Azərbaycan Avropada enerji təhlükəsizliyinə təminat yaradan ölkə kimi tanınır

Azərbaycan xalqı 1993-cü ildə ulu öndər Heydər Əliyevə müraciət edərək onu hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə seçdi və  bundan sonra respublikamızın uğurlu inkişaf dövrü başladı. Məhz həmin  vaxtdan indiyə qədər ölkəmiz qarşısında duran bütün vəzifələr uğurla reallaşdırılır və Azərbaycan iqtisadiyyatında aparıcı rola malik neft-qaz sektoru da uğurla  inkişaf edir.
 
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və böyük səyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında mühüm rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin gerçəkləşməsinə müsbət  təsir göstərib. 
Məhz bu müqavilə ilə Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlayıb. Azərbaycan öz zəngin neft resurslarının dünya bazarlarına daşınması üçün əlverişli imkan əldə edib. 
 
“Əsrin müqaviləsi”ndən başlanan yol…
 
Ötən illər ərzində ölkəmizin “Əsrin müqaviləsi” hesabına imkanları ardıcıl şəkildə genişləndirilib. Qaz ehtiyatları 1 trilyon kubmetrdən çox olan “Şahdəniz” qaz kontraktı üzrə saziş bağlanılıb. Xəzər dənizini Qara dənizlə birləşdirən yeni bir ixrac marşrutu-Bakı-Supsa neft kəməri tikilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilib. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi isə Azərbaycanı dünyada, həm də qaz ölkəsi kimi tanıdıb.  
Bütün bunlarla bərabər,  2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub.  2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb və bununla da Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində tarixi addım atılıb. 
Bu məqamda onu da qeyd edək ki, Cənub Qaz Dəhlizi formalaşana qədər sözügedən istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. 2012-ci il iyunun 26-da Azərbaycanla Türkiyə  arasında Transanadolu təbii qaz boru kəməri sisteminə dair saziş imzalanıb və hər iki dövlətin qanunverici orqanları tərəfindən həmin saziş ratifikasiya edilib. 2013-cü il iyunun 30-da isə TAP layihəsi üzrə beynəlxalq saziş imzalanıb. TAP və “Şahdəniz” konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazının Avropa bazarına birbaşa çıxışı reallaşdırılıb. 2015-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası, sonrakı illərdə isə daha üç toplantı keçirilib və layihənin gerçəkləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub.   
Beləliklə, Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti – “Şahdəniz - 2”,  respublikamızdan  başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri,  Türkiyə ərazisindən keçən TANAP və  Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olunub və layihənin reallaşdırılmasına başlanılıb.   
Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin uzunluğu 3,5 min kilometr təşkil edir. Kəmər 1,2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz” yatağından qazın hasilatını və Avropa bazarına ötürülməsini təmin edəcək. Layihənin dəyəri 40 milyard dollar həcmində dəyərləndirilir. 
Xatırladaq ki, gələn həftə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq ilk kommersiya qazının nəqlinə başlanılacaq. Bu barədə BP-nin baş icraçı direktoru Robert Dadli 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində şirkətin Vaşinqtondakı mənzil-qərargahında Cənub Qaz Dəhlizinə həsr olunan tədbirdə deyib. O bildirib ki, Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji layihələrindən biridir və o, qaz axınına hazırdır.
Bu il TANAP-ın rəsmi açılışından sonra Türkiyə bazarına 6 milyard kubmetr qaz ötürüləcək, 2020-ci ildə isə daha 20 milyard kubmetr qaz Avropaya nəql ediləcək. 2026-cı ilə kimi kəmərin ötürmə qabiliyyətinin 31 milyard kubmetrədək artırılması da gözlənilir. Növbəti mərhələdə isə Türkmənistan, İran və İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması haqqında da fikirlər bildirilir. 
 
Cənub Qaz Dəhlizi Avropada təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir
 
Cənub Qaz Dəhlizi ölkəmiz üçün çox önəmli bir layihədir. Bu, iqtisadiyyatımızın dayanıqlılığının qarantı sayıla bilər. Sözügedən qlobal layihənin qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcəyi və milli iqtisadiyyatın inkişafında mühüm amil olacağı bunu deməyə əsas verir. 
Bu qaz dəhlizi, eyni zamanda,  Azərbaycanın regionda və Avropada əhəmiyyətini artıracaq, respublikamızla  Qərb arasında münasibətlərin daha yüksək səviyyəyə yüksəlməsini şərtləndirəcək.  
Yeri gəlmişkən, haqqında danışılan layihə Azərbaycanı enerji ixrac edən dövlət olmaqla yanaşı, həm də qaz nəqlini gerçəkləşdirən və tranzit ölkə kimi tanıdır. Həmçinin Azərbaycan tərəfindən bu layihənin həyata keçirilməsi regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizə böyük nüfuz qazandırır. Dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına, regionda sabitliyin təmin olunmasına ciddi təsir göstərir. 
Sözügedən layihənin əhəmiyyətini artıran səbəblərdən biri də layihədə iştirak edən bütün ölkələrin, şirkətlərin mənfəət əldə edəcəyi, yeni iş yerlərinin yaradılacağı və insanların rifahının yüksəlməsinə pozitiv təsir göstərəcəyi ilə bağlıdır.  
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.
 
TANAP-dan TAP-a qədər…
 
Azərbaycan təbii qazını Avropaya daşıyacaq Trans-Adriatik (TAP) qaz boru kəmərinin inşası çərçivəsində Albaniyada 19 çay keçidi tamamlanıb. Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. 
Məlumatda bildirilir ki, boru kəməri Albaniyada 19 çayla kəsişib, xətt 15 metr dərinlikdən keçərək çayların fauna və florasına təsir etməyib.
TAP Albaniyada ümumilikdə 19 çay və 8 drenaj kanalı ilə kəsişib. Seman və Osumi çayları TAP-ın bir neçə dəfə kəsişdiyi əsas iki çaydır. Boru kəmərinin Osumi çayının ən uzun və ən mürəkkəb keçidlərinin beşində mikrotunel texnologiyasından istifadə edilib. 
Qeyd edək ki, TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin bir seqmentini təşkil edir. TAP layihəsi üzrə işlərin-mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizi icra edilib.
İndiyədək TAP layihəsinə 2,9 milyard avro sərf olunub. Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə qoyulan 9 milyard dollar vəsaitin isə 0,7 milyard dolları TAP layihəsinə xərclənib. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.
Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Layihənin ümumi dəyəri 4,5 milyard avro qiymətləndirilir. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilə planlaşdırılır.
TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına 2017-ci ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. Təxminən 6 ay müddətində aparılacaq bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə də təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar isə “Siemens” şirkəti tərəfindən istehsal edilib.
Kəmərin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahəsində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. Boru kəmərinin Adriatik dənizindən keçəcək 36 düymlük hissəsi Albaniya və İtaliyanın cənub sahili arasında dəniz səviyyəsindən təxminən 820 metr dərinliyindən keçəcək. “Saipem S.p.A” şirkəti mikrotunel daxil olmaqla, Albaniya və İtaliyada tikinti işlərini, dəniz boru kəmərinin quraşdırılmasını, fiber-optik kabel təchizatını və quraşdırılmasını həyata keçirəcək. İzolyasiya edilmiş 36 düymlük borular və digər qurğular isə TAP tərəfindən təmin olunacaq. TAP-ın Adriatik dənizindən keçəcək hissəsinin inşası 2019-cu ildə başa çatdırılacaq.
 
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirakı yüksək qiymətləndirilir
 
Cənub Qaz Dəhlizinin reallaşması ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirakı daha da aktivləşəcək, respublikamız regionun enerji təhlükəsizliyində səmərəli xidmət göstərən əsas ölkələrdən birinə çevriləcək. Bu, adıçəkilən dəhlizin rəsmi açılış mərasimində iştirak edən xarici dövlətlərin nümayəndələrinin çıxışlarında da öz ifadəsini tapıb. 
ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk bu il iyunun 12-də Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Türkiyənin Əskişəhər bölgəsində keçirilən açılış mərasimində ABŞ-ın Avropanın enerji təchizatının şaxələndirilməsində bu layihənin mühüm rolunu dəyərləndirərək, hələ 10 il bundan əvvəl təklif olunan Cənub Qaz Dəhlizi barədə təşəbbüsü dəstəklədiyini diqqətə çatdırıb.  
Xanım S.Oudkirk, eyni zamanda, Prezident Tramp AXC-nin 100 illiyi münasibətilə Prezident İlham Əliyevə göndərdiyi məktubda Cənub Qaz Dəhlizinin inanılmaz nailiyyət olduğunu və bunun Avropanın enerji təhlükəsizliyini təmin edəcəyini vurğulayıb, sözügedən layihəyə güclü dəstəyini xatırladıb.  
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson isə həmin mərasimdə qeyd edib ki, BP-nin “Şahdəniz-2” platformasından ilk qaz Cənub Qaz Dəhlizi şəbəkəsi ilə Türkiyəyə gedən boru kəmərlərinə daxil olacaq. Layihə Avropa üçün daha etibarlı enerji təhlükəsizliyinin gerçəkləşdirilməsi  istiqamətində atılan mühüm addımdır.  
E. Nikolson çıxışında, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin “Xəzər Neft və Qaz 2018” sərgi və konfransı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubuna da diqqət çəkib: “…Neft və qaz sənayesindən əldə olunan gəlirlər Azərbaycanın müasir və müstəqil ölkəyə çevrilməsinə kömək etmişdir.
BP-nin Azərbaycanın iqtisadi inkişafında belə mühüm rol oynaması sevindirici haldır. 1994-cü ildə imzalanmış “Azəri-Çıraq-Günəşli” müqaviləsi Azərbaycanın neft tarixində, eləcə də ikitərəfli əlaqələrimizdə yeni bir dövrün başlanğıcını qoyan tarixi dönüş nöqtəsi idi.
O vaxtdan bəri Britaniya şirkətləri Azərbaycanın neft və qaz sektorunu bütün dünyanın qibtə edəcəyi müasir texnologiya və dünya səviyyəli istehsalat müəssisələri vasitəsilə inkişaf etdirmək üçün on milyardlarla funt-sterlinq investisiya yatırıb.
Biz tərəfdaşlığımızı daha da genişləndirmək istəyirik. Məhz buna görə mən aprelin 26-da Prezident İlham Əliyevi Dauninq Stritdə qarşılamaqdan böyük məmnuniyyət hissi keçirdim. Bizim iştirakımızla BP və SOCAR arasında hasilatın pay bölgüsü üzrə altıncı saziş imzalandı. Bu saziş son iyirmi beş il ərzində iki şirkət arasında qurulmuş möhtəşəm tərəfdaşlığın təcəssümüdür.
Birləşmiş Krallıq və Azərbaycan energetika sahəsindən başqa bir çox digər sahələri də əhatə edən güclü və ikitərəfli faydalı əlaqələr qurublar. Ümid edirəm ki, bu əlaqələr qarşıdakı illərdə də yüksələn xətlə inkişaf edəcək”.
Ekspertlər “Şahdəniz-2”-nin transformasiyaya yol açan inqilabi bir layihə olduğunu, bu layihə hesabına  Azərbaycanın qaz hasilatının ildə 16 milyard kubmetr artacağını bildirirlər. Həmçinin qeyd edirlər ki, adıçəkilən layihə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin qətiyyətli dəstəyi sayəsində mümkün olub.  
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında