər Nazirliyi qeydiyyatdan keçmiş fərdi sahibkarlar barədə məlumatları "on-layn" rejimində Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə, Dövlət Gömrük Komitəsinə və fərdi sahibkarların bank hesabı açmaq istədiyi banklara ötürür.
Tədbirin gedişində yenilənmiş İnternet Vergi İdarəsinin təqdimatı keçirilmişdir. İnternet Vergi İdarəsində fərdi sahibkarların "e-qeydiyyat"ı bölməsi yaradılmış, www.e-taxes.gov.az portalının dizayn və naviqasiyası təkmilləşdirilmiş və sadələşdirilmiş, yeni formatda istifadəçi təlimatları yerləşdirilmişdir. Həmçinin saytda sahibkarlıq subyektləri üçün qeydiyyat, bank hesabının açılması, fəaliyyətin dayandırılması, ƏDV qeydiyyatına alınma üçün "e-ərizələr" də təqdim olunmuşdur.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi İnam Kərimov, Beynəlxalq Maliyyə Korporasiyasının əməkdaşı İrina Niderberger, Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev, habelə audit şirkət nümayəndələri çıxış edərək, informasiya texnologiyalarının tətbiqindən irəli gələn üstünlüklər, "e-qeydiyyat" sisteminin biznes mühitinin sadələşməsinə verdiyi faydalar barədə danışmışlar. Gələcəkdə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesinin də elektronlaşdırılmasının başa çatması ilə Azərbaycan təkcə regionda deyil, dünya miqyasında biznesə başlama sahəsində ən mütərəqqi sistemin tətbiqinə nail olacağını vurğulamışlar.
Təqdimat mərasımindən sonra KİV nümayəndələri üçün brifinq keçirilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.