Bu gün enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Hər şey enerjidən asılıdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
XX əsr bəşər tarixinə elektrikləşmə əsri kimi düşsə də, yeni əsrdə belə, dünyanın bu sahənin inkişafına olan tələbatı artmaqda davam edir. Çünki elektrik insanlığın kəşf etdiyi ən mütərəqqi və unikal enerji daşıyıcısıdır.
Elektrik enerjisi demək olar ki, son enerji növünün hər hansı birinə transformasiya olunmaq iqtidarındadır. Elektrik enerjisinin kəşf edildiyi ilk gündən istehsal prosesinə tətbiqi texnoloji prosesləri intensivləşdirməyə, onların tam avtomatlaşdırılmasına və yüksək dəqiqliklə tənzimlənməsinə imkan vermişdir ki, bu da istehsalın, əməyin məhsuldarlığının, məhsulun keyfiyyətinin artırılmasına və maddi resursların sərfiyyatının azaldılmasına şərait yaratmışdır.
Məhz bu səbəblərdən də XIX əsrin son illərindən başlayaraq, neft yataqları ilə zəngin olan Bakıda elektrik enejisindən istifadə olunmağa başlanmışdır. Elektrik enerjisi istehsalına ilk dəfə neft mədənlərində, 5-50 kilovatlıq elektrik stansiyalarının quraşdırılmasından başlayan Azərbaycanda təqribən 100-115 il sonra – 2017-ci ildə 21,8 milyard kilovatsaat elektrik enerjisi istehsal edilib. Bu gün Cənubi Qafqazın ən böyük enerji istehsalçısı olan Azərbaycanın əldə etdiyi bu nailiyyətlərin arxasında çox zəngin və şərəfli bir tarix var.
Bu zəngin tarixlə tanışlıqdan sonra bir daha əmin olursan ki, ölkəmizdə elektrik enerjisi infrastrukturunun təkmilləşdirilməsi, elektro-energetikanın tərəqqisi, dinamik inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bütün digər sahələr kimi, bu sahədə də ulu öndərin fəaliyyəti iki mərhələdən ibarətdir. Birinci mərhələ onun hakimiyyətə ilk gəlişindən – 1969-cu ildən başlayır.
Ümummilli liderimiz respublikaya rəhbərlik etdiyi bu mərhələdə Azərbaycanın energetika sisteminin inkişafını, mövcud generasiya güclərinin və şəbəkə təsərrüfatının yenilənməsini diqqət mərkəzində saxladı, bu məqsədlə irimiqyaslı layihələr gerçəkləşdirdi. Bütün bunlar iqtisadiyyatın sürətli inkişafına öz müsbət təsirini göstərdi.
Heydər Əliyevin bu sahədə müstəsna xidmətlərini yetərincə qiymətləndirmək üçün həmin dövrdə reallaşdırılan bir sıra mühüm layihələri xatırlamaq yerinə düşərdi. 1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində gücü 22 MVt olan “Araz” SES -si işə salındı. Bundan bir il sonra 2 saylı Sumqayıt İstilik Enerji Mərkəzinin gücü 220 MVt-a çatdırıldı. 1976-1977-ci illərdə isə Sərsəng su anbarı və gücü 50 MVt olan eyniadlı su elektrik stansiyası istifadəyə verildi.
Həmin illərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial-iqtisadi inkişafın, xüsusilə sənayenin dinamik inkişafı energetika sisteminin gücünün sürətlə artırılması ilə birbaşa bağlı idi. Gücü 380 MVt olan Şəmkir Su Elektrik, gücü 2400 MVt olan “Azərbaycan” İstilik Elektrik stansiyalarının işə salınması da məhz həmin vaxt qarşıya qoyulan vəzifənin reallaşdırılması istiqamətində atılan mühüm addımlar idi.
Yeri gəlmişkən, Prezident İlham Əliyev 2004-cü il 13 oktyabr tarixli sərəncamı ilə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə “Azərbaycan” İES-nin birinci enerji blokunun 20 oktyabr 1981-ci ildə istifadəyə verilməsi tarixini əsas götürərək bu günü “Energetiklər Günü” kimi təsis etmişdir.
Beləliklə, ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda energetika sistemində uğurla həyata keçirilən layihələr nəticəsində müstəqil, dayanıqlı enerji sistemi yaradıldı. Aparılan statistik hesablamalar təsdiq edir ki, ümummilli liderimiz 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayanda, respublikamız elektrik enerjisini idxal edirdisə, 1982-ci ildə ölkə artıq bu sahədə ixracatçıya çevrilmişdi. Ümummilli liderimiz respublikada energetika sisteminin inkişafı ilə həmin dövrü xatırlayarkən deyib: “Biz o illər bütün bu imkanlardan istifadə edərək, eyni zamanda, düşünürdük ki, hər respublikanın özünü təmin edə bilən iqtisadi potensialı olmalıdır. Bu iqtisadi potensialın tərkibində ən mühüm yer tutan elektrik enerjisi istehsal edən müəssisələr yaradılmalıdır. Ona görə də, o illər Moskvanın etirazına, bu işimizə maneçilik törədən qüvvələrin çox güclü olmasına baxmayaraq, biz Azərbaycanın elektrik enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan asılılıqdan qurtarmasını təmin etmək üçün respublikamızda güclü potensiala malik olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail olduq”.
Burada bir məqamı da xatırlatmaq istərdim. Ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində Azərbaycanda hökm sürən siyasi və sosial-iqtisadi böhran nəticəsində energetika sistemi acınacaqlı vəziyyətlə üzləşmişdi. Ölkəmizin regionlarında, paytaxt Bakıda enerji təchizatında dözülməz şərait yaranmışdı. İstər əhali, istərsə də sosial obyektlər, sənaye müəssisələri enerji çatışmazlığı səbəbindən ağır duruma düşmüşdü. Regionlarda elektrik enerjisinin verilməsi artıq qrafikə salınmışdı və konkret vaxtlarla bölgələrə ötürülürdü. Amma bu enerji qıtlığı şəraitində də dahi Heydər Əliyevin uzaqgörən siyasi fəaliyyəti nəticəsində ötən əsrin 80-ci illərində istismara verilən “Azərbaycan” İES-i xalqımızın köməyinə çatdı və enerji qıtlığının daha da dərinləşməsinə imkan verilmədi.
* * *
Ulu öndərimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Ölkənin iqtisadi vəziyyətindən yetərincə məlumatlı olan siyasi lider başa düşürdü ki, elektrik enerjisi problemini həll etmədən ölkənin təsərrüfat həyatını, sənaye infrastrukturunu hərəkətə gətirmək əsla mümkün olmayacaq. Onun bir vaxtlar qürurla haqqında danışdığı elektrik enerjisi infrastrukturundan isə əsər-əlamət qalmamışdı. Ona görə də Heydər Əliyev elektrik enerjisi qıtlığı sahəsindəki böhranı aradan qaldırmaq, mövcud sistemin maddi-texniki bazasını gücləndirmək üçün genişmiqyaslı tədbirlər həyata keçirdi.
Büdcəsi boş olan ölkə bu vəzifəni həll etməyə qadir olmadığı üçün xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi danışıqlara başladı. Ulu öndərin beynəlxalq nüfuzu yenə köməyə gəldi. Uzun müddət tikintisi yarımçıq qalan Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının inşasının başa çatdırılması məqsədilə 1995-ci ilin dekabrında Böyük Britaniyadan sərmayə cəlb etmək mümkün oldu. Nəticədə 2000-ci ilin dekabrında stansiya istifadəyə verildi və elektrik enerjisi istehsalına başlanıldı. Bununla bərabər, erməni işğalı altında qalan “Ağdam” yarımstansiyası və Azərbaycan İES-Ağdam-İmişli elektrik verilişi xətti adı çəkilən yarımstansiyadan qidalanan əraziləri elektik enerjisi ilə təchiz etmək məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankından ayrılan kredit hesabına 330 kV-luq Ağcabədi, 110 kV-luq Bərdə yarımstansiyalarının və 330 kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli elektrik verilişi xəttinin inşası reallaşdırıldı. Eyni zamanda, ümummilli liderimizin təşəbbüsü və səyi ilə Yaponiya hökumətinin uzunmüddətli güzəştli krediti hesabına “Şimal” Elektrik Stansiyasında 400 MVt gücündə buxar-qaz qurğusu iki il ərzində tikilərək istismara verildi.
Yuxarıda sadalananlarla bərabər, ümummilli liderimizin yenidən hakimiyyətə qayıdışından sonra Bakı İstilik-Elektrik Mərkəzinin də gücü artırıldı, burada yenidənqurmanın ilk mərhələsi 2000-ci ilin noyabrında, ikinci növbəsi isə 2001-ci ilin iyulunda başa çatdırıldı və hər birinin gücü 53,5 MVt olan iki qaz turbini, aqreqat və qaz turbinindən çıxan qazların istiliyindən istifadə hesabına saatda 250 ton buxar istehsalı imkanına malik iki buxar generatoru istifadəyə verildi. Eyni zamanda, Bakının və paytaxtətrafı yaşayış məntəqələrinin elektrik təchizatının normallaşdırılması məqsədilə “Müşfiq” yarımstansiyasının gücünün artırılması, stansiyada enerji sisteminin dayanıqlılığının və təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Avropa Birliyinin Azərbaycana Fövqəladə Yardım Proqramı çərçivəsində maliyyə vəsaiti ayrıldı.
Statistik hesablamalardan aydın görünür ki, Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə 3min 500 MVt-a yaxın generasiya gücünün işə salınması nəticəsində elektrik enerjisi istehsalı təxminən 1,8 dəfədən çox, yəni 12 milyard kilovat-saatdan 22 milyard kilovat-saatadək artırılıb. Bu sadəcə rəqəmlər yox, eyni zamanda, Azərbaycan iqtisadiyyatının sürətli inkişafına geniş imkanlar açan göstəricilərdir.
Bununla yanaşı, Azərbaycan elektrik enerjisi sisteminin qonşu ölkələrin enerji sistemləri ilə əlaqəsi tam təmin olunub. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına müsbət təsir göstərib.
Ulu öndərin strateji inkişaf konsepsiyası əsasında son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatlar çərçivəsində elektrik energetikası üzrə qəbul edilən dövlət proqramları və onların icrası bu sahədə yeni bir mərhələ açmışdır. Bir faktı demək kifayətdir ki, hazırda elektrik enerjisinə tələbatını tam ödəyən Azərbaycan özünün karbohidrogen resursları ilə yanaşı, elektrik enerjisinin də ixracatçısına çevrilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, təkcə 2017-ci ildə Azərbaycandan 1 milyard 160 milyon 196 min kilovatsaat elektrik enerjisi ixrac olunub ki, bunun da dəyəri 50 milyon 968 min ABŞ dolları təşkil edib. Cari ilin yanvar-aprel aylarında isə 987 milyon 949 min kilovatsaat, yəni 47 milyon 303 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac olunub.
Bu gün respublikamızda alternativ və bərpaolunan enerji mənbələrinin inkişafına da mühüm önəm verilir. Məhz elə buna görədir ki, qarşıdakı iki il yarım ərzində alternativ və bərpaolunan enerji mənbələrinin Azərbaycanın ümumi enerji balansındakı payının 20 faizə çatdırılması gözlənilir.
Ölkəmizdə enerji potensialı Günəş enerjisi üzrə 50 meqavat, külək enerjisi üzrə 350 meqavat, biokütlə üzrə isə 20 meqavat həcmində müəyyənləşdirilib. Bu sahələrə təxminən 1 milyard 40 milyon manat investisiyanın sərf olunması planlaşdırılıb.
* * *
Sonrakı mərhələdə isə ölkəmizdə yeni elekrtik stansiyalarının tikilib istifadəyə verilməsi, əvvəllər inşa edilmiş stansiyaların yenidən qurulması, bununla da əhalinin enerji tələbatının yetərincə ödənilməsi, hətta bu məhsulun ixracı, şübhəsiz, Prezident İlham Əliyevin reallaşdırdığı uğurlu strategiyanın məntiqi nəticəsidir. Dövlət başçısı 2018-ci ilin aprelində andiçmə mərasimində bu nailiyyətlərdən danışarkən qeyd etdi ki, ölkəmizdə son 15 il ərzində 30-dan çox elektrik stansiyası tikilmiş, onların generasiya gücü 3,9 min meqavata bərabər olmuşdur. Beləliklə, elektrik stansiyalarının generasiya gücü 6,5 min meqavata çatdırılmış, respublikanın enerji təhlükəsizliyi tam təmin edilmiş, digər ölkələrdən enerji asılılığı tamamilə aradan qaldırılmış və Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir.
Amma bu heç də son deyil. Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Azərbaycan yüksək texnologiyaları ilə özünü göstərəcəkdir. Azərbaycan müasir industrial ölkəyə çevriləcəkdir. Yüzlərlə, bəlkə də minlərlə yeni müəssisə yaranacaqdır. Ona görə enerji potensialımız tələbatımızı daim qabaqlamalıdır. Ona görə gələcəkdə elektrik stansiyalarının tikintisi nəzərdə tutulmalıdır, o cümlədən biz bərpa olunan enerji növlərinə də əlbəttə ki, diqqət yetirəcəyik”. Bu fikirdən çıxış edib inamla deyə bilərik ki, Azərbaycanın elektroenergetika sektorunda əsas hədəflər hələ qarşıdadır. Elektroenergetika sahəsində gerçəkləşdirilən mükəmməl dövlət siyasəti enerji sisteminin bundan sonra da sosial-iqtisadi inkişafdakı əvəzedilməz rolunun layiqincə yerinə yetirilməsini təmin edəcək.
Yazı “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.