Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoruna uğurla transformasiya edir

Azərbaycan hökumətinin apardığı düzgün iqtisadi siyasət nəticəsində yola saldığımız 2017-ci ildə dünya iqtisadiyyatında baş vermiş qlobal böhranın fəsadlarının aradan qaldırılması təmin edildi. Cari ilin son iki ayı ərzində iqtisadiyyatda və onun real sektorunda əldə olunan nəticələr bir daha göstərdi ki, 2018-ci il Azərbaycan iqtisadiyyatında sürətli inkişaf ili olacaq və qarşıdakı illərdə iqtisadiyyatımız dünya ölkələri içərisində öz əvvəlki aparıcı yerini təmin edəcək.

Son iki ay ərzində bütövlükdə qeyri-neft sektoru 2,3 faiz, qeyri-neft sənayesi 8 faizdən çox, kənd təsərrüfatı 3,4 faiz – onun bitkiçilik sahəsi isə 40 faizdən çox artmışdır. Belə iqtisadi fəallıq, eyni zamanda, ölkədə yeni-yeni iş yerlərinin açılmasına şərait yaradır.

Azərbaycan iqtisadiyyatının ən aparıcı sahələrindən biri aqrar sektordur. Bu sektorun bütün istiqamətlərdə sürətli inkişafını təmin etmək məqsədilə hökumət son 2-3 il ərzində mümkün olan ən zəruri tədbirləri görüb. Əldə olunan nəticələr həmin tədbirlərin nə qədər səmərəli olduğunu tam aydınlığı ilə ortaya qoyur. Aqrar sektorda son iki il ərzində ayrı-ayrı məhsulların istehsalında artım templərinin faizlə deyil, dəfələrlə ölçülməsi bu sahədə artıq inqilabi dönüşün başlanğıcının qoyulduğunun göstəricisidir.

Azərbaycan hökumətinin aqrar sektorun inkişafına dair düşünülmüş siyasəti, ilk növbədə, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsini hədəfləyir. Bu, ən doğru və məntiqi bir seçimdir. Çünki Sovetlər dövründə Azərbaycanda texniki məhsulların istehsalında yüksək nəticələr əldə edilsə də, ölkə daxilində istehlak olunan ərzaq məhsullarının böyük bir hissəsi kənardan gətirilirdi. Bu siyasətin kökündə yerli-yersiz inteqrasiya prinsipləri tətbiq etməklə bütün respublikaları mərkəzdən asılı vəziyyətdə saxlamaq məqsədi dayanırdı.

Əslində elə o illərdə də Azərbaycanın özünü bütün əsas ərzaq məhsulları ilə təmin etmək imkanları vardı. Lakin Sovetlər birliyinin planlı iqtisadiyyatı buna imkan vermirdi. On illər ərzində ölkənin ərzaq təminatında yaradılmış bu disproporsiyanın aradan qaldırılması müstəqillik dövründə hökumətin əsas hədəflərindən birinə çevrildi. Elə bu səbəbdən də son illər ərzində Azərbaycan hökuməti aqrar sektorun inkişaf prinsiplərini müəyyənləşdirərkən ön mövqeyə ərzaq təhlükəsizliyi məsələlərini çıxardı.

 Nəticələr özünü çox gözlətmədi. Artıq son bir neçə il ərzində ərzaq təhlükəsizliyi məsələlərinin həllində çox ciddi uğurlar əldə olunub. Bu gün Azərbaycan öz ərzaq təhlükəsizliyi problemini bir sıra məhsullar üzrə təmin edib və bəzi məhsullar üzrə də yaxın gələcəkdə tam təminat əldə olunacaq. Məsələn, indi biz ət istehsalı ilə özümüzü təxminən 100 faizə yaxın təmin edirik, süd istehsalı üzrə bu rəqəm hələlik 80-85 faiz səviyyəsindədir.Toyuq əti istehsalı isə yaxın bir-iki ilə 100 faizə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı ilə nəinki özümüzü təmin edirik, həm də onu artıq ixrac edirik.

Aqrar sektorun ən aparıcı sahələrindən biri pambıqçılıqdır. Pambıq istehsalı ənənəsi Azərbaycanda artıq böyük bir tarixə malikdir. Lakin son bir neçə il əvvəl ölkədə pambıq istehsalı getdikcə azalmış və bu sahə tamamilə sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Sahə üzrə ən aşağı göstəricilər 2015-ci ildə qeydə alındı. Həmin ildə 18 min hektar sahədə pambıq əkilmiş və cəmi 35 min ton pambıq tədarük edilmişdi.

Məhz bundan sonra Azərbaycan hökuməti aqrar sektorun bu mühüm sahəsinin sürətli inkişafını təmin edə biləcək ciddi addımlar atmağa başladı. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatdırıldı və pambıq istehsalı altı dəfə artırıldı. Belə bir nəticənin əldə olunması dövlətin bilavasitə qayğısı və dəstəyi nəticəsində mümkün oldu.

2017-ci ildə isə ölkədə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi. Pambıqçılığın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində çox mühüm addımlar atıldı. Belə ki, dövlət xətti ilə 500-ə yaxın pambıqyığan kombayn, böyük həcmdə digər müasir texnika alınaraq ölkəyə gətirildi. Bu texnikanın böyük bir hissəsi artıq Azərbaycandadır, qalan hissəsinin alınıb gətirilməsi üçün cari ilin büdcəsində 118 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, dövlət pambıq istehsalını maksimum stimullaşdırmaq üçün onun satınalma qiymətini tədricən artıraraq 41 qəpikdən 60 qəpiyə qaldırıb.

Keçən ildən başlayaraq ilk dəfə olaraq ölkəmizdə pestisid istehsal olunmağa başlayıb. Cari ildə Sumqayıtda böyük gübrə zavodu işə salınacaq və özümüzü lazımi gübrələrlə təmin edə biləcəyik.

Yola saldığımız 2017-ci ildə Neftçala Sənaye Məhəlləsində pivot suvarma sistemləri zavodu işə düşmüşdür. Bu zavodun pambıqçılığın inkişafında çox böyük rolu olacaqdır. Çünki pivot altında olan pambıq sahələrində hektardan 35-40 sentner pambıq götürmək mümkündür, bu isə respublika üzrə keçən ilki orta məhsuldarlıq göstəricisindən 3 dəfəyə qədər çoxdur.

Yeni əkin sahələrinin dövriyyəyə cəlb edilməsi sahəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlər təqdirəlayiqdir. Belə ki, son 14 ildə bu qurum tərəfindən 4 min kilometr uzunluğunda suvarma kanalları, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri yenidən qurularaq bərpa olunmuş, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib.

Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib istifadəyə verilib. Yola saldığımız 2017-ci ildə isə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən respublikanın 25 rayonunda 69 min hektar pay torpaqlarında və 67 min hektar dövlət fondu, qış otlaq sahələrində, bələdiyyə və meşə torpaqlarında əkilmiş 136 min hektar pambıq sahəsini suvarma suyu ilə təmin etmək üçün 6800 kilometr suvarma kanalları və 1500 kilometr kollektor-drenaj şəbəkələri lildən təmizlənib, 463 hidrotexniki qurğu, 22 nasos stansiyası təmir edilib.

Su təminatı çətin olan fond torpaqlarında və qış otlaq sahələrində əkilmiş pambıq tarlalarının suvarılması üçün 1436 kilometr yeni suvarma kanalları, 180 hidrotexniki qurğu tikilib. Suvarmanın mütəşəkkil keçirilməsi üçün ASC tərəfindən lazımi
texnika, nasos, avadanlıq ayrılıb. Ümumilikdə, pambıq sahələri keçən il
3,1 dəfə çox suvarma suyu ilə təmin edilib.

Bu gün ölkədə pambıq istehsalı ilə 200 minə qədər insan məşğul olur. Bu baxımdan, sahənin inkişafının sosialyönümlülüyü də yüksək qiymətləndirilməlidir. Heç şübhəsiz, bölgələrdə işsizliyin aradan qaldırılması sahəsində pambıqçılığın inkişafı çox mühüm bir addımdır.

Pambıqçılıq ixracyönümlü sahə olmaqla yanaşı, emal sənayesinin inkişafına da yaxşı imkanlar açır. İndi Azərbaycanda bir neçə pambıqtəmizləmə zavodu fəaliyyət göstərir. Mingəçevir Yüngül Sənaye Parkında daha iki yeni müəssisə fəaliyyətə başlamışdır. O müəssisələrdə 700-dən çox insan işləyir və 20 min ton iplik istehsal olunacaq. Bu da əvvəlki dövrdə istehsal olunan ipliyin demək olar ki, yarısıdır. Bu müəssisələrin yaradılması məhz pambıqçılığın inkişafı nəticəsində mümkün oldu. Əgər Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməsəydi, bu müəssisələrə də ehtiyac qalmazdı. Çünki bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər.

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sektorun inkişafında intensiv metodlardan istifadəyə böyük üstünlük verilir. Bu da təbiidir. Müasir dövrdə aqrar sektorun intensiv inkişafına dünyanın qabaqcıl və inkişaf etmiş ölkələrində daha çox üstünlük verilir. Yeni texnologiyaların işlənib hazırlanması və tətbiqi nəticəsində aqrar sektorun intensiv inkişafına nail olmaq mümkündür. Bəs nə üçün müasir dövrdə aqrar sahənin ekstensiv inkişaf yolundan daha çox onun intensiv inkişafına üstünlük verilir? Bu sualın cavabı çox sadədir. Əkin sahələrinin sonsuz olaraq genişləndirilməsi mümkün deyil. Belə olan halda ən doğru yol, mövcud əkin sahələrindən daha intensiv şəkildə istifadə etməkdir.

Məhsuldar torpaq sahələrinin tükəndiyi, əhalinin sayının isə durmadan artdığı bir şəraitdə mövcud torpaq sahələrindən daha çox məhsul götürmək kimi bir seçimə alternativ heç nə ola bilməz. Ona görə də bu vəziyyətdə elm və texnikanı inkişaf etdirmək yolu ilə mövcud əkin sahələrindən daha çox məhsul əldə etmək lazımdır. Aqrar sektorun sürətlə inkişaf etdiyi ölkələrdə bu sahədə çox yaxşı təcrübələr mövcuddur. Məsələn, kənd təsərrüfatında daha çox məhsuldarlıq ərazicə kiçik olan İsrail, Hollandiya, Danimarka kimi ölkələrdə nümunəvi bir səviyyədədir. Səbəb aydındır, bu ölkələrdə əkinə yararlı yeni torpaq sahələri tapmaq elə də asan məsələ deyil, yeni əkin sahələri yaratmaq isə çox xərc tələb edir.

 Azərbaycan da artıq aqrar sektorun intensiv inkişaf yoluna qədəm qoymağa başlayır. Yeni texnologiyaların tətbiqi hesabına bitkiçilikdə məhsuldarlığın artırılması və daha məhsuldar heyvanların yetişdirilməsinə üstünlük verilməsi kursu yaxın gələcəkdə aqrar sektorda məhsuldarlığın dəfələrlə artmasına imkan yaradacaq. Bu isə həm ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, həm də ixrac potensialının genişləndirilməsi üçün yeni imkanlar
açacaq.

Gələcəkdə Azərbaycanda pambıqçılığın inkişafının yalnız məhsuldarlığın artırılması hesabına təmin edilməsi nəzərdə tutulur. Keçən il pambıq istehsalında respublika üzrə orta məhsuldarlıq 15,2 sentner olmuşdur. Əgər bu göstərici 20 sentner səviyyəsində təmin edilsəydi, onda 270 min ton pambıq tədarük olunardı. Ayrı-ayrı fermerlərin keçən il hər hektardan 50-55 sentner məhsul götürə bilməsi onu göstərir ki, belə məhsuldarlığa nail olmaq mümkündür. Sadəcə, istehsalda müasir metodlardan və yeni texnologiyalardan istifadəyə üstünlük vermək lazımdır.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında