Azərbaycanda əlverişli biznes mühiti formalaşdırılır

Dörd ayda sənayenin qeyri-neft sektorunda artım 10,8 faiz olmuşdur
Bu gün Azərbaycanda aparılan düşünülmüş iqtisadi islahatlar ölkənin dayanıqlı və sürətli inkişafını təmin edir. Son 15 il ərzində ümumi iqtisadiyyat 3,2 dəfə, qeyri-neft ixracı isə 4 dəfədən çox artmışdır. Dünyanı bürüyən sarsıdıcı iqtisadi böhranlardan belə ölkəmiz ən az itkilərlə çıxmağa nail ola bilmişdir. 
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbuldakı nitqində ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “ Biz güclü iqtisadiyyat yaratmışıq. Biz təbii resurslarımızdan çox böyük səmərə ilə istifadə etmişik və iqtisadi müstəqillik siyasi müstəqilliyimizin əsas amilidir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Güclü iqtisadi əsaslar gələcəkdə də imkan verəcək ki, Azərbaycan heç kimdən asılı olmayaraq uğurla inkişaf etsin... Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir, heç kimdən asılı deyil və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır.”
İqtisadiyyatda yaradılan əlverişli biznes mühiti yerli istehsalla yanaşı, iqtisadiyyatımıza yatırılan xarici investisiyanın həcmini də ilbəil artırmışdır. Təkcə bir faktı qeyd etmək lazımdır ki, son illərdə ölkə iqtisadiyyatının inkişafına 230 milyard dollardan çox sərmayə yönəldilmişdir. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya ölkələri arasında 35-ci pilləyə qalxmışdır. İnkişafda olan ölkələr arasında isə üçüncü yerdədir.
Bu artım, bu yüksəliş yenə də davam etməkdədir. Dövlət Statistika Komitəsinin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkişafı barədə hesabatı da dediklərimizi təsdiqləyir. İlin ötən dörd ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 22969 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1 faiz artmış, neft sektorunda isə 0,1 faiz azalmışdır.
 Əlavə dəyərin 48,4 faizi sənayedə, 9,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi tikinti, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə, 14 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 2346 manata bərabər olmuşdur. 
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-aprel aylarında 15 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda daha yüksək nəticə əldə olunmuş, dörd ayda məhsul istehsalı 10,8 faiz artmışdır. Neft sektorunda isə 0,6 faiz azalma müşahidə edilmişdir. 
Sənaye məhsulunun 73 faizi mədənçıxarma sektorunda, 21,9 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda neft hasilatı 1,4 faiz artmış, əmtəəlik qaz hasilatı isə 10,8 faiz azalmışdır.
 Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 8,8 dəfə, tütün məmulatlarının istehsalı 2,7 dəfə, hazır metal məmulatlarının istehsalı 2,2 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə, mebel istehsalı 2 dəfə, elektrik avadanlıqlarının istehsalı 98,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 91,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 62,6 faiz, tikinti materiallarının istehsalı 37,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 14,2 faiz, geyim istehsalı 12 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,1 faiz artmışdır. İçkilərin istehsalı 3,6 faiz, qida məhsullarının istehsalı 5,1 faiz, maşın və avadanlıqların istehsalı 5,6 faiz, kompüter, elek-tron və optik məhsulların istehsalı 6,1 faiz, əczaçılıq məhsullarının istehsalı 22 faiz azalmışdır.
 Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda artım 1,9 faiz olmuş, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,7 faiz azalmışdır. İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmişdir. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla hazırda sənaye müəssisələrinin anbarlarında 419,3 milyon manatlıq məhsul vardır.
 Kənd təsərrüfatında yaz-tarla işlərinin qızğın vaxtıdır və may ayının 1-nə kimi 318,2 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 49,6 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 17,6 min hektarı dən üçün qarğıdalı), 53,9 min hektar sahədə kartof, 47,8 min hektar sahədə tərəvəz, 14,1 min hektar sahədə bostan bitkiləri, 8,3 min hektar sahədə şəkər çuğunduru, 7,7 min hektar sahədə dən üçün günəbaxan, 1,3 min hektar sahədə tütün, 82,3 min hektar sahədə pambıq, 48,9 min hektar sahədə çoxillik otlar, 1,1 min hektar sahədə birillik otlar və 3,2 min hektar sahədə digər yazlıq bitkilər əkilmişdir. 
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında diri çəkidə ət istehsalı 3,7 faiz artaraq 161,3 min ton, süd istehsalı 1 faiz artaraq 636,8 min ton, yumurta istehsalı 0,3 faiz artaraq 579,6 milyon ədəd, yun istehsalı isə 8,9 faiz azalaraq 1568 ton olmuşdur.
 İlin əvvəlindən may ayının 1-dək əkin sahələrindən 11,5 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,6 min ton çox kartof və 89 min ton və ya 18,1 min ton çox tərəvəz toplanmışdır. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,5 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 20,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,6 faiz artmışdır. 
Dörd ayda ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 4160,1 milyon manat vəsaitin 2281,6 milyon manatı və ya 54,8 faizi qeyri-neft sektoruna sərf edilmiş və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 faiz artmışdır. Ümumi sərmayənin 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 73,6 faizi məhsul istehsalı obyektlərinin, 20,7 faizi xidmət sahələri üzrə obyektlərin, 5,7 faizi isə ümumi sahəsi 518,9 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 52,4 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,6 faiz, bank kreditləri 15,9 faiz, büdcə vəsaitləri 22,2 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 0,5 faiz, digər vəsaitlər isə 0,4 faiz təşkil etmişdir.
2018-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, Naxçıvan Muxtar Respublikasında 442 şagird yerlik 2 ümumtəhsil məktəb binası, bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi və başqa obyektlər istifadəyə verilmişdir.
 Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən dörd ay ərzində 67,9 milyon ton yük və 619,9 milyon sərnişin daşınmışdır. Yüklərin 61,1 faizi avtomobil, 28,2 faizi boru kəməri, 6,4 faizi dəmir yolu, 4,2 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin 87,2 faizi avtomobil, 12,6 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmışdır.
 2018-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsindən daşınmış yüklərin həcmi 12765,2 min ton, yük dövriyyəsi isə 2745,8 milyon ton-km olmuşdur. Dəhliz vasitəsilə daşınmış yüklərin 20,3 faizini və ya 2586 min tonunu tranzit yüklər təşkil etmişdir.
 İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilən 569,9 milyon manatlıq xidmətlərin 71,8 faizi əhali sektoruna aid olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yanvar-aprel aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 7,8 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. 
Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 10888,8 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 2540,4 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir 1,9 faiz artmış, ticarət şəbəkəsində 5466,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatı, 5422,7 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
 Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla ölkənin xarici ticarət dövriyyəsi 6894,6 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 4703,5 milyon dollarını və ya 68,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 2191,1 milyon dollarını (31,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2512,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 
Ötən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,9 faiz, real ifadədə isə 6,3 faiz, o cümlədən ixrac 5,3 faiz, idxal 8,7 faiz artmışdır. Qeyri-neft məhsullarının ixracı 2017-ci ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 34,8 faiz, real ifadədə isə 29,6 faiz artaraq 356,4 milyon dollar təşkil etmişdir. 
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 4,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,8 faiz artmışdır. 
2018-ci ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 3,5 faiz artaraq 532,4 manat təşkil etmişdir. Dörd ayda əhalinin gəlirləri nominal ifadədə 9,2 faiz çoxalaraq, 16272,8 milyon manata çatmışdır. 
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən yanvar-aprel aylarında dövlət büdcəsinə 6619,9 milyon manat vəsait daxil olmuş və büdcədən 5966 milyon manat vəsait xərclənmişdir. Büdcənin icrasında 653,9 milyon manatlıq profisit yaranmışdır.
Mərkəzi Bankın məlumatına görə, aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11663,5 milyon manat təşkil etmiş, onun 9415,8 milyon manatı – ümumi kredit portfelinin 14,7 faizi uzunmüddətli kreditlər olmuşdur. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2018-ci il aprel ayının 1-nə 7 milyard 657,2 milyon manat təşkil etmişdir. 
Yanvar-mart aylarında əhalinin sayı 18260 nəfər artaraq 9 milyon 916 min 345 nəfərə çatmışdır.
Hazırladı:
Əlipənah BAYRAMOV,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında