Qeyri-neft sənayesi sürətlə inkişaf edir

Cari ildə Azərbaycan iqtisadiyyatı öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Post-neft dövrü elan edilən vaxtdan - yəni 2015-ci ilin sonlarından bu günə qədər düşünülmüş proqramlar çərçivəsində real sektorun bütün sahələrində ciddi uğurlar qazanmağa hesablanmış mühüm addımlar atılır. Bu uğurların parametrlərini əyani şəkildə nümayiş etdirən iki göstəriciyə nəzər salmaq kifayətdir. Ötən ilin yekunları üzrə ölkə iqtisadiyyatının qeyri-neft sektorundan ixracın həcmi 36,1 faiz artmış, cari ilin iki ayı ərzində isə qeyri-neft sənayesində 8,4 faiz artım qeydə alınmışdır.

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı həlqəsi sənayedir. Ölkə rəhbərliyinin düşünülmüş neft-qaz strategiyasının reallaşdırılması nəticəsində formalaşan dayanıqlı maliyyə resursları mövcud sənaye potensialından səmərəli istifadə imkanlarını kifayət qədər genişləndirdi. Hazırda regionlarda sürətlə yaradılan sənaye zonaları və sənaye məhəllələri çərçivəsində ölkənin müxtəlif bölgələrində onlarla yeni müəssisələr qurulub istifadəyə verilir. Bu müəssisələr artıq iqtisadiyyatın inkişafında öz sözünü deməyə başlayır.

Bu gün Azərbaycanda Sumqayıt Kimya-Sənaye Parkı, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları, Neftçala, Masallı, ­Hacıqabul və Sabirabad sənaye məhəllələri fəaliyyət göstərir. Yaxın gələcəkdə ölkənin digər regionlarında da belə sənaye zonaları yaradılacaqdır. Bununla bağlı hazırda İqtisadiyyat Nazirliyində xüsusi araşdırmalar aparılır. Ümumiyyətlə ölkə iqtisadiyyatının inkişafını nəzərdə tutan dövlət proqramlarının işlənib hazırlanmasında və onların reallaşdırılmasında bu nazirliyin fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Son bir neçə il ərzində İqtisadiyyat Nazirliyinin bilavasitə rəhbərliyi ilə yaradılan sənaye zonalarından biri də Neftçala sənaye məhəlləsidir. Bu günlərdə nazirliyin rəhbərliyinin təşəbbüsü ilə bir qrup müstəqil iqtisadçı və media nümayəndəsi bu sənaye məhəlləsinə səfər edərək orada yaradılan istehsal müəssisələri ilə yaxından tanış oldu. Onların arasında mən də vardım. Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsi 24 sentyabr 2017-ci il tarixdə açılıb. Burada dövlət vəsaiti hesabına sahibkarlar üçün bütün infrastruktur yaradılıb. Sənaye Məhəlləsinin ərazisində yüksək standartlara cavab verən 7 istehsal modullu inzibati bina, texniki və köməkçi binalar tikilib.

Ümumilikdə, hazırda Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb, 500-ə yaxın daimi iş yeri açılıb. Sahibkarların marağı nəzərə alınaraq yeni layihələrin icrası məqsədilə Neftçala Sənaye Məhəlləsinin ərazisinin əlavə 10 hektar genişləndirilməsi nəzərdə tutulur.

Əsasən yerli xammal əsasında təşkil edilmiş bu istehsal müəssisələri ilk növbədə ölkənin daxili bazarının təlabatını ödəməklə ixracın əvəzlənməsində öz sözlərini deyəcəklər. İkinci mərhələdə həmin məhsulların xarici bazarlara ixracı nəzərdə tutulur. Bu isə Azərbaycana valyuta
daxilolmalarının həcminin artırılmasına xidmət edəcəkdir.

Neftçala Sənaye Məhəlləsində inşa edilmiş ən iri müəssisə “Khazar” Avtomobil Zavodudur. “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı zavodun ümumi dəyəri 15 milyon ABŞ dollarıdır. Zavodun səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsusdur. Avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyalar, avadanlıq və mexanizmləri əsasında "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunacaqdır. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.

“Khazar” avtomobil zavodunun tikintisi təkcə Azərbaycanda yeni avtomobil zavodunun yaradılması demək deyil. Bu zavodda gələcəkdə bütün dünyaya “Made in Azerbaijan” brendi kimi tanıdılacaq yeni Azərbaycan avtomobili istehsal edilir. Bu istehsalın getdikcə genişləndirilməsi və onun məhsullarının dünyanın bir çox ölkələrinə ixracı nəzərdə tutulur. Bu gün zavodda istehsal olunan avtomobillərin əsas hissələri İran İslam Respublikasından gətirilsə də qarşıya məqsəd qoyulub ki, yaxın gələcəkdə bu hissələrin əksəriyyəti Azərbaycanda istehsal edilsin.

Yaxın gələcəkdə ölkənin digər bölgələrində də yeni sənaye zonalarının yaradılması iqtisadiyyatımızın qeyri-neft sektorunun böyüməsinə və onun aparıcı sahəyə çevrilməsinə imkan verəcəkdir.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında