Prezident İlham ƏLİYEV: Azərbaycan xalqı ancaq müstəqillik şəraitində öz təbii ehtiyatlarından istifadə edə bildi

Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindən söhbət açmazdan əvvəl bir məsələni diqqətə çatdırmaq istərdik. Bu da Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının indiyədək respublikamızda aşkar edilən ən böyük qaz yatağı olması ilə bağlıdır. Bu yataq təxminən 860 kvadratkilometr ərazini əhatə edir və onun ilkin geoloji qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. “Şahdəniz 2” layihəsi çərçivəsində hasil olunacaq qaz Cənub Qaz Dəhlizi ilə ötürüləcək. Qaz təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya ərazisinə nəql olunacaq. Türkiyəyə ilk qaz bu il, Avropaya isə 2020-ci ildə çatacaq.

Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP boru kəməri gələn ay istismara veriləcək. Qaz ixracı nəticəsində ölkəmizin gəlirləri artacaq, Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindəki nitqində də bu məsələyə toxunaraq bildirib ki, terminal dünyanın ən böyük neft-qaz müəssisəsidir və məhz burada dörd il bundan əvvəl Cənub Qaz Dəhlizinin təməli qoyulub.

 

Neft-qaz sənayesinin inkişafında yeni dövr

 

Azərbaycan Prezidenti daha sonra deyib ki, Cənub Qaz Dəhlizinin təməli qoyularkən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start verib, onun təşəbbüskarı olub. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə çatıb və bu gün ölkə həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır.

Dövlətimizin başçısı nitqində diqqətə çatdırıb ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi və Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsəydi, bu gün Azərbaycan bəlkə də dünyanın ən inkişaf etmiş və ən zəngin ölkələrindən biri ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, zəngin neft potensialımız çox böyük imkanlara malikdir. Ancaq Azərbaycan müstəqilliyini itirdi və ondan əvvəlki dövrdə ölkəmiz müstəqil olmadığı üçün xalqımız da öz təbii ehtiyatlarından bəhrələnə bilmədi.

Prezident İlham Əliyev Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində çıxışında qeyd edib ki, dünya neftinin tarixi Azərbaycandan başlayır. Belə ki, 1846-cı ildə dünya miqyasında ilk dəfə olaraq sənaye üsulu ilə neft məhz Azərbaycanda, Bakıda hasil edilib. O tarixi anı əks etdirən abidə şəhərimizin mərkəzində bir neçə il bundan əvvəl ucaldılıb. Həmin vaxt – XIX əsrin ikinci yarısında və XX əsrin əvvəlində Azərbaycan dünya neft hasilatının böyük bir hissəsini təmin edirdi. Ancaq Azərbaycan xalqı bundan bəhrələnə bilibmi?! Əlbəttə ki, yox. O illərin şəkillərinə, statistik məlumatlarına baxmaqla xalqın səfalət içərisində yaşadığını, yoxsulluq hökm sürdüyünü, heç bir sənaye inkişafından söhbət getmədiyini görmək elə də çətin deyil. Sadəcə olaraq, Azərbaycan resurs mənbəyi idi və burada çıxarılan “qara qızıl” xalqımızın inkişafına xidmət etmirdi. Neft tükənirdi, ondan əldə edilən gəlir isə Azərbaycan xalqının rifahına yönəldilmirdi və eyni zamanda, Abşeron yarımadasında böyük ekoloji problemlər yaşanırdı. Bu çətinlikləri Azərbaycan dövləti hazırda uğurla həll edir.

Dövlətimizin başçısı nitqində müstəqil Azərbaycanda reallaşdırılan uğurlu neft-qaz siyasətinə də toxunaraq deyib: “Müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik”.

Prezident İlham Əliyev vurğulayıb ki, hazırda müstəqil Azərbaycanın uğurlu neft-qaz siyasəti göstərir ki, ancaq müstəqillik şəraitində xalq öz təbii ehtiyatlarından səmərəli istifadə edə bilər, ölkə ancaq müstəqillik dövründə uğurla inkişaf yolu keçə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə reallaşdırırıq və Avropanın enerji xəritəsini yenidən gerçəkləşdiririk.

Sovet ittifaqı dağılanda Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq müstəqilliyimizin ilk iki ili çox ağır keçib. Ölkə demək olar ki, idarəolunmaz vəziyyətdə idi, xaos, anarxiya, böhran hökm sürürdü, neft sənayesi tamamilə tənəzzülə uğramışdı, vətəndaş müharibəsinə start verilmişdi. Yəni, respublika çox böyük təhlükələrlə üzləşmişdi və müstəqilliyimizin ilk iki ili formal xarakter daşıyırdı. Çünki Azərbaycan müstəqil siyasət apara bilmirdi.

1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevə müraciət edərək onu hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə seçdi və ondan sonra Azərbaycanın uğurlu inkişaf dövrü başladı. Bu tarixi hadisə aydın göstərir ki, məhz o vaxtdan indiyə qədər ölkə qarşısında duran bütün vəzifələr uğurla reallaşdırılır və ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən neft-qaz sektoru da inkişaf edir.

 

BTC Xəzər dənizinin Qara dəniz və Aralıq dənizi ilə birləşdirilməsinin simvoludur

 

Azərbaycan Prezidenti İlham Əliyev daha sonra deyib: “1994-cü ildə birinci Xəzər Neft-Qaz Sərgisi təşkil edilmişdir. Azərbaycanın dünyada zəngin resurslara malik ölkə kimi tanıdılmasında bu sərginin çox böyük rolu olmuşdur. 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır. “Azəri-Çıraq-Günəşli” neft yataqları dünyanın ən böyük neft yataqlarından biridir və 24 il bundan əvvəl imzalanmış “Əsrin kontraktı”nın müddəti keçən il 2050-ci ilə qədər uzadıldı. Yəni, bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün “Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlamışdır.

Mən o tarixi günləri yaxşı xatırlayıram. Çünki o vaxt mən Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə bilavasitə məşğul idim. O vaxt Azərbaycanın neft strategiyası müəyyən olundu və bu gün biz bu strategiyanın, görülən işlərin bəhrəsini görürük”.

Dövlətimizin başçısının bildirdiyinə görə, 1994-cü ildən sonra ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrə imzalanıb. Beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim edib: “Onu da yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün, bu tarixi gündə Cənub Qaz Dəhlizinin açılışını qeyd edərkən biz görürük ki, bu, nə qədər vaxtında atılmış və müdrik addım idi. “Şahdəniz” qaz yatağı Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır”.

Burada mühüm bir məqamı da xatırlatmaq yerinə düşərdi. Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin çəkilməsi ilə reallaşan və ulu öndər Heydər Əliyevin bir neçə onilliklər üçün hesablanan neft strategiyasının həlli və uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, qəbul olunur. Əminliklə demək olar ki, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü ötən müddətdə artıq öz təsdiqini tapıb.

Tarixə nəzər salaqsaq görərik ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi sayəsində işlənib hazırlanan yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi.

Yeri gəlmişkən, “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edirdi. Ümummilli lider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, Heydər Əliyevin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq sözügedən layihə həyata vəsiqə aldı. Belə ki, ATƏT-in 1999-cu ilin noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Beləliklə, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıldı.

BP şirkəti layihənin operatoru seçildi və kəmərin tikintisi, istismarı üçün isə “BTC Ko.” şirkəti yaradıldı. ARDNŞ Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etmək məqsədilə “AzBTC Co.” törəmə şirkətini təsis etdi və bu qurum layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılan “BTC Company” şirkətində 25 faizlik iştirak payı əldə etdi. “AzBTC Co.” şirkəti daxil olmaqla bütün digər iştirakçılar layihənin dəyərinin 30 faizlik hissəsini öz vəsaitləri hesabına, qalan 70 faizlik hissəsini isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etdilər. Azərbaycan dövləti adından Azərbaycan “BTC Ko.” şirkətindəki payının maliyyələşdirilməsi isə Dövlət Neft Fondu tərəfindən həyata keçirildi.

Nəhayət, 2002-ci il sentyabrın 18-də Bakıda-Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Bununla da, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsinə başlanıldı.

 

Enerji strategiyasında intibahın etibarlı təməli

 

Ulu öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olur. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları İlham Əliyev, Mixeil Saakaşvili və Əhməd Necdət Sezər terminalda quraşdırılmış xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başladı.

Yuxarıda qeyd edilənləri yekunlaşdırıb deyə bilərik ki, güclü, getdikcə daha da qüdrətlənən, sosial-iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan, tarix üçün çox qısa müddətdə beynəlxalq birliyin nüfuzlu üzvünə çevrilən Azərbaycan Respublikası bu gün öz qədim tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Ölkədə müasirləşmə prosesləri, abadlıq, quruculuq işləri genişlənir, şəhərlər, kəndlər simasını dəyişir, iritutumlu sosial infrastruktur layihələri müvəffəqiyyətlə həyata keçirilir. Uğurla gerçəkləşdirilən iqtisadi islahatların bəhrələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifahında hiss olunur.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası da bu intibahın etibarlı təməlini təşkil edir. Azərbaycanın həyati əhəmiyyət daşıyan bütün istiqamətlər üzrə dinamik inkişaf yolunda inamla irəliləyən suveren və demokratik bir respublikaya çevrilməsi, milli maraqlarını yüksək səviyyədə təmin etməklə, beynəlxalq nüfuzunu möhkəmləndirməsi böyük ölçüdə məhz həmin qalibiyyətli strateji kursun bəhrələridir. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında