Təhlükəsizliyimiz etibarlı gömrükdən başlayır

Etibarlı gömrük xidməti dövlətçiliyin təməllərindən biridir

Hər dəfə səyahətə gedəndə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında gömrük əməkdaşları tərəfindən aparılan yoxlama prosedurunun xeyli təkmilləşdiyinin, gömrük əməkdaşlarının öz işlərini peşəkarlıqla yerinə yetirməsinin şahidi oluram. İstər yerli, istərsə də xarici vətəndaşlarla davranış tərzi, qaydalarla tanışlıq bunun bir daha əyani sübutudur.  Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə tabe olan gömrük əməkdaşları üçün bu həm də məsuliyyətli və şərəfli işdir. Çünki ölkənin əsas hava limanında fəaliyyət göstərmək və işinin öhdəsindən gəlmək o qədər də asan deyil. Çünki etibarlı gömrük xidməti bütün dövrlərdə  dövlətçiliyin mühüm və əhəmiyyətli amillərindən biri hesab olunur.

Azərbaycan gömrük tarixini araşdırdıqda məlum olur ki,  gömrük siyasəti hələ Səfəvilər dövründə uğurla tətbiq edilmiş, dövlətin siyasətində mühüm yer tutub. XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə qədər, yəni Azərbaycanın Çar Rusiyası tərəfindən işğalına qədər burada sərbəst vergi və gömrük siyasəti yeridilsə də,  XIX Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı gömrük siyasətinə də öz təsirini göstərib. Rusiya İmperatoru I Aleksandr tərəfindən Rusiya İmperiyası Senatına 25 yanvar (9 fevral) 1807-ci ildə təqdim olunub və “Bakı şəhərində gömrükxananın təsis edilməsi barədə” Fərmanla Bakı şəhərində gömrükxana yaradılıb. Həmin gömrükxana Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilib. Daha sonralar Azərbaycanda Astara və Culfa gömrük məntəqələri də fəaliyyətə başlayıb.

Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti dövründə artıq gömrük sistemi də müstəqil ölkənin siyasətinə uyğun formalaşdırılıb. AXC höküməti gömrük işinin təşkili və idarə edilməsi istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə qərar verib.  Cəmi 23 ay mövcud olan müstəqil Azərbaycan dövlətinin digər mühüm fəaliyyət sahələri kimi, gömrük işinin inkişafı da yarımçıq qalıb.  Çar Rusiyasının xələfi olan Sovet İttifaqında xarici ticarətin dövlət inhisarına keçməsi ilə gömrük xidmətinin əhəmiyyəti azaldılıb və müxtəlif iqtisadi orqanlara tabe etdirilib.

SSRi-nin dağılmasından sonra müstəqilliyimizin yenidən qazanılması ilə hər sahə olduğu kimi, ölkəmizin gömrük sistemi də formalaşmağa başlayıb və digər inkişaf etmiş ölkələrin bu sahədə tətbiq etdikləri yeniliklər, beynəlxalq təcrübə və Azərbaycan gömrük sisteminin də xeyli nailiyyətlər qazanmasına rəvac verib.

Azərbaycan Respublikası öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Gömrük Komitəsi yaradılması ilə ölkədə gömrük işinin təşkilinə diqqət artırılıb. Gənc müstəqil ölkənin gömrük işinin təşkili heç də asan başa gəlməyib, çünki yarandığı ilk  illərdən qeyri-peşəkar kadrların olması, sovetlərdən qalma gömrük qanunvericiliyi, ən vacibi  sadə texniki vasitələri belə olmayan keçid məntəqələrindəki lazımi şəraitin olmaması göstərirdi ki, hələ bu sahədə çox iş görülməlidir. Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan MR Gömrük Komitəsinin yaradıldı və beləliklə, əsl milli gömrük xidmətinin formalaşdırılması istiqamətində mühüm addım atıldı.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə gəldikdən sonra gömrük işinin təşkilində də irəliləyiş hiss olunmağa başlanıb. Həmin illərdə ölkəyə investisiya təyinatlı malların idxalının artımı xarici iqtisadi fəaliyyəti tənzimləyə biləcək çevik gömrük siyasətinin həyata keçirilməsini, bazar iqtisadiyyatına keçid dövründə sahibkarlığa sağlam rəqabət şəraitinin yaradılmasını tələb edirdi.

Hətta ulu öndər gənc müstəqil ölkənin beynəlxalq arenada söz sahibi olması və tanınması üçün gömrük bir ölkə üçün gömrük sisteminin nə dərəcədə əhəmiyyətli olduğunu dərk edirdi: Odur ki, onun hələ 1995-ci ildə gömrük əməkdaşları ilə görüşündəki çıxışı zamanı  “Biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici-iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin”—qeyd etməsi və öz tövsiyə, tapşırıqlarını verməsi gömrük əməkdaşlarının fəaliyyətinə yeni istiqamət verib.Təsadüfi deyil ki, 1997-ci il də Heydər Əliyev tərəfindən yanvarın 30-u gömrükçülərin peşə bayramı kimi qeyd edilməsi onların əməyinə verilən ən böyük qiymət və qayğının təzühürüdür. Azərbaycanda gömrük işinin möhkəm təməllər üzərində inkişafına böyük məsuliyyət hissi ilə yanaşan və bu sistemin təkamül yolu ilə dünya standartları səviyyəsinə çatdırılmasının vacibliyini başa düşən Dövlət Gömrük Komitəsinin ən sıravi əməkdaşından rəhbərliyə qədər hər birinin gərgin əməyi və xidmətləri danılmazdır. Gömrük xidmətinin təkmilləşdirilməsi ilə bağlı işlərin Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. 2016-cı ildə prezidentin imzaladığı   gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncaın əhəmiyyətini qeyd etmək yerinə düşər. Bu sərəncamla gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin daha da təkmilləşdirilməsi, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi tətbiq edilməyə başlanıb. Bütün bu işlər, sözsüz ki, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi və ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasını nəzərdə tutur.

Azərbaycan Gömrük Xidməti yarandığı ildən etibarən bu illər ərzində dövlətin ona olan etibarı və gözləntilərini doğrulda bilib. Mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olan qurum ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.

Sevindirici haldır ki, Azərbaycan Dövlət Gömrük Komitəsi artıq beynəlxalq arenada müxtəlif ölkələr və beynəlxalq qurumlarla əməkdaşlıq edir, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirməklə, öz işinin dövrün tələblərinə uyğun qurur.

 Dünyanın qabaqcıl ölkələrinin təcrübələrindən bəhrələnməklə milli gömrük qanunvericiliyinin tələblərinə uyğun respublikamızın iqtisadi təhlükəsizliyini, suverenliyini və maraqlarını qoruyur. Komitə Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyasında, iqtisadi islahatların dərinləşdirilməsində, dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşdırılmasında mühüm rol oynayır. Nəticə etibarilə, gömrük siyasəti xarici əlaqələrdə öz əksini taparaq iqtisadiyyatın möhkəmlənməsinə və genişlənməsinə xidmət edir.

Yarandığı ildən Dünya Gömrük Təşkilatına üzv olan DGK digər beynəlxalq qurumlarla da öz əməkdaşlığını mükəmməl şəkildə davam etdirir. Qonşu ölkələr arasında gömrük xidmətlərinin asanlaşdırılması məqsədi ilə beynəlxalq qurumların da dəstəyi ilə bir sıra layihələr həyata keçirilir. Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, DGK və Gürcüstan Gəlirlər Xidməti tərəfindən birgə icra olunan “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi bu qəbildəndir. Layihə çərçivəsində  Sınıq Körpü sərhəd-keçid məntəqəsində inşa edilən Ticarətin Asanlaşdırılması Mərkəzinin missiyası iki ölkə arasında ticarəti daha da asanlaşdırmaq və sürətləndirməklə yanaşı, gömrük prosedurlarının uyğunlaşdırılmış şəkildə həyata keçirilməsinə nail olmaqdır.Azərbaycanın da üzvü olduğu MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası çərçivəsində görülən işlər və imzalanan sənədlər ölkəmizin MDB dövlətləri ilə  gömrük xidməti əlaqələri və əməkdaşlıqlarını daha da genişləndirməkdədir.

Müasir dövrün tələblərinə uyğun olaraq, gömrük rəsmiləşdirilməsinin elektronlaşdırılması bu sahədə olan işlərin daha da operativ icrasını və şəffaflığını təmin edir. Bu məqsədlə informasiya texnologiyalarının və yeni avadanlıqların tətbiqi daha da genişləndirilir, e-hökumət portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlərin sayı artırılır. Gömrük komitəsinin elektron bəyannaməsi hazırlanıb və bu da sahibkarlığın və qeyri-neft sektorunun inkişaf etdirilməsində, həmçinin gömrükdə şəffaflığın daha da möhkəmləndirilməsində xüsusi rol oynayır. Bu ilin may ayının 29-dan DGK tərəfindən aktivləşdirilən yeni “sms” xidməti tətbiq edilən yeniliklər arasındadır.  "Sms" xidmətinin vasitəsilə sahibkarlar nəqliyyat vasitələrinin buraxılış məntəqəsindən çıxaraq, təyinat məntəqəsinə yollandıqları haqqında dərhal məlumat əldə edirlər. Digər bir yenilik isə Gürcüstan, Ukrayna və İranla birbaşa informasiya mübadiləsi apararaq gömrükdə gözləmə müddəti minimuma endirilməsi ilə bağlıdır.

Narkotik qaçaqmalçılığı, qiymətli maddi və mədəni nümunələrin qeyri-qanuni olaraq, ölkəyə gətirilməsi və çıxarılmasının qarşısının alınmasında DGK-nin xidmətləri əvəzsizdir. Beynəlxalq ictimaiyyətin nəzarətindən kənar olan işğal edilmiş Qarabağ və ətraf rayonların narkotik  vasitələrin yetişdirilməsi, istehsalı və dövriyyəsi məqsədilə istifadə edilməsi başqa acı gerçəklikdir. Odur ki, DGK beynəlxalq konfrans və tədbirlərdə mütəmadi olaraq, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin qeyri-qanuni narkotik ticarətində istifadə edilməsi, həmin ərazilərdə maddi-mədəniyyət numunələrimizin qeyri qanuni yollarla xaricə daşınması faktını dönə-dönə təksibedilməz dəlillərlə vurğulayır, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. 2015-ci il sentyabrın 7-də Bakı şəhərində Dünya Gömrük Təşkilatının (DGT) Regional Kinoloji Mərkəzinin, sentyabrın 11-də isə Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin fəaliyyətə başlaması gömrük xidmətinin təşkilində yeni bir mərhələ yaratdı və işin daha da təkmilləşməsinə yeni töhfə oldu.

Yarandığı gündən DGK əməkdaşları  dövlətçiliyimizə şərəflə xidmət edirlər. Bu gün gömrük xidmətinin keçdiyi inkişaf yolu ilə tanış olmaq istəyənlər, xüsusilə də də burada xidmət etmək arzusunda olan gənclər Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyinə baş çəkirlər. 2006-cı ilin martında yaradılmı muzey DGK nin tarixinin əsas məqamlarını özündə əks etdirir.

Təhlükəsizliyimiz sərhəddən başlayır, digər dövlət orqanlarının əməkdaşları kimi gömrük əməkdaşları da bu təhlükəsizliyin qorunmasında, ayıq-sayıq xidmət aparırlar. Odur ki, dövlət sərəddində görülən işlər etibarlı əllərdədir.

Məqalə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Mətbuat Şurasının təşkil etdiyi "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda yazı müsabiqəsinə təqdim edilir

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında