Bakıda XXV Beynəlxalq “Caspian Oil and Gas” konfransı işə başlayıb

Mayın 30-da Bakıda XXV yubiley Beynəlxalq “Caspian Oil and Gas” konfransı işə başlayıb.

konfransın “Dayanıqlı gələcəyin inkişafı üçün əsas faktorlar: konsepsiya və innovativlik” adlı plenar sessiyasının moderatoru “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu Vud aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə üzrə nazirliklərin nümayəndələrini və nüfuzlu ekspertləri vahid müzakirə ətrafında bir araya gətirən neft-qaz konfransının bu sənaye sahəsinin inkişafına dair aktual məsələlər haqqında fikir mübadiləsi üçün yaxşı imkan yaratdığını deyib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib ki, konfrans neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün ənənəvi meydançadır. Neft-qaz ixracatçısı olan Azərbaycan həyata keçirdiyi qlobal əhəmiyyətli layihələr ilə regionun, eləcə də Avropa qitəsinin enerji infrastrukturunu dəyişir.

Proqnozlara əsasən neft və qaz növbəti onilliklərdə də Azərbaycan üçün mühüm mövqeyə sahib olacağını deyən nazir bildirib ki, dünyanın neft sənayesində baş verən meyillər ölkəmizin neft siyasətinə də təsirsiz ötüşməyəcək: “Azərbaycan beynəlxalq layihələrdə etibarlı tərəfdaş kimi özünü sübut edib. İndi isə həm də neftin qiymətinin tarazlaşmasına öz töhfəsini verir. Azərbaycan OPEC+ razılaşmasına erkən qoşulub və götürdüyü öhdəlikləri daim yerinə yetirib. Beləliklə, dünya bazarında qiymətlərin sabitləşməsində rolunu göstərib”.

O, Azərbaycanın neft tarixindən, “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” və digər yataqların əhəmiyyətindən danışaraq vurğulayıb ki, “Şəfəq-Asiman” perspektiv strukturunda, Abşeron yarımadasının dayaz sulu hissəsində kəşfiyyat işlərinin planlaşdırılması karbohidrogen ehtiyatlarının olması ilə bağlıdır. Kondensat potensialı “Şahdəniz”, “Babək”, “Ümid” strukturlarında gələcəkdə də neft hasilatının əldə olunmasına ümid verir. Bunlar bir daha ölkənin neft ehtiyatlarının, hətta XXI əsrin ikinci yarısında da tükənməyəcəyini söyləməyə əminlik yaradır.

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini Daisaku Hiraki isə deyib ki, Yaponiya şirkətləri Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) və “Azəri-Çıraq-Günəşli” layihələrində səhmdardır. AÇG ilə bağlı yeni sazişin imzalanması və işlənmənin müddətinin 2050-ci ilədək uzadılması Yaponiyanın Xəzər regionu üzrə enerji strategiyası baxımından əhəmiyyət daşıyır. Bizim ölkə enerji təhlükəsizliyinin gücləndirilməsi və mənbələrin şaxələndirilməsində maraqlıdır. Yaponiya Xəzər regionu ilə yaxşı əlaqələr qurub və bu, geosiyasi əhəmiyyət daşıyır. Biz Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıyıq”.

Sessiyada çıxış edən Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo bildirib: “İki ay ərzində artıq ikinci dəfədir ki, Azərbaycana səfər edirəm. Bakı neft sənayesinin beşiyi, sivilizasiyanın inkişafına təkan verən və öz inkişafı ilə seçilən bir şəhərdir. Azərbaycan neft və qaz sənayesinin sürətlə inkişaf etdiyi bir ölkədir. Bu ölkə 1994-cü ildə çox sərfəli neft müqaviləsi olan “Əsrin müqaviləsi”nin imzalanması ilə nüfuzlu beynəlxalq şirkətlərlə əməkdaşlığa başlayıb. Həmin vaxtdan indiyədək neft sənayesində kifayət qədər nəzərəçarpan artım müşahidə edilib. Hazırda investorlar da Azərbaycanın neft və qaz sektoruna mühüm töhfə verə biləcəyini dilə gətirir, ölkənin bu istiqamətdəki potensialını vurğulayır”.

OPEC-in baş katibi qeyd edib ki, bu nailiyyətlər “Şahdəniz” yatağının fonunda əyanilik qazanır: “Layihənin ikinci fazası - dünən rəsmi açılışı olan Cənub Qaz Dəhlizi ən iri enerji layihələrindən biridir. Bu layihə ölkə iqtisadiyyatının inkişafına, regiona və dünyaya müsbət töhfəsini verəcək. Cənub Qaz Dəhlizi fundamental sürətdə bizim enerji landşaftımızı dəyişəcək”.

Məhəmməd Barkindo vurğulayıb ki, mart ayında Azərbaycanda səfərdə olarkən OPEC+ bəyannaməsi və gələcək əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb: “24 müstəqil neft hasil edən ölkələrin bir araya gətirilməsi neft sənayesi sahəsində əhəmiyyətli bir hadisədir. Burada iştirak edən ölkələr arasında əməkdaşlığın genişləndirilməsi enerji sahəsinə verilən mühüm bir töhfədir. Bu enerji bazarında stabilliyin formalaşmasına da müsbət təsirlərini göstərir. Tarixi əməkdaşlıq bəyannaməsinin imzalanması digər neft hasil edən ölkələrlə yanaşı istehlakçıların da dəstəyinin qazanılmasına gətirib çıxarıb”.

O əlavə edib ki, Vyana sazişindən sonra OPEC-in görəcəyi əsas mühüm məsələlərdən biri də enerji bazarının yenidən balanslaşması, tədricən investisiyaların qoyulmasını həyata keçirməkdir: “Neft bazarında əminliyin bərpası da OPEC-in əsas vəzifələrindəndir. Bazarda gələcək şoklara və ekstremal dəyişikliklərə hazırlıq üçün xüsusi mexanizmlər həyata keçiriləcək və tədbirlər görüləcək. Biz uğurlar və nailiyyətlərin fonunda uzunmüddətli perspektivlərə nəzərdən keçirməliyik. Qarşıda duran aktual çağırışlardan biri də gələcəkdə tələbata uyğun investisiyaların qoyulmasını təmin etməkdir. 2018-ci ildə neft sənayesinə sərmayələr tədricən artır. Ancaq hələ də kifayət qədər və uzunmüddətli sərmayələr qoyulmur. Neftə olan tələbatın ödənilməsi üçün 2040-cı ilə qədər neft sənayesinə 10,4 trilyon dollar investisiyanın qoyulması tələb olunur. Bunun üçün bütün boşluqlar aradan qaldırılmalıdır. Sabit şəkildə artan tələbat tədricən ödənilməlidir. Bu çağırışlara qarşı mübarizənin yeganə yolu sıx əməkdaşlıqdan keçir”.

Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) baş katibi Yuri Sentyurin qeyd edib ki, Azərbaycan Qaz İxrac Edən Ölkələr Forumuna müşahidəçi qismində qoşulub. Ötən müddətdə Azərbaycan GECF-in fəaliyyətinin gücləndirilməsinə öz töhfəsini verib. Azərbaycanın Qaz İxrac Edən Ölkələr Forumuna qoşulması bizim üçün mühüm idi. Çünki Azərbaycan artıq beynəlxalq təbii qaz mərkəzinə çevrilib və qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verir”.

O bildirib ki, 2040-cı ilədək təbii qaza olan tələbat artacaq və kömürün istehlakı azalacaq. Buna Avropada, eləcə də Asiyada maye qaza (LNG) olan tələbatın çoxalması əsas təsir göstərəcək. Təbii qaz neftdən sonra ikinci əsas enerji növü olacaq.

Konfransın digər sessiyalarında çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Bugünkü konfransda iştirak edən dünya enerji nəhənglərinin təmsilçilərinin bir çoxu neft-qaz sənayesində aparıcı rola malik olmaqla, bu sahənin sütunları sayılır və ötən müddətdə həm Azərbaycanın, həm də regionun inkişafında mühüm rol oynayıblar”.

SOCAR-ın prezidentinin sözlərinə görə, ulu öndər Heydər Əliyev tərəfindən 25 il əvvəl hazırlanmış enerji strategiyası Xəzər dənizi hövzəsində beynəlxalq əməkdaşlıq üçün əlverişli zəmin yaradıb və regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişib: “Azərbaycan öz enerji təhlükəsizliyini uzun müddət üçün təmin etməklə yanaşı, regionun makroiqtisadi yüksəlişində əhəmiyyətli rola, etibarlı və stabil investisiya mühitinə sahib olub. “Əsrin müqaviləsi” və transmilli şirkətlərlə birgə səmərəli əməkdaşlığımız sayəsində Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənməsi üçün ölkəmizə zəruri maliyyə vəsaitləri və texnologiyalar cəlb edilib. Həmin resursların səmərəli idarə olunması sayəsində böyük uğurlar qazanılıb. Bir tərəfdən əldə edilən maliyyə vəsaitləri sərmayə olaraq dəyər zəncirimizin müxtəlif həlqələrinə yatırılıb, o biri tərəfdən dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığımızı beynəlxalq müstəviyə gətirməyə müvəffəq olunub. Xarici tərəfdaşlarımız da bu güvən verən əməkdaşlıqdan məmnun qalıblar. Qarşılıqlı faydalı tərəfdaşlığımız nəticəsində 2017-ci ilin sentyabrında hələ “Əsrin müqaviləsi” yekunlaşmadan, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin 2050-ci ilə qədər birgə işlənməsinə dair yeni sazişin imzalanması məhz bu məmnunluğun ifadəsidir. Tərəfdaş şirkətlərin ölkəmizə kapital qoyuluşunu daha da artıracağına təminat verən bu yeni saziş, eyni zamanda, onların Azərbaycana göstərdikləri yüksək etimadın təzahürüdür”.

R.Abdullayev qeyd edib ki, bir neçə il əvvəl Azərbaycanın zəngin təbii qaz ehtiyatlarını realizə etmək üçün qarşımızda müxtəlif imkanlar mövcud olsa da Avropaya ixrac kəmərinin tikilməsinə üstünlük verilib. Hasil olunacaq qaz həcmlərinin dünya bazarlarına çıxarılması təşəbbüsü ilə çıxış edərək, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas ideya müəllifi Azərbaycandır.

“Cənub Qaz Dəhlizi” layihəsini müxtəlif ölkələrin qanunvericiliyinə əsaslanan, iki qitədə və bir neçə ölkədə həyata keçirilən kifayət qədər mürəkkəb bir meqa layihə adlandıran SOCAR-ın prezidenti deyib: “Buna baxmayaraq, bu gün biz artıq təbii qazın Xəzər dənizindən Avropaya nəql olunmasının bir addımlığındayıq. Türkiyəyə ilk kommersiya qazının çatdırılması üçün lazım olan bütün infrastruktur artıq yekunlaşıb. Dünən Cənub Qaz Dəhlizinin Türkiyəyə qədər olan hissəsi istismara verildi, iyunun 12-də isə SOCAR-ın operator olduğu TANAP layihəsinin istismara verilməsi planlaşdırılır. Beləliklə, bu möhtəşəm layihə başa çatmaq üzrədir:  dörd seqmentdən  üçü artıq istifadəyə verilir. Əminəm ki, ən yaxın zamanda bu uzunmüddətli çalışmaların bəhrələrini görə biləcəyik”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, ötən il BP Azərbaycanda fəaliyyətinin 25 illiyini qeyd edib: “Şadıq ki, biz Azərbaycanın bütün iri layihələrində iştirak etdik. Dünən biz Cənub Qaz Dəhlizinin açılışını etdik. Bu, minlərlə insanın böyük zəhmətinin nəticəsidir. Layihədə iştirak edən bütün tərəfləri təbrik edirik”.

Q.Counz əlavə edib ki, 2010-cu ilin oktyabr ayında BP ilə SOCAR Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalayıb. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən “BP Exploration (Caspian Sea) Ltd.” şirkəti əməliyyatçı olmaqla müqavilədə 50 faiz paya, SOCAR isə qalan 50 faiz paya malikdir. "Şəfəq-Asiman" bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1 100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 min metrdir: “2012-ci ilin əvvəllərində “Giləvar” seysmik gəmisi “Şəfəq-Asiman" üzrə 3 ölçülü seysmik tədqiqat proqramını başa çatdırandan bəri biz əldə edilmiş məlumatın təhlilini aparırıq. Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3 ölçülü seysmik tədqiqatdır. 2014-cü ilin birinci yarısında məlumatın təhlili tamamlandı və onun interpretasiyasına başlanıb. “Şəfəq-Asiman” üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də davam etməkdədir. “Şəfəq-Asiman” perspektiv strukturu yeni “Şahdəniz” ola bilər”.

“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) baş direktoru Əfqan İsayev deyib ki, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 99,5 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlərin 100 faizi, TANAP boru kəmərinin inşası üzrə işlərin 93 faizi, TAP kəmərinin inşası üzrə işlərin 73 faizi icra edilib.

O qeyd edib ki, indiyədək Cənub Qaz Dəhlizinin tərkibi olan layihələrdə CQD-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 9 milyard dollar məbləğində investisiya qoyulub: “Bu ilin aprel ayının sonunadək “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait sərf olunub. Ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz-2” layihəsinə 17,7 milyard dollar, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 4,2 milyard dollar, TANAP-a 5,4 milyard dollar, TAP layihəsinə isə 2,9 milyard avro xərclənib”.

TAP-ın prezidenti Valter Peeraer deyib ki, Azərbaycan təbii qazını Avropaya daşıyacaq TAP boru kəməri layihəsi üzrə işlərin 73 faizi icra edilib: “TAP qaz boru kəmərinin inşası üzrə işlər qrafik üzrə gedir. Biz plan üzrə bütün işlərimizi uğurla davam etdiririk. İki il əvvəl başladığımız layihə boru kəmərinin keçdiyi bütün ölkələrdə - Albaniya, İtaliya və Yunanıstan ərazisində uğurla icra olunur. Demək olar ki, işlərin 73 faizi icra edilib”, - deyə TAP-ın prezidenti qeyd edib.

V.Peeraer bildirib ki, Albaniya və Yunanıstan ərazisində TAP layihəsinin icrası da uğurla davam etdirilir: “Hər iki dövlətin hökumətləri tərəfindən bu istiqamətdə görülən işləri yüksək qiymətləndiririk. TAP boru kəməri layihəsinin Adriatik dənizindən keçəcək seqmenti isə 2019-cu ilədək sona çatdırılacaq”.

İki gün davam edəcək konfransda 49-dan artıq spiker öz məruzələri ilə çıxış edəcək. Bu il konfransda aparıcı şirkətlərin 500-dən çox şirkət rəhbərləri, sənaye nazirliklərinin nümayəndələri, beynəlxalq və yerli ekspertlər var. Konfransda aparıcı enerji və neft-qaz şirkətlərinin rəhbərlərini, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssislərini bir araya toplayır və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlərin müzakirəsi üçün imkanlar yaradır.

 “Caspian Oil and Gas” konfransı Azərbaycanın Energetika Nazirliyi və SOCAR-ın dəstəyi, “Iteca Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilir.

 AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında