SOCAR ilə “Equinor” yeni kəşfiyyat və hasilat layihələri haqqında iki saziş imzalayıb

Mayın 30-da SOCAR ilə Norveçin “Equinor” (əvvəlki “Statoil”) qrupunun bir hissəsi olan “Statoil Azərbaycan” şirkəti “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) və “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişlər imzalayıblar.

Sazişləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Equinor” qrupun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson imzalayıb.

“Qarabağ” yatağında kəşfiyyat qazması cari ildə planlaşdırılır. Hazırkı Risk Xidməti Sazişinə əsasən, yataqda platformanın quraşdırılması və ilk hasilat 2021-ci ildə nəzərdə tutulur. HPBS çərçivəsində isə seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Biz bu gün SOCAR və “Equinor” arasında əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuruq. 25 illik təcrübəyə əsaslanan tərəfdaşlıq bağları yeni layihələrimizin maksimum səmərə ilə birgə işlənməsi üçün münbit zəmin yaradır. Bu gün imzalanan sazişlər Azərbaycanda neft hasilatının stabilləşməsi və ölkədə təbii qaza artan tələbatın qarşılanması baxımından, o cümlədən emal sənayesinin xammal ilə təchiz edilməsi üçün mühüm əhəmiyyət kəsb edir”.

“Equinor” qrupunun prezidenti və baş icraçı direktoru Eldar Saetre bildirib: “Bu gün imzalanan sazişlər regionda növbəti məntiqli addımımızdır. Bu, bizim məhsuldar hövzələrdə mövqeyimizi möhkəmləndirəcək və inkişaf istiqamətlərini müəyyənləşdirəcək. Yataqlar bizim yaxşı tanıdığımız bir hövzədə Azəri-Çıraq-Günəşli (AÇG) yatağının yaxınlığında yerləşir. Biz SOCAR ilə birlikdə bu yeni kəşfiyyat layihələri üzrə işləməyi planlaşdırırıq”.

Xatırladaq ki, “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. “Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi Bakı şəhərindən 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib.

“Equinor” AÇG layihəsində 7,27 faiz, Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində isə 8,71 faiz paya malikdir. “Statoil Azərbaycan” bu yaxınlarda adı dəyişmiş “Equinor”un bir hissəsidir və adı dəyişdirilərək “Equinor Azərbaycan” olacaq.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında