Prezident İlham ƏLİYEV: İxrac gələcəkdə iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi olacaqdır

Məhsul bolluğu yaratmaq, bu sahədə idxalın həcmini azaltmaq, ixracı isə artırmaq dövlətin qarşıya qoyduğu prioritet istiqamətlərdəndir. Bu məqsədlə müəyyənləşdirilən vəzifələr hazırda uğurla həyata keçirilir. 
 
Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə çevik və qətiyyətli, uzaqgörən siyasət nəticəsində mühüm sosial-iqtisadi  uğurlara nail olunub, ixracın şaxələndirilməsi istiqamətində müsbət nəticələr əldə edilib.
Dövlətimizin başçısı ölkəmizin qeyri-neft sektorunda ixracın artırılmasının əhəmiyyətinə toxunaraq demişdir: “Ümumiyyətlə, ixrac - kənd təsərrüfatının ixracı və sənaye məhsullarının ixracı gələcəkdə iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi olacaqdır. Çünki ixrac ölkəyə valyuta resurslarını gətirir. Bizim valyuta resurslarının mənbəyi neft-qazdır. Elə etməliyik ki, ərzaq məhsulları, sənaye, tikinti materialları, hazır məhsullar istehsal edək, ixrac edək və biz bu yolla gedəcəyik”.
 
Texnoparklar Azərbaycanın sənaye və ixrac potensialını gücləndirəcək
 
Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parklarının və məhəllələrinin yaradılması, sənaye zonalarına yeni rezidentlərin cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahədə inkişafı daha da sürətləndirib. Xatırladaq ki, hazırda 17 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında reallaşdırılan layihələrə rezidentlər tərəfindən 3 milyard dollara yaxın sərmayə qoyulacaq. Bu gün adı çəkilən Parkda 6 müəssisə fəaliyyət göstərir. İl ərzində isə tikinti məhsulları, tütün məmulatları, azot  gübrəsi və s. istehsal edəcək daha 7 müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur. Sahibkarların artan marağı nəzərə alınaraq, Parkın ərazisinin genişləndirilməsi istiqamətində də tədbirlər həyata keçirilir.    
Keçən il istifadəyə verilən Balaxanı Sənaye Parkının (BSP) isə hazırda 11 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir, digər 6 rezident (polietilen və polipropilen tullantılarının təkrar emalı, yapışqan lent (skoç), biodizel üçün xammal, kömür (aktiv kömür), gübrə və yem, plastik tor, meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə) isə yaxın zamanlarda fəaliyyətə başlayacaq. Rezidentlər tərəfindən BSP-yə ümumilikdə 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların Parka göstərdiyi maraq nəzərə alınaraq, ərazisi 8,3 hektaradək genişləndirilib.
Yüngül sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşan Mingəçevir Sənaye Parkında bu ilin fevralında pambıq-poliester və iplik istehsal edən 2 fabrik istifadəyə verilib. Sənaye Parkında boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə də müəssisələrin yaradılması nəzərdə tutulur.
Gəmiqayırma sahəsində ixtisaslaşan Qaradağ Sənaye Parkında hazırda Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir və müəssisədə yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilər istehsal olunur.
Pirallahı Sənaye Parkında hazırda tikinti işləri aparılır və 3 müəssisəyə rezident statusu verilib. Azərbaycan-Rusiya birgə müəssisəsi olan əczaçılıq zavodunun layihələndirmə işləri davam etdirilir, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun açılışı isə bu ilin 4-cü rübündə gözlənilir. 
Ölkədə ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsinin hazırda 9 iştirakçısı var və indiyədək burada yaradılan müəssisələrə 45 milyon manatdan çox investisiya qoyulub. Hazırda 225 nəfərin çalışdığı sənaye məhəlləsində rezidentlər tam gücü ilə fəaliyyətə başladıqdan sonra həmin göstərici  500-ə çatdırılacaq. Bu il sənaye məhəlləsinin daha bir rezidenti – “Azprodukt” MMC-nin balıq emalı və konservləşdirilməsi müəssisəsi də fəaliyyətə başlayacaq. 
Masallı Sənaye Məhəlləsində tikinti işləri tam başa çatıb. Sənaye Məhəlləsinə sahibkarlar böyük maraq göstərirlər və onlar tərəfindən icra olunması üçün ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Artıq 2 sahibkar sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyata alınıb və hazırda digər layihələr üzrə təhlillər aparılır. Ümumiyyətlə, Masallı Sənaye Məhəlləsində ilkin mərhələdə ümumi dəyəri 7,1 milyon manat olan 9 layihə icra ediləcək.
Hacıqabul Sənaye Məhəlləsində həyata keçirilən tikinti işləri bu il başa çatacaq. Burada ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, tikinti materiallarının istehsalı avadanlıqları, avtomobil və plastik məmulatların istehsalı zavodlarının yaradılmasına dair müraciətlər daxil olub. Həmin təkliflər araşdırılıb və “ATEF Sənaye Kompleksi” MMC və “Plassttech” MMC-nin Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı kimi qəbul edilməsi qərara alınıb.
Sabirabad Sənaye Məhəlləsində də tikinti işlərinin bu il başa çatdırılması nəzərdə tutulur. Artıq sənaye məhəlləsində işlənən təkərlərin təkrar emalı, bio-gübrələrin (orqanik) istehsalı, yun tədarükü məntəqəsinin yaradılmasına dair təkliflər daxil olub. Hazırda bu təkliflər araşdırılır.
Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan aqroparkların yaradılması da uğurla davam etdirilir. Hazırda ölkənin 30 rayonunda 45 aqroparkın təşkili  həyata keçirilir ki, bunlardan 3 aqroparkda birinci mərhələ üzrə nəzərdə tutulan işlər başa çatdırılıb, 15-i isə cari ilin sonunadək istifadəyə veriləcək.  
 
Qeyri-neft məhsullarının ixracı ilə bağlı müsbət nəticələr əldə edilib
 
Ölkədə idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi,  məhsulların keyfiyyətinin yaxşılaşdırılması, eləcə də qeyri-neft məhsullarının ixracının genişləndirilməsi ilə bağlı tədbirlər də davamlı olaraq həyata keçirilir. Dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrası, yerli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 
İxracın stimullaşdırılması üçün 2018-ci ilin ötən dövründə kənd təsərrüfatı və emalı məhsullarının Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixracı müqabilində sahibkarlara 1,5 milyon manat ixrac təşviqi ödənilib. Bütün bunların nəticəsidir ki, ötən ay “Bir pəncərə” İxraca Dəstək Mərkəzi fiziki və hüquqi şəxslərə 400-dən çox sertifikat verib. Sertifikat verilən məhsullar Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, İsveçrə, Qətər, İtaliya, Qazaxıstan, Vyetnam, Malayziya, Almaniya, Serbiya, İran, Yunanıstan, Ukrayna, Çin, Kanada, Hollandiya, Çex Respublikası daxil olmaqla müxtəlif ölkələrə ixrac olunub. 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumatda daha sonra bildirilir ki, beş ayda “Azexport.az” portalına 250,2 milyon dollarlıq ixrac sifarişi daxil olub. Portala təkcə may ayı ərzində 27,7 milyon dollar məbləğində ixrac sifarişləri verilib. Ümumilikdə, ötən ilin yanvarından bu il mayın 31-dək portala 95 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 725,2 milyon dollar təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumatda, həmçinin göstərilir ki, yanvar-may aylarında “Azərkosmos” 19 ölkəyə xidmət ixrac edib.
Beş ayda ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 11 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. ASC  xidmət ixracından qazandığı gəlir onun ümumi gəlirinin 88 faizini təşkil edib. May ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,6 milyon dollar olub. ASC-nin xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrdir.
Bu ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac isə 667,5 milyon ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac 112 milyon dollar və ya 20 faiz artıb.
Hesabat dövründə ən çox ixrac edilən qeyri-neft sektoruna aid olan məhsul 96,8 milyon dollar dəyərində tomat (pomidor) olub. İkinci yeri elektrik enerjisi, üçüncü yeri isə qızıl tutub. 
Təkcə may ayında qeyri-neft sektoru üzrə ixrac 183 milyon dollar olub. Mayda ən çox qeyri-neft sektoruna aid mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Niderland qərarlaşıb. 
Prezident İlham Əliyevin “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair müvafiq fərmanına uyğun olaraq, 2018-ci ilin ötən dövründə Azərbaycan şirkətləri dövlət büdcəsi hesabına “Beynəlxalq yaşıl həftə”, “Prodexpo”, “Fruit logistica”, “Gulfood” və “Sial china” beynəlxalq ərzaq sərgilərində vahid ölkə stendi ilə iştirak ediblər. Ümumilikdə indiyədək 13 ixrac missiyası (Çin, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Rusiya, Səudiyyə Ərəbistanı) təşkil olunub.  
Azərbaycan Prezidentinin 2018-ci il 11 yanvar tarixli fərmanı ilə ixracın dəstəklənməsi mexanizmlərinin və stimullaşdırıcı tədbirlərin əhatə dairəsi daha da genişləndirilib. Fərmana uyğun olaraq, bu ildən başlayaraq xarici ölkələrə daha çox ixrac missiyaları həyata keçiriləcək və ilk dəfə olaraq Azərbaycana alıcı missiyaları təşkil olunacaq, ixracla məşğul olan sahibkarlara daha çox dəstək göstəriləcək.
Artıq Azərbaycanın Belarusda Ticarət evi fəaliyyət göstərir və bunun nəticəsində indiyədək ölkəmizdən adı çəkilən respublikaya  84 tondan artıq meyvə-tərəvəz məhsulları, zeytun yağı, nar şirəsi və çay ixrac edilib. Yaxın vaxtlarda Azərbaycanın Latviya və Ukraynada da Ticarət evləri fəaliyyətə başlayacaq. Hazırda Azərbaycanın BƏƏ, Çin və Rusiyada Ticarət evlərinin açılması imkanları araşdırılır. 
Azərbaycan məhsullarının ixracında istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılan İxracatçılar Klubunun 4 və Arıçılar, Nar, Fındıq, Şərab, Çay və Süd istehsalçıları və ixracatçıları assosiasiyalarının 6 iclası keçirilib, 2018-ci ilin I rübündə 50-yə yaxın şirkətə ixraca dair xidmətlər göstərilib.
Beləliklə, qeyri-neft ixracının artırılması və diversifikasiyası istiqamətində həyata keçirilən kompleks tədbirlər öz müsbət nəticəsini verib və 2018-ci ilin ötən dövründə ixracın artım tempi davam edib. Bu dövrdə kənd təsərrüfatı və emalı məhsullarının ixracı 19 faiz, sənaye məhsullarının ixracı 47 faiz, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 34 faiz, ixrac olunan məhsulların sayı 9 faiz, ixrac əməliyyatı həyata keçirilmiş ölkələrin sayı isə 9,5 faiz artıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti” 
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında