Azərbaycanda qeyri-neft sektorunun inkişaf istiqamətləri

Azərbaycan tarixən təbii-coğrafi xüsusiyyətlərinin müxtəlifliyinə görə seçilən, zəngin flora və faunaya, təbii ehtiyatlara, ən qədim əkinçilik mədəniyyətinə malik aqrar bir ölkədir. Aramsız müharibələrə, daxili çəkişmələrə baxmayaraq, Azərbaycan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, tərəvəzçiliyin və heyvandarlığın əsas mərkəzlərindən biri olmuş və daim inkişaf etmişdir.

XX əsrin əvvəllərində Azərbaycan nisbətən inkişaf etmiş heyvandarlıq sektoruna malik olmuş, əhalinin hər 100 nəfərinə düşən qaramalın sayı dünya üzrə ümumi göstəricidən 2,3 dəfə, Rusiyanın orta göstəricisindən isə 1,75 dəfə çox olmuşdur.

Ölkədə istehsal olunan taxıl, düyü, pambıq, tütün, şərab, barama istehsalının artmasına torpaq-iqlim şəraiti ilə yanaşı, nisbətən yüksək məhsuldarlıq və o dövrdə elmi əkinçilik metodlarının ayrı-ayrı ünsürlərinin tətbiq edilməyə başlanması da müəyyən rol oynamışdır.

Birinci dünya müharibəsi, Rusiyada inqilab və iğtişaşlar, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi müdaxilə nəticəsində devrilməsi zəminində təxminən 7 il davam edən kataklizmlər ölkədə kənd təsərrüfatını böhrana saldı. Nəticədə 1913-1920-ci illərdə taxıl istehsalının həcmi 9,5 faiz, ət istehsalının həcmi 11,6 faiz azalmışdır. Böhrandan ən çox zərər çəkən pambıqçılıq olmuşdur. Respublikada 1921-ci ildə cəmi 2,2 min ton pambıq istehsal olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) kənd təsərrüfatının xüsusilə aqrar sahənin inkişafı üçün mühüm tədbirlər planlaşdırmış, 1918-ci ilin 7 dekabrında parlamentin birinci iclasında qərar qəbul edilmişdir. Cümhuriyyət hökumətinin aqrar islahat proqramı və qanun layihələri parlamentin bir çox iclaslarında müzakirə olunub qəbul edilsə də aprel işğalı (1920) bu tədbirlərin həyata keçirilməsinə mane oldu.

Aqrar sahənin bərpası 1928-ci ildə kollektivləşmə başlananadək davam etmiş və bazar sistemi çərçivəsində həyata keçirilmişdi. Torpaqların kəndlilərə paylanması istehsalın güclənməsinə, aqrar sahənin bərpasının sürətləndirilməsinə, bazar tələbatının yüksək olduğu sahələrdə də artıma yol açdı.Rəsmi statistikaya görə 1928-ci ildə taxıl istehsalı 1920-ci ilə nisbətən 389,9 min ton və ya 1,9 dəfə, pambıq istehsalı isə 53,3 min ton artıq olmuşdur.

1920-1928-ci illərdə ət istehsalının həcmi (kəsilmiş çəkidə) 5,1 faiz, süd istehsalı isə 14,8 faiz artmışdı. Lakin 1928-ci ildən həyata keçirilməyə başlanan kənd təsərrüfatının kollektivləşdirilməsi təkamül prosesini köklü surətdə pozmuşdu.

Kollektivləşmə mahiyyət etibarilə aqrar sahədə bazar sisteminin dağıdılması və mərkəzləşdirilmiş planlaşdırma sisteminə uyğun fəaliyyət mexanizmlərinin yaradılmasından ibarət idi.

Aqrar sektorda tətbiq edilən yeni fəaliyyət sisteminin özündən əvvəlki bazar sistemi ilə tarixi-genetik bağlılığı olmadığına görə aqrar təkamüldə pozulmalara səbəb oldu. Kəndlinin mülkiyyətdən məhrum edilməsi nəticəsində onların torpaqdan və digər istehsal vasitələrindən sərbəst istifadəsinə son qoyuldu. Yeni fəaliyyət şəraiti bütövlükdə aqrar sahədə əlverişsiz vəziyyət yaradaraq tənəzzülü sürətləndirdi.

1928-1932-ci illərdə taxıl istehsalının həcmi 829,9 min tondan 617,1 min tona enərək 25,6 faiz , qoyun və keçilərin sayı isə 1177,3 min baş və ya 62,3 faiz azalmışdır.

Kənd təsərrüfatının tənəzzülü şərtlərindən ikinci amil aqrar transformasiyalar gedişində yaradılan yeni təsərrüfat formaları çərçivəsində gəlirlərin formalaşdırılması və bölüşdürülməsi qaydalarının istehsalçıların daha məhsuldar əməyə şəxsi maddi maraqlarını təmin etməməsi idi.

Aqrar tənəzzülə səbəb olan üçüncü amil aqroservis sahəsində əvvəllər formalaşmış strukturların, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı infrastrukturunun kollektivləşmə nəticəsində dağıdılması olmuşdu.

Azərbaycanda aqrar inkişaf səviyyəsinin aşağı düşməsi 40-cı illərdə davam etmişdir. Bunun əsas səbəbləri 1941-1945-ci illərdə ölkənin müharibədə iştirakı və mərkəzləşdirilmiş planlı sistemin aqrar inkişaf üçün zəruri əsaslara malik olmaması idi.

Müharibə illərində respublikada kənd təsərrüfatının əsas məqsədi ordunu və əhalini ərzaq məhsulları ilə təmin etmək idi.

Müharibədən sonrakı illərdə kənd təsərrüfatında istehsalın müəyyən miqdarda artımına nail olundu.

Araşdırmalar göstərir ki, 60-cı illərin axırlarınadək respublikanın təbii sərvətlərindən (neftdən başqa) kifayət qədər istifadə edilməmişdir, respublika iqtisadiyyatı və onun əsas sahəsi olan aqrar sahə uzun sürən böhran və tənəzzül vəziyyətində olmuşdur. Bunun nəticəsi olaraq əkinçilik və heyvandarlıq məhsullarının istehsalı və satışı dövlətə hətta azaldılmış səkkizinci beşilliyin plan tapşırıqları yerinə yetirilməmişdir.

Azərbaycan aqrar sahənin əsas göstəriciləri üzrə istehsal planlarının yerinə yetirilməsi, məhsuldar sortlardan, texnikadan və suvarılan torpaqlardan istifadə edilməsi, əmək məhsuldarlığı və rentabellik üzrə müttəfiq respublikalar arasında axırıncı yerlərdən birini tuturdu. Bunun nəticəsi olaraq 1966-1969-cu illərdə nəzərdə tutulduğundan 653 min ton az taxıl, 22 min ton az pambıq, 260 min ton az tərəvəz , 17 min ton az üzüm istehsal edilmişdi.

İctimai heyvandarlıqda vəziyyət daha acınacaqlı olmuşdu. Kolxoz və sovxozlarda mal-qaranın sayı ildən-ilə azalmış, məhsuldarlıq aşağı düşmüş, məhsulun maya dəyəri isə artmışdır. Təkcə 1968-ci ildə heyvandarlıq məhsulu satışından dəyən zərər kolxozlarda 22,7 milyon manat olmuşdur, sovxozlar dövlətə ət, süd və yun satışına dair planları yerinə yetirməmişdir. Bir sözlə, respublikada qeyri-neft sektorunun inkişafına subyektiv münasibət bəslənilmişdi.

Respublikanın belə bir ağlr dövründə – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də plenumu çağırıldı. Plenumda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Həmin dövrdə ölkə rəhbərindən insanların itirilmiş ümidlərini qaytarmaq, iqtisadiyyatın bütün sahələrində, əsasən də kənd təsərrüfatında kök salmış geriliyə son qoymaq, istehsalın inkişaf yollarını axtarmaq tələb olunurdu.

Güclü daxili enerjiyə, yüksək təşkilatçılıq qabiliyyətinə malik Heydər Əliyevin rəhbərliyi altında respublikanın düşmüş olduğu vəziyyət qısa müddətdə dərindən təhlil edildi, daxılı ehtiyyat mənbələri aşkara çıxarıldı, onlardan düzgün istifadə üsulları müəyyənləşdirildi və cəsarətli addımlar atıldı, qəti tədbirlər həyata keçirilməyə başlandı.

Azərbaycan KP MK-nin həmin ilin avqust ayında çağrılmış avqust plenumu dövlət və əmək intizamını möhkəmləndirmək, insanların əmək fəaliyyətini artırmaq üçün təşkilati tədbirlər hazırlandı, kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi sahəsində konkret proqram hazırlandı.

Kənd təsərrüfatının əsasən suvarılan əkinçilik sisteminə əsaslandığı nəzərə alınaraq, irriqasiya-meliorasiya qurğuları tikintisinin genişləndirilməsi, onun keyfiyyətinin yaxşılaşdırılması, şoran və şorakətli torpaqların yuyulması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi ön plana çəkildi.

Ulu öndər xalqımızın əvəzsiz sərvəti olan torpaqdan və xüsusən əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli istifadə etməyin forma və üsullarını öyrətdi. Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut etdi.

Kənd təsərrüfatının maddi-texniki təchizatını gücləndirmək, istehsal proseslərini kompleks mexanikləşdirmək və əməyin təşkilini yaxşılaşdırmaq üçün əsaslı tədbirlər görüldü.

Pambıqçılıq, üzümçülük, meyvəçilik, çayçılıq, tütünçülük və heyvandarlıq sahələrinin daha da inkişaf etdirilməsi üçün kompleks inkişaf proqramı hazırlandı, respublikanın ayrı-ayrı regionları üzrə əkinçiliyin və heyvandarlığın ixtisaslaşdırılmış sahələrin yaradılmasının əsası qoyuldu.

Aqrar sahəni böhrandan çıxarmağın əsas yolunu aqrar elminin nailiyyətlərindən istifadəsində görən ulu öndər yüksək məhsuldarlığa malik, xəstəliklərə davamlı yeni toxum sortlarının yaradılması və toxumçuluq təsərrüfatlarının inkişaf etdirilməsi, mal-qaranın cinsinin yaxşılaşdırılması, taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, meyvəçilik, çayçılıq sahələrində mütərəqqi texnologiyaların işlənib hazırlanması ilə əlaqədar respublikanın aqrar elmi qarşısında mühüm vəzifələr qoydu.

Heydər Əliyev respublikanın kənd təsərrüfatında hökm sürən gerilik və bunları doğuran səbəbləri dərindən təhlil etdi və göstərdi ki, respublikada uzun illərdən bəri kənd təsərrüfatı üçün ayrılmış vəsaitdən düzgün istifadə edilmir, pambıq, dənli bitkilər, çəltik və bir sıra başqa əsas kənd təsərrüfatı bitkilərinin əkin sahəsi əsassız olaraq azaldılırdı. Heyvandarlıq başlı-başına buraxılmışdı, yem bazası zəif idi, cinsləşdirmə işləri pis təşkil edilmişdi. Suvarılan torpaqlardan səmərəsiz istifadə edilirdi.

Avqust plenumundan sonra Heydər Əliyevin böyük təşkilatçılıq fəaliyyəti, həyata keçirdiyi qəti tədbirlər çox keçmədən öz bəhrələrini verməyə başladı.

Ulu öndərin rəhbərliyi ilə kompleks tədbirlərin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı istehsalının əsaslı yüksəlişinin təməli qoyuldu. Bütün kənd təsərrüfatı məhsullarının istehsalına və tədarükünə dair beşillik planlar vaxtından əvvəl, artıqlaması ilə yerinə yetirildi. Beş il ərzində taxıl və tütün təhvili üzrə 7 ilin planı, pambıq və meyvə üzrə 6 ilin planı yerinə yetirildi.

Kənd təsərrüfatının ümumi məhsulu 1969-cu ildəki 999 milyon manat əvəzinə 1975-ci ildə 1 milyard 573 milyon manat və ya (57 faiz) çox oldu. 1970-1975-ci illərdə Azərbaycanda kənd təsərrüfatı istehsalının artım sürəti nəzərdə tutulan 30 faiz və İttifaqda orta hesabla əldə edilmiş 13 faiz əvəzinə 34 faizə çatdı. Bu artım əsasən keyfiyyət amilləri sayəsində məhsuldarlığın yüksəldilməsi hesabına əldə edilmişdir. Bu da təsərrüfatların iqtisadiyyatının möhkəmlənməsinə, kolxozçuların və sovxoz fəhlələrinin real gəlirinin artmasına səbəb olurdu. Satılan məhsuldan əldə edilən pul gəliri 1,8 dəfə artmişdi ki, bu da respublikanın iqtisadiyyatını xeyli möhkəmləndirdi. 1969-cu ildəkinə nisbətən 1975-ci ildə kolxozçuların orta aylıq əmək haqqı 47 faiz, sovxoz işçilərinin orta aylıq əmək haqqı 38 faiz artmışdı.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə (1969-1982) kənd təsərrüfatının mövcud sahələri inkişaf etdirilməklə yanaşı, təbii- iqlim potensialından daha səmərəli istifadə əsasında yeni sahələrin formalaşdırılması tədbirləri də həyata keçirilirdi. Belə ki, 1969-cu ildə respublikada pambıq istehsalı ilə 450 təsərrüfat məşğul olurdu. İxtisaslaşdırılma aparıldıqdan sonra həmin təsərrüfatların sayı 370-ə endirildi. Nəticədə 1965-1970-ci illərə nisbətən respublikada 1971-1975-ci illərdə dövlətə pambıq satışı 34,5 faiz artmışdı. Pambıq toxumçuluğu ixtisaslaşdırılmış təsərrüfatlarda cəmləşdirildi, təsərrüfatların yüksək keyfiyyətli çiyidə olan tələbatı tam təmin edildi.

Taxılçılığı təmərküzləşdirmək məqsədilə aran və dağətəyi rayonlarda payızlıq dənli bitkilərin əkin sahəsi genişləndirildi və bu tədbirlər tezliklə müsbət nəticəsini verdi və respublikada ilk dəfə olaraq 1184 min ton taxıl istehsal edildi və 350 min ton taxıl tədarük edildi.

Toxumçuluğun ixtisaslaşdırılmasını və təmərküzləşdirilməsini həyata keçirmək, məhsuldarlığı yüksək olan, xəstəlik və zərərvericilərə davamlı sortları çoxaltmaq və istehsalata tətbiq etmək üçün Respublika Sort Toxumçuluq İstehsalat Birliyi yaradıldı. Üzümçülüyü ixtisaslaşdlrmaq və təmərküzləşdirmək məqsədilə kompleks tədbirlər həyata keçirildi.

Kənd təsərrüfatında elmi-texniki tərəqqinin sürətləndirilməsi, əkinçilik və heyvandarlığın mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi və bu prosesə mütəxəssislərin və alimlərin daha fəal cəlb edilməsi həmişə ulu öndərin diqqət mərkəzində və nəzarəti altında olmuş, kənd təsərrüfatının intensiv inkişafı, onun ayrı-ayrı sahələrinin sənaye təməli üzərinə keçirilməsində mexanikləşdirmə, kimyalaşdırma və torpaqların meliorasiya məsələlərinin həllinə xüsusi fikir verirdi. O vaxtlar irimiqyaslı irriqasiya kənd təsərrüfatında baş verən inqilabi dəyişikliklərdən biri idi. 1976-1980-ci illər respublikanın bütün aqrar-sənaye kompleksinin intensiv və kənd əməkçilərinin rifahının yüksəldilməsi beşilliyinə çevrildi.

1981-ci ildə respublikanın kənd əməkçiləri bütün əvvəlki illərin rekord nailiyyətlərini daha da artırdılar. İlk dəfə olaraq 1150,8 min ton taxıl, 831,2 min ton pambıq, 1 milyon 707,3 min ton üzüm, 849,5 min ton tərəvəz, 96,4 min ton bostan bitkiləri, 26 min ton yaşıl çay yarpağı, 147,1 min ton mal-qara və quş əti, 835,9 min ton süd, 772,1 milyon ədəd yumurta və 11,3 min ton yun tədarük edilmişdi. Həmin ildə kənd təsərrüfatına yararlı torpağın hər 100 hektarı hesabına ümumi məhsul 1975-ci ildəkinə nisbətən 1,6 dəfə, 1969-cu ildəkinə nisbətən isə 2,5 dəfə artmışdı

Təəssüflər olsun ki, 80-ci illərin sonlarından başlayaraq 1990-cı illərin əvvəllərinədək aparılan səriştəsiz siyasətin nəticələri ölkəmizdə aqrar sahədəndə yan keçmədi.

1990-cı ildən başlayaraq iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar bölmədə də iqtisadi mexanizm məhsul istehsalının artırılmasına, marağın yüksəldilməsinə imkan vermədi, iqtisadi inkişafa şərait yaradılmadı.

Müstəqilliyi qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq onu qazanmaqdan daha çətindir. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edərək müvafiq Konstitusiya aktını qəbul edən Azərbaycanın iki ilə yaxın müddətdə üzləşdiyi sarsıntılar, fəlakətlər nəinki müstəqilliyin itirilməsini, hətta ölkənin mövcudluğunu faciəli sonluğa yaxınlaşdırmışdır.

Ulu öndər belə bir ağır dövrdə xalqın çağırışını qəbul edərək 1993-cü ilin iyununda ölkənin idarə olunmasına razılıq verdi. Tez bir zamanda ölkədə ictimai –siyasi sabitliyi, qanunçuluğu təmin etdi, qanunsuz silahlı dəstələri, dövlətçiliyə qarşı çıxan, ölkəni parçalamaq iddiasına düşən separatçılar zərərsizləşdirildi, xalq vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.

İqtisadçı alimlərimiz Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra ölkə iqtisadiyyatının inkişaf tarixini üç mərhələyə bölürlər: 1994-cü ilədək tənəzzül dövrü, 1994-2003-cü illər stabillik və ardıcıl inkişaf dövrü, 2003-cü ildən indiyə kimi dinamik inkişaf dövrü.

Birinci dövr üçün olduqca mürəkkəb siyasi və sosial iqtisadi vəziyyət daha aydın nəzərə çarpır. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) hər il orta hesabla 16,5 faiz azalmış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10 faiz, 1992-ci ildə 37 faiz, 1993-cü ildə isə 50 faiz azalmışdır. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizliyin səviyyəsi artmışdır. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüş və əhalinin əmək haqqı isə 5,7 dəfə azalmışdı.

Güclü istehsal və iqtisadi potensiala malik olan respublikanın kənd təsərrüfatında əsas bitkilərin əkin sahəsi, mal-qaranın baş sayı kəskin şəkildə azalmış, istehsal tənəzzül vəziyyətinə düşmüşdür.

1990-cı ilə nisbətən 1996-cı ildə respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalı 2-3 dəfə azalmışdır. Kənd təsərrüfatında yaranmış vəziyyət emal sahəsinə də öz mənfi təsirini göstərmişdir.

Dənli və dənli paxlalıların istehsalı 1995-ci ildə 1993-cü ilə nisbətən 19,7 faiz, pambıq istehsalı 3,7 faiz, tütün istehsalı 74 faiz, tərəvəz istehsalı 13 faiz, meyvə istehsalı 6,4 faiz azalmışdır. Ət istehsalı 10 min ton, yumurta istehsalı 128,7 milyon ədəd aşağı olmuşdur .

Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi– bərpa və dinamik inkişaf dövrü başlandı.

1994-2003-cü illər ərzində ÜDM 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, əhalinin orta aylıq real əmək haqqı 5,1 dəfə artdı, infilyasiya səviyyəsi 2-3 faizə endi, iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dolları oldu.

Ulu öndər siyasi hakimiyyətə qayıdışından sonra aqrar sahənin mövcud problemlərini dərindən təhlil edərək, yaranmış şəraitdə sahənin böhrandan çıxarılmasının yeganə yolunu köklü aqrar islahatların aparılmasında gördü.

Məlumdur ki, aqrar-sənaye kompleksi mürəkkəb və çoxsahəlidir. Kənd təsərrüfatı məhsulları istehsalı müəssisələri, emal sənayesi, xidmət qurumları, torpaq fondu və s. üzrə islahatları eyni çərçivədə həyata keçirmək qeyri-mümkündür. Buna görə aqrar-sənaye kompleksinə daxil olan istehsal, emal və xidmət sahələri üzrə ayri-ayrilıqda, torpaq islahatı üçün isə başqa yanaşma tələb olunurdu.

Ulu öndər Heydər Əliyevin uzaqgörən qətiyyətli səyləri nəticəsində birinci növbədə aqrar və sonra torpaq islahatları aparıldı. 1995-ci ildən aqrar və torpaq islahatına başlandı. İqtisadi islahatların aparılmasının zəruriliyi qərarına gəlinməsi sonradan onun hüquqi bazasının yaradılmasına səbəb oldu. 1995-2004-cü illərdə aqrar islahatlarını tənzimləyən bir çox qanun, fərman, sərəncam, qərar və digər normativ hüquqi aktlar qəbul olundu. “Aqrar islahatların əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq islahatı haqqında” qanunlar aqrar islahatların hüquqi bazasının əsasını təşkil etdi.

Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar nəticəsində sahədə xüsusi mülkiyyətçilik prinsiplərinin və sərbəst istehsal münasibətlərinin təsbit olunmasl ilə yeni sahibkarlıq fəaliyyətinin əsası qoyuldu. Aqrar sahədə müxtəlif təsərrüfatçılıq formalarının təşkili və müasir tələblərə uyğun istehsal formalarının təşkili və müasir tələblərə uyğun istehsal növü ilə məşğul olmaq üçün imkanlar yaradıldı. Kənd təsərrüfatı sahəsində bazar münasibətinin , dövlətin aqrar siyasətinin müasir bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması, sahibkarlığın inkişaf etdirilməsinə hərtərəfli şərait yaradıldı.

Kənd təsərrüfatında aparılan aqrar islahatların birinci mərhələsinin, yəni torpaq və əmlakın özəlləşdirilməsinin başa çatması aqrar sahənin inkişafına səbəb oldu. 2002-ci ildə respublikada 219,7 min ton taxıl, 694,9 min ton kartof, 967,3 min ton tərəvəz, 380,2 min ton bostan məhsulu, 223,6 min ton ət, 1119,8 ton süd, 561,6 min ədəd yumurta, 11,8 min ton yun istehsal edilmişdir. 2003-cü il yanvarın 1-də ölkədə qaramalın sayı 2153 min baş, davarların sayı isə 6849 min baş oldu.

Məhsul istehsalı səviyyəsinin yüksəlməsi ölkənin məhsul ixracetmə imkanlarını artırmış, 2002-ci ildə respublikadan 84 milyon ABŞ dolları məbləğində kənd təsərrüfatı və emal sənayesi məhsulları ixrac edilmişdir. Bu da 2001-ci illə müqayisədə 18 milyon ABŞ dolları çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə 2002-ci ildə respublikaya daxil olan əsas kənd təsərrüfatı məhsullarının həcmi 2001-ci ilə nisbətən 9,1 milyon ABŞ dolları miqdarında azalmışdır.

Respublikamızda aqrar islahatların hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsində Heydər Əliyev misilsiz xidmət göstərdi. Ulu öndər bu mühüm dövlət, siyasi və iqtisadi tədbirin həm banisi , həm də təşkilatçısı olmuşdur.

Heydər Əliyev siyasəti Azərbaycanı möhkəmləndirdi və onun uğurlu dinamik inkişafının əsasını qoydu. Bu görkəmli siyasi xadımın zəngin irsi çoxşaxəlidir və bu gündə son dərəcə aktualdır. Ulu öndər müstəqil Azərbaycan dövlətini yaratmaqla yanaşı, onun işini məharətlə davam və inkişaf etdirən ləyaqətli bir varis də yetirmişdir.

Ümummilli liderin respublikaya rəhbərliyinin 1993-2003-cü illəri əhatə edən ikinci dövründə ölkədə möhkəm ictimai-siyasi sabitlik, qanunçuluğun aliliyinin təmin olunması ilə müstəqilliyin möhkəmləndirilməsinin strateji istiqamətləri uzaqgörənliklə müəyyənləşdirilərək həyata keçirildi. Azərbaycanın milli iqtisadi inkişaf modeli formalaşdırıldı.

Dahi alman mütəfəkkiri Fridrix Nitşe yazır: “ Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyətlər tarixi yaradırlar”. Bu həqiqət bu gün də öz aktuallığını itirməmişdir.

2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla və sədaqətlə davam etdirərək, onun rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində son dərəcə yüksək nailiyyətlər əldə edilmişdir.

Prezident İlham Əliyev, hər şeydən əvvəl, çoxlarına nəsib olmayan nadir bir siyasi məktəbin–dahi Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin yetirməsidir. Bu məktəbdə o, böyük siyasətçidən məğlubedilməzlik dərsi almış, onun siyasət dünyasının bütün incəliklərinə yiyələnmiş, doğma xalqına xidmət yolunda onunla birlikdə çiyin-çiyinə addımlamışdır. İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədlərinə əməli işi ilə doğruldaraq, hər bir vətəndaşın layiqlı Prezidenti olduğunu sübuta yetirdi. 15 illik fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir, qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər və xalqın sevimlisi olduğuna inam yaratdı. Bunun bariz sübutu olaraq, 11 aprel 2018-ci il prezident seçkilərində də xalq yenə Heydər Əliyev siyasətinin alternativsizliyini qəbul edərək İlham Əliyevə səs verdi.

Xalq İlham Əliyevə səs verməklə, əslində, Heydər Əliyev siyasi kursunun davamına, Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, ölkəmizin Cənubi Qafqazdakı lider rolunun daha da möhkəmlənməsinə, bütövlükdə sürətli və davamlı inkişafının yeni mərhələsinə qədəm qoymasına, insanların xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək göstərdi.

Bu gün ölkəmizin bütün sahələrini əhatə edən dinamik inkişaf və tarixi nailiyyətlər cəmiyyətdə adi fəaliyyət norması, dünyada isə unikal təcrübə kimi qəbul edilir.

Prezident İlham Əliyev tərəfindən formalaşdırılmış iqtisadi-siyasi model öz həyatiliyini, səmərəliliyini və aktuallığını son 15 ildə parlaq şəkildə nümayiş etdirmişdir. İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu müvəffəqiyyətlə davam etdirməklə, dünya siyasəti və diplomatiyasında yüksək peşəkarlıq göstərir.

Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti qeyri-neft sektorunun sürətli inkişafında öz əksini tapır. Son illərdə ölkənin qeyri-neft sektorunun artımı təqribən 10 faiz olmuşdur. 2017-ci ildə kənd təsərrüfatı 4,1 faiz artmışdır.

Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

(ardı var)

 İbrahimxəlil İBRAHİMOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
dövlət idarəetməsi və menecment kafedrasının dosenti, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında