Son 15 ildə uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf yolu keçən iqtisadiyyatı kimi tanınıb

Prezident İlham Əliyevin TASS İnformasiya Agentliyinə müsahibəsində bu məsələyə xüsusi diqqət yetirilib

 Son illərdə ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi amilin ön plana çəkilməsidir. Bu dövrdə dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edib, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırıb.

Azərbaycan hökuməti iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla həyata keçirir. Ona görə də hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər isə qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm önəm daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində də bu məsələlərə xüsusi aydınlıq gətirib. Məsələn, dövlət başçısı son illərdə Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi ilə bağlı fikirlərinə geniş yer verib. Bu, təsadüfi deyil. Çünki Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edib. Bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb. Ötən müddətdə bu sahəyə xüsusi diqqət və qayğı göstərilib, müxtəlif layihələr həyata keçirilib. Bunun nəticəsində respublikada turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada turizm istiqaməti kimi tanınmağa başlayıb. Beynəlxalq turizm bazarına inteqrasiya isə ilbəil, daha geniş şəkildə aparılır. “Valyuta gətirən sahələrdən biri də turizmdir” - deyən ölkə rəhbəri İlham Əliyev bu günün reallıqlarını əsas tutaraq xalqımızın zəngin irsinin dünyada təbliği və tanıdılması istiqamətində bu sahəyə daha çox üstünlük verilməsinin, xüsusi diqqət və qayğı göstərilməsinin vacibliyini bir daha qeyd edərək vurğulayıb: “Onu da deməliyəm ki, son vaxtlar bizə çoxlu turistlər gəlir. Son üç ildə turizm çox inkişaf edib. Bütün bunlar bizim həyata keçirdiyimiz fəaliyyətin nəticəsidir. Azərbaycan sabit ölkədir, Azərbaycan xalqı öz qonaqpərvərliyi ilə məşhurdur, ölkəmizdə işləmək, istirahət etmək üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, əlbəttə, gələcəkdə bu cür tədbirlər daha çox olacaq. Biz öz tərəfimizdən həmişə çalışırıq ki, sıx əməkdaşlıq etdiyimiz ölkələrin öz arasında da yaxşı işgüzar münasibətlər olsun. Biz bu regionda yaşayırıq. Bu regionda baş verən bütün hadisələr istər-istəməz bizə müəyyən dərəcədə təsir edir. Buna görə də biz çalışmalıyıq ki, özümüz üçün riskləri beynəlxalq əməkdaşlıq vasitəsilə minimuma endirək. Əgər biz dünyanın aparıcı ölkələri arasında gərginliyin azaldılması işinə hər hansı kiçik töhfə verə biliriksə, əlbəttə, gələcəkdə də bunu edəcəyik”.

Azərbaycan Prezidenti müsahibəsində vurğulayıb ki,  hərtərəfli siyasi islahatlar ölkənin siyasi sisteminin təkmilləşməsini və müasir standartlara uyğunlaşmasını əsaslı surətdə təmin edib. İnsan hüquq və azadlıqları, o cümlədən siyasi azadlıqlar, söz və mətbuat azadlığı tam təmin edilib, idarəetmənin optimallaşdırılması və səmərəliliyinin artırılması sahəsində ciddi addımlar atılıb.

Onu da deyək ki, 2016-cı ildə keçirilən referenduma əsasən, həyata keçirilən Konstitusiya islahatları siyasi islahatların dərinləşməsi istiqamətində ən uğurlu addımlardan sayıla bilər. Bu islahatların nəticəsində Azərbaycan dövlətinin daha qüdrətli və möhtəşəm görkəm alması haqlı olaraq xalqımızın qürur və iftixar mənbəyinə çevrilib. 2012-ci ildə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, mötəbər beynəlxalq təşkilatlarda respublikamızın layiqincə təmsil olunması, tam müstəqil xarici və daxili siyasət yürütməsi dövlətimizin gücünün və müstəqilliyinin ən bariz ifadəsidir.

Bu qüdrətin digər bir nümunəsi isə ordumuzun döyüş qabiliyyətinin heç zaman olmadığı qədər yüksəlməsi hesab edilməlidir. 2016-cı ilin Aprel döyüşlərində düşmənə endirilən sarsıdıcı zərbə, işğaldan azad olunaraq yenidən qurulan Cocuq Mərcanlı qəhrəman Azərbaycan Ordusunun döyüş şücaətinin unudulmaz səhifəsi, dövlətin uğurlu siyasətinin parlaq nümunəsidir.

Yeri gəlmişkən, Azərbaycanda 2014-2018-ci illərdə baş verən ən mühüm hadisələrə də qısa nəzər salaq. Xatırladaq ki, bu müddətdə köklü iqtisadi islahatlar icra edilib. Bölgələrin siması müasirləşib, həyata keçirilən tikinti, abadlıq-quruculuq işləri, yeni sənaye müəssisələrinin yaradılması, iş yerlərinin açılması ölkəmizin ümumi inkişafına böyük təkan verib, dövlətimizin qüdrətini artırıb, müstəqilliyimizi möhkəmləndirib. Respublikada reallaşdırılan nəhəng transmilli infrastruktur layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişib. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilib. Bu qurğudan çıxan su keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir.

Azərbaycanda böyük gəmiqayırma zavodu inşa edilib. Bu müəssisə hazırda bütün növ gəmilər istehsal edə bilmək gücündədir.   Yeni istifadəyə verilən Ələt Dəniz Ticarət Limanı isə Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanıdır.

Bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə ən önəmli layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi iqtisadiyyata böyük valyuta axınını təmin edib.

Bir sözlə, ardıcıl və sistemli şəkildə həyata keçirilən iqtisadi siyasət nəticəsində möhtəşəm nailiyyətlər əldə edilib. Mixail Qusmanın “bu son beş il Sizin üçün, ölkəniz üçün nə ilə əlamətdar olub”– sualına Azərbaycan Prezidentinin cavabında da sözügedən dövrün iqtisadi mənzərəsi ətraflı verilib. Dövlət başçısı bildirib ki, bu illər ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib. Nəzərdə tutulan tədbirlər həyata keçirilib. Əldə edilən uğurlar beynəlxalq strukturlar tərəfindən də yüksək qiymətləndirilib. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutub. Elə həmin Davos Forumunun inklüziv inkişaf indeksinə görə isə respublikamız inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerdə qərarlaşıb. Azərbaycanda iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olunub, yüz minlərlə yeni iş yeri yaradılıb, işsizlik təxminən beş faiz səviyyəsindədir.

Azərbaycan Prezidenti sosial-iqtisadi inkişafın prioritet istiqamətlərindən danışarkən bildirib ki, ötən dövrdə iqtisadi müstəqilliyin tam təmin edilməsinə xüsusi diqqət yetirilib, çünki bu, siyasi müstəqilliyin əsasıdır. Ona görə ki, əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, onda müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzləşir. Buna görə də bu, Azərbaycanda fəaliyyətin başlıca istiqaməti olub və hazırda da respublika iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkə kimi tanınıb.

Dövlət başçısı fikirlərini konkret rəqəmlərlə əsaslandırıb: “Son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, zənnimcə, bu, dünya rekordudur. Çox böyük investisiya layihələrinə baxmayaraq, bizdə xarici borcun sabitləşdirilməsi üzrə də iş aparılıb. Bu gün xarici borc ümumi daxili məhsulun təxminən 20 faizinə bərabərdir. Mən qarşıdakı illərdə bu borcun xeyli azaldılması barədə göstərişlər vermişəm. Azərbaycanın valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun həcminə bərabərdir. Başqa sözlə desək, biz istəsək bir neçə gün və ya bir neçə ay ərzində bütün borcları ödəyə bilərik. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər sabitdir və bizim həyata keçirdiyimiz investisiya layihələri, əlbəttə ki, əlavə mənfəət gətirəcək. Onu da qeyd etməliyəm ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub”.

Prezident İlham Əliyev müsahibəsində son illərdə əldə edilən digər uğurlardan da danışıb. Respublikanın enerji sektorundakı nailiyyətlərə toxunan dövlət başçısı deyib ki, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən respublikaya çevrilib. Yaxın keçmişdə qaz idxal edilirdi, hazırda ölkə, eyni zamanda, bu təbii sərvətin ixracatçısı kimi tanınıb. Azərbaycanın həyata keçirdiyi iri neft-qaz layihələri böyük maliyyə resurslarını akkumulyasiya etməyə imkan verib. Artıq həm ölkə daxilində, həm də regional miqyasda nəqliyyat infrastrukturuna çox fəal şəkildə sərmayə qoyulub, bununla da gələcəkdə davamlı inkişaf üçün təməl yaradılıb.

Dövlət başçısı müsahibə-sində qarşıdakı illərdə Azərbaycanda hələ görülməli işlərin az olmadığını da bildirib. Xatırladıb ki, iqtisadiyyatın şaxələndirilməsi siyasəti bundan sonra da davam etdiriləcək, neft-qaz amilindən müəyyən dərəcədə asılılığın azaldılması və qeyri-neft sektorunda ixracın artırılması prioritet istiqamətlər kimi diqqətdə saxlanılacaq. Hazırda bu məsələlərlə bağlı ciddi tədbirlər həyata keçirilir. Bu gün qeyri-neft sektorunda ixrac 20-30 faiz artırılıb. Bununla bərabər, bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda yeni iş yerlərinin yaradılmasına xüsusi önəm verilir.  Son 15 ildə 1 milyon 400 min iş yeri yaradılması bunun bariz ifadəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev daha sonra deyib: “Lakin bu illər ərzində Azərbaycan əhalisinin sayı 1 milyon 500 min nəfər artıb. Zənnimcə, bu da iqtisadi artımın indikatorudur. Buna görə iqtisadiyyatımız bizim demoqrafiyanı daim qabaqlamalıdır. Mən hökumətin qarşısında bu vəzifəni qoymuşam və biz bu istiqamətdə işləyirik. Buna görə yeni istehsalatların, əhalinin daha artıq sayı üçün nəzərdə tutulan sosial infrastrukturun yaradılması qarşıdakı illərdə əsas prioritet olacaq”.

Dövlət başçısı müsahibəsində diqqəti digər iqtisadi uğurlara da yönəldib. Bildirib ki, son 15 ildə Azərbaycanda 30-dan çox elektrik stansiyası istifadəyə verilib və respublika elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatdırılacaq. Son illərdə hər il 100 min hektardan çox suvarılan torpaq istifadəyə verilib. Bu, kənd təsərrüfatının inkişafına güclü təkan verib. Bu il də daxil olmaqla son 15 ildə Azərbaycanda 15 min kilometr yol çəkilib. Ötən 15 il ərzində
3 min 100-dən çox məktəb tikilib. bu, bütün məktəb fondunun 80 faizi deməkdir. Eyni zamanda, 600-dən çox tibb müəssisəsi yenidən tikilib və ya təmir edilib.

Sosial məsələlərə belə ciddi münasibət bəslənilməsi də təsadüfi deyil. Çünki hazırda respublikamızda aparılan iqtisadi islahatların kökündə sosial problemlərin tamamilə aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir vətəndaşın rifahının artırılmasına imkan verən mühitin formalaşdırılması vəzifəsi dayanır. Belə bir vəzifə  isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sisteminin, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında