Azərbaycan-İran əlaqələri dostluq və qardaşlıq şəraitində inkişaf edir

Ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi İran İslam Respublikasına səfərləri Azərbaycanla İran arasındakı münasibətlərin əsasını qoyub. “Azərbaycanın və İranın tarixi keçmişi, ölkələrimizin coğrafi vəziyyəti, dövlətlərimizin bugünkü siyasəti bizi bundan sonra da daha sıx əməkdaşlığa dəvət edir”, – deyən ulu öndər ali hakimiyyətə qayıdışından sonra da Azərbaycan-İran əlaqələrinin inkişafını diqqətdə saxlayıb, dövlətlərarası münasibətlərimiz yeni mərhələyə yüksəlib. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında imzalanan sənədlər, münasibətlərimizin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açıb.

Martın 28-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına rəsmi səfəri də bunun bariz ifadəsidir.

Xatırladaq ki, son 4 il ərzində 10 dəfə görüşən iki dövlət başçısı bu görüşlərin hər birini yüksək dəyərləndiriblər. İran İslam Respublikası Prezidentinin budəfəki səfəri çərçivəsində keçirilən görüşlərdə də bu məqam xüsusilə vurğulanıb. Tərəflər əldə edilən bütün razılaşmaların icra olunduğunu, siyasi, iqtisadi, mədəni, energetika, nəqliyyat, ümumilikdə bütün sahələrdə uğurlu əməkdaşlığın inkişaf etdiyini bildirərək, dövlətlərarası əlaqələrin sağlam zəmində qurulduğunu vurğulayıblar.

Bu barədə martın 29-da Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan–İran biznes forumunda ətraflı danışılıb. Forumdan əvvəl Neftçala Sənaye Məhəlləsində yaradılan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə layihəsi olan avtomobil zavodu barədə videoçarx nümayiş olunub.

Avtomobil zavodu ilə videobağlantıda bildirilib ki, dəyəri 15 milyon ABŞ dolları və səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsus olan bu müəssisədə İran İslam Respublikasının, eləcə də Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları əsasında müxtəlif avtomobil modelləri istehsal olunacaq. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq.

Müəssisədə ilkin mərhələdə – ildə 10 min avtomobil istehsal edilməsi nəzərdə tutulub. Sonrakı dövrdə istehsal həcminin 15 minə çatdırılması planlaşdırılıb.

Müasir texnologiya əsasında və “Avro 5” standartlarına uyğun istehsal olunan avtomobillərin hissələri də Azərbaycanda buraxılacaq.

Forumdan əvvəl, həmçinin nümayiş olunan Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı videoçarx da diqqət çəkib. Videoçarxda İran ərazisində Azərbaycan Dəmir Yollarının Astara terminalı haqqında ətraflı məlumat verilib.

Forumda çıxış edən Azərbaycanın dövlət başçısı bildirib ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri hazırda ən yüksək zirvədədir. Bu əlaqələr, eyni zamanda, region, dünya üçün böyük əhəmiyyətə malikdir. Çünki İran və Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr bütün bölgədə, Avrasiya qitəsində mühüm önəm daşıyır. 

Forumda ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Ona görə də biznes forumda iştirak edən iş adamlarına   əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin, eləcə də ixracın artırılması məqsədilə praktiki addımların atılması, bunun üçün mövcud şəraitdən səmərəli yararlanılması tövsiyə edilib.

Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasının da daim diqqət mərkəzində olması vurğulanıb. Bildirilib ki, son iki il ərzində görülən işlər bu yolun açılmasını sürətləndirib, yolun çatışmayan hissəsi Azərbaycan ərazisində inşa edilib, Astaraçay üzərində körpü salınıb. Artıq ilk sınaq qatarı Azərbaycandan İran ərazisinə keçib.

Forumda çıxış edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani deyib: “Azərbaycana budəfəki səfərimdə tarixi əhəmiyyət daşıyan qərarların qəbuluna nail olduq. Bu qərarlar gələcək illərdə iki ölkənin xalqları üçün daha aydın olacaqdır. O gün ki, yüklər Bəndər Abbas limanından, ya İmam limanından və ya Çarbahar limanından gəmilərdən vaqonlara yüklənəndə və bu qatar İranın cənub suları bölgəsindən İranın şimalına, yəni, Astaraya çatanda və sonra Azərbaycan ərazisindən Gürcüstana, Rusiyaya, Türkiyəyə istiqamətlənəndə, Şimali və Şərqi Avropaya yönələndə və yaxud da ki, Çin tərəfə istiqamət alanda, o gün daha aydın olacaqdır ki, Şimal-Cənub nəqliyyat dəhlizinin və Rəşt-Astara dəmir yolunun çəkilişinə dair qəbul etdiyimiz qərar iki ölkə arasındakı əlaqələrə nə qədər təsir edib. Siz tacirlər, sahibkarlar bu günü aydın görür və sabah görəcəksiniz ki, yüklər nə qədər tez, nə qədər ucuz, asan və təhlükəsiz şəkildə bölgə ölkələrinə çatdırılacaq. Biz dünyadakı rəqabətdə qabaqcıl mövqe tutmaq istəyiriksə, onun bircə yolu ucuz və qısa olan nəqliyyat istiqamətidir”.

İran İslam Respublikasının Prezidenti daha sonra bildirib ki, iki ölkə arasında enerji, neft, qaz, neft-kimya sahələrində geniş imkanlar var. Sahibkarlar, iş adamları bu sahələrdə fəal olmalıdırlar. Aqrar sektorda əməkdaşlıq gücləndirilməlidir. Səhiyyə, dərman istehsalı, qabaqcıl texnologiya, elm sahələrinində əməkdaşlıq diqqət mərkəzində saxlanılmalıdır.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani çıxışında energetika sahəsi, bank işi ilə bağlı iki ölkə arasındakı əlaqələrdə nəzərə çarpan çatışmazlıqların aradan qaldırılması zəruriliyinə də toxunub və yaxın gələcəkdə bu məsələlərdə müəyyən uğurların əldə ediləcəyinə əminliyini diqqətə çatdırıb. O, daha sonra deyib: “Biz ticarət sahəsində yeni mexanizmlərə ehtiyac duyuruq. Bizim yeni tariflərə, azad ticarətə ehtiyacımız vardır. Bu gündən bu işə başlamalıyıq. İki ölkənin müştərək komissiyası bu məsələni həll etməlidir. Mövcud olan çatışmazlıqlar aradan qaldırılmalıdır. Sərhədyanı bölgələr arasında əlaqələr günbəgün yaxşılaşmalıdır. Hava nəqliyyatı, dəmir yolu nəqliyyatı, yerüstü nəqliyyat sahəsində əlaqələrimiz genişlənməlidir. Xalqlarımız bir-biri ilə yaxından görüşmək imkanı qazanmalıdırlar, bir-birilərinin mədəniyyətindən, qədim abidələrindən, bir-birilərinə olan məhəbbətindən zövq almalıdırlar”.

Xatırladaq ki, dövlət başçılarının iştirakı ilə iki ölkə arasında əməkdaşlığa təkan verən bir sıra mühüm sənədlər də imzalanıb. Bu sənədlər hər iki xalqın qarşılıqlı əməkdaşlığını daha da gücləndirəcək. Bu baxımdan, İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu və Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında saziş mühüm önəm daşıyır.  

Yeri gəlmişkən, Xəzər dənizi ilə bağlı əldə edilən tarixi razılaşma İranla Azərbaycan arasında uzun illərdir ki, davam edən ziddiyyətlərə son qoydu. İki dövlət başçısının görüşündə tərəfləri qane etməyən məqamlar çözülərək müsbət əməkdaşlığa stimul verdi. Beləliklə, iki liderin öz xalqlarının və dövlətlərinin mənafeyi naminə atdıqları uğurlu addımların və regionda sülhə dayaq verən qərarın qəbul edilməsinin şahidi olduq. Bu tarixi razılaşma nəticəsində Xəzərdə dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, hər iki dövlətə və xalqa fayda gətirən yeni iqtisadi nailiyyətlərə imza atılacaq. Memorandumun imzalanması həm də bütün Xəzəryanı ölkələr üçün ibrətamiz nümunədir. Mübahisəli məsələlərin asan həllini ortaya qoyan müsbət nümunədir.

Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı imzalanan sənəd də ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirəcək. Xatırladaq ki,  Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında saziş Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq.

İran Prezidenti mətbuat üçün çıxışında Şimal-Cənub dəhlizinin İranın cənub bölgəsinin sularını, Fars körfəzini, Oman dənizini və Hind okeanını, həmçinin avtomobil yolu və dəmir yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Rusiya ilə, eləcə də Şimali və Şərqi Avropanı birləşdirdiyini vurğulayaraq deyib: “İki ölkənin Rəşt-Astara dəmir yolu barəsində qərarı dövlətlərimizin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir. Xəzər dənizində bizim çoxlu birgə mənafelərimiz vardır. Biz gərək elmi, iqtisadi, ticari, gəmiçilik, balıqçılıq, turizm sahələrində əməkdaşlıq etməklə maksimum səmərə əldə edək. Bu gün Xəzər dənizinin mənbələrindən və yataqlarından qarşılıqlı istifadədə əməkdaşlığımız xalqlarımızın mənafeyinə geniş xidmət etmiş olar”.

İki dövlət arasındakı iqtisadi əməkdaşlığın demək olar ki, bir çox sahələrdə davam etdirilməsi nəzərdə tutulur. Energetika sahəsində uğurlu əməkdaşlıq mövcuddur. “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının işlənməsi, eyni zamanda, Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi ilə bağlı olan sənədlər imzalanıb, son görüşdə isə çoxtərəfli əməkdaşlıq formatının energetika sahəsində də inkişafına qərar verilib.  

Azərbaycan-İran əlaqələrinin diqqət çəkən tərəfi həm də ondan ibarətdir ki, bu əlaqələr ikitərəfli formatdan çıxaraq artıq üçtərəfli, dördtərəfli əməkdaşlıq formatı çərçivəsində inkişaf edir. Azərbaycan, İran, Rusiya prezidentlərinin Bakıda və Tehranda keçirilən iki görüşü, Azərbaycan, İran, Türkiyə xarici işlər və digər nazirlərinin görüşü, Azərbaycan, İran, Gürcüstan, Türkiyənin xarici işlər nazirlərinin birinci görüşü bütünlükdə regional əməkdaşlığa, sabitliyə, sülhə dəstək verir.

Onu da qeyd etmək vacibdir ki, iki qonşu dövlətin hərbi sahədə də uğurlu əməkdaşlığı mövcuddur. Təhlükəsizlik sahəsində daim məsləhətləşmələr aparılır. Bunu cari il fevral ayının 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündən də görə bilərik. 

Müdafiə Nazirliyinin həmin görüşlə bağlı xəbərinə əsasən, Zakir Həsənov Dağlıq Qarabağ münaqişəsinin bugünədək həll olunmamasının regional sabitliyə ciddi təhdid təşkil etdiyini iranlı həmkarının diqqətinə çatdırıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması üçün səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.

General-mayor A.Hatəmi isə ölkələrimiz arasında hərbi sahədə  əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.

Əmir Hatəmi vurğulayıb ki, İran Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır.

Turizm sahəsində də yeniliklər tətbiq olunur. Artıq İran vətəndaşları Azərbaycanda vizaları aeroportlarda alacaqlar. Sadələşdirilmiş viza rejimi turistlərin axınını nəzərəçarpacaq dərəcədə gücləndirəcək. Əgər 2016-cı ildə 240 min İran vətəndaşı Azərbaycana gəlmişdisə, keçən il bu rəqəm 360 minə çatıb. Yeni qaydalar isə daha çox İran vətəndaşına ölkəmizi ziyarət etmək imkanı verəcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında