Azərbaycanda milli valyutanın sabitliyi qlobal iqtisadiyyatda baş verən risklərə adekvat cavab imkanlarını genişləndirir

Son vaxtlar Rusiya və Türkiyədə milli valyutalar ABŞ dolları qarşısında dəyərini xeyli  itirib. Ekspertlər bunu qlobal valyuta bazarlarında Amerika valyutasının bahalaşması, həmçinin Türkiyə-Qərb münasibətlərinin gərginləşməsi ilə əlaqələndirirlər. Bildirirlər ki, Rusiyanın Qərb ölkələri ilə əlaqələrinin kəskinləşməsi   və nəticədə rus diplomatlarının bəzi Avropa ölkələrindən geri göndərilməsi rublun dollar qarşısında dəyərsizləşməsinə gətirib çıxarıb. Bəs görəsən, Azərbaycanın əsas ticarət tərəfdaşları olan bu iki  qonşu ölkədə dolların bahalaşması manatın məzənnəsinə təsir göstərə bilərmi?

Ekspertlər, eyni zamanda, bu ilin sonunadək dolların dünya bazarında   möhkəmlənməsinin gözlənildiyini də vurğulayırlar.  Çünki ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) güclənən ölkə iqtisadiyyatı fonunda uçot dərəcəsini bir neçə dəfə artıra bilər. Bu il artım tempinin ötənilki ilə müqayisədə daha çox olacağı proqnozlaşdırırlar. Son nəticədə dolların məzənnəsi kəskin arta bilər. Bundan başqa, ABŞ Prezidenti Donald Trampın vergi islahatları və gömrük rüsumlarının artırılması ilə bağlı qərarları da dolların bahalaşmasına şərait yaradır. Nəticədə il ərzində dünya bazarında bahalaşan manat dollara da təzyiqləri artıra bilər. Belə olan halda manatın məzənnəsində kəskin ucuzlaşma baş verə bilərmi?

Mütəxəssislərin qənaətinə görə, bu məsələdə Mərkəzi Bankın mövqeyi mühüm rol oynayır. Adı çəkilən maliyyə qurumunun 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir ki, yeni qlobal iqtisadi reallıqlara uyğun olaraq son illərdə həyata keçirilən davamlı tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılıb. Tədiyə balansı tarazlaşıb, valyuta ehtiyatlarına təzyiq azalıb, milli valyutanın xarici dəyəri sabitləşib və inflyasiya gözləntiləri nisbətən səngiyib. Bu müsbət nəticələr dərin makroiqtisadi manevr və çevik koordinasiya olunan makroiqtisadi siyasət çərçivəsinin tətbiqi sayəsində mümkün olub. 

Mərkəzi Bank tərəfindən yeni pul siyasəti rejimi çərçivəsində makroiqtisadi dayanıqlığa yönəldilən siyasət həyata keçirilib, faiz dərəcəsi və pul təklifi mənbələri makroiqtisadi sabitlik və milli iqtisadiyyatın inkişafının təmin edilməsi hədəflərinə uyğun şəkildə tənzimlənib.

Mərkəzi Bankın 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında, həmçinin xüsusi vurğulanır ki, ölkədə makroiqtisadi sabitliyi möhkəmləndirmək və dayanıqlı iqtisadi artıma nail olmaq ortamüddətli makroiqtisadi siyasətin başlıca prioritetidir. Bu prioritetin reallaşdırılması sıx koordinasiya olunan makroiqtisadi çərçivə və gözləntiləri səmərəli idarə edən pul siyasəti rejimi vasitəsilə mümkündür. Bütövlükdə, formalaşdırılan yeni makroiqtisadi sabitlik və inkişaf platforması iqtisadiyyatı xarici və daxili şoklardan səmərəli qorumağa imkan verməklə milli iqtisadiyyatın yüksək artım trayektoriyasına qayıtmasını təmin edəcəkdir.

Xarici şoka adekvat olaraq həyata keçirilən siyasət tədbirləri nəticəsində ötən il   yeni makroiqtisadi sabitlik formalaşdırılıb, ölkənin xarici və daxili balansı yaxşılaşmağa başlanıb. Bu dövrdə  valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat 4 faiz  möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib. 

2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım və gözləntilərin səmərəli idarə olunması üçün baza şərti olacaqdır. Başqa sözlə,  Mərkəzi Bank balanslı pul siyasəti ilə əldə olunan makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin edilməsinə zəruri dəstək verəcək, hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcəkdir.

Makroiqtisadi sabitlik çərçivəsinin dayanıqlığının gücləndirilməsi 2018-ci ildə Mərkəzi Bankın pul siyasətinin başlıca məqsədini təşkil edəcək, inflyasiya gözləntilərinin azaldılmasına yönəldilən siyasət davam etdiriləcək. Şübhəsiz ki, bu da manatın məzənnəsinə öz müsbət təsirini göstərəcək. 

Mərkəzi Bankdan bildirildiyinə görə, ilin ötən ayları ərzində bu qurum valyuta ehtiyatlarından qənaətlə istifadə edib. Büdcəyə transfertlər, eyni zamanda, idxal əhəmiyyətli dərəcədə azalıb. Bu da nəzərdə tutulan layihələri yerinə yetirməyə imkan verir. Cari ilin üç ayında valyuta ehtiyatları 2,2 milyard dollar artaraq 44 milyard dolları ötüb. Mövcud bazar konyukturasından istifadə edərək neftin qiymətində əhəmiyyətli dəyişiklik olmasa, valyuta ehtiyatlarımız  daha da artacaq.

Onu da xatırladaq ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov bu yaxınlarda keçirdiyi mətbuat konfransında da bildirib ki, Azərbaycan manatının zəifləməsi üçün heç bir əsaslı fakt yoxdur.  Hazırda neftin qiyməti ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz yüksəkdir. Bu ilin birinci rübündə valyuta hərraclarında təklif tələbi üstələyib. Manatın zəifləməsi ilə bağlı düşünürük ki, bu, baş verməyəcək.

Mərkəzi Bankın sədri onu da qeyd edib ki, faiz dəhlizinin parametrləri haqda qərar makroiqtisadi sabitliyin möhkəmlənməsi prosesləri və son makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul edilib. İnflyasiya birrəqəmli səviyyədədir, xarici sektor göstəriciləri pozitiv zonadadır, valyuta bazarında sabitlik davam edir və iqtisadi aktivlik güclənməkdədir. Son qiymətləndirmələr il ərzində makroiqtisadi sabitliyin dayanıqlılığının və iqtisadi fəallığın güclənəcəyini göstərir ki, bu da monetar şəraitin tədricən normallaşması üçün əsas yaradır.

Məzənnə sabitliyi, pul təklifinin optimal səviyyədə idarə olunması, dünya ərzaq qiymətlərinin dinamikası və inflyasiya gözləntilərinin nisbətən azalması cari ildə təkrəqəmli inflyasiyanı şərtləndirən başlıca amillər olub. Mərkəzi Bank tərəfindən başlıca gəlir qrupları üzrə ev təsərrüfatları və real sektor müəssisələri arasında aparılmış monitorinqlər inflyasiya gözləntilərində azalma meylinin davam etdiyini göstərir.

İnflyasiyanın azalması əhalinin real gəlirlərinin artımını dəstəkləyir. 2018-ci ilin yanvar-fevral aylarında əhalinin nominal gəlirləri 10,2 faiz artıb ki, bu da inflyasiya dinamikasını əhəmiyyətli üstələyir.

Bütün bunlarla bərabər, ölkənin ixrac potensialının yüksəlməsi, habelə əlverişli beynəlxalq iqtisadi konyuktur şəraitində xarici sektor göstəricilərinin 2017-ci ildən başlanan yaxşılaşması prosesi cari ilin ötən dövründə də davam edib. Yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 2017-ci  ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz artıb. Qeyri-neft ixracı bu dövrdə 37 faiz artıb. Ticarət balansı ilə yanaşı, xidmətlər balansında da yaxşılaşma davam edir.

Manatın məzənnəsinin sabit qalmasının inflyasiya səviyyəsinə və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərən mühüm amillərdən biri olduğunu bildirən ekspertlər məzənnənin sabitliyinin başlıca olaraq əhalinin əmanətləri üzrə dollarlaşmanın azalması proseslərinin sürətlənməsi ilə müşayiət olunduğunu da vurğulayırlar.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında