Azərbaycanda regional inkişaf strategiyası uğurla həyata keçirilir

Regionların tarazlı və dinamik inkişafı Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. Təsadüfi deyil ki, 2004-cü ildən başlayaraq, ölkəmizdə regionların inkişafı ilə bağlı mühüm dövlət proqramları icra olunur. Bunun da nəticəsində ötən müddətdə regionların sosial-iqtisadi inkişafında ciddi dönüşə nail olunub, bölgələrdəki mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi insanların həyat şəraitinin və rifahının yüksəlməsinə gətirib çıxarıb.

Prezident İlham Əliyev regionlara səfərlərində sakinlərlə görüşərkən onları diqqətlə dinləyir, rəylərini nəzərə alır. Məhz bu görüşlər zamanı qaldırılan məsələlərə həssaslıqla yanaşan dövlət başçısı paytaxta qayıdan kimi bununla bağlı müvafiq sərəncamlar imzalayır, əlaqədar təşkilatlara konkret göstərişlər verir. Bununla əlaqədar Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bu barədə bildirib: “Onu da deməliyəm ki, əgər biz 2004-cü ildə qəbul edilmiş birinci proqrama nəzər salsaq görərik ki, görülən bu işlərin böyük hissəsi orada əks olunmamışdır. Çünki biz bu proqrama və ondan sonrakı ikinci və üçüncü proqramlara əlavələr etdik. Mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində, vətəndaşlarla təmaslar əsnasında yeni təkliflər gəldi. Mən hər il onlarla rayona səfərlər edirəm, keçən il otuzdan çox rayonda olmuşam. Hər dəfə görülən işlərlə maraqlanıram, nəzarət edirəm, eyni zamanda, yerlərdən təkliflər alıram. Ona görə bu proqramlara bəzi hallarda zərurət yarandıqca əlavələr olunur. Odur ki, proqramların təhlilini apararkən biz mütləq əlavələri də nəzərə almalıyıq.

Əlbəttə ki, bizim məqsədimiz bu proqramları icra etməkdir. Ancaq əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik. Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq, abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2004-2017-ci illərdə regional inkişaf proqramları çərçivəsində Azərbaycanda yaradılan 1,9 milyon yeni iş yerinin 72 faizi regionların payına düşüb.

Bu müddət ərzində 52,6 min kilometr qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 1700-dən artıq yaşayış məntəqəsi təbii qazla təmin edilib, ümumilikdə isə regionlar üzrə qazlaşdırma səviyyəsi 41 faizdən 90 faizə çatıb. 2826 məktəbdə və 300-dən çox məktəbəqədər təhsil, habelə 451 səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Bunlarla bərabər, 38 Olimpiya İdman Kompleksi inşa olunub, 11 min kilometrdən çox respublika və yerli əhəmiyyətli yolda təmir-tikinti işləri aparılıb, 366 ədəd körpü və tunel tikilib, yaxud təmir edilib. Mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 96-dan 550-yə çatıb ki, bunun da 400-ü regionlarda yerləşir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlara verilən güzəştli kreditlərin 75,1 faizi regionların payına düşür.

Ölkə sənayesinin innovativ inkişaf istiqamətlərindən biri də regionlarda sənaye parklarının, məhəllələrinin yaradılması olub. Nəticədə sənaye parkları və məhəllələrinin nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən 2017-ci ildə 144,4 milyon manatlıq məhsul  istehsal edilib. 

Ölkədə azad sahibkarlıq mühitinin formalaşması fərdi sahibkarlıq kimi yeni təsərrüfatçılıq formalarının yaranmasına təkan verib, qeyri-dövlət bölməsinin payı xeyli yüksəlib. Belə ki, əgər 2003-cü ildə sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulu 56,8 faizlik paya malik idisə, növbəti illərdə aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində onların xüsusi çəkisi artaraq sənayenin ümumi məhsulunda 79,9 faiz təşkil edib. 

Regionlarda qeyri-neft sektorunun tərəqqisinə təkan verən əsas amillərdən biri də ölkənin turizm potensialının inkişaf etdirilməsidir. Respublikamızın  mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına evsahibliyi etməsi turizm sektorunun sürətli inkişafına, turist axınının artmasına şərait yaradıb. Belə ki,   2017-ci ildə ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 2005-ci illə müqayisədə 2,1 dəfə artaraq 2696,7 min nəfər olub. 

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına vergi güzəştlərinin tətbiqi, kənd təsərrüfatının inkişafı üçün ayrılmış güzəştli kreditlər, dövlət büdcəsinin vəsaiti hesabına kəndlilərə verilən subsidiyalar, aqrolizinq xidmətlərinin əlyetərliliyi, geniş miqyaslı meliorasiya tədbirləri, nəhəng su anbarlarının inşası, regionlarda yol-nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsi üçün yönəldilən irihəcmli investisiyalar bu sahənin inkişafını şərtləndirən əsas amillər olub. Nəticədə 2003-cü ilə nisbətən 2017-ci ildə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,7 dəfə, yaxud hər il orta hesabla 3,7 faiz artıb. 2017-ci ildə 2003-cü ilə nisbətən kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 36,6 faiz artırılaraq 1219,5 min hektardan 1665,6 min hektara çatdırılıb.

Dövlətimizin başçısı hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdırılması istiqamətində səfərbər edir. Prezident İlham Əliyevin mayın 4-də Xaçmaz və Xızı rayonlarına səfəri çərçivəsində  sosial-iqtisadi önəm daşıyan bir sıra obyektlərin açılışı mərasimlərində iştirakı, həmçinin ictimaiyyət nümayəndələri ilə görüşü də bunun bariz ifadəsidir. Bu, eyni zamanda, son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi ilə bağlı reallaşdırılan tədbirlərin əhatəliliyindən xəbər verir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Son 15 ildə bu sahədə çox mühüm uğurlar əldə olunub və bu istiqamətdə layihələrin icrası davam etməkdədir. Yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir.

Rəmzi “40 yol” layihəsi çərçivəsində dövlətimizin başçısının Xaçmazda açılışını etdiyi Çarxı-Qalağan-Hacılar-Xanlıqoba- Sayad-Məmmədxanlı avtomobil yolunda da mühüm işlər həyata keçirilib. Ümumi uzunluğu 29 kilometr olan bu yolun müasir səviyyədə tikilməsi sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır. Bu tədbirlərin icrası, ilk növbədə, əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan rayonların deyil, ümumilikdə, həmin regionun sosial-iqtisadi inkişafına töhfə verir, turizm axınının davamlı olmasını təmin edir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.

Azərbaycan Prezidenti İlham Əliyev səfər çərçivəsində  “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında da iştirak edib. Mərasimdə Azərbaycanda xalça toxuculuğunun tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edildiyi vurğulanıb. Bildirilib ki,  ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni, 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir.

Mərasimdə, həmçinin qeyd edilib ki, xalçalarımız dünyanın ən məşhur muzeylərini bəzəyir. Xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Hazırda Azərbaycan xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır.

Prezident İlham Əliyevin həmin sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar bu baxımdan xüsusilə əhəmiyyətlidir. Azərbaycan Prezidentinin müvafiq cərəncamı ilə “Azərxalça” ASC-nin yaradılması dövlət tərəfindən bu istiqamətdə görülən işlərin məntiqi davamıdır. İlkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə adı çəkilən bu rayonlarda binaların tikintisi başa çatdırılıb, filiallar fəaliyyətə başlayıb, Sumqayıt Kimya Sənaye Parkında yunəyrici-boyaq fabrikinin təməli qoyulub. Dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan və Şabran rayonlarında xalça istehsalı emalatxanalarının yaradılması davam edir. Növbəti filial Xaçmazda istifadəyə verilib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında vurğulanıb ki, ümumi sahəsi 1252,9 kvadratmetr olan filialın binası 0,37 hektar sahədə yerləşir. Burada 150 nəfər toxucu, 12 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və s. bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

Emalatxana zəruri xammal və ləvazimatlarla – müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Xaçmaz rayonunun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. 

Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə çıxış edərək bildirib ki, xalçaçılıq sənəti yaşadılmalıdır. Belə fabriklərin açılması isə ölkəmizin ümumi inkişafını göstərir: “Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər boyu yaşadır. Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində sərgilənir. Bakıda gözəl Xalça Muzeyi tikilib istifadəyə verilmişdir. Yəni, biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk. Eyni zamanda, gənc nəsil də, qızlar da bu sənətə cəlb olunurlar. Beləliklə, tam əminlik var ki, Azərbaycan dünyada xalçaçılığın inkişafında öz sözünü gələcəkdə də deyəcəkdir. İş yerlərinin yaradılması çox önəmli məsələdir. Qeyd etdiyim kimi, bu fabriklərin fəaliyyətə başlaması nəticəsində minlərlə iş yeri yaradılacaq.

“Azərxalça”nın qarşısında bir vəzifə də qoyulub ki, xalçanın istehsalında istifadə edilən bütün xammal yerli xammal olsun. Bu məqsədlə indi ölkəmizin müxtəlif yerlərində yun tədarükü mərkəzləri yaradılır. Baramaçılıq sürətlə inkişaf etdirilir ki, ipək xalçalar da toxunsun. Sumqayıt şəhərində yunəyirici-boyaq fabriki inşa edilir. Yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Beləliklə, bundan sonra xaricdən xammalın gətirilməsinə heç bir ehtiyac qalmayacaq. Yüz faiz yerli məhsul olaraq Azərbaycan xalçası dünyaya təqdim ediləcək”.

Prezident İlham Əliyev  Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin işə salınması, Xaçmaz-Xudat avtomobil yolunun açılışı,  Xızı rayonuna səfəri çərçivəsində isə şəhərə və Altıağac qəsəbəsinə içməli suyun verilməsi, habelə başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən, əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışı mərasimlərində də iştirak edib.

Prezident İlham Əliyevin Xaçmaz və Xızı rayonlarına səfəri bir daha göstərdi ki, Azərbaycanda 2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bölgələrimizdə geniş quruculuq və abadlıq tədbirləri həyata keçirilir, çoxsaylı infrastruktur layihələri reallaşdırılır,  müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər işə salınır,  yeni iş yerləri açılır. Bütün bunlar isə hər bir rayonun, kəndin və qəsəbənin simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərinin həllinə müsbət təsir göstərir.

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında