Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə Azərbaycanın neft-qaz sənayesinin inkişafında yeni bir dövr başlanıb.
Prezident İlham Əliyev mərasimdə çıxış edərək hazırda enerji təhlükəsizliyinin dünya gündəliyində çox ciddi yer tutduğunu, Cənub Qaz Dəhlizinin də bu məsələyə mühüm təsir göstərəcəyini əminliklə bildirib: “Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib”.
Azərbaycan Prezidenti nitqində sözügedən layihənin gerçəkləşməsində beynəlxalq əməkdaşlığın önəmli rol oynadığını, dünya səviyyəli nəhəng layihə olduğunu, həmin layihənin icrasına 40 milyard dollardan çox sərmayə qoyulduğunu və bu prosesin uğurla davam etdirildiyini xatırladıb. Layihənin istismarı dövründə Azərbaycanın təsdiqlənən 2,6 trilyon kubmetr qaz ehtiyatlarından istifadə ediləcəyini xüsusi vurğulayaraq bildirib ki, Cənub Qaz Dəhlizinin reallaşdırılmasında yeddi ölkə iştirak edir: “Mən o ölkələrin adlarını bu gün çəkmək istərdim - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Bax, geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Eyni zamanda, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi əminəm ki, növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır”.
Azərbaycan qlobal enerji bazarına etibarlı qaz ixracatçısı kimi daxil olur
Heç kimə sirr deyil ki, “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan bir dövlət olaraq müstəqilliyini daha da möhkəmləndirdi. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin (BTC) istifadəyə verilməsindən sonra isə respublikamız öz təbii sərvətinin bəhrəsini görməyə başladı. Cənub Qaz Dəhlizinin başa çatması ilə Azərbaycanın enerji sahəsindən indiyədək əldə etdiyi dividendlərin miqyasının daha da genişlənməsinin əsası qoyuldu.
Xatırladaq ki, “Şahdəniz-2” yatağından çıxarılacaq qazı Avropadakı istehlakçılara çatdırmaq üçün bu dəhliz boyu 3 böyük kəmər bir-birinə calanaraq vahid sistem yaradacaq. Bunlar CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Transanadolu Qaz Boru Kəməri) və TAP-dır (Transadriatik Qaz Boru Kəməri).
CQBK Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından çıxarılan qazı Gürcüstana və Türkiyəyə ötürmək üçün inşa edilən kəmərdir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Əraf mühitə və sosial sahəyə təsirlərin minimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində əsaslı və əməliyyat xərclərinə qənaət edilməsinə nail olmaq məqsədilə CQBK BTC neft ixracı kəməri ilə birlikdə və eyni tikinti dəhlizində inşa olunub.
Boru kəmərinin uzunluğu 691 kilometrdir, bunun 443 kilometri Azərbaycanda, 248 kilometri isə Gürcüstandadır.
Kəmər 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz” yatağından “Mərhələ -1” qazını çatdırır.
Bu ilin 1-ci rübündə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 8 milyon dollar əməliyyat xərcləri və 165 milyon dollar əsaslı xərclər sərf edilib. Rüb ərzində kəmərin gündəlik orta ötürücülük gücü təqribən 23,1 milyon kubmetr qaz olub.
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi layihəsinin bir hissəsidir. Genişləndirməyə Azərbaycan boyu yeni kəmərin çəkilməsi, Gürcüstanda iki yeni kompressor stansiyasının tikilməsi daxildir. Bu, kəmər vasitəsilə ixrac olunan qaz həcminin üç dəfə artaraq ildə 20 milyard kubmetrə çatması gözlənilir.
Gürcüstan və Türkiyə sərhədində kəmər başqa kəmərlə birləşərək qazı Türkiyəyə və Avropaya çatdıracaq.
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə bağlı yekun investisiya qərarı “Şahdəniz” “Mərhələ-2” ilə eyni vaxtda, 2013-cü il dekabrın 17-də verilib.
TANAP-ın marşrutu Türkiyənin Gürcüstanla sərhədindəki Posof mahalından başlanır. Bu kəmər Türkiyənin ərazisində 21 vilayətdən keçərək 1850 kilometr məsafə qət edəcək.
TANAP-ın təməli 2015-ci il martın 17-də Qars vilayətinin Səlim rayonunda qoyulub. Tikintidə işlərin xeyli hissəsi görülüb. Bu kəmərlə ilk qazın Türkiyəyə bu il çatdırılacağı gözlənilir.
TAP isə Cənub Qaz Dəhlizinin sonuncu seqmentidir. Borunun uzunluğu 878 kilometr təşkil edir. Bu layihə üzrə Albaniya, İtaliya və Yunanıstan arasında hökumətlərarası saziş 2013-cü ilin fevral ayında imzalanıb. Kəmərin təməli keçən ilin mayında Yunanıstanın Saloniki şəhərində qoyulub.
TAP Avropanın qaz bazarı üçün mühüm və strateji layihədir. “Şahdəniz-2” yatağından hasil olunacaq təbii qaz 2020-ci ildə bu kəmər vasitəsilə Avropaya nəql edilməyə başlanılacaq. Layihənin İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə ara keçid boru kəmərləri ilə İsveçrə, Avstriya, Fransa, Almaniya və Belçikaya, hətta İngiltərəyə də təbii qaz transferinin mümkün olacağı istisna edilmir.
Cənub Qaz Dəhlizi Azərbaycanın strateji mövqeyinin möhkəmlənməsi baxımından da çox vacibdir. Belə ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha yaxından iştirak edəcək, TANAP vasitəsilə Türkiyə bazarına əlavə olaraq 7 milyard kubmetr, Avropaya ilkin mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz ötürüləcək.
Yeri gəlmişkən, bu ilin aprel ayının sonunadək Cənub Qaz Dəhlizi layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib. Həmin vəsaitdən ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz-2” layihəsinə 17,7 milyard dollar, dəyəri 4,6 milyard dollar olan CQBK-nın genişləndirilməsi layihəsinə 4,2 milyard dollar, TANAP-a 5,4 milyard dollar, TAP layihəsinə isə 2,9 milyard avro sərf olunub.
Qətiyyət, əzm və
tərəfdaşlığa sadiqlik
Yuxarıda xatırlatdıq ki, bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlərə beynəlxalq miqyasda ciddi diqqət yetirilir. Hər bir ölkə, eləcə də Avropa İttifaqı tərəfindən enerji təhlükəsizliyinin reallaşdırılmasına mühüm önəm verilir. Bu səbəbdən də idxal marşrutlarının şaxələndirilməsi “qoca qitə” üçün çox vacibdir. Bununla belə Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması, ilk növbədə, ölkəmizə iqtisadi cəhətdən böyük səmərə verəcək. Eyni zamanda, bu dəhliz ölkəmizə siyasi dividendlər də gətirəcək, Azərbaycanın Avropada və dünyada siyasi çəkisi artacaq, bir çox beynəlxalq məsələlərdə söz sahibinə çevriləcək.
Cənub Qaz Dəhlizinin beynəlxalq əməkdaşlığa da sanballı töhfə verəcəyi şübhə doğurmur. Təsadüfi deyil ki, layihəyə üzv olan ölkələr artıq uzunmüddətli tərəfdaşa çevriliblər. Bu layihə ilə respublikamız Qafqazda və Türkiyədə olan müsbət regional əməkdaşlığı Avropa, Avropa İttifaqı istiqamətində də möhkəmləndirə bilib. Bununla da beynəlxalq miqyasda mühüm önəm daşıyan bir əməkdaşlıq formatı formalaşdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin açılış mərasimində qeyd edib ki, bu layihənin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı.
Cənub Qaz Dəhlizinin icrasında Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyanın iştirakı, eyni zamanda, üç Balkan ölkəsinin – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı deyilən fikrin bariz ifadəsidir. Bu, artıq layihənin qlobal xarakterini və böyük beynəlxalq əməkdaşlıq platforması üzərində möhkəmləndiyini göstərir.
Yeri gəlmişkən, Cənub Qaz Dəhlizi ilə nəql olunan təbii yanacağın 9 Avropa şirkəti tərəfindən alınması da nəzərdə tutulub. Bunlar ingilis-holland “Shell” şirkəti, Bolqarıstanın “Bulgargaz”, Yunanıstanın “DEPA”, Almaniyanın “Uniper”, Fransanın “Engie”, İtaliyanın “Hera Trading”, “Edison” və “Enel” və İsveçrənin “AXPO” şirkətləridir.
Bu təşəbbüsün reallaşmasının iqtisadi, sosial, strateji və siyasi baxımdan çox vacib olduğunu bildirən ekspertlər qeyd edirlər ki, iqtisadi baxımdan Cənub Qaz Dəhlizi Azərbaycanın gəlirlərinin artmasına imkan verəcək. İlkin qiymətləndirmələrə görə, Cənub Qaz Dəhlizi ölkəmizə gəlir olaraq 100 milyard dollar vəsaitin daxil olmasına imkan yaradacaq. Bu, ölkəmizin dövlət gəlirlərinin, eləcə də strateji valyuta ehtiyatlarının artırılması baxımından önəmlidir. Həmçinin Cənub Qaz Dəhlizi imkan verəcək ki, Azərbaycan gəlirlərinin artması fonunda daha çox sosial investisiya üçün vəsaitlər ayıra bilsin. Bu, xüsusən də sosial proqramların uzunmüddətli dövr üçün dayanıqlı şəkildə maliyyələşdirilməsi üçün bir baza formalaşdırır.
Qlobal tarixi layihə
Cənub Qaz Dəhlizi layihəsinə dünyanın bir sıra aparıcı dövlətləri tərəfindən ciddi siyasi dəstək verilməsi də Azərbaycanın beynəlxalq əməkdaşlığının getdikcə genişlənməsini diqqətə çatdırır. Məsələn, digər mühüm enerji layihələrində olduğu kimi, ABŞ sözügedən layihənin reallaşmasına siyasi və mənəvi dəstək göstərib, hərtərəfli kömək edib. Bu, Prezident Donald Trampın Respublika Günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubdan da aydın görünür. Məktubda enerji sahəsində ABŞ-Azərbaycan əməkdaşlığının bu il ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəldiyi vurğulanır: “Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız bu il, inanılmaz bir nailiyyət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlmişdir”.
Prezident Donald Tramp məktubunda vurğulayır ki, ilk müstəqil dövlətinin 100 illiyini qeyd edən Azərbaycan indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkədir6 “Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir. Sizin qaz hasilatınız isə Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir”.
Donald Tramp məktubu bu sözlərlə bitirir: “Enerji layihələrinizin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatları davam etdirməyinizi dəstəkləyirəm. Bizim böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə birgə işləmək əzmindəyəm”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin iştirakçılarına ünvanlandığı məktubunda qeyd edir ki, TANAP bölgənin taleyini dəyişdirəcək əhəmiyyətə malik əməkdaşlığın bəhrəsidir: “Türkiyəyə və Avropanın digər ölkələrinə Azərbaycan qazını çatdıracaq Transanadolu təbii qaz boru kəmərinə ilk qazın verilməsi münasibətilə keçirilən bu mərasimin xeyirli olmasını diləyirəm. İstər Azərbaycan ilə ikitərəfli, istərsə də regional əməkdaşlığımız baxımından örnək bir layihə olan TANAP-ın tamamlanması hamımız üçün qürur mənbəyidir. Bundan əvvəl uğurla həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolundan sonra TANAP da bölgənin taleyini dəyişdirəcək əhəmiyyətə malik əməkdaşlığımızın bir başqa bəhrəsidir. TANAP-ın reallaşmasında ABŞ-ın və Avropa İttifaqının dəstəyi də əhəmiyyətli olmuşdur. Birlikdə atdığımız addımlar bu tarixi layihənin sürətlə və problemsiz başa çatdırılmasında önəmli rol oynamışdır. Bundan sonrakı müddətdə Avropaya yeni bir mənbədən qaz nəqlini mümkün edəcək Cənub Qaz Dəhlizinin digər layihələrinin də vaxtında başa çatdırılması mühüm əhəmiyyət daşıyır”.
Rusiya Prezidenti Vladimir Putinin Cənub Qaz Dəhlizi ilə bağlı fikirləri də böyük maraq doğurur. RİA “Novosti”nin xəbərinə görə, Rusiyanın dövlət başçısı Azərbaycan tərəfindən Cənub Qaz Dəhlizinin işə salınması haqqında danışarkən bildirib ki, biz bu sahədə istənilən iqtisadi fəallığı alqışlayırıq. Vladimir Putin əlavə edib ki, Rusiya enerji daşıyıcılarının Avropa bazarına tədarükünün diversifikasiyasını alqışlayır. “Biz bazar şəraitinin yaranmasında maraqlıyıq”,-deyə Rusiya Prezidenti vurğulayıb.
Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi tərəflərin uzunmüddətli maraqlarını təmin etməklə yanaşı, ölkəmizin maliyyə imkanlarını da xeyli artıracaq. Azərbaycan regional əməkdaşlıq, enerji təhlükəsizliyi baxımından indikindən daha çox, daha böyük önəm daşıyan ölkə kimi inkişaf edəcək.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.