Şriftin ölçüsü:
26.05.2011 09:46 | Oxunma sayı: 1116
Ötən il mart ayının 9-da "Çıraq" neft layihəsinə sərmayə qoyulmasına dair qərarın qəbul edilməsi ilə "Əsrin müqaviləsi"nin reallaşdırılması istiqamətində daha bir mərhələnin əsası qoyuldu. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp Azərbaycan şirkəti arasında imzalanmış sənəd ölkəmizin neft sənayesində növbəti, son dərəcə mühüm tikinti-quraşdırma işləri üçün imkan yaratdı.
Ölkəmizin neft strategiyasının, "Əsrin müqaviləsi"nin mühüm istiqamətlərindən sayılan "Çıraq" neft layihəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin birgə həyata keçirdikləri böyük layihələrin uğurlu davamıdır. Təsadüfi deyil ki, sözügedən layihə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi ilə bağlı indiyədək əldə edilmiş nailiyyətlər üzərində qurulmuşdur.
Artıq layihənin reallaşdırılması istiqamətində mühüm işlərə başlanmışdır. Buna isə layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan əsas tikinti-quraşdırma işlərinə dair podratçı təşkilatlarla bütün müqavilələrin vaxtında imzalanması imkan yaratmışdır. Xatırladaq ki, 2010-cu ilin mart ayında layihənin icrasına başlamağa dair qərar qəbul edilməsindən ötən dövr ərzində tikinti-quraşdırma və dəniz işlərinə dair 11 əsas müqavilənin hamısı imzalanmışdır. Təkcə ötən ilin iyul ayında layihə üzrə altı əsas müqaviləyə imza atılmışdır ki, həmin sənədlər də mühüm tikinti-quraşdırma işlərinə yol açmışdır. Xatırladaq ki, ilk müqavilə platformanın dayaq blokunun, sualtı dayaq hissəsinin və bununla bağlı olan bərkitmə payaları, həmçinin "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsindəki mövcud texnoloji emal, qaz kompressoru, suvurma və texnoloji təchizat platformasının üzərindəki boş saxlanmış yerdə dik borunun dayaq çərçivəsinin quraşdırılması kimi mühüm işləri əhatə edir. Növbəti beş müqaviləyə isə platformanın birləşmiş göyərtəsinin (üst modulların), eləcə də dayaq tavasının quraşdırılması, yaşayış blokunun mühəndis-layihə, tədarük və tikinti işləri, dəniz obyektlərinin və qazma modullarının mühəndis-layihə işləri daxildir. Ötən ilin noyabr ayında "Çıraq" neft layihəsi üzrə daha iki əsas podrat müqaviləsi imzalanmışdır. "Günəşli" yatağının dərinlikdə yerləşən mövcud hasilat, qaz kompressoru, suvurma və texnoloji təchizat platformasının üstündəki boş saxlanmış yerdə layihə üçün tələb olunan quraşdırma, montaj və nizamlama, həmçinin istismar sınaqlarının həyata keçirilməsi AMEC-Tekfen-Azfen konsorsiumuna həvalə olunmuşdur. Dayaq blokunun və üst modulların dənizə daşınması və quraşdırılması işlərini isə "Saipem" şirkəti həyata keçirəcək.
2010-cu ilin dekabr və cari ilin ilk ayında dəniz işləri üzrə qalan üç müqavilənin də podratçıları məlum oldu. Boru kəmərinin örtüklənməsi, sualtı boru kəmərinin inşası və dalğıc işləri, eləcə də STB-1 barjının gücünün artırılması üzrə müqavilələr müvafiq olaraq "Caspian Pipeline Coatinq", "McDermott Caspian Cantrasctors İnc" və "Caspian Shipyard Company" şirkətlərinə verildi.
Yeri gəlmişkən, "Çıraq" neft layihəsi üzrə imzalanmış müqavilələr Azərbaycanın yerli ehtiyatlarından istifadəni optimallaşdırmaq barədə ABƏŞ-in öhdəliyini əks etdirir. Xatırladaq ki, "Çıraq" neft layihəsinin tikinti işlərinə 9 milyon adam -iş saatı sərf olunacaq ki, həmin işlərin də 90 faizi Azərbaycanda yerinə yetiriləcək. Tikinti-quraşdırma işlərinin isə 80 faizi yerli işçi qüvvəsinin imkanları hesabına reallaşdırılacaq. Bundan əlavə, layihə üzrə əsas müqavilələr imzalanmış şirkətlərə yerli subpodratçıların imkanlarından maksimum istifadə edilməsi tövsiyə olunmuşdur ki, bunun da nəticəsində ümumi xərclərin 30 faizindən çox hissəsinin Azərbaycanda sərf ediləcəyi gözlənilir.
2010-cu ildə və cari ilin birinci rübü ərzində "Çıraq" neft layihəsi üzrə tikinti-quraşdırma işləri nəzərdə tutulmuş cədvələ və plana uyğun olaraq davam etmişdir. Belə ki, ötən il iyun ayının 21-də 20 qazma kəsiyi və 4 istiqamətləndirici payası olan 218 tonluq öncə qazma tavası tam təhlükəsiz şəkildə dənizin dibində quraşdırılmışdır. Məlumat üçün bildiririk ki, bu qazma tavası layihə infrastrukturunun mühüm komponentlərindən biridir. Qurğu 2012-ci ildə platformanın dayaq blokunun quraşdırılmasından əvvəl həyata keçiriləcək geniş öncə qazma proqramı üçün özülü təmin edir. İyul ayında Bibiheydətdəki tikinti-quraşdırma sahəsində platformanın 19 min tonluq üst modullarının inşasına start verilmişdir. Noyabr ayında Bakı Dərin Özüllər Zavodunun ərazisində inşasına başlanılmış 18 min tonluq dayaq blokunun tikintisi də hazırda sürətlə davam etdirilir. Elə həmin ay quyu sementləyən aqreqat və yüksək təzyiqli qazma məhlulu nasosları da AMEC-Tekfen-Azfen alyansının üst modullarının tikintisi sahəsinə gətirilmişdir. Noyabr ayında, həmçinin, burada yeni 150 millimetrlik polad təbəqə bükən aqreqat işə salınmışdır.
Yeri gəlmişkən, hazırda "Çıraq" neft layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə podratçı şirkətlər vasitəsilə 2700 nəfərdən artıq işçi cəlb olunmuşdur ki, onların da 95 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır.
"Azəri-Çıraq-Günəşli" yatağının 16 il əvvəl başlanmış işlənməsinin davamı olan "Çıraq" neft layihəsindən ilk neftin hasilatı 2013-cü ilin sonlarına planlaşdırılır. Artıq layihə çərçivəsində öncə qazma işləri də sürətlə davam etdirilir. Xatırladaq ki, qazma işlərinə ötən ilin aprel ayında "İstiqlal" yarımdalma qurğusu vasitəsilə başlanmışdır. Dayaq tavası dənizdə quraşdırıldıqdan sonra isə qazma işləri "Dədə Qorqud" qurğusu vasitəsilə davam etdirilmişdir. Adı çəkilən qurğu müqavilə sahəsində geotexniki və yanaqazma quyularını tamamladıqdan sonra ötən ilin dördüncü rübündən etibarən "Çıraq" neft layihəsinin 16 quyudan ibarət öncə qazma proqramı çərçivəsində daha iki quyunun qazıntısına başlamışdır. Artıq həmin quyular tamamlanaraq gələcək hasilat üçün müvəqqəti olaraq bağlanmışdır. 2011-ci ildə isə daha dörd quyunun qazıntısı nəzərdə tutulmuşdur.
"Çıraq" neft layihəsinin reallaşdırılmasına 6 milyard dollar vəsait yönəldiləcək. Layihənin ümumi dəyərinin təqribən 4 milyard dolları obyekt və qurğuların tikintisinə və öncə qazma proqramına, qalan hissəsi isə hasilat dövründə platformadan quyuların qazılmasına sərf ediləcəkdir. Layihə çərçivəsində 360 milyon barrel əlavə neftin çıxarılması nəzərdə tutulur ki, bu da "Əsrin müqaviləsi" çərçivəsində hasilatın artırılmasına imkan verəcəkdir.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.