Şriftin ölçüsü:
10.06.2011 10:46 | Oxunma sayı: 657
İyunun 8-9-da Vyanada Dünya İqtisadi Forumunun (Davos Forumu) regional konfransı keçirilmişdir. Konfransda 13 ölkənin dövlət və hökumət başçıları, nazirlər, müxtəlif beynəlxalq və regional şirkətləri təmsil edən 500-dən artıq iş adamı iştirak etmişdir. Konfransın əsas mövzusu Avropa və Mərkəzi Asiya regionu arasında əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Ə.Abbasov "Qafqaz və Mərkəzi Asiya regionunda infrastrukturun inkişafı" mövzusunda keçirilən iclasda məruzə ilə çıxış etmişdir. Nazir "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi, Qafqaz və Mərkəzi Asiya ölkələrini əhatə edən digər infrastruktur layihələri, həmçinin ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində görülən işlər və gələcək planlar barədə məlumat vermişdir. Eyni zamanda, iştirakçıların diqqəti Azərbaycanın yerləşdiyi regionda həyata keçirilən enerji, nəqliyyat, İKT layihələrinə də yönəldilmiş, suallar cavablandırılmışdır.
Konfrans çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri, şirkət təmsilçiləri ilə ikitərəfli görüşlər keçirilmişdir.
* * *
Səfər çərçivəsində Azərbaycan-Avstriya Birgə Qarışıq Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri olan Əli Abbasovun komissiyanın Avstriya tərəfdən həmsədri, bu ölkənin iqtisadiyyat, ailə və gənclər üzrə federal nazir müavini xanım Bernadette Qirlinqer, həmçinin nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxhardt ilə ikitərəfli görüşü olmuşdur.
Görüşlərdə Azərbaycan və Avstriya arasında əlaqələrin yüksələn xətlə inkişafı vurğulanmış, iqtisadi əlaqələrin daha da dərinləşməsi üçün böyük potensialın mövcudluğu qeyd edilmişdir. Bir sıra Avstriya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi diqqətə çatdırılmış, Azərbaycanda kənd təsərrüfatı, bərpa olunan enerji mənbələrində istifadə, İKT, infrastruktur, nəqliyyat sistemlərinin intellektual idarə edilməsi və digər sahələrə sərmayə imkanlarından bəhs edilmişdir. Diqqətə çatdırılmışdır ki, Avstriya şirkətləri və sərmayəçilərinin Azərbaycana cəlb edilməsi ilə yanaşı, Azərbaycanın ixrac potensialının artırılması məqsədi ilə birgə layihələrin həyata keçirilməsi də maraqlı olardı.
Görüşlərdə qərara alınmışdır ki, gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək üçün işçi qrupları yaradılsın və konkret layihələrin əks olunduğu anlaşma memorandumu üzərində iş aparılsın.
Nazir Ə.Abbasov Avstriya tərəfini noyabrda Bakıda keçiriləcək və Qafqaz regionunda aparıcı İKT tədbiri kimi nüfuz qazanmış "BakuTel 2011" XVII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında öz şirkətləri ilə təmsil olunmağa dəvət etmişdir.
Elə həmin gün Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) təşkilatçılığı ilə Azərbaycanda investisiya imkanlarına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, eləcə də Azərbaycana sərmayə qoymaqda maraqlı olan və əsasən İKT üzrə ixtisaslaşmış Avstriya şirkətlərinin təmsilçiləri iştirak etmişlər.
Avstriya Federal Kansler Aparatının əməkdaşı Xristian Rupp tədbirdə "Rəqəmsal Avstriya" mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxışda Avstriyada elektron hökumət, onun funksiyaları və əhatə etdiyi sahələr, elektron sənəd mübadiləsi, elektron imza və digər sahələrdə qazanılmış təcrübə barədə məlumat verilmişdir.
Nazir Ə.Abbasov məruzəsində Azərbaycanda rabitə və İKT sahəsində həyata keçirilən layihələrdən bəhs etmiş, "Elektron Azərbaycan" Dövlət Proqramı barədə məlumat vermiş, bu sahədə ölkəmizdə mövcud potensialdan danışmışdır. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın Avstriyadakı müvəqqəti işlər vəkili Şamil Ələsgərov görüşlərdə iştirak etmişdir.
{nl}
Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.