“Khazar” avtomobilləri xaricə ixrac olunacaq

Aprelin 5-də bir qrup iqtisadçı-ekspert və KİV nümayəndəsi Neftçala Sənaye Məhəlləsində olub, burada görülən işlər və bu yaxınlarda istifadəyə verilmiş “Khazar” Avtomobil Zavodunun fəaliyyəti ilə əyani tanış olublar.

İqtisadiyyat Nazirliyindən verilən məlumatda deyi­lir ki, ekspertlər və KİV nümayəndələri “Khazar” Avtomobil Zavodunun istehsal prosesi və hazır avtomobilləri ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.

Bildirilir ki, martın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı edilmiş “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsindəki ən iri müəssisədir. Zavod re­gionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına inves­tisiya qoyuluşunun artma­sında, eləcə də Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq. “Azərmaş” ASC və “İran Khod­ro” şirkətlərinin birgə yaratdığı zavodun ümumi dəyəri 15 milyon ABŞ dollarıdır. Zavodun səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsusdur. 10 hektar ərazidə tikilmiş avto­mobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Za­vodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları əsasında “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peu­geot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avto­mobil modelləri istehsal olunur. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.

“Khazar” Avtomobil Zavodunun tikintisi məqsədilə Azərbaycan dövləti tərəfindən xüsusi dəstək tədbirləri göstərilib, müxtəlif vergi güzəştləri və azadolmaları tətbiq edilib, zəruri infrastruktur yaradılıb. Bu dəstək tədbirləri nəticəsində zavodun tikintisi zamanı təqribən 5 milyon ABŞ dollarına qənaət edilib. Bütün bunlar isə avtomobillərin daha ucuz qiymətə istehsalında və satışında önəmli göstəriciləridir. Zavodda 300 nəfər işlə təmin olunacaqdır.

Neftçala Sənaye Məhəlləsində Avtomobil Za­vodunun yaradılması bir sıra köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.

Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 24 sentyabr 2017-ci ildə açılıb. Burada dövlət vəsaiti hesabına sahibkarlar üçün bütün infrastruktur yaradılıb.

Ümumilikdə, hazırda Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxa­nası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb, 500-ə yaxın daimi iş yeri açılıb.

Sənaye Məhəlləsində sahib­karlara ümumi mühasibatlıq, hü­quqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, “Start-up”lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir.

Sahibkarların marağı nəzərə alınaraq yeni layihələrin icrası məqsədilə Neftçala Sənaye Məhəlləsinin ərazisinin əlavə 10 hektar genişləndirilməsi nəzərdə tutulur və artıq müvafiq prose­durlara başlanılıb.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında