“Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir

Son 15 ildə Azərbaycan davamlı inkişaf yolu ilə inamla irəliləyib. Dövlətçiliyin əsasları, eləcə də respublikadakı  ictimai-siyasi sabitlik möhkəmləndirilib. Ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramları hazırlanaraq, işlək mexanizmlər əsasında həyata keçirilib. Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri uğurla gerçəkləşdirilib, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu artırılıb. Neft strategiyası milli mənafelərə uyğun davam etdirilib, eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisi yüksəlib. Regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirləri gücləndirilib, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi iqtisadi siyasətin əsas qayəsini təşkil edib.

Qeyd olunan dövrdə Avratlantik məkana inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin formalaşdırılması, habelə ölkədə güclü insan kapitalının formalaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi kimi məsələlər diqqət mərkəzində saxlanılıb və bu istiqamətlərdə yüksək nəticələr qazanılıb.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqində qeyd edilən məsələlər ətraflı şərh olunub. Dövlətimizin başçısı çıxışında bildirib ki, son 15 il ərzində uğurlu iqtisadi islahatlar aparılıb və iqtisadi məsələlərə xüsusi diqqət yetirilib: “Çünki mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər sən kimdənsə asılısansa, - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. Biz indi heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk. Bizim dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir. Mən qarşıya vəzifə qoymuşam və biz gələcək illərdə dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq. İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir. Əlbəttə ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur. Ancaq bununla bərabər, bizim qeyri-neft ixracımız 15 il ərzində dörd dəfədən çox artıbdır. Bu da onu göstərir ki, bizim islahatlarımız böyük səmərə verir”.

Prezident İlham Əliyev nitqində sözügedən dövrdə sənaye istehsalının 2,6 dəfə, valyuta ehtiyatlarının 24 dəfə artdığını, bu gün isə 44 milyard dollara bərabər olduğunu diqqətə çatdırıb. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulduğunu vurğulayıb.  

Dövlətimizin başçısı respublikada əlverişli  investisiya iqliminin mövcudluğuna toxunaraq deyib: “Xarici və yerli sərmayə ölkəmizə bundan sonra da qoyulacaqdır. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. İnkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə biz üçüncü yerdəyik. Yəni, bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir”.

Prezident İlham Əliyev çıxışında son 15 ildə Azərbaycan iqtisadiyyatının dinamik  inkişaf yolu keçdiyini, dünyada baş verən böhranlardan ən az itkilərlə çıxa bildiyini, hazırda isə ölkədə iqtisadi, maliyyə sabitliyinin hökm sürdüyünü, əlverişli investisiya mühitinin mövcudluğunu, biznes şəraitinin daha da yaxşılaşdığını xatırladıb.

Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının bundan sonra da dinamik inkişafına əminliyini bildirib: “Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər”.

Azərbaycan Prezidenti nitqində özəl bölməyə xüsusi diqqət və qayğı göstərilməsi nəticəsində sahibkarlığın sürətli inkişaf mərhələsinə daxil olmasını, ötən illər ərzində bu sahəyə 2 milyard manatdan çox güzəştli şərtlərlə kredit ayrılmasını,    həmin vəsait, eləcə də sahibkarların öz vəsaiti hesabına yüzlərlə yeni müəssisə yaradılmasını və bununla da qeyri-neft sektorunun tərəqqisinin gerçəkləşdirilməsini vurğulayıb. 

Həyata keçirilən tədbirlər nəticəsində  Azərbaycanda hazırda güclü özəl sektor formalaşıb, özəl bölmənin payı ÜDM-də 80 faizi, məşğulluqda 75 faizi, dövlət qeydiyyatına alınan sahibkarlıq subyektlərinin sayı isə 880 mini ötüb. 

Əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Belə ki, ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan “Doing Business 2017” hesabatında Azərbaycan 190 ölkə arasında 65-ci pillədə qərarlaşıb, dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biri olub. 

Dövlətimizin başçısı, eyni zamanda, texnoloji proseslərin müasirləşdirilməsinə də mühüm önəm verildiyini xatırladıb: “Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bizim indi iki peykimiz var və üçüncü peykin orbitə buraxılması nəzərdə tutulur. Azərbaycan bu sahədə də liderlik nümayiş etdirir. Bu, onu göstərir ki, biz gələcəyə baxırıq və gələcək də elmi-texnoloji inkişafla bağlıdır. Məhz buna görə biz təhsilə, elmə diqqət veririk, növbəti illərdə daha da böyük diqqət göstərməliyik. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Buna nail olmaq üçün bizdə hazırlıqlı kadr potensialı olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə də işlər görüləcəkdir”.

Prezident İlham Əliyev çıxışında son 15 ildə əldə edilən digər uğurlar da sadalanıb. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu və bütün dünyada geniş əks-səda doğuran Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji əhəmiyyətli tarixi layihələrin icrası gerçəkləşdirilib. 

“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi, “Şahdəniz” qaz yatağının mərhələlərlə istismarı Azərbaycanın dünyanın neft-qaz bazarına daxil olmasına zəmin yaradıb. Ötən il “Əsrin müqaviləsi” üzrə xarici tərəfdaşlarla birlikdə aparılan danışıqlar yekunlaşıb və onun müddəti Azərbaycan üçün əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılıb.

Ardıcıl və sistemli surətdə həyata keçirilən şaxələndirmə siyasəti, sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər də ölkə sənayesinin yeni inkişaf mərhələsinə daxil olmasına zəmin yaradıb. Sənayenin inkişafına dair Dövlət Proqramı təsdiq edilib və icrasına başlanılıb. Ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji sahələri yaradılıb.

Qeyri-neft sənayesinin inkişaf etdirilməsində müasir istehsal infrastrukturuna malik sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasına üstünlük verilib. Bakıda gəmiqayırma, Gədəbəy və Daşkəsəndə qızıl-filiz, Gəncədə avtomobil, iri qabaritli transformatorlar, yüksək gərginlikli avadanlıqlar zavodları və digər müasir tipli müəssisələr istifadəyə verilib. Bunun nəticəsində isə sənayenin qeyri-neft sektorunda istehsalın həcmi 2,2 dəfə artıb.

Son 15 ildə ölkənin ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsi iqtisadi siyasətimizin ən əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Respublikada 32 iri fermer təsərrüfatı yaradılıb və bu məqsədlərə 70,5 milyon manat məbləğində güzəştli kredit ayrılıb. 

Kənd təsərrüfatının dinamik inkişafı üçün 2004-2017-ci illərdə ümumi sututumu 460 milyon kubmetrə yaxın olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilib istifadəyə verilib. Sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı təmir-bərpa edilib, 4 min kilometr suvarma kanallarının və 2,4 min kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası işləri aparılıb, 1960 subartezian quyusu qazılıb.

Bu illərdə Bakı şəhərinin və Abşeron yarımadasının su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdıran Oğuz-Qəbələ-Bakı su kəməri tikilib istifadəyə verilib, 9 min kilometrdən çox su və 3 min 500 kilometrdən artıq kanalizasiya xətləri çəkilib, 230 su anbarı tikilib və ya yenidən qurulub.

Son 15 il ərzində respublikada ümumi uzunluğu 15 min kilometr olan avtomobil yolları tikilib, yenidən qurulub və təmir edilib, 297 körpü, 93 yol ötürücüsü və tunel, 84 yeraltı və yerüstü piyada keçidi istifadəyə verilib. Beş milyondan çox əhalinin yaşadığı 2 mindən artıq yaşayış məntəqəsini birləşdirən yollar ölkə vətəndaşlarının gündəlik həyatına rahatlıq gətirməklə bərabər, həm də bölgələrdə kənd təsərrüfatının, sahibkarlığın və turizmin inkişafına ciddi təkan verib. “Bu proses bundan sonrakı illərdə də davam edəcək. Bütün kənd yolları ilə bağlı təkliflər artıq bizə daxil olub. İmkan olduqca biz bütün kənd yollarını yenidən quracağıq. Bu istiqamətdə artıq böyük işlər görülübdür”,-deyə Prezident İlham Əliyev bildirib.

Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması, İran İslam Respublikasının sərhədinədək dəmir yolunun və Astaraçay üzərindəki körpünün tikintisinin başa çatdırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin istifadəyə verilməsi beynəlxalq tranzit ölkə statusu qazanan respublikamızı “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin qovşağına çevirib.

2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrimizdə geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb və minlərlə yeni iş yeri açılıb. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərinin həllinə rəvac verib. Göstərilən bu irimiqyaslı işlərin icrasına bütün mənbələr hesabına 67,5 milyard manat məbləğində maliyyə vəsaiti yönəldilib.

Bu illərdə ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən müdafiə sənayesi kompleksi yaradılıb və müdafiə sahəsinə ayrılan vəsaitin məbləği 13,5 dəfə artırılıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200-dən çox məhsulun, o cümlədən zirehli texnikanın, pilotsuz uçuş aparatlarının, müxtəlif növ atıcı silahların və digər silah-sursatın istehsalı təşkil olunub.

Azərbaycan Prezidenti niqtində ötən illər ərzində enerji təminatının yaxşılaşdırılmasına xüsusi diqqət göstərildiyinə toxunaraq deyib: “Biz bu illər ərzində ölkə daxilində enerji təminatını yaxşılaşdıra bilmişik. Böyük infrastruktur layihələri icra edilib. Son 15 il ərzində 30-dan çox elektrik stansiyası tikilib. Onların generasiya gücü 3900 meqavata bərabərdir. Müqayisə üçün deyə bilərəm ki, bizim indi ümumi generasiya gücümüz təqribən 6,5 min meqavata bərabərdir. Onun 3,9 min meqavatını biz 15 il ərzində yarada bilmişik. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir.

Qazlaşdırma bu ilin sonuna qədər Azərbaycanda 95 faizə çatacaqdır. Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir və biz bundan sonra da bu işlərlə məşğul olacağıq”.

Həyata keçirilən sosial-iqtisadi tədbirlər, eyni zamanda, 15 il ərzində insan amilinə necə yüksək dəyər verildiyini, vətəndaşların maraq və mənafeyinin uca tutulduğunu, xalq-iqtidar birliyinin gücünü  göstərir. 

Cənab İlham Əliyev aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirərkən bu məqama xüsusi  toxunub: ­“Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm.

Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq.

Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik”.

Bütün yuxarıda sadalanan faktlar “Əsl siyasət konkret real iş görməkdir” - deyən möhtərəm Prezident İlham Əliyevin müasir müstəqil Azərbaycanı son 15 ildə inamla irəliyə doğru apardığını, davamlı uğurlara hesablanan məqsədyönlü və uzaqgörən siyasət yürütdüyünü təsdiqləyir. Elə buna görə də cari il aprel ayının 11-də keçirilən prezident seçkilərində xalqımız Heydər Əliyev siyasətinin ən layiqli davamçısına, cənab İlham Əliyevə səs verməklə Azərbaycanın daha firavan və xoşbəxt gələcəyinə inamını ifadə edib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında