Azərbaycanda qeyri-neft sektorunun inkişaf istiqamətləri

 
 
 
 
Möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin kənd təsərrüfatını 1982-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən əldə edilmiş rekord göstəricilərə çatdırmaq məqsədilə respublikada pambıqçılığın, üzümçülüyün, baramaçılığın, tütünçülüyün, çayçılığın, çəltikçiliyin və fındıqçılığın inkişaf etdirilməsi haqqında bir neçə dövlət proqramı qəbul etmiş, bölgələrdə müşavirələr keçirmişdir. 
Aparılmış uğurlu tədbirlər nəticəsində 2015-ci ildə 35 min ton pambıq yığılmışdısa, 2017-ci ildə səkkiz dəfə çox–207 min ton “ağ qızıl”, barama tədarükü 75 ton artırılaraq 275 tona çatdırılmışdır və s.
Ölkədə kənd təsərrüfatının inkişafına innovativ və davamlı münasibət yaradılmışdır. Bununla bərabər, bölgələrdə optimal əkin strukturunun və məhsul istehsalı həcminin ölkəmizin milli maraqlarına və ərzaq təhlükəsizliyi strategiyasına uyğun müəyyənləşdirilməlidir. 
Ölkədə kənd təsərrüfatının inkişafının dayanıqlı və innovativ strateji məqsədlərə çatmaq prioritet sahələrin müasir tələbata cavab verməsini təmin etmək məqsədilə əsas prioritet sahələrdən– torpaq, toxum, suvarma suyu, gübrə, bitki mühafizəsi, maddi-texniki baza, müasir elmi-texniki yeniliklər və qabaqcıl təcrübələrdən daha geniş istifadə etmək üçün  balanslaşdıran iqtisadi inkişaf modeli hazırlanmalı və icra edilməlidir. 
Bu vacib məsələlərdən ən başlıcası bütün maddi nemətlərin mənbəyi və milli sərvətimiz olan torpağa münasibət amili həlledici rol oynayır.  Respublikanın Vahid Torpaq Fondu  8641 min hektardır. Bunun 4756 min hektarı (55 faizi) kənd təsərrüfatına yararlıdır. Bundan 1684 min hektarı (35,4 faizi) əkinə yararlı, 163,3 min hektarı (3,4 faizi) çoxillik bitkilər altında olan, 110,7 min hektarı isə biçənək sahələridir. 
Qonşu Türkiyə və İranda torpaqların təxminən 70-75 faizi kənd təsərrüfatına  yararlıdır. Onun 65-70 faizi əkin məqsədilə istifadə olunur. Türkmənistanda 81,6 faiz, Ukraynada 80,7 faizi əkin dövriyyəsinə daxildir.
 Kənd təsərrüfatında istifadə olunan torpaqların əsas hissəsini, yəni 2574 min hektarını (54,1 faizi) yay, qış otlaq və örüş sahələri təşkil edir. 
Respublikanın vahid torpaq sahəsinin 3765 min hektarı və ya 45 faizi kənd təsərrüfatında istifadə edilməyən torpaqlar, bundan 1038 min hektarı və ya 12 faizi meşə torpaqları, 2849 min hektarı və ya 33 faizi kənd təsərrüfatına az yararlı və şərti yararsız torpaqlardır. 
Torpaqların müasir istifadə vəziyyətinin təhlili və Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən kənd təsərrüfatına yararlı torpaq sahəsinin 565511 hektarı və ya 12,5 faizi müxtəlif dərəcədə şorlaşmış, 42500 hektarı və ya 7,5 faizi isə şoran torpaqlardır. Müxtəlif dərəcədə şorakətləşmiş torpaq sahələri isə 508270 hektar və ya 11,2 faiz təşkil edir. 
Torpaq Fondunun 3,5 milyon hektarı müxtəlif dərəcədə eroziyaya uğramış torpaqlardır. 
Məlum olduğu kimi, şoran və şorakət torpaqlar qeyri-münbit torpaqlar hesab olunur. Bu torpaqlardan yalnız kompleks aqromeliorativ tədbirlər aparılmaqla keyfiyyəti yaxşılaşdırıldıqdan sonra istifadə oluna bilər. 
Kənd təsərrüfatına yararlı torpaq sahəsinin 1493 min hektarı və ya 29,9 faizi suvarma suyu ilə təmin olunmuş, 3341 min hektarı  və ya 70,1 faizi dəmyə şəraitində istifadə olunur. 
Dövlət mülkiyyətində olan torpaqların 13,8 faizi, bələdiyyə mülkiyyətinə verilən torpaqların 6,7 faizi, özəlləşən xüsusi mükiyyətə verilən və həyətyanı torpaqların isə 79,5 faizi suvarılan torpaqlardır. 
Eroziya, şorlaşma, şorakətləşmə və digər amillərin milli sərvətimiz olan torpaq üçün nə qədər ciddi problem yaratdığı məlumdur. Bu problemlərin qarşısını almaq məqsədilə Prezident 
İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramında eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən xarab olmuş torpaqların müəyyən edilməsi və yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verilmişdir. 
Ölkənin regionlarının spesifik xüsusiyyətlərinə uyğun torpağın rekultivasiyası, kompleks arqomeliorativ tədbirlərin aparılması və münbitliyinin artırılması, bitkilərin vegetasiya dövründə suvarma suyu ilə fasiləsiz olaraq təmin edilməsi vacib və təxirəsalınmaz məsələlərdir. Çox təəssüf ki, bugün həmin problemlərin həlli öz əksini lazımınca tapmamışdır. 
Ata-babalardan qalmış belə bir kəlam var– “Torpaq deyər: öldür məni, dirildim səni.”
Kənd təsərrüfatı özünə məxsus sosial-iqtisadi, təbii və texnoloji xarakterli xüsusiyyətləri ilə səciyyələnir. Qeyri-neft sektorunun digər sahələrindən fərqli olaraq kənd təsərrüfatında başlıca istehsal vasitəsi torpaqdır. Burada istehsal prosesi təbii amillərdən, onun nəticəsi isə torpaq-iqlim şəraitindən bilavasitə asılıdır. Bu xüsusiyyətləri nəzərə almadan istehsalın artımını və səmərəliliyini təmin etmək olmaz. Necə deyərlər:
İstəsən bol olsun süfrədə çörək,
Torpağın qədrini biləsən gərək.
Torpaqdır ellərin sərvəti, varı,
Əməkdir, zəhmətdir onun açarı.
Torpaqdan səmərəli istifadə etmək və məhsul istehsalını artırmağın ən vacib şərtlərindən biri torpağın təbii,süni və iqtisadi münbitliyinin tənzimlənməsidir:
Təbii münbitlik – torpaqda toplanan qida maddələridir. Bu da torpağın mexaniki, kimyəvi, fiziki  və digər xassələrindən, təbii-iqlim şəraitindən asılıdır.
Süni münbitlik – torpağın münbitliyini artırmaq üçün ona mineral və üzvü gübrələrin verilməsi,növbəli əkin sisteminin tətbiq edilməsi, düzgün suvarma sisteminin və yeni aqrotexniki tədbirlərin həyata keçirilməsidir.
Süni münbitlik təbii münbitliyin bazasında yaradılır və onlar bir-birini tamamlamaqla torpağın iqtisadi münbitliyini formalaşdırmalıdır.
İqtisadi münbitlik– sahə vahidindən götürülən məhsulun miqdarı və ya dəyər formasında əldə olunan gəlirdir.
Yüksək məhsuldar torpaqlarda insan əməyi daha çox səmərə verir. Əkin sahələri vahidindən daha çox məhsul götürmək olur. Burada torpaq K.Marksın sözü ilə desək “təbii maşın” rolunu oynayır.
Regionların spesifik xüsusiyyətlərinə uyğun becərilən hər bir bitkinin özünəməxsus qida maddələrinə tələbatı var. Torpaqda olan və bitkilər tərəfindən mənimsənilən əsas qida maddələrinə bitkilərin vegetasiya müddətində tələbatının ödənilməsini bilmədən mineral gübrələrdən istifadə edilməsi fayda verməz. 
Bunun üçün birinci növbədə torpaqda olan əsas qida maddələrinin (mənimsənilən azotun, fosforun, kaliumun) ehtiyatı və becərilən bitkilərin bu qida maddələrinə tələbatını müəyyənləşdirdikdən sonra hektara veriləcək gübrələrin verilmə üsulları, müddətləri və normaları dəqiqləşdirilməlidir. Bunun üçün hər regionun qida maddələri ilə təminolunma kartoqramları və bonitirovka xəritələri hazırlanmalıdır. Əks halda hər il respublikaya 99,7 milyon manat dəyərində 257919 ton miqdarında gətirilən və güzəştli qiymətlərlə torpaq istifadəçilərinə verilən mineral gübrələrin səmərəliliyi nəzərdə tutulan səviyyədə olmayacaqdır. 
Respublikanın əsasən fosfor və kalium mineral gübrələrinə  olan tələbatının ödənilməsi üçün Sumqayıt və Gəncədə fosfor və kalium gübrəsi istehsal edən  zavodların fəaliyyətinin bərpa olunması vacibdir. Nəticədə hər il xaricə valyuta axınının qarşısını alar, daimi iş yerləri yaranar və torpaq istifadəçilərinin gübrəyə olan tələbatı fasiləsiz təmin olunar.
Toxumçuluq kənd təsərrüfatının ən mühüm sahəsidir. Uzun illərdən aparılmış elmi araşdırmalar və təcrübələr göstərmişdir ki, düzgün qurulmuş toxumçuluq sistemində yetişdirilmiş yüksək keyfiyyətli toxumlarla əkin, səpin aparıldığı və aqrotexniki tədbirlərin düzgün həyata keçirildiyi şəraitdə becərilən bitkilərin məhsuldarlığının azı 20-30 faiz artmasına səbəb olur. 
Respublikada aqrar-torpaq islahatına qədər dövlət toxumçuluq təsərrüfatlarında ildə 80-100 min ton yüksək məhsuldarlıqlı rayonlaşdırılmış taxıl sortlarının toxumu istehsal edilirdi. Bundan əlavə, SSRİ-nin əsas toxumçuluq bölgələrindən 25-30 min ton toxum gətirilirdi. Respublikada taxıl istehsal edən təsərrüfatların tələbatı rayonlaşdırılmış, yüksək reproduksiyalı toxumla tam təmin olunurdu. 
1969-cu ildən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü və uzaqgörən, məqsədyönlü fəaliyyəti ilə kənd təsərrüfatının bütün sahələrinə, o cümlədən pambıqçılığın, tərəvəzçiliyin, bostançılığın və kartofçuluğun kökündən dəyişdirilməsinə və bu bitkilərin toxumçuluğunun yaxşılaşdırılmasına xüsusi diqqət yetirilmiş və toxumçuluğun yaxşılaşdırılması alimlər qarşısında vəzifə kimi qoyulmuşdur. Tezliklə respublikada 8 ixtisaslaşdırılmış tərəvəz-toxumçuluq sovxozu yaradıldı, kartofçuluq üçün əlverişli torpaq-iqlim şəraitinə malik olan Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz və Qusar rayonlarının təsərrüfatları ixtisaslaşdırıldı, tərəvəz, bostan və kartof toxumçuluğunun yaxşılaşdırılması və respublikanın təsərrüfatlarının rayonlaşdırılmış və yüksək reproduksiyalı toxumla təmin edilməsi üçün əməli tədbirlər görüldü. Respublikanın tərəvəz, bostan və kartof toxumlarına olan tələbatı, demək olar ki, tamamilə ödənildi. 
Bunun nəticəsi olaraq 1982-ci ildə 1969-cu ilə nisbətən dənli bitkilərin məhsuldarlığı 2,6 dəfə, pambığın məhsuldarlığı 2,4 dəfə, üzümün məhsuldarlığı 2,3 dəfə, tərəvəzin məhsuldarlığı 5,2 dəfə, bostan bitkilərinin məhsuldarlığı 3,8 dəfə və kartofun məhsuldarlığı 2,6 dəfə artmışdır, tərəvəz istehsalı bir milyon tona çatmışdır. 
Respublikada aparılmış aqrar-torpaq islahatı zamanı 87 toxumçuluq, tingçilik və damazlıq təsərrüfatının özəlləşdirilməməsinin nəzərdə tutulmasına baxmayaraq, 2006-cı ildə yalnız 41 dövlət mülkiyyətində saxlanılmış və dövlət kənd təsərrüfatıyönümlü istehsal müəssisəsinə çevrilmişdir. Bu gün onların da fəaliyyət ölkənin müasir tələbatına tam cavab vermir. 
Toxumçuluq, tingçilik, damazlıq təsərrüfatları məhsuldarlığın artırılmasında, keyfiyyətinin yüksəldilməsində və ərzaq təminatının yaxşılaşdırılmasında xüsusi əhəmiyyətə malikdir. Bu təsərrüfatlar yalnız dövlətin nəzarətində saxlanılmalıdır.
Ölkədə dənli və dənli-paxlalı bitkilərin toxumçuluğunda müəyyən irəliləyiş olsa da, ümumilikdə pambıqçılıq, tərəvəz, bostan, kartof və yem bitkilərinin toxumçuluğunda, habelə tingçilik sahəsində həllini gözləyən xeyli problem mövcuddur.  Aqrar islahatla əlaqədar ixtisaslaşdırılmış toxumçuluq təsərrüfatları ləğv edilmiş, eyni zamanda, dövlət toxumçuluq təsərrüfatlarının əkin sahəsi 73 min hektardan, 10,8 hektara endirilmiş, elmi-tədqiqat institutlarının təcrübə təsərrüfatlarında 6,8 min hektar torpaq sahəsi qalmışdır. 
Hazırda respublikada 650 özəl və cəmi 20 dövlət toxumçuluq və tingçilik təsərrüfatı fəaliyyət göstərir. 
Təhlillər göstərir ki, bir çox hallarda özəl təsərrüfatlarda istehsal olunan toxumlar tələbatı ödəmir. Fermerlər və başqa torpaq istifadəçiləri özlərinin istehsal etdiyi və kənardan aldığı sortu və keyfiyyəti məlum olmayan, standartlara cavab verməyən toxumlarla səpin aparırlar. Bu da məhsuldarlığın azalmasına, xəstəlik və zərərvericilərə tez tutulmasına, istehsal edilən məhsulun keyfiyyətinin, qidalılıq dərəcəsinin aşağı düşməsinə səbəb olur.
Respublikada istehsal olunan və kənardan gətirilən bütün növ toxumlar Dövlət Komissiyasının yerlərdəki sort-sınaq məntəqələrində ən azı 3 il müddətində sınaqdan keçirilərək, bitkinin torpaq-iqlim şəraitinə, qida maddələrinə tələbatı, xəstəlik və zərərvericilərə qarşı davamlılığı öyrənildikdən sonra həmin zonada geniş sahələrdə əkilməsinə rəsmi icazə verilməlidir. 
Ölkədə qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişaf etdirilməsi üçün məhsuldarlığın artırılması və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına təsir edən ən vacib amil müasir tələblərə cavab verən toxumçuluq sisteminin yaradılmasıdır. Ərzaq bolluğunun təmin edilməsində toxumçuluğun inkişaf etdirilməsinin əhəmiyyətini nəzərə alaraq “Toxumçuluq haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməlidir. 
Heyvandarlıqda son illərə nisbətən müəyyən irəliləyişlərin olmasına baxmayaraq, ölkədə ət və süd istehsalı sahəsində tələbatın tam ödənilməsi baxımından hələlik gerilik mövcuddur. 
Heyvandarlıqda geriliyin aradan qaldırılması üçün naxırda cins mal-qaranın (inəklərin) sayının artırılması, onun cins tərkibinin dəyişdirilməsi, istehsal olunan ət və süd məhsullarının keyfiyyətinin yaxşılaşdırılması və onun əhalinin istehsalına verilməsi ən əsas vəzifələrdən biridir.
Lakin, hazırda emal müəssisələrinin gücü əhalinin artan tələbatını ödəmir. Süd emalı müəssisələrinin kifayət qədər olmamasına görə hər il ən azı 286 min ton süd keyfiyyətini itirir. Kəsilmiş ətin 80 faizi və ya 140 min tonu sənaye üsulu ilə emal edilmədən satılır. İstehsal olunan südün yalnız 21,4 faizi və ya 300 min tonu sənaye üsulu ilə emal edilir ki, bu da əhalinin kərə yağına, pendirə, kəsmiyə və xamaya olan ehtiyacının böyük hissəsinin idxal hesabına ödənilməsinə gətirib çıxarır. 
Bundan başqa, ölkədə yun və dəri tədarükü və emalı ilə məşğul olunmadığından yüz min tonlarla yun və dəri  hər il atılır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən ildə hər inək və camışdan sağılan südün 1132 kiloqram olması onu göstərir ki, mal-qara arasında damazlıq işi də tələb olunan səviyyədə aparılmır, qısırlığa qarşı mübarizə işi zəif həyata keçirilir.
Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdində Süni Mayalanma Mərkəzi yaradılmış və beynəlxalq standartlar səviyyəsində maddi texniki bazası qurulmuşdur.
Akademik E. Bəşirovun və başqa Azərbaycan alimlərinin elmi təcrübəsi əsasında Çili, Hindistan, Əlcəzair, Fransa, Bolqarıstan, İtaliya, Əfqanıstan və başqa ölkələrdə “Bəşirov metodu” ilə süni mayalanma sistemləri qurulmuşdur.
Ölkəmizdə də belə sistemlərdən istifadə edilməsinə üstünlük verilməlidir. Respublika Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanları ilə təmin edilməsinə  əlavə dəstək verilməsi barədə” 2009-cu il 28 dekabr tarixli sərəncamının icrası ilə əlaqədar Avstriya və Almaniyadan 902 baş cins damazlıq heyvanların gətirilməsi müsbət haldır.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 2008-ci il 21 avqust tarixli 3000 nömrəli sərəncamına müvafiq olaraq buğda istehsalçılarına “Aqrolizinq” ASC tərəfindən 70 faiz güzəştlə 9215 ton superfosfat gübrəsi satılmışdır. Bu məqsədlə “Aqrolizinq” ASC-nə 25 milyon manat vəsait ayrılmışdır.
Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaqla  təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev  “2008-2015-ci illərdə  əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” nın təsdiq edilməsi barədə 25 avqust 2008-ci il tarixli 3004 nömrəli sərəncam imzalamışdır.
Göstərilən başlıca və mühüm vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər ölkədə sabit və adekvat ərzaq təklifinin formalaşdırılmasına, səmərəli istehsal və satış infrastrukturunun yaradılmasına, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə yönəldiləcəkdir.
Bu strateji məqsədlərin davamı olaraq, ölkə Prezidenti tərəfindən aqrar elmin maddi-texniki bazasının möhkəmləndirilməsi və kənd təsərrüfatının müxtəlif sahələri üzrə elmi- fundamental araşdırmaların təşkili məqsədilə artıq tədbirlər görülməkdədir. Bu barədə ölkə Prezidenti 2011-ci il 3 may tarixdə “Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı xüsusi komissiyanın yaradılması barədə” sərəncam imzalamışdır.
Göstərilən başlıca və mühüm vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək kompleks tədbirlər ölkədə sabit, səmərəli istehsal, emal , satış və nəzarət sisteminin təkmilləşdirilməsinə yönəldiləcəkdir. 
Qəbul edilmiş dövlət planlarının hədəf göstəricilərinin yerinə yetirilməsi istiqamətində aşağıdakı konkret kompleks işlər həyata keçirilməlidir:
Kənd təsərrüfatı nəhsullarının istehsalının ən qiymətli milli sərvətimiz olan torpaqlardan səmərəli və təyinatı üzrə istifadəsinin təmin edilməsi əsas şərtdir. Bunun üçün müxtəlif səbəblərdən xarab olmuş (şoran , şorəkət, erroziya, bataqlanmış və s) torpaqların keyfiyyətinin yaxşılaşdırılması məqsədilə kompleks aqromeliorativ tədbirlər planı hazırlanıb yerinə yetirilməlidir. Keçmiş kolxoz və sovxoz torpaqlarında əlaqədar təşkilatlar tərəfindən hər il 30-100 min hektar sahədə yuma aparıldığı halda sonralar bu işlər tamamilə dayandırılmışdır. Şərti yararsız və az yararlı torpaqların mütərəqqi üsullarla münbitliyini artırmaqla onlar məhsul istehsalı dövriyyəsinə cəlb edilməlidir. Əkinə yararlı torpaqların yalnız təyinatı üzrə istifadəsi təmin edilməlidir. İslahat vaxtı əhaliyə verilmiş pay torpaqlarında kompleks aqromeliorativ və aqrotexniki tədbirləri həyata keçirmək və torpaqlardan səmərəli və təyinatı üzrə istifadəsini təmin etmək məqsədilə həmin pay torpaqlarında formalaşmış xırda ailə və fermer təsərrüfatlarının könüllülük əsasında iri kənd təsərrüfatı kəndli fermer və kooperasiyalarda birləşdirilməsi məqsədəuyğun olardı. Yay və qış otlaqlarının məhsuldarlığının bərpa olunması üçün əlavə tədbirlər     görülməlidir və yalnız təyinatı üzrə istifadə edilməlidir.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda cəmləşmişdir. Pambıq, üzüm, çay, tütün, tərəvəz-bostan, intensiv meyvə bağları və s. gəlirli bitkilər tamamilə suvarılan torpaqlarda becərilir.
Azərbaycan arid zonada yerləşdiyindən onun su ehtiyatı məhduddur. Azərbaycanda irili- xırdalı 8350 çay vardır. Onların ən böyüyü Kür və Arazdır. Ölkənin yerüstü su ehtiyatları 32,2 milyard kubmetrdir. Bu, quraqlıq illərdə 22,6 milyard kubmetrə qədər azalır. Ölkənin su ehtiyatlarının yalnız 10 milyard kubmetri və ya 30 faizi öz ərazimizdə, qalan 70 faizi isə qonşu ölkələrin ərazisində formalaşır.
Son hesablamalara görə respublikada bütün su mənbələrindən orta hesabla 10-14 milyard kubmetr su götürülür. Bunun 3-11 milyard kubmetri (80-92 faizi) kənd təsərrüfatı, 0,6-2 milyard kubmetri (6-14 faizi) sənaye müəssisələri, 0,4-0,5 milyard kubmetri (3,5-4 faizi) mənzil-kommunal təsərrüfatı, qalan hissəsi isə digər təsərrüfat sahələrində istifadə edilir. Əkin sahələrinin suvarılmasında və içməli-məişət məqsədlərində yeraltı sulardan istifadə edilir. Bu məqsədlə ölkə ərazisində 7200-dən çox subartezian quyusu qazılıb istifadəyə verilmişdir.
 Bundan başqa, yeni su anbarları və  dəryaçaları mövcud olmasına baxmayaraq, onlardan səmərəli istifadə olunmur. 
Ümumiyyətlə ölkədə olan mövcud vəziyyətin təhlili göstərir ki, əksər əkinçilik rayonlarında becərilən  və dövlət proqramlarına əsasən prioritet sayılan pambıq, çay, tütün, üzüm, tərəvəz, bostan və cavan meyvə bağlarının vegetasiya dövründə tələb olunan vaxtda və normada suvarma suyu ilə lazımı dərəcədə təmin edilmir.
Respublikada heyvandarlığın, xüsusən qoyunçuluğun inkişafı üçün 1025 min hektarı əhatə edən qış otlaqlarının su təminatı yaradılmasına baxmayaraq, hazırda suvarma sistemi tamamilə dağıdılmışdır. Qış otlaqlarının su təminatının bərpası və yenidən qurulmasına ehtiyac var.
Toxumçuluq və tingçilik kənd təsərrüfatının ən mühüm sahələrindəndir. Burada əsas məqsəd  respublikanın torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış, xəstəlik və zərərvericilərə qarşı davamlı , dövlət standartlarının tələblərinə tam cavab verən toxum və ting istehsal edib, tələbatı ödəməkdir. Bugünkü vəziyyətin təhlili göstərir ki, ölkədə toxumçuluq və tingçilik sahəsində xeyli problem var və onlar həll olunmalıdır. Bunun üçün toxumçuluq və tingçilik sistemi əvvəlki vəziyyətinə qaytarılmalı və dövlət nəzarətində olmalıdır. Şəxsi və özəl təsərrüfatlarda yetişdirilən və sertifikaslaşdırılmış toxumlar dövlət standartlarına tam cavab verməklə taxıl, pambıq, tərəvəz, bostan, kartof, tütün və başqa bitkilərin istehsalının dayanıqlı və qəbul edilmiş dövlət proqramlarının yerinə yetirilməsinin tələblərinə cavab verə bilsin. Bu sahədə əlaqədar elmi-tədqiqat institutlarının fəaliyyətləri artırılmalıdır. Onlar yeni sortların alınması və istehsalata tətbiq edilməsi haqqında müasir tələbata cavab verən təkliflər verməlidirlər. 
Optimal əkin strukturunun və kənd təsərrüfatı məhsulları istehsalı, həmçinin  ölkəmizin milli maraqlarına və ərzaq təhlükəsizliyi strategiyasına uyğun müəyyənləşdirilmiş prioritetləri ciddi şəkildə öyrənilməlidir. Bu sahədə alimlərimizin yeni bitki sortları və başqa ölkələrdən gətirilmiş məhsuldar sortların sınaqdan keçirilməsi və rayonlaşdırıması işləri genişləndirilməlidir.
Respublikada heyvandarlığın və yem bazasının inkişaf etdirilməsi stimullaşdırılmalıdır. Ətlik və südlük mal-qaranın baş sayı optimal həddə çatdırılmalıdır, genetik ehtiyatlar qorunub saxlanmalıdır. Rayonlarda mal-qaranın kütləvi qırılmasının səbəbləri müəyyənləşdirilməli, xəstəliklərə qarşı müalicə-profilaktika vasitələrinin keyfiyyəti öyrənilməlidir. Dövlət Baytarlıq  Xidmətinin və dövlət damazlıq təsərrüfatlarının işlərinə ciddi nəzarət olunmalı, süni mayalanmanı genişləndirməli, yem bitkilərinin–yonca, silosluq qarğıdalı, yem çuğunduru və başqa bitkilərin əkin sahələri genişləndirilməli, yay və qış otlaqlarının məhsuldarlığı bərpa edilərək, təyinatı üzrə istifadəsinə əməl olunmalıdır.
Məhsuldarlığın artırılması zərərli orqanizmlərə qarşı kompleks tədbirlərin vaxtında və səmərəli aparılmasından çox asılıdır. Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən, alaq otlarından qorunması üçün aqrotexniki, fiziki, mexaniki, bioloji, kimyəvi və karantin tədbirləri vaxtında, ardıcıl və məqsədyönlü aparılmalıdır.
Uzun illər ölkə ərazisində bitki örtüyünə ziyan vuran Amerika ağ kəpənəyinə, kolorado kartof böcəyinə, Mərakeş çəyirtkəsinə, siçanabənzər gəmiricilərə və digər karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı səmərəli mübarizə tədbirləri aparılmalıdır.
Azərbaycan Elmi-Tədqiqat 
Pambıqçılıq İnstitutu tərəfindən yeni bir 
üsul – pambıq sovkasına qarşı mübarizədə feromon tutucularından istifadəedilmə texnologiyası hazırlanıb və tətbiq olunurdu. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, sovkaya qarşı kimyəvi mübarizənin vaxtını və aparma sayını dəqiq təyin etməyə imkan verir, artıq dərmanlamanın, istehsal xərclərinin və ətraf mühitin çirklənməsinin qarşısını alır.
Bu məqsədlə istifadə üçün ölkəyə gətirilən kimyəvi vasitələr dövlət standartlarına uyğun olmalı və siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra istifadə edilməlidir. Bu sahədə fitosanitariyanın fəaliyyəti və məsuliyyəti diqqət mərkəzində olmalıdır.
Respublikada qarışıq və quş yemi istehsal edən yeganə Giləzi yem zavodunun fəaliyyəti bərpa olunmalıdır.
Ölkədə meyvə, tərəvəz, çay, üzüm, tütün məhsullarının istehsalının rekord səviyyəyə çatdırılacağını nəzərə alaraq konserv zavodlarının, püre sexlərinin, çay, tütün fabriklərinin, şərab zavodlarının fəaliyyətləri müasir standartlara cavab verməklə bərpa edilməsi məqsədəuyğundur.
Regionlarda kiçik emal müəssisələrinin, xüsusi ət, süd, meyvə -tərəvəz, yun, dəri və s. tədarük məntəqələrinin yaradılması məqsədəmüvafiqdir. Burada məhsul itkisinin qarşısı alınar və yeni iş yerləri yaradılar.
Kənd təsərrüfatının bütün sahələrində ən vacib və əvəzolunmaz sahələrdən biri texnika ilə təminatdır. Bu sahədə məsul təşkilat “Aqrolizinq” dir. Onların hesabatlarına və Dövlət Statistika Komitəsinin məlumatına əsasən respublikanın bütün regionları texnikaya olan tələbatı tam ödənilir. Lakin, təhlillərə və mövsüm vaxtlarında torpaq istifadəçilərinin müraciətlərinə əsasən şum traktorlarının, ciləyəci-tozlayıcı aqreqatların, xüsusən taxılbiçən kombaynların çatışmazlığı əyani sürətdə müşahidə edilir və nəticədə 25-30 faiz taxıl itkisinə səbəb olur.
Aqrar islahatlar zamanı respublikada müxtəlif quruluşlu mülkiyyətçilər yaradılıb. Bu mülkiyyətçilər idarəetmə prinsipinə görə bir-birindən fərqlənirlər. Göründüyü kimi, kənd təsərrüfatı özünəməxsus spesifik xüsusiyyətlərə malikdir. Ona görə də kənd təsərrüfatı istehsalatında və onun idarə edilməsində bir çox cəhətlər nəzərə alınmalıdır.                                                    
Aqrar sahə üçün yeni şəraitə uyğun müxtəlif ixtisaslı mütəxəssislər hazırlanmasına, ixtisasların təkmilləşdirilməsinə və peşə səviyyəsinin artırılması üçün ciddi tədbirlər hazırlanmalı və həyata keçirilməlidir.
Dövlət proqramının yerinə yetirilməsi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin, əlaqədar dövlət və özəl təşkilatların, elmi tədqiqat institutlarının üzərlərinə düşən vəzifələr vaxtında, səmərəli və keyfiyyətlə yerinə yetirilməlidir.
Görülmüş və görüləcək işlər haqqında hesabatlar məlumat və özünü müdafiyə xarakterli yox, əsl real vəziyyəti əks etdirməlidir.
Prezident İlham Əliyev  aqrar sahəni idarə edən, kənd təsərrüfatında çalışan mütəxəssislər, alim və sahibkarlar qarşısında çox məsuliyyətli və şərəfli vəzifələr qoymuşdur. Bu vəzifələrin yerinə yetirilməsinə əməli və konkret işlə cavab vermək məqamı çatmışdır.
Ölkənin aqrar sənaye kompleksinin davamlı inkişaf etdirilməsinə, əhalinin rifahının daha da yaxşılaşdırılmasına göstərilən  qayğıya əməli işlə cavab vermək məqsədilə yaxşı olar ki, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində əlaqələndirmə, qiymətləndirmə və real təkliflər vermək üçün əsas sahələri əhatə edən mütəxəssis komisiyası yaradılsın. 
İbrahimxəlil İBRAHİMOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
dövlət idarəetməsi və menecment kafedrasının dosenti, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında