Azərbaycanın neft-qaz sektorunda yeni birgə müəssisə yaradılıb

SOCAR AQŞ və KCA Deutag şirkətləri Xəzər regionunda qazma və mühəndislik xidmətləri sahəsində mövcud və gələcək imkanları nəzərdə tutan birgə müəssisə yaratmaq barədə razılığa gəldiklərini bəyan ediblər. 
 
Birgə idarəetmə və ortaq sahibkarlıq prinsipləri əsasında fəaliyyət göstərəcək yeni müəssisə “Turan Qazma və Mühəndislik Şirkəti” adlanır. Bu müəssisənin qurulması qazma və mühəndislik xidmətləri sahəsində dünyanın ən aparıcı podratçılarından biri olan KCA Deutag şirkətinin səriştəsini SOCAR AQŞ şirkətinin Xəzər regionu üzrə zəngin təcrübəsini və mütərəqqi infrastrukturunu özündə birləşdirəcək, ölkəmizdə müştərək əməliyyatların daha da genişləndirilməsinə möhkəm zəmin yaradacaq. 
Bu şirkət, həmçinin Xəzər dənizi ilə Mərkəzi Asiya bölgəsində neft və qaz quyularının qazılması və mühəndislik xidmətlərini həyata keçirməklə biznesini genişləndirəcək. 
Qeyd edilən bölgədə artan tələbatın ödənilməsi istiqamətində şirkət dünya səviyyəli xidmətlər təklif etmək üçün nadir strateji imkanlara malikdir. Şirkət Azərbaycan vətəndaşları üçün yeni iş imkanlarının yaradılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi və yerli istehsal sahələrinin təkmilləşdirilməsi istiqamətində ölkə iqtisadiyyatına töhfə verməyi qarşısına məqsəd qoyur.
Tədbirdə çıxış edən KCA Deutagın baş icraçı direktoru Norri Makkey deyib: “Bu təşəbbüs şirkətlər qrupumuzun strategiyası çərçivəsində Xəzər regionunda biznesimizi inkişaf etdirmək istiqamətində atılmış önəmli bir addımdır. İnanırıq ki, hər iki şirkətin mövcud təcrübəsinin və imkanlarının bir araya gətirilməsi sayəsində biz müştərilərimizə daha keyfiyyətli xidmət göstərməklə yanaşı, regionda fəaliyyət coğrafiyamızı genişləndirməyə nail olacağıq”.
SOCAR AQŞ-ın baş direktoru ­Ramin İsayev bildirib ki, birgə müəssisənin yaranmasına dair müqavilənin imzalanması Azərbaycanın neft- qaz sənayesi tarixində çox əlamətdar hadisədir. “Əsasını qoyduğumuz birgə müəssisə SOCAR AQŞ və KCA Deutag şirkətlərinin səriştə və təcrübəsini özündə birləşdirən, bütün qabaqcıl beynəlxalq standartlara tam uyğun olaraq fəaliyyət göstərən Azərbaycan müəssisəsi olacaq. Sifarişçilərinə ən müasir qazma və mühəndislik xidmətlərini təqdim edəcək bu müəssisə yerli və regional qazma sənayesinin inkişafında çox ciddi rol ­oynayacaq”.
 R.İsayev deyib ki, KCA Deutag Azərbaycanda artıq 20 ildir fəaliyyət göstərir. Şirkətin baş ofisi Aberdində yerləşir. 
Xatırladaq ki, Azərbaycanın SOCAR AQŞ dövlət şirkəti Banqladeşdə neft-qaz quyularının qazılması işləri ilə bağlı tenderin qalibi olub. Dəyəri 35 milyon dollar olan layihə uğurla həyata keçirilir. Artıq burada ilk iki faza reallaşıb. Əməliyyat prosesi təxminən 45-50 gündən sonra tam başa çatacaq. 
Mərasimdə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifov çıxış ediblər. 
Sonra tərəflər arasında birgə müəssisənin təsis olunması haqqında müqavilə imzalanıb. 
Qeyd edək ki, SOCAR AQŞ MMC qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə yaradılıb. Hazırda müəssisə “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” dəniz yataqlarında qazma işləri aparır. Müəssisə 2009-cu ildən etibarən Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) üzvüdür. 2017- ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə “API Spec Q2” keyfiyyət idarəetmə sisteminin tələblərinə əsasən sertifikat alıb. Şirkət regionda “API Spec Q2” sertifikatına sahib olan ilk və yeganə qazma şirkətidir. 
Sonra tədbir bədii hissə ilə davam etdi.
Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında