Azərbaycanın meliorasiya və su təsərrüfatı kompleksinin inkişafındakı uğurlar Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətlərdəndir. “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış ulu öndərimiz Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır. Respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi bir vaxtda, 1969-cu ilin iyul ayında Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkəni işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi. Heydər Əliyev təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində böyük dirçəlişə nail oldu, bu, milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqi üçün güclü təkan idi.

Keçmiş Sovetlər İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı olan elmi- tədqiqat sahələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər görülmüş, elmi- texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın keçmiş İttifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial- iqtisadi həyatında yüksəlişə təkan vermişdir. Ümumilikdə, 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində respublikada onlarla zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Azərbaycan bir sıra istehsal sahələrinə görə keçmiş Sovetlər Birliyində aparıcı yer tutmuş, respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilmişdir.

Ulu öndər Azərbaycanın işıqlı və parlaq gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdur. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol əslində 1969-cu ildən – Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlanmışdır.

1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirdi, iqtisadiyyatı bərbad vəziyyətdə olan respublikanı dircəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başladı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olundu. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” (1975-ci il), “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) və “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” (1979-cu il) qərarları xüsusi əhəmiyyət kəsb edirdi. Bu qərarlarda Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi və ixtisaslaşdırılması əsasında gələcək üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olundu.

Qeyd etmək lazımdır ki, hələ o vaxtlar hər hansı bir ittifaq respublikasında bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə böyük qərarlar çox nadir hallarda verilirdi. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi və nüfuzunun bilavasitə nəticəsi idi. Demək olar ki, hər beşillikdə aqrar sektorun müxtəlif sahələrinin inkişafı üzrə mərkəzi ittifaq hökumətinin müvafiq qərarları olmuşdur.

Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatının, xüsusən kənd təsərrüfatının inkişafında mühüm rolu olmasını ilk gündən tarixi uzaqgörənliklə müəyyən edən dahi rəhbərimiz Heydər Əliyev bu sahəyə əsaslı vəsait qoyulmasını ittifaq hökuməti qarşısında bir vəzifə kimi qoydu.

Mürəkkəb iqlim və torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daim mühəndisi-suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur.

Müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

1971-1975-ci illərdə meliorasiya işlərinə 580 milyon manatdan artıq vəsait xərclənib ki, bu da 1966-1970-ci illərdəkinə nisbətən iki dəfə çox idi. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaq istifadəyə verildi, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı, 88 min hektar sahədə torpağın yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olundu, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edildi.

Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı elektrik stansiyası ilə birlikdə, İran İslam Respublikası və Azərbaycan Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR-də 6 min hektar sahəni suvaran üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Qusar rayonunda Caqar-Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zaqolovoçay su anbarı, Lənkərançay su qovşağı, Mərkəzi Muğan və Cənubi-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. obyektlər tikilib istismara verildi.

Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması və yeni suvarılan sahələrin istifadəyə verilməsi kənd təsərrüfatı istehsalının xeyli artırılmasına və məhsuldarlığın yüksəldilməsinə imkan verdi.

1976-1982-ci illərdə respublikanın rəhbəri Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı və 1 milyard 382 milyon manata çatdı, 1,2 milyard manata yaxın əsas fondlar işə salındı, 89,6 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı.

Bu dövrdə Tərtərçay üzərində 143 min 500 hektar sahəni suvara biləcək həcmi 565 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Madagiz su anbarı, Tərtərçay magistral kanalları, Naxçıvan MR-də Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay su anbarı və magistral kanallar, Naxçıvançay çayından qidalanan həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda 3 pilləli nasos stansiyası, və digər obyektlər tikilib istismara verildi. Kür çayı üzərində Şəmkir su anbarının, Şəki rayonunda Əyriçay su anbarının, Qazax rayonunda Coqazçay su anbarının, Füzuli rayonunda Qozluçay, Naxçıvan MR-də Qıvraq və Həmzəli nasos stansiyalarının və s.obyektlərin inşasına başlanıldı.

Ümummilli lider Heydər Əliyevin respubllikamıza rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıqdır.

Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.

Həmin müddətdə uzunluğu 20 min kilometrə yaxın olan suvarma kanalları, 15 min kilometrdən çox kollektor-drenaj şəbəkəsi, 350 nasos stansiyası, 4 min subartezian quyusu tikilib istifadəyə verilmiş, ümumi həcmi 3 milyard kubmetr olan su anbarları inşa edilmişdir.

Bu illərdə Azərbaycanda xalq təsərrüfatının yeni ixtisaslaşmış sahəsi–meliorasiya və su təsərrüfatı kompleksi yaradıldı. Bu kompleks ölkə iqtisadiyyatının güclü istehsal bazasına, respublikanın, demək olar ki, bütün bölgələrində iri tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik olan müstəqil sahələrindən birinə çevrildi.

Respublikamız üçün son dərəcə vacib olan Tərtərçay hidrokompleksinin, Xanbulançay su anbarının və Samur-Abşeron kanalının yenidənqurmadan sonra açılışında ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı onun meliorasiya və su təsərrüfatına, bu sahənin inkişafına qayğı və diqqətinin əyani sübutudur. 1983-cü ildə kənd təsərrüfatında faktiki istifadə olunan suvarılan torpaqların sahəsi 1970-ci ildəkinə nisbətən 265,1 min hektar artmışdı, eyni zamanda istifadə olunmayan suvarılan torpaqların sahəsi 89,7 min hektara qədər azalmışdır.

Azərbaycanda su axınını bölüşdürən və tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və su anbarlarından ibarət geniş və mürəkkəb su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu böyük meliorasiya potensialının əsas hissəsi ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi əvvəlki dövrdə yaradılmışdır.

Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edilir, 19 hidroqovşaq, 51800 km suvarma kanalı, 31700 km kollektor-drenaj şəbəkəsi, 1004 nasos stansiyası, 131 min müxtəlif hidrotexniki qurğu, 7279 subartezian quyusu, 2073 km-dən artıq sel və daşqınlardan mühafizə bəndi, 1 milyon 25 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur. Onların sırasında Ağstafaçay, Arpaçay, Xanbulançay və digər su anbarları, Mil-Muğan, Bəhrəmtəpə, Samurçay hidroqovşaqları, Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Cənubi Muğan magistral kanalları, Baş Mil-Muğan, Baş Şirvan, Mil-Qarabağ, Aşağı Şirvan magistral kollektorları, Tovuz, Şəmkir, Cənubi Muğan nasos stansiyaları, başqa vacib irriqasiya və meliorasiya sistemləri, qurğuları vardır.

Heydər Əliyevin müntəzəm nəzarəti və bilavasitə köməkliyi ilə bu illərdə respublikada iri su təsərrüfatı obyektləri, o cümlədən Füzuli və Beyləqan rayonlarının 19 min 600 hek­­tar suvarılan əkin sahələrinə xidmət edən Yuxarı Mil kanalı, Masallı rayonunun 11 min hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 46 milyon kubmetr olan Viləşçay su anbarı sağ sahil kanalı ilə birlikdə, Qax və Şəki rayonlarında 17 min 300 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 80,6 milyon kubmetr olan Əyriçay su anbarı sol və sağ sahil magistral kanalları ilə birlikdə, Biləsuvar və Cəlilabad rayonlarında 32 min hektar sahəni suvara biləcək Cənubi Muğan kanalının maşın qolu, Şəmkir, Xanlar, Samux və Goranboy rayonlarında 100,9 min hektar sahəni su ilə təmin edən Şəmkir maşın kanalı, İmişli və Saatlı rayonlarının 17 min 500 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən Rəsul-arx kanalı, Beyləqan, Ağcabədi və Ağdam rayonlarında 57 min 300 hektar sahəni suvarma suyu ilə təmin edən Xan qızı kanalı, digər obyektlər tikilib istismara verilmişdir.

Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını, meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən müvəffəq olmağın mümkünsüzlüyünü göstərən ulu öndərimiz Heydər Əliyev bu sahəyə xüsusi diqqət yetirməsi və həyata keçirilən böyük tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində görkəmli nailiyyətlər əldə olundu. Belə ki, 1970-ci ilə nisbətən 1980-ci ildə respublikada taxıl istehsalı 2,1, pambıq 2,6, üzüm 4,6, tərəvəz və tütün 2,3, meyvə 4,4, çay yarpağı 2,2, süd istehsalı 1,8 dəfə artmışdır.

1987-ci ildən sonra respublikanın iqtisadiyyatında yaranmış ağır vəziyyətlə əlaqədar büdcə vəsaitinin çatışmazlığı üzündən dövlət əhəmiyyətli sistemlərin istismarında ciddi çətinliklər yaranmış, bir sıra mühüm əhəmiyyətli su təsərrüfatı kompleksləri qəza vəziyyətinə düşmüşdür. Tikinti işləri demək olar ki, dayandırılmışdır. Meliorasiya və su təsərrüfatının maddi-texniki bazası xeyli zəifləmişdir.

Yaranmış vəziyyətdən çıxmaq, su təsərrüfatını tədricən öz xərclərini ödəməyə keçirməklə sudan istifadənin səmərəliliyini yüksəltmək, meliorasiya və irriqasiya obyektləri üzərində mülkiyyət münasibətlərini təkmilləşdirmək və sahənin gələcək inkişafına xarici investisiyaların cəlb edilməsini təmin etmək məqsədilə müvafiq islahatların keçirilməsi olduqca vacib idi.

Xalqın dəvəti, taleyin hökümü ilə müdrik rəhbərimiz, dünya miqyaslı siyasətçimiz ulu öndər Heydər Əliyevin1993-cü ildə hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Azərbaycanda mövcud meliorasiya potensialı qorunub saxlanıldı. Sahənin normal fəaliyyətini təmin etmək məqsədilə kompleks tədbirlərin işlənib həyata keçirilməsi və islahatların sürətləndirilməsi olduqca vacib idi. Buna görə də ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsində islahatların əsas məqsədi və vəzifələri müəyyənləşdirildi.            

Məlumdur ki, 1993-1995-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, respublikada hərtərəfli sosial-iqtisadi siyasət aparmaq və beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında mühüm irəliləyişlər əldə edilmişdir. Bir çox sahələrdə, xüsusilə aqrar sahədə yüksək nəticələrə nail olunmuşdur. Aqrar islahatlar başa çatdıqdan sonra kənd təsərrüfatında böyük uğurlar qazanılmış və rekord göstəricilər əldə olunmuşdur.

Aqrar islahatın tərkib hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. İslahatların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ-hüquqi sənəd hazırlandı. Bu sənədlərdən ən mühümü ümummilli lider tərəfindən 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli fərmanıdır.        Bu qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılma qaydalarını müəyyən etdi.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin – Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı.

İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara qəbul olundu.

Heydər Əliyevin yaxından köməkliyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanılmışdır. Baş Mil-Muğan kollektorunun istismara verilməsi 500 min hektar suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və onun əhatə etdiyi ərazidə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına şərait yaratmışdır.

Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir. Hazırda bu sistem respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyuna və Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatının 60 faizini təmin edir.

Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalı fasiləsiz olaraq, əsaslı təmirə dayanmadan istismar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdır. Heydər Əliyevin tapşırığına əsasən bu problemin həlli yolları araşdırılmış və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olunmuşdur.

Sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutulurdu. İqtisadi səmərəlilik nöqteyi-nəzərindən bu layihə çox sərfəlidir. Təkcə suyun öz axını ilə Ceyranbatan gölünə ötürülməsi nəticəsində Sitalçay və Ceyranbatan nasos stansiyalarının ləğv edilməsi ilə ildə 167 milyon kilovat/saat elektrik enerjisinə qənaət edilməsi mümkün olacaqdır.

Vayxır su anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin 1995-ci ildən maliyyə vəsaitinin olmamasına görə tikinti işləri yarımçıq dayandırılmışdır. Ulu öndərimiz Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən, onun su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırılmışdır.

Çox böyük fəxr ilə qeyd etmək olar ki, ulu öndərimizin, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.

Azərbaycan son 15 il ərzində böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Ölkəmizin beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir.

Bu illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.

Belə ki, bütün maliyyə mənbələri hesabına 2004-2017-ci illərdə 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2,4 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürləndirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 183 km mühafizə tədbirləri qurulmuş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 1959 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.

Ümumi sututumu 456 milyon kubmetr olan 4 nəhəng su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zaqolovaçay, Ləvain) təmir- bərpa edilmiş, suvarma və kollektor-drenaj şəbəkələrində 671 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 73 min ədəd hidrotexniki qurğu təmir edilmiş, 400-dən artıq nasos stansiyaları əsaslı surətdə təmir-bərpa edilmiş, çay məcralarında 183 milyon kubmetr həcmində məcratəmizləmə və nizamlama işləri yerinə yetirilmiş, 250 min kubmetr həcmində şax-daş, faşın-qamış və qabion bəndlər quraşdırılmış, daş-beton bəndlərdə 295 min kubmetr həcmində təmir işləri görülmüşdür.    

Dünya Bankının krediti ilə 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının, respublikanın 9 rayonunun və Naxçıvan MR-in (Babək və Şərur rayonları) 52 min hektara yaxın ərazisində suvarma- drenaj şəbəkələrinin təmir- bərpası işləri 2010-cu ildə başa çatdırılmış, 2011-ci ildən isə respublikanın daha 15 rayonunda Sudan İstifadəedənlər Birliklərinin institusional gücləndirilməsi və onların 85 min hektar xidmət ərazilərində təsərrüfatdaxili suvarma- drenaj şəbəkələrinin təmir- bərpası işlərinə başlanılmışdır. Hazırda layihənin başa çatmamasına baxmayaraq, nəzərdə tutulduğundan 39,4 faiz artıq, yəni 119 min hektara yaxın sahədə suvarma və drenaj şəbəkələrinin bərpası, yenidən qurulması işləri tamamlanmışdır.

Eyni zamanda respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş, Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Cəllilabad, Lerik və Masallı rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılmış, Yardımlı rayonunda isə bu işlər davam etdirilmişdir.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

Samur-Abşeron kanalının 50-ci km-dən suyun Taxtakörpü su anbarına verilməsi məqsədi ilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 km olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır. Eyni zamanda ilk mərhələdə Qusarçay, Qudyalçay və Caqacuqçay çayları üzərində sugötürücü qurğuların və nəqledici kanalların tikintisinin başa çatdırılması ilə Samur-Abşeron kanalına əlavə su verilməsi təmin edilmişdir.

Həyata keçirilmiş məqsədyönlü və uğurlu fəaliyyətlərin nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahəyə ayrılan investisiya vəsaitinin həcmi 20 dəfə, istismar xərclərinə ayrılan vəsait 6 dəfəyə qədər artmış, sistem üzrə işçilərin əmək haqqı 7,4 dəfə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, 2100-dən artıq maşın və mexanizmlər alınmışdır.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda respublikanın 50 rayon və 3 şəhərində həyata keçirilməsi nəzərdə tutulan meliorasiya-irriqasiya, eləcə də sel və daşqınlara qarşı mübarizə tədbirləri əvvəlki illərdə olduğu kimi, uğurla davam etdirilərək dörd il ərzində 223 min hektar suvarılan torpaqların su təminatı və 82 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 103 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, sel və daşqınlara qarşı 17 km-ə yaxın sahilbərkitmə işləri həyata keçirilmişdir. Eyni zamanda əkin sahələrinin suvarma və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün istifadəyə verilmiş 1067 ədəd subartezian quyusunun 1000 ədədi Proqramın icrası dövründə möhtərəm Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına həyata keçirilmişdir.

Ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarının istifadəyə verilməsi nəticəsində son illərdə yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı şəhərinin və Abşeron yarımadasının əhali, sənaye və kənd təsərrüfatı üzrə su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olmuşdur.          

Proqramın icrası müddətində Xızı və Siyəzən rayonlarında layihə üzrə nəzərdə tutulan 16581 hektar yeni suvarılan sahələr suvarma suyu ilə təmin edilmiş və 8135 hektar sahənin su təminatı yaxşılaşdırılmışdır. Şabran rayonunda isə 2017-ci ildə 5189 hektar yeni suvarılacaq torpaqlar meliorativ tədbirlər aparılaraq istifadəyə verilmiş və 5066 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır. Taxtakörpü su anbarı zonasında ümumilikdə nəzərdə tutulan 30 min hektara yaxın yeni suvarılacaq torpaqlardan 2017-ci ilin sonuna görülmüş meliotrativ tədbirlər nəticəsində 22 min hektarı Aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilmişdir. Eyni zamanda “Şabran Aqropark”a məxsus 1738 ha torpaq sahəsi suvarma suyu ilə təmin edilmiş və bu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri davam etdirilmişdir.

15 noyabr 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikintisi işləri başa çatdırılmış, Şəmkir, Samux və Göygöl rayonlarının 35 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır. Şəmkir və Göygöl rayonlarının 4 min hektar, eləcə də “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilmişdir.

Şəmkirçay su anbarından Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların, eləcə də Goranboy rayonunun əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə uzunluğu 27,9 km olan Şəmkir-Samux-Goranboy suvarma magistral kanalının 2-ci növbəsinin tikintisinə başlanılmışdır. Kanalın İpək yoluna qədər olan 8,5 km-lik hissəsi tamamlanaraq Samux və Goranboy rayonlarının 8000 hektar (ondan 980 hektarı yeni suvarılacaq torpaqlardır) sahəsinə suvarma suyu çatdırılmışdır. Goranboy rayonunun daha 18 min hektardan çox sahəsinə suyun çatdırılması üçün kanalda tikinti işləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 avqust 2017-ci il tarixində Samux və Goranboy rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi mərasimlərində iştirak etmişdir.

Sovetlər Birliyi dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının inşası 2016-cı ildə başa çatdırılmışdır.

Sabirabad rayonu ərazisində “H” kanalının 7,8 km hissəsinin beton məcrada qurğularla birlikdə tikintisi 2017-ci ilin 1 may tarixinə başa çatdırılmışdır. Bununla 1-ci mərhələdə 4 min ha əkin sahələrinin su təminatı yaxşılaşdırılmış və 200 ha yeni suvarılan torpaq sahəsi suvarma suyu ilə təmin edilmişdir. Eyni zamanda Sabirabad rayonunun qış otlaqlarında 1-ci mərhələdə 5000 ha yeni torpaq sahəsinə, eləcə də Yuxarı Mil kanalında tikinti işləri davam etdirilərək Ağcabədi rayonunda 2700 ha sahəyə suvarma suyu çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 sentyabr 2017-ci il tarixində Neftçala magistral kanalında görülən işlərlə tanış olmuş və Kür çayından 1-ci mərhələdə rayonun 7770 ha yeni suvarılacaq və 970 ha mövcud əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak etmişdir.

Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə 2017-ci ildə Araz çayının yeni qolu vasitəsi ilə Saatlı (24325 ha), İmişli (5812 ha) və Biləsuvar (9356 ha) rayonlarının 39493 ha qış otlaq sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün 54,2 km uzunluğunda torpaq məcralı kanalın tikinti işləri üzərindəki hidrotexniki qurğularla birlikdə tamamlanmışdır. Goranboy və Samux rayonlarında yaradılan aqroparkların 4700 ha sahəsinə Şəmkir-Samux-Goranboy suvarma magistral kanalından suvarma suyunun çatdırılması üçün 1-ci mərhələdə 12,1 km suvarma boru kəmərinin və həcmi 100 min kubmetr olan beton üzlüklü su hovuzunun tikintisi başa çatdırılmışdır. Şabran rayonu ərazisində “Şabran Aqropark” MMC-yə məxsus 1740 ha sahəyə suvarma suyunun verilməsi üçün tutumu 150 min kubmetr olan beton üzlüklü su hovuzunun tikintisi tamamlanmış, bu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün işlər davam etdirilir. Qax rayonunda yaradılan Aqroparka məxsus 1550 ha torpaq sahəsinin 1-ci mərhələdə 665 ha ərazisinə suvarma suyu çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 400 ha əkin sahəsinə Araz çayından suvarma suyunun verilməsi üçün nasos stansiyasının, təzyiqli boru kəmərinin tikintisi aparılmışdır. .

Respublika iqtisadiyyatının inkişafında böyük əhəmiyyət kəsb edəcək daha bir nəhəng infrastruktur layihənin Yuxarı Şirvan kanalının yenidən qurulmasının xarici məsləhətçilər cəlb edilməklə ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmışdır. Şirvan zonasına yeni həyat verəcək bu layihə 10 rayonun 125 min hektardan çox əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına, 106 min hektar yeni suvarılan torpaqların dövriyyəyə verilməsi ilə ümumilikdə 231 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi, eləcə də regionda ekoloji mühitin yaxşılaşdırılmasına və Hacıqabul gölündə yaranmış təhlükəli ekoloji vəziyyətin qarşısının alınmasına imkan yaradacaqdır. Hazırda beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə işçi layihə və tender sənədlərinin hazırlanması davam etdirilir.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev 23 meliorasiya və su təsərrüfatı obyektinin təməlqoyma, işlərin gedişi ilə tanışlıq və açılış mərasimlərində iştirak etmişdir ki, bu da onun sahəyə xüsusi diqqət və qayğısının təzahürüdür.

Qarşıya qoyulmuş vəzifələrin icrası olaraq cəmiyyət tərəfindən meliorasiya tədbirlərinə ayrılan vəsait hesabına meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə sahəsində də 2017-ci ildə konkret tədbirlər həyata keçirilmişdir. Belə ki, 2017-ci ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək cəmiyyət üzərinə düşən vəzifələri yerinə yetirmiş, balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir.

Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyev tərəfindən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Cəmiyyətin kollektivi qarşısında suvarılan torpaqların 2018-ci ildə daha 100 min hektar artırılması ilə ixrac yönümlü kənd təsərrüfatı məhsullarının inkişafı istiqamətində müəyyən edilmiş hədəflərə nail olunması üçün mühüm vəzifələr qoyulmuşdur.

2018-ci ildə də böyüklüyünə və kənd təsərrüfatının inkişafında xüsusi rola malik olan Taxtakörpü və Şəmkirçay su anbarları zonalarında magistral və paylayıcı suvarma kanallarının tikintisi işləri davam etdiriləcəkdir. Şəmkir-Samux-Goranboy magistral kanalının İpək yolu ilə kəsişmə qurğusunda və ondan sonra kanalın 5 km-ə qədər hissəsində tamamlama işləri başa çatdırılaraq Goranboy rayonunda 8000 hektar sahəyə suvarma suyu çatdırılacaqdır. Taxtakörpü su anbarı zonasında isə Şabran rayonunda meliorativ tədbirlər davam etdirilərək 12 min hektar, o cümlədən 5 min hektara yaxın yeni torpaq istifadəyə veriləcək və 7 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaqdır. Eyni zamanda Şabran rayonunda 7 min hektara yaxın torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkələrinin tikintisi işləri yerinə yetiriləcəkdir.

Kür çayında nasos stansiyasında və “H” kanalında tikinti işləri davam etdirilərək Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əliləmbəyli kəndlərinin layihə üzrə qalan 7551 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq, eləcə də rayonun Kür çayı üzərindəki nasos stansiyasında və magistral kanalda tikinti işlərini tamamlamaqla rayonun 9320 hektara yaxın az məhsuldar qış otlaq sahələrinə suvarma suyu çatdırılacaqdır. Eyni zamanda bu layihələr çərçivəsində Biləsuvar rayonunun 1631 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin ediləcəkdir.

Goranboy və Qax rayonlarında yaradılmış aqroparklara məxsus torpaq sahələrində meliorativ tədbirlər davam etdirilərək bu torpaqlara suvarma suyunun çatdırılması, ötən ildə suvarma suyu çatdırılmış Şabran rayonunda yaradılacaq Aqroparka məxsus 1740 hektar sahədə isə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri başa çatdırılacaqdır. Şəki və Oğuz rayonlarında 12 min hektar sahədə yaradılacaq Aqroparka məxsus torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün layihə sənədlərini tamamlamaqla yaxın günlərdə Türyançay çayında nasos stansiyasının və təzyiqli boru kəmərinin tikintisi işlərinə başlanılacaqdır. Xəzər, Pirallahı və Xızı rayonlarında zeytun və badam bağları salınacaq 5000 hektar sahənin 2400 hektarında tikinti işləri başa çatdırılaraq suvarma suyu ilə təmin ediləcəkdir.

Eyni zamanda Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək Neftçala rayonunun 12433 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, Ağcabədi rayonunda isə 1900 hektar yeni torpaq sahələrinə suvarma suyu çatdırılacaqdır.

Ötən ildə torpaq məcrada inşa olunmuş 54 km uzunluğunda Araz çayının Yeni qolunun cari ildə beton üzlüyə alınması ilə Saatlı, Biləsuvar və İmişli rayonlarında daha 13 min hektardan çox yeni torpaq sahələrinə suvarma suyunun verilməsi mümkün olacaqdır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə bitişik Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin 280 ha əkin sahəsinə Araz çayından suvarma suyunun verilməsi üçün nasos stansiyasının, təzyiqli boru kəmərinin tikintisi davam etdirilərək bu torpaqlar suvarma suyu ilə təmin ediləcəkdir.

Respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun 300 ədəd subartezian quyusu cari ildə qazılaraq istifadəyə veriləcəkdir. Eyni zamanda Yuxarı Şirvan kanalının yenidənqurulmasının işçi layihə və tender sənədlərinin hazırlanması işləri davam etdiriləcəkdir.

2018-ci ildə respublika üzrə 1447 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulmuşdur.

Bunun üçün cari ildə suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62 milyon kubmetr həcmində lildən təmizləmə işlərinin görülməsi, 5900 hidrotexniki qurğunun, 156 subartezian quyusunun, 270 nasos və mühərrikin təmir edilməsi nəzərdə tutulmuşdur.

Bununla yanaşı, çay məcralarında 10,3 milyon kubmetr həcmdə məcratəmizləmə işləri aparılacaq, 10 min kubmetr şax-daş, faşın və qabion bəndlər quraşdırılacaq, torpaq mühafizə bəndlərində 6300 min kubmetr həcmdə möhkəmləndirmə işləri, 2800 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri və daş-beton bəndlərdə 18 min kubmetr təmir işləri yerinə yetiriləcəkdir.

Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə əlaqədar təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur.

Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır.

Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti, Heydər Əliyev fəlsəfəsi, Heydər Əliyev ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və entuziazmla davam etdirilir. Heydər Əliyev kimi siyasət və idarəçilik korifeyindən sonra ölkənin idarə edilməsi nə qədər çətin görünsə də, Prezident İlham Əliyev bu işin öhdəsindən layiqincə gəlir və öz fəaliyyəti ilə artıq sübut etmişdir ki, polad dayaqlar üzərində mövqe tutan və xalqını xoşbəxt gələcəyə aparan liderdir. Təkcə doğma Azərbaycana deyil, Qərbin, bütövlükdə dünyanın qlobal problemlərinə həssaslıqla yanaşan, baş verən hadisələri dərhal analiz etmək və nəticə çıxarmaq qabiliyyəti ilə fərqlənən möhtərəm prezidentimizin fəaliyyəti ilə yaxından tanış olarkən ondakı enerjiyə, xalqına olan sonsuz məhəbbət və sədaqətə heyran olmaya bilmirsən.

Azərbaycan xalqının ümummilli liderə, bu dahi şəxsiyyətə ehtiramı və ümumxalq sevgisi əbədidir. Bu gün hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti, onun payına düşmüş Tanrı payıdır. Uzun illər keçəcək və Heydər Əliyev bir şəxsiyyət kimi daim yaddaşlarda yaşayacaqdır. Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev zəkasının izi olmasın. Bu əməyin, bu zəkanın qədrini bilmək, onu qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs vətəndaşlıq borcudur.

Əhməd Əhmədzadə,
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında