Bakı-Tbilisi-Ceyhan kəməri ilə 3 milyardıncı barel neft ixrac olunub

İyulun 14-də Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunan Xəzər xam neftinin 3 milyardıncı bareli 3929-cu tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
 
“BP Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu günə qədər BTC texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilər nümayiş etdirib. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75 faizdən artaraq hazırkı 99,9 faiz səviyyəsinə çatıb. BP-nin Azərbaycan-Gürüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz Ceyhan limanından xam neftin 3 milyardıncı barelinin nəql olunmasını BTC-nin əldə etdiyi əlamətdar nailiyyət adlandırıb: “İstismara başladığı vaxtdan etibarən boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib. Onun inşası nəhəng mühəndis-texniki nailiyyətdir və 12 illik təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatlardan sonra bu boru kəməri əməliyyat səmərəliliyinin bariz nümunəsi və üç ölkə boyunca vahid komandanın gerçəkləşdirdiyi dünya miqyaslı fəaliyyət kimi təsvir oluna bilər.
Əminliklə deyə bilərəm ki, BTC-nin fəaliyyəti dünyada ən təhlükəsiz və ekoloji cəhətdən zərərsiz boru kəməri əməliyyatlarından biridir. Biz hamımız BTC-nin uğur hekayəsi ilə qürur duymalıyıq. Hamımız dedikdə, mən layihə başladığı andan etibarən üç ölkədə layihənin icrasına cəlb edilmiş minlərlə insanı – işçi qüvvəsini, icmaları, şirkətləri, regional və beynəlxalq hökumətləri, tərəfdaşları və öz işçi heyətimizi nəzərdə tuturam. Bu, həqiqətən də hər mənada böyük obyektdir və bu günə qədər onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır.
Üç regional ölkəni birləşdirən körpü kimi BTC həmin üç ölkə boyu icmalarda və əhalidə böyük müsbət dəyişikliklərə yol açaraq bu ölkələr arasında əlaqələri möhkəmləndirib. BP-nin dünya üzrə biznesində belə layihənin olması mənə böyük qürur və şərəf verir və sizin çoxunuzun da eyni hissləri bölüşdüyünüzə əminəm”.
Qeyd edək ki, Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi də 2006-cı ilin isti yay günlərinə təsadüf edib. “Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək BTC boru kəməri vasitəsilə 1768 km məsafəni qət edərək nəql olunmuş, təxminən, 600 min barel həcmində Azəri-Çıraq-Günəşli xam neftindən ibarət ilk yük 4 iyun 2006-cı il tarixində “British Hawthorn” tankerinə yüklənmiş və yeni Ceyhan Dəniz Terminalından yola salınmışdı. Yeri gəlmişkən, ilk tankerin yola salınması məhz 12 il əvvəl 13 iyul tarixində regionun dövlət və hökumət rəhbərlərinin, BTC-nin sahibkar şirkətlərinin icraçı rəhbərlərinin və digər yüksək vəzifəli qonaqların iştirakı ilə keçirilmiş möhtəşəm tədbirdə rəsmi qaydada qeyd edilmişdi. Hazırda bütün bunlar tarixin səhifələrində qalıb, tarix olmayan isə BTC-nin Xəzərin karbohidrogenlərini son 12 il ərzində təhlükəsiz, səssiz, etibarlı, gözə görünmədən və minimum risk ilə nəql etməkdə davam etməsidir”, – deyə məlumatda vurğulanıb.
“BP Azerbaijan” şirkətindən bildirilib ki, regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri Xəzər dənizinin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayıb. Azərbaycanın strateji obyekt kimi dəyərləndirdiyi bu boru kəməri qapalı Xəzər hövzəsi ilə bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir. Tikinti mərhələsindən başlayaraq, BTC regiona mühüm mənfəətlər gətirərək müsbət dəyişikliklər yaradıb. Eyni zamanda, boru kəmərinin Bosfor və Dardanel boğazlarından yan keçməsi tranzit ölkələr üçün mühüm gəlirlərin əldə olunmasına imkan yaradaraq, neft daşımalarının qaçılmaz artımının və əlaqədar ekoloji risklərin azalmasına kömək edir və bununla yanaşı Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb ölkələri arasında siyasi və iqtisadi əlaqələrin güclənməsinə dəstəyi davam etdirir.
1768 km uzunluğunda və gündəlik ötürücülük gücü 1,2 milyon barel olan BTC boru kəməri nəqliyyat baxımından onsuz da izdihamlı olan Dardanel və Bosfor boğazlarında tankerlərin hərəkət sıxlığını artırmadan Xəzər dənizindən təhlükəsiz və məsuliyyətli qaydada neft ixrac etməyə imkan verir. Boru kəməri 46/42/34” diametrli boru xətlərindən ibarətdir. Üç tranzit ölkə boyu səkkiz nasos stansiyası və 98 siyirtmə stansiyası var. Boru kəməri Ceyhanda yenidən dəniz səviyyəsinə düşməzdən qabaq 2830 metr səviyyəsində ən yüksək nöqtəyə qalxaraq, bir neçə dağ silsiləsi, 3000 yol, dəmiryolu və həm yeraltı, həm yerüstü kommunikasiya xətləri ilə və eləcə də Türkiyədə eni 500 metrədək çatan Ceyhan çayının yerləşdiyi ərazidəki keçid də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir.
Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki nailiyyətlərindən biri hesab edilən BTC-nin tikintisinin tamamlanması üçün dörd il tələb olunub – layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında başa çatıb. Fəaliyyətlərin ən qızğın dövründə tikintiyə 22000 nəfər cəlb olunmuş (bunların demək olar 80%-ni yerli işçilər təşkil etmişdir), 110 milyondan artıq adam-saat sərf edilmiş, 200 milyon kilometrdən artıq məsafə qət edilmiş – bu yer kürəsi ətrafında 10 dəfə dövrə vurmağa bərabərdir – 220000 ədəd boru qaynaq edilmişdir.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında