Qeyri-neft sənayesinin ixrac potensialından səmərəli istifadə edilir

Bu ilin ilk yarısında ölkəmizdə qeyri-neft ixracının artırılması məqsədilə dövlət dəstəyi tədbirləri uğurla həyata keçirilib. Hesabat dövründə 15 ixrac missiyası təşkil olunub, Azərbaycan şirkətləri 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, müvafiq müqavilələr əsasında sahibkarlara 2,2 milyon manat ixrac təşviqi ödənilib.
 
Hazırda Azərbaycanın Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Şərqi Avropada ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın Həştərxan şəhərində “Azərbaycan iş mərkəzi” açılıb. Xarici kütləvi informasiya vasitələrində sahəvi brendlərin reklamı kampaniyasına, “Made in Azerbaijan” brendinin təşviqinə başlanıb. Belarusda və Ukraynada Azərbaycan ticarət evləri açılıb, bu yaxınlarda isə belə bir qurumun Latviyada yaradılacağı nəzərdə tutulub.  
İlin ilk yarısında yerli məhsulların ixracında istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə təşkil edilən ixracatçılar klubunun, nar, fındıq, şərab, çay, süd və s. istehsalçıları və ixracatçıları assosiasiyalarının iclasları keçirilib, yerli şirkətlərə ixraca dair xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsinin müvafiq göstəriciləri də ölkəmizdə qeyri-neft ixracının artırılması istiqamətində həyata keçirilən tədbirlərin uğurla nəticələndiyindən xəbər verir. Belə ki, cari ilin yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 667,5 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 112 milyon dollar və ya 20 faiz artıb. Sözügedən dövrdə Rusiyaya 223,2 milyon, Türkiyəyə 154,3 milyon, Gürcüstana 69,9 milyon, İsveçrəyə 56,5 milyon, Çinə isə 19,1 milyon dollarlıq qeyri-neft sektoruna aid mal ixrac edilib.
Yanvar-may ayları ərzində meyvə-tərəvəz ixracı 189,8 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 59 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 58 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28 milyon, kimya sənayesi məhsullarının ixracı 23,7 milyon, pambıq ipliyi ixracı 7,6 milyon dollar təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 5 ayında elektrik enerjisinin ixracı 3,2 dəfə, meyvə-tərəvəzin ixracı 23,3 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 20,4 faiz, pambıq ipliyi ixracı 15 faiz, kimya sənayesi məhsullarının ixracı 11,4 faiz artıb.
Bu ilin ötən aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Adı çəkilən səhmdar cəmiyyəti peyk və telekommunikasiya xidmətlərinin ixracından 11 milyon dollar məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. May ayında isə səhmdar cəmiyyətin xidmət ixracının dəyəri 1,6 milyon dollar təşkil edib. 
“Azərkosmos” ASC-nin xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.
İlin ötən aylarında “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti də uğurlu olub. Hesabat dövründə bu mərkəz tərəfindən fiziki və hüquqi şəxslərə 400-dən çox sertifikat verilib. Sertifikat verilən məhsullar Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İsveçrə, Qətər, İtaliya, Qazaxıstan, Vyetnam, Malayziya, Almaniya, Serbiya, İran, Yunanıstan, Ukrayna, Çin, Kanada, Hollandiya və Çex Respublikası daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac olunub. 
Həyata keçirilən kompleks tədbirlər nəticəsində ixracın artım tempi davam edib, kənd təsərrüfatı məhsullarının ixracı 22 faiz, sənaye məhsullarının ixracı 27 faiz, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 34 faiz artıb.
Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında