Şriftin ölçüsü:
17.03.2011 10:58 | Oxunma sayı: 702
Martın 15-də Dünya Bankının Vaşinqtondakı baş qərargahında Azərbaycan günlərinin rəsmi açılışı olmuşdur.
"20 illik uğurlu tərəfdaşlığın təntənəsi" başlığı altında keçirilən ikigünlük tədbir çərçivəsində Dünya Bankı qrupuna daxil olan 187 dövlətin üzvləri Azərbaycanın beynəlxalq maliyyə təşkilatı ilə birgə əməkdaşlığa dair məlumatla yanaşı, Azərbaycan mədəniyyəti, musiqisi və mətbəxi ilə yaxından tanış olmaq imkanı qazanmışlar.
Açılış mərasimində Dünya Bankının əməliyyatlar üzrə direktoru və fəaliyyətdə olan vitse-prezidenti Teodor Alers, Azərbaycanın Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov çıxış etmişlər.
T.Alers vurğulamışdır ki, Azərbaycan son on ildə əhəmiyyətli inkişafa nail olmuşdur. Neft gəlirlərindən müdrikcəsinə istifadə olunaraq dövlətin infrastrukturu, iqtisadi və sosial inkişafı, insan kapitalına sərmayələr qoyulur. Yaradılan Neft Fondu isə Azərbaycanın maliyyə sığortasını təmin edən səmərəli və tam şəffaf qurumdur. Bu gün Azərbaycanın qarşısında duran çağırışlar artıq beş və ya on il bundan əvvəl duran çətinliklərdən xeyli fərqlənir. Dövləti hazırda iqtisadiyyatın müxtəlifləşdirilməsi, daha şəffaf və cavabdeh hökumətin yaradılması, iş yerlərinin artırılması kimi məsələlər düşündürür. Bu baxımdan, Azərbaycan Dünya Bankının üzvü olan digər dövlətlərin təcrübəsindən bəhrələnə bilər.
Beynəlxalq maliyyə təşkilatı ilə ölkəmiz arasında tərəfdaşlığı möhkəm, etibarlı və strateji adlandıran T.Alers indi Azərbaycan ilə əməkdaşlığın yeni sahələr üzrə qurulacağını bildirmişdir. O demişdir: "Elman Rüstəmovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ölkədəki iqtisadi vəziyyətlə bağlı Bankda bir sıra seminarlar keçirəcəkdir. Biz, bunun əsasında yeni əməkdaşlıq sahələrini axtaracağıq".
T.Alers Dünya Bankı qrupuna daxil olan beynəlxalq maliyyə təşkilatlarının bütün nümayəndələrini Azərbaycan günlərindən istifadə edərək ölkəmizin zəngin mədəniyyəti, ləziz mətbəxi, maraqlı musiqisi ilə yaxından tanış olmağa dəvət etmişdir.
E.Rüstəmov Dünya Bankının prezidenti Robert Zölek başda olmaqla Azərbaycan günlərinin yüksək səviyyədə təşkil edilməsində yardımçı olan Dünya Bankının bütün əməkdaşlarına minnətdarlığını bildirmişdir.
Prezident İlham Əliyevin salamlarını mərasim iştirakçılarına çatdıran E.Rüstəmov vurğulamışdır ki, müstəqil Azərbaycan gənc dövlət olsa da, qısa vaxtda böyük nailiyyətlər əldə etmiş, əhəmiyyətli inkişaf yolu keçmişdir. Biz, bu yola başlayarkən Dünya Bankı bizimlə idi. Ona görə də, Azərbaycanın bugünkü uğurunda Dünya Bankının da əhəmiyyətli payı vardır.
Son ildə ümumdaxili məhsulun dörd dəfə artdığını, beynəlxalq reytinqlərdə respublikamızın maliyyə göstəricilərinin yüksəldiyini diqqətə çatdıran AMB-nin sədri demişdir ki, indi Azərbaycan artıq orta gəlirli dövlətlər sırasındadır. Lakin biz, bununla kifayətlənmirik. Biz daha yüksək gəlirli, daha inkişaflı, qara qızılını əqli qızıla çevirəcək bir dövlət olmaq iddiasındayıq.
E.Rüstəmov ümid etdiyini bildirmişdir ki, bu yeni çağırışlarla üz-üzə dayanarkən Dünya Bankı yenə də Azərbaycanın yanında olacaq, uğurlu tərəfdaşlığın gələcəkdə də davam etdirilməsi üçün birgə çalışacaqdır.
Bu ilin payızında tərəflər arasında keçiriləcək forumun məhz yeni addımlar strategiyasının, yeni artım modelinin, yeni istiqamətlərin müzakirəsinə həsr olunacağını qeyd edən AMB-nin sədri son 20 ildə Dünya Bankının Azərbaycan ilə əməkdaşlığının uğur qazanmasında rolu və payı olan hər bir əməkdaşa minnətdarlığını ifadə etmişdir.
Açılış mərasimində iştirakçılar Azərbaycanın qədim və dünya şöhrətli xalçaçılıq sənəti, həmçinin milli geyimlərimiz, incəsənət nümunələrimiz, mətbəximiz və musiqimizlə tanış olmuşlar.
Bundan əlavə, Azərbaycan nümayəndə heyəti tərəfindən Dünya Bankında bir sıra müzakirələr aparılmış, seminarlar təşkil olunmuşdur. E.Rüstəmovun T.Alers, eləcə də Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Əsəd Aləm ilə görüşləri olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov isə "Azərbaycan Respublikasının Dövlət Neft Fondu: Neft gəlirlərinin şəffaf idarə olunmasının uğurlu modeli " adlı təqdimat keçirmişdir.
{nl}
Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.