Azərbaycanda makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti yaradılıb

Son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq investisiya qoyulub. Xarici investisiyanın həcmi 107,2 milyard dollar təşkil edib.

Ötən il isə respublika  iqtisadiyyatına yatırılan investisiya  11 milyard 700 milyon dollar təşkil edib. Bunun 8 milyard dolları xarici, 3,7 milyard dolları isə daxili investisiya olub. Bu isə bir daha təsdiqləyir ki, xarici investorlar üçün Azərbaycan cəlbedici ölkədir.

Son 15 ildə ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi amilin ön plana çəkilməsidir. Bu dövrdə dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edib, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırıb.

Sözügedən dövrdə Azərbaycan hökuməti iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla həyata keçirib, qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılıb. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər isə qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edib. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm önəm daşıyıb.

Xatırladaq ki, hazırda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələrin sahibkarlıq subyektlərindən qəbuluna xüsusi önəm verir. Bu zaman investisiya layihələrində əsas diqqət maliyyə baxımından əsaslandırılan və iqtisadi cəhətdən səmərəli olan, beynəlxalq standartlara uyğun gələn müəssisələrin yaradılmasına və həmin obyektlərdə ixracyönümlü və idxaləvəzləyici  məhsulların istehsal edilməsinə yetirilir.

Ölkəmizin investisiya imkanlarının genişlənməsində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) də mühüm rol oynayır. Bu şirkət  fəaliyyəti dövründə 1,2 milyard dollar investisiya cəlb edib. AİŞ sənaye, kənd təsərrüfatı, əczaçılıq, logistika və qida sənayesi sahələrində reallaşdırılan layihələrdə payçı qismində iştirak edib. Layihələrin ümumi dəyəri 1,2 milyard ABŞ dolları təşkil edib ki, bunun da 450 milyon ABŞ dolları xarici investisiyalardır. AİŞ-in payçı qismində iştirak etdiyi layihələr 2600 yeni iş yerinin açılmasına imkan yaradıb.

Sənaye sahəsində dəyəri 300 milyon avro olan və quru istehsal texnologiyasına əsaslanan yeni sement zavodu layihəsində 10 faiz paya malik olan AİŞ son 15 ildə  layihədə uğurla iştirak edib. AİŞ-in payçı qismində iştirak etdiyi layihələrdən biri də ümumi dəyəri 470 milyon ABŞ dolları olan Bakı Gəmiqayırma Zavodudur. Bu müəssisə yeni gəmilərin və iritonnajlı tankerlərin tikintisi və təmiri üzrə Xəzər dənizi hövzəsində ən müasir zavoddur. Artıq burada bir sıra gəmilər, o cümlədən “Xankəndi” sualtı tikinti gəmisi inşa edilərək istifadəyə verilib. Dünyada yalnız 10 ədəd olan və mürəkkəb mühəndislik həlləri tələb edən “Xankəndi” gəmisinin tikintisinin Azərbaycanda reallaşdırılması ölkəmizin bu sahədə mühüm uğurudur.

Qazaxıstanda yerləşən Azərbaycanın xarici ölkədəki ilk Logistika Mərkəzi, “Milk-Pro” zavodu, “Səba” və “Azərtoxum” müəssisələri, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC də AİŞ-in payçı olduğu layihələrdəndir.

Artıq Masazırda yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzunun istehsalı üzrə “Azərbaycan Duz İstehsalat Birliyi” QSC-nin, Səngəçalda yeni logistik terminalın inşası məqsədilə yaradılmış  “Səngəçal Terminalı” QSC-nin və Ağstafada aqrotexniki xidmətləri kompleks şəkildə həyata keçirən “Ağstafa Aqroservis” MMC-də AİŞ payçı qismində iştirakını yekunlaşdırıb.

2016-cı ildən başlayaraq AİŞ ölkənin əczaçılıq məhsullarına olan tələbatının ödənilməsi, bu sahədə idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması və dərman məhsullarının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə əczaçılıq sahəsində də layihələr həyata keçirməyə başlayıb. 2016-cı ildə Pirallahı Sənaye Parkında İranla birgə ilk əczaçılıq layihəsi olan “Həyat Farm” zavodunun təməli qoyulub. Bu layihədə AİŞ-in payı 10 faizdir. Müasir dərman istehsalı ilə məşğul olacaq müəssisənin ümumi investisiya dəyəri 78 milyon ABŞ dollarıdır. İllik istehsal gücü 225 milyon qutu olan müəssisədə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal ediləcək. Zavodda 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda zavodun layihələndirmə işləri aparılır və yaxın zamanlarda tikintiyə başlanılacaq. Zavodda ilk qablaşdırma 2018-ci ilin sonuna, dərman istehsalı isə 2020-ci ilin əvvəlinə planlaşdırılır.

Pirallahı Sənaye Parkında reallaşdırılan digər bir layihə isə Rusiya Federasiyası ilə birgə həyata keçiriləcək “Caspian Pharmed” zavodunun tikintisidir. Layihədə AİŞ-in payı 25 faiz təşkil edir, 21 milyon ABŞ dolları investisiya dəyərində olan müəssisənin layihələndirmə işləri aparılır. Müəssisənin 2019-cu ilin sonunda istismara verilməsi nəzərdə tutulur. İldə 20,2 milyon qutu dərman istehsal etmək gücündə olacaq zavodda  54 təsiredici maddə üzrə 84 çeşiddə dərman istehsal ediləcək. Zavodda 90 yeni iş yeri yaradılacaq.

Bundan başqa, Pirallahı Sənaye Parkında şpris zavodunun tikintisi davam etdirilir. AİŞ 2017-ci ildə “Diamed Co” MMC-yə 1,7 milyon manat investisiya yatıraraq zavodda 25 faiz pay əldə edib. İllik istehsal gücü 60 milyon birdəfəlik şpris olan zavod 2018-ci ilin sonunda istifadəyə veriləcək. Müəssisədə istehsal ediləcək məhsulların yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Mərkəzi Asiya ölkələrinə ixracı planlaşdırılır. Zavodda 60-a yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədi ilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.

Hazırda Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiya qoyan xarici qurumlar arasında İslam İnkişaf Bankı və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası daha çox diqqət çəkir. Hər iki struktur ölkəmizdə bir sıra yeni layihələrdə fəal iştirak edir, qeyri-neft sahələrinin inkişafına maliyyə dəstəyi göstərir.

Respublikamızda iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə həyata keçirilməklə həm də sahibkarlığın inkişafına güclü təkan verir. Başqa sözlə, iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş şərait yaradır, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırır. Bu isə iqtisadiyyatın, xüsusilə də özəl sektorun inkişafını sürətləndirir. Sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılmasının xüsusi diqqət mərkəzində saxlanılması da investisiya mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən, vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar istisna olmaqla sahibkarlıq sahəsində aparılan bütün yoxlamaların 2 il müddətinə dayandırılması bunun bariz ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya şuralarının yaradılması da sahibkarların hüquqlarının daha etibarlı qorunmasına xidmət edir.

Yuxarıda qeyd edilənlərlə yanaşı, ixracın və investisiyaların təşviqi mexanizmlərinin formalaşdırılması, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlərin (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiq edilməsi, dövlət satınalmalarında yerli malların xeyrinə güzəştlər müəyyən olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin (pambıqçılıq, tütünçülük, ipəkçilik) inkişafı üçün subsidiyalar nəzərdə tutulması, kiçik sahibkarlığın, o cümlədən ailə təsərrüfatlarının dəstəklənməsi məqsədilə Ailə Biznesinə Asan Dəstək (“ABAD”) mərkəzlərinin yaradılması da ölkədə investisiya mühitinin diqqət mərkəzində saxlanılmasından xəbər verir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 18 yanvar 2016-cı il tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ölkəyə daha çox xarici sərmayələrin cəlb edilməsi, sənaye istehsalının artırılması kimi mühüm məqsədləri özündə ehtiva edir. Bu fərman əsasında sahibkarlara investisiyanın təşviqi sənədi və təsdiqedici sənəd verilir. Bu sənədləri alan sahibkarlar Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda nəzərdə tutulmuş güzəştlərdən yararlanmaq imkanı əldə edir, mənfəət və gəlir vergisinin 50 faizini, əmlak və torpaq vergisini, idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV və idxal rüsumlarını 7 il müddətində ödəməkdən azad olunurlar.

Yeri gəlmişkən, 2016-cı ilin may ayından bu ilin əvvəlinədək  84 layihəyə investisiya təşviqi, 56 layihəyə isə 212 təsdiqedici sənəd verilib. Bu isə yerli istehsala 1 milyard manatdan çox investisiya yatırılması, 7 minə yaxın iş yerinin açılması,  sahibkarlara 8 milyon ABŞ dollarından çox güzəşt edilməsi deməkdir. 

“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”  də ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Başqa sözlə, adıçəkilən Strateji Yol Xəritəsinin müvafiq hədəflərini reallaşdırmaqla biznes mühitinin səmərəliliyinin artırılması istiqamətində orta müddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiqi, maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi gerçəkləşəcək.

Göründüyü kimi, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir.

Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

Azərbaycan hazırda investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən regional gücə cevrilmişdir. Son illərdə ölkəmiz öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanmış və dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilmişdir.Qarşıdakı aylarda və illərdə uğurlarımız daha böyük olacaqdır. Azərbaycan yenə də  özünü dünyaya müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir.

Xatırladaq ki, bu gün bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə respublikamızda investisiya  qoyuluşlarına mühüm önəm verilməsi müsbət bir haldır. Etiraf edək ki, ölkə regionlarında əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli istifadəsi daxili istehsalın təşviq edilməsi ilə şərtlənir. Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Bununla yanaşı, davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı investisiya ixracatçısına çevirib, Türkiyə, Gürcüstan, Rusiya, Serbiya, İsveçrə və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı xeyli artıb, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında geniş fəaliyyət göstərməyə başlayıblar. 

Azərbaycanın beynəlxalq arenada formalaşmış müsbət imicinin digər göstəricisi də son dövrlər xarici dövlətlərin özəlləşdirmə və investisiya layihələrində respublikamızın iştirakına dair dəvətlərin, eləcə də xarici dövlətlər tərəfindən ölkəmizə bu məqsədlə həyata keçirilən səfərlərin sayının artmasıdır.

Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yaradılmasına özəl bölmənin inkişafında xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi də müsbət təsir göstərir. Belə ki,   Azərbaycan Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq, 2015-ci il noyabrın 2-dən etibarən lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanılıb. Həmin vaxtdan indiyədək sahibkarlıq subyektləri tərəfindən 4300-dən çox lisenziya alınıb. Lisenziyala, əsasən, əczaçılıq, özəl tibb, tikinti-quraşdırma işləri, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil və s. fəaliyyət sahələrinə verilib.

Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilməsi, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlər tətbiq edilməsi nəticəsində sahibkarlıq subyektlərinin sayı son 15 il ərzində 4,3 dəfə artıb, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi, məşğulluqda payı isə 75 faizi ötüb.

Yeri gəlmişkən, burada diqqəti bir məqama da yönəltmək istərdik. Qloballaşan dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalar demək olar ki, əksər ölkələrdə sərmayə qoyuluşunu azaldıb. Ancaq Azərbaycandakı mövcud investisiya imkanları və yaradılan əlverişli biznes mühiti yerli xarici investorlarıın ölkəmizə marağını artırıb. Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da genişlənib. Elə bunun nəticəsidir ki, son 14 ildə ölkə iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi 107,2 milyard dollar təşkil edib.

Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Şübhəsiz ki, burada etibarlı tərəfdaş amili də xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir.

Hazırda respublikamızda aparılan iqtisadi islahatların kökündə sosial problemlərin tamamilə aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir vətəndaşın rifahının artırılmasına imkan verən mühitin formalaşdırılması vəzifəsi dayanır. Belə bir vəzifə   isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sisteminin, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilir.

 Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında