İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri qeyri-neft sahəsinin inkişafında mühüm önəm daşıyır

Azərbaycanda iqtisadi islahatların uğurla həyata keçirilməsi, eyni zamanda, əvvəlki illərdən yaradılan möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb. Son dövrlərin pozitiv nəticələri respublika iqtisadiyyatının yalnız neft amilindən asılılığı barədə indiyədək irəli sürülən müəyyən iddiaların əsassızlığını da  tam sübuta yetirib.
 
Şübhəsiz ki, bu məsələdə milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulan vəzifələrin uğurlu icrası da öz müsbət təsirini göstərib. 
Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanında qeyd olunduğu kimi, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək üçün iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması hazırda qarşıda duran əsas prioritet vəzifələrdəndir. 
Xatırladaq ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”nin təşviqi və bundan irəli gələn məsələlər haqqında” sərəncama müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə hazırda 12 strateji yol xəritəsi icra edilir. Həmin yol xəritələrində Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasının təmin edilməsi hədəflənib. 
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”ndə nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, qeyri-neft sahələrinin, bütövlükdə regionların tarazlı inkişafının sürətlənməsinə, əlverişli biznes və investisiya mühitinin formalaşmasına və əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşmasına öz müsbət təsirini göstərir.  
Ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin əsas strateji hədəfidir və ötən il ərzində bu hədəf çərçivəsində nəzərdə tutulmuş tədbirlərin 69 faizi icra edilib. Eyni zamanda, ərzaq məhsulları ilə təchizatın dayanıqlılığı baxımından risklərin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlərin aparılması sahəsində beynəlxalq təcrübə öyrənilib, habelə ərzaq təhlükəsizliyinin monitorinqinin təşkili qaydalarının layihəsi hazırlanıb. 
Ərzaq mənşəli kənd təsərrüfatı məhsullarının istehsalı potensialının qiymətləndirilməsi məqsədilə ölkədə ərzaq mənşəli kənd təsərrüfatı məhsullarının istehsal, idxal və ixrac göstəriciləri təhlil edilib və gələcək üçün proqnozlar hesablanıb. Bunlarla yanaşı, ölkədə qida təhlükəsizliyinin səmərəli şəkildə təmin edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.
Hesabat dövründə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan  meyvəçilik və üzümçülük təsərrüfatlarının yaradılması da mühüm vəzifə kimi qarşıya qoyulub. Buna görə də respublikanın 10 təbii iqtisadi zonası üçün meyvə və üzüm sortları rayonlaşdırılıb. 
Artıq respublikada istehsalçılar tərəfindən emal müəssisələrinə təhvil verilən pambıq, barama və tütün məhsulunun həcminə görə subsidiya ayrılmasına başlanılıb. Kənd təsərrüfatı kooperativlərinin yaradılması və qeydiyyatı prosedurlarının sadələşdirilməsi üzrə normativ hüquqi aktların təkmilləşdirilməsi baxımından müxtəlif ölkələrin təcrübələri də araşdırılıb, habelə kənd təsərrüfatı kooperasiyası ilə bağlı mövcud qanunvericiliyin monitorinqi aparılıb.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan aqrar sektorda riskin qiymətləndirilməsi üzrə təhlillərın aparılması da əsas vəzifələrdən biridir. Bununla bağlı kənd təsərrüfatı sığortası üzrə qanun layihəsi hazırlanıb, sığorta hadisələri reyestrinin təşkili sahəsində beynəlxalq təcrübə öyrənilib, ölkədə sığorta bazarının mövcud vəziyyəti beynəlxalq ekspertlərlə birlikdə təhlil edilıb. Aqrar sığorta sisteminin təkmilləşdirilməsi məqsədilə dünyada mövcud olan aqrar sığorta modelləri və ölkədə sığorta fondunun yaradılması imkanları araşdırılıb.
Sözügedən yol xəritəsinin icrası ilə bağlı kənd təsərrüfatı təyinatlı torpaqların alqı-satqı, icarə və istifadəyə verilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, habelə kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaq üçün müvafiq mexanizmlərin tətbiqi sahəsində beynəlxalq təcrübə araşdırılıb və mövcud qanunvericiliyin monitorinqi aparılıb. Su ehtiyatları, suvarılan torpaq sahələrinin və suvarma suyuna tələbatın ödənilməsi vəziyyəti öyrənilib. Ölkənin kənd təsərrüfatı texnikası parkının davamlı olaraq yenilənməsi məqsədilə texnika parkının mövcud vəziyyəti təhlil edilib. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı və ilkin emalı üzrə kiçik və orta təsərrüfat subyektlərinin kiçikhəcmli texnikaya, maşın və avadanlıqlara olan ehtiyaclarını öyrənmək üçün rayonlarda sorğular keçirilib. Toxumçuluq haqqında yeni qanun layihəsi işlənib hazırlanıb.
“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə isə müəyyən edilən tədbirlərin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 47 faizinin icrası tamamlanıb.
Ötən il ərzində telekommunikasiya sektorunda uğurlu nəticələr əldə edən ölkələrin təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqi imkanları ilə bağlı bir sıra araşdırmalar aparılıb. TASİM layihəsinin reallaşdırılması üçün tədbirlər davam etdirilib.
Ölkə iqtisadiyyatında yüksək nağdlaşmanı şərtləndirən fundamental amillərin geniş diaqnostikası, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin inkişafı məqsədilə beynəlxalq məsləhətçilər cəlb edilib. Rəqəmsal ödənişlər üzrə milli strategiya və cari ödəniş ekosistemi, nağd ödənişlərə təkan verən makro/mikro amillər, nağd puldan rəqəmsal ödənişlərə miqrasiya üzrə ümumi metodlar araşdırılmaqla, rəqəmsal ödənişlərin genişləndirilməsinə dair proqram, eGov 2.0 versiyasında mobil hökumət (mGov) konsepsiya layihəsi, “Hökumət Bulud”un (G-Cloud) yaradılması barədə layihə hazırlanıb. Rəqəmsal təhsilin inkişafı üzrə islahat istiqamətlərinin təhlili əsasında təhsil müəssisələrinin İKT infrastrukturunun inkişafı üzrə proqram layihəsi təqdim edilib.
“Elektron məktəb” layihəsinə 50 təhsil müəssisəsi cəlb edilib. Layihə çərçivəsində pedaqoji heyətin hazırlığı, İKT infrastrukturunun inkişaf etdirilməsi, elektron tədris resursları istiqamətləri üzrə tədbirlər həyata keçirilib. Tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi mexanizmləri ilə bağlı Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İKT akademiyalarının qurulmasına başlanılıb.
“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” üzrə məhsuldarlığın artırılması, enerjidən istifadədə optimal səmərəliliyə nail olunması, aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması istiqamətlərində 2017-ci il üçün nəzərdə tutulan tədbirlər də uğurla həyata keçirilib. Metallurgiya, maşınqayırma və avtomobilqayırma sahələrində 3 müəssisə pilot model müəssisə kimi seçilib. Enerji balansının proqnozlaşdırılması və planlaşdırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra işlər həyata keçirilib. Sutkanın müxtəlif saatlarında elektrik enerjisindən istifadəyə dair region ölkələrinin təcrübəsi araşdırılaraq müvafiq statistik hesabat hazırlanıb. Sənayedə istifadə olunmayan aktivlərin və təbii resursların mərkəzi reyestrinin yaradılması məqsədilə dövlət müəssisələrinin və təbii ehtiyatların (resursların) siyahısı tərtib edilib.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”nin ötən il üzrə monitorinq və qiymətləndirmə hesabatına əsasən, ölkə regionlarının inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması sahələrində mühüm göstəricilər əldə olunib. Məsələn, Azərbaycanın beynəlxalq əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyi daha da güclənib, həm daxili, həm də xarici bazarda rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə istehsal prosesləri sürətlənib, kənd təsərrüfatında fermer tərəfdaşlığının formalaşdırılması və kooperasiyanın inkişafı ilə bağlı müsbət nəticələr əldə edilib.   
Bu dövr ərzində elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən qurumlar arasında qarşılıqlı ödəniş məsələləri tənzimlənib, yaranan öhdəliklər tam icra edilib və daxil olan vəsaitlərin toplanılması, habelə istifadəsi ilə əlaqədar xüsusi kommunal hesab yaradılıb.
Ölkədə qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması məqsədilə inkişaf planı hazırlanıb, çəkiləcək yeni qaz xətlərinin ilkin uzunluğu, yeni şəbəkənin əhatə edəcəyi abonentlərin ehtimal olunan sayı müəyyənləşdirilib və tələb olunan investisiya qoyuluşu hesablanıb.  
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, 28 rayon üzrə 170 yaşayış məntəqəsinin içməli su sisteminin qurulması ilə əlaqədar layihə sənədləri hazırlanıb.  
İstilik təchizatı sistemlərinin davamlı fəaliyyəti ilə bağlı qazanxana və istilik məntəqələrinin avtomatik idarəedilmə sisteminə keçirilməsinə hazırlıq məqsədilə istilik obyektlərində texnoloji rejimə uzaqdan və müəyyənləşdirilən parametrlərdən kənarlaşma hallarının aşkar edilərək aradan qaldırılmasına imkan verən nəzarət sisteminin yaradılmasına başlanılıb. 
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”də biznes mühitinin inikişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasının 75 faiz səviyyəsində olması da diqqət çəkir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi istiqamətində ciddi islahatların həyata keçirilməsinin parlaq nəticəsidir. Burada təkcə bir faktı xatırlatmaqla fikrimizi əsaslandırmaq istərdik. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində cəmi 96 yoxlama keçirilib.
Özəl sektora uzunmüddətli və əlverişli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi məqsədilə 2018-ci ilin ötən dövründə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 468,1 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manatdan çox güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Bu layihələr hesabına illik müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması nəzərdə tutulur. Ümumilikdə, 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara azı 170 milyon manat güzəştli kredit veriləcək.
Yerli və xarici investorlarla əməkdaşlığın genişləndirilməsi, özəlləşdirmə prosesinin təbliği və bu zaman şəffaflığın təmin olunması məqsədilə “Özəlləşdirmə portalı” yaradılıb, onun yerli və xarici investorlar, ictimaiyyət, jurnalistlər, beynəlxalq təşkilatlar və məsləhətçi şirkətlər üçün təqdimatı təşkil edilib.  
Həyata keçirilən düzgün sosial-iqtisadi strategiyanın nəticəsidir ki, Azərbaycan artıq dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınıb. Şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında son on dörd ildə respublikamızın dünyada güclü, müstəqil və müasir inkişaf edən bir respublika olaraq nüfuz qazanmasının da səbəbi məhz bununla bağlıdır.
 
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında