Həyata keçirilən struktur islahatları sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı son 15 il ərzində dinamik inkişaf edib, istehsalın şaxələndirilməsi istiqamətində ciddi islahatlar aparılıb. Bu müddətdə Azərbaycan Respublikası bir neçə dəfə ilin ən islahatçı ölkəsi kimi “Doing Business” hesabatında qeyd olunub. Uzun illər ümumi daxili məhsulun artım tempinə görə Azərbaycan dünyada lider mövqeyini qoruyub saxlayıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 il ərzində idarəetmə fəaliyyətində struktur islahatları sistemli və ardıcıl xarakter daşıyıb. Respublikada həm yeni nazirliklər yaradılıb, ayrı-ayrı nazirliklərin təkrarlığı aradan qaldırılıb, birləşmə prosesi gedib, həm də bəziləri ləğv edilib. Bir sözlə, dövlətimizin başçısı hər zaman çevik idarəetmə mexanizminə xüsusi diqqət yetirib. Neftin ucuzlaşması və devalvasiyadan sonra isə ölkədə idarəetmənin daha çevik mexanizmlərinin təşkili ilə bağlı məsələyə diqqət daha da artırılıb, bu isə sözügedən istiqamətdə işlərin sürətinə müsbət təsir göstərib.

Bu məqamda dövlət başçısının Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dediyi sözləri xatırlatmaq istərdik: “Azərbaycanda bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər”.

Ötən müddət ərzində ölkə rəhbərinin bu tövsiyəsi diqqət mərkəzində saxlanılıb. Bununla əlaqədar idarəetmə fəaliyyətində genişmiqyaslı islahatlar gerçəkləşdirilib. Nəqliyyat Nazirliyinin bir sıra strukturları ləğv edilib və ya başqa qurumlara həvalə olunub. Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək bazasında iki dövlət xidməti yaradılıb. Bununla bağlı oxşar proses Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də həyata keçirilib. “ASAN xidmət” mərkəzləri vasitəsilə bir sıra gömrük xidmətlərinin həyata keçirilməsinə başlanılıb. İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilib və oradan “sənaye” sözü çıxarılıb. Bu isə nazirliyin mərkəzi aparatında və strukturlarında müəyyən dəyişikliklə nəticələnib.

Yuxarıda qeyd edilənlərlə bərabər, ötən müddətdə ölkə rəhbərinin müvafiq fərmanları ilə Nazirlər Kabineti yanında iki struktur ləğv edilib. Onlardan biri Satınalmalar üzrə Dövlət Agentliyidir. Bu qurumun səlahiyyətləri və funksiyaları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib. Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb.

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, şəffaflığın təmin edilməsi və dövlət idarəçiliyində səmərəliliyin artırılması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bununla da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə xitam verilib.

Hazırda Palata beynəlxalq prinsiplərə əsaslanaraq, ölkədə qiymətli kağızlar və sığorta bazarlarının, investisiya fondlarının, ödəniş sistemləri və kredit təşkilatlarının, o cümlədən milli poçt operatorunun maliyyə-bank fəaliyyətinin tənzimlənməsinin bütün aspektlərini həyata keçirir. Qeyd olunan sahələr üzrə lisenziyalaşdırılmanın, iqtisadi və hüquqi davranış normalarının müəyyən edilməsi və tətbiqinə nəzarətlə yanaşı, palata, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahələrində səmərəli fəaliyyəti də əlaqələndirir.

Hazırda da struktur islahatları davam etdirilir. Azərbaycan Prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamı isə bu baxımdan mühüm önəm daşıyır. Belə ki, “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamla biznes mühitinin daha da yaxşılaşdırılması, şəffaflığın təmin edilməsi və dövlət idarəçiliyində səmərəliliyin artırılması nəzərdə tutulur.

Xatırladaq ki, beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlıq edən Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Ölkəmizdə mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə respublikamızın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır. Bunun nəticəsidir ki, son illər özünü bütün dünyaya etibarlı tərəfdaş kimi tanıtmağa müvəffəq olmuş Azərbaycanla iqtisadi əlaqələr qurmağa can atan ölkələrin sırası getdikcə genişlənir. Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, son illər dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi təşkil edir.

“Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən, bundan sonra maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə respublikada bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizmi tətbiq ediləcək.

Sərancama əsasən, Maliyyə, Vergilər, İqtisadiyyat nazirliklərinə, habelə Dövlət Gömrük Komitəsinə idxal-ixrac əməliyyatları üzrə birgə nəzarətlə əhatə olunacaq prosedurların siyahısına və mexanizminə dair təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Azərbaycan Prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamında isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilərək, Azərbaycanda istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə isə Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Sərəncama əsasən ləğv edilən komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilib.

“Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirəcək.

Azərbaycan Prezidentinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamı əsasında isə Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

Respublikada Dövlət Turizm Agentliyi yaradılması təsadüfi deyil. Bu, Azərbaycan dövlətinin qeyri-neft sektorunun inkişafını prioritet kimi qarşıya qoyması və bu vəzifənin yerinə yetirilməsində turizmin özünəməxsus yerə və əhəmiyyətə malik olması ilə bağlıdır. Bəllidir ki, son illərdə ölkədə bu sahənin inkişafı istiqamətində aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi özünü konkret nəticələrdə göstərir. İndi Azərbaycan dünyada həm də maraqlı turizm məkanı kimi tanınır.

Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, turizm infrastrukturunun ildən-ilə təkmilləşdirilməsi və ən başlıcası dövlətin böyük dəstəyi bu sahənin inkişafına imkan yaradır. 2011-ci il Azərbaycanda “Turizm ili” elan edilməsi, hər il sentyabrın 27-də “Ümumdünya Turizm Günü”nün geniş qeyd olunması, hər il beynəlxalq turizm sərgisinin keçirilməsi də bunun bariz ifadəsidir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında