Azərbaycanda pambıqçılığın inkişafına mühüm dövlət dəstəyi göstərilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirilib ki, kənd təsərrüfatının inkişafında bu sahə xüsusi önəm daşıyır. Pambıqçılığın tərəqqisi əsasən 1970-1980-ci illərə təsadüf edir. Həmin dövrdə Azərbaycanda əkin sahələrinin 22 faizi pambıqçılığa ayrılmışdı. Düzdür, sonrakı illərdə də bu sahənin inkişafı unudulmamışdı. Lakin ərzaq təhlükəsizliyinə daha çox diqqət yetirildiyindən pambıqçılığın əkin sahələri azalmışdı. Ancaq son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha onu göstərir ki, bu sahənin çox böyük gələcəyi, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyəti var.

Müşavirədə qeyd edilib ki, ötən əsrin 70-ci illərində Azərbaycanda pambıqçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük edilirdi. Dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi dövrdə bu rəqəm 3 dəfə artdı və 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığıldı.

Bildirilib ki, pambıqçılığın Azərbaycanda qədim ənənələri var. Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olub. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Əgər statistikaya nəzər salınsa, görərik ki, ulu öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton–1 milyon tona qədər pambıq tədarük edilib.

Ulu öndərimiz tərəfindən pambıqçılığın inkişaf etdirilməsi kolxoz və sovxozların iqtisadiyyatının möhkəmlənməsinə, kənd sakinlərinin maddi rifah halının yaxşılaşmasına müsbət təsir göstərib. 1969-cu ildə pambıqçılıqdan 150 milyon manat götürüldüyü halda, 1976-cı ildə bu rəqəm 350 milyon manata çatıb. 1970-1976-cı illərdə kolxoz və sovxozlar tərəfindən pambıqdan 2 milyard manat əldə edilib. Bir sözlə, o dövrdə Azərbaycanda illik pambıq istehsalı yuxarıda qeyd edildiyi kimi, 1 milyon tona çatdırılıb. Ölkə büdcəsinin 22-25 faizini pambıqçılıq təmin edib.

Həmin dövrdə respublikamızda pambığın 39 sortu rayonlaşdırılıb. Rayonlaşan hər bir yeni sort əvvəlki sortlardan təsərrüfat qiymətli göstəricilərinə, məhsuldarlığına görə fərqlənib və ümumi istehsalın sabit artımına zəmin yaradıb.

Dahi öndər tez-tez pambıq tarlalarında, kənd adamları arasında olurdu və onlara öz dəyərli tövsiyəsini verirdi. O, qabaqcıl pambıqçıların, sürücü- mexaniklərin əməyini həmişə yüksək qiymətləndirir və onlara ölkənin ali mükafatlarını təqdim edirdi.

Pambıqçılığın dinamik inkişafının elmi əsaslarla nizamlanmasını daim diqqətdə saxlayan ulu öndər bu sahəyə hər cür qayğı göstərir, pambıqçılıq bölgələrində nəticəli fəaliyyət üçün əlverişli mühit yaradırdı. Ümummilli lider alimlərin yaradıcı əməyini də yüksək qiymətləndirir, bütün elmi-tədqiqat institutlarının məhsuldar elmi fəaliyyəti üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını daim nəzarətdə saxlayırdı.

Ulu öndər Azərbaycandan gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və 1990-cı ildə respublikada sözügedən sahənin tədarükü bir milyondan 500 min tona düşdü. Müstəqillik dövründə isə pambıqçılıq, demək olar ki, məhv olmaq təhlükəsi ilə üzləşmişdi.

Müşavirədə həmin illərdə pambıqçılıqda yaşanan böhranın səbəbləri də xatırladıldı. Bildirildi ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın ciddi maddi imkanları yox idi. Respublikamız çox ağır vəziyyətlə üzləşmişdi. Xüsusilə, AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, dağılırdı. Həm iqtisadi- siyasi, həm hərbi böhran ölkəmizi çox çətin vəziyyətə salmışdı. Hakimiyyətdəki təcrübəsiz şəxslər iqtisadiyyat haqqında heç bir biliyə, təcrübəyə malik deyildilər, o cümlədən, kənd təsərrüfatının inkişafı ilə bağlı islahatlar həyata keçirə bilmirdilər. Ümumiyyətlə, Azərbaycanda yaşanan xaos, anarxiya, hərc-mərclik ölkəmizin inkişaf etməsinə imkan vermirdi. Yalnız 1993-cü ildə xalq ulu öndərə üz tutaraq onu hakimiyyətə dəvət edəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da inkişaf dövrü başlandı, islahatlar aparıldı. Aqrar sahənin inkişafını sürətləndirmək məqsədi ilə kənd təsərrüfatında işləyənlər vergilərdən azad edildi.

Amma bütün bununla yanaşı, o zaman ölkə elə ciddi problemlərlə üzləşmişdi ki, pambıqçılığa həm maddi cəhətdən, həm vaxt baxımından diqqət ayırmaq prioritet məsələ deyildi. Azərbaycan çox ciddi çağırışlarla, təhlükələrlə qarşılaşmışdı.1990-cı illərdə sabitliyin bərpası, Azərbaycana böyük həcmdə investisiyanın cəlb edilməsi, respublikanı hərtərəfli inkişaf etdirmək üçün əsas vasitə kimi neft strategiyasının uğurla icrası prioritet vəzifələr kimi qarşıda dururdu.

Müşavirədə diqqətə çatdırıldı ki, atəşkəs imzalanandan, ölkədə baş alıb gedən anarxiyaya son qoyulandan sonra məhz Heydər Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində yenicə müstəqilliyini əldə edən Azərbaycanda dünya təcrübəsindən istifadə edilərək yeni layihələr və dövlət proqramları hazırlanmasına başlanıldı. Respublikamızda yeni mülkiyyət münasibətlərinə əsaslanan azad bazar iqtisadiyyatı formalaşdırıldı. Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi dövlət quruculuğu sahəsində islahatlar genişləndirildi. Həmin islahatların həyata keçirilməsindən danışarkən ulu öndər deyirdi: “Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk”.

Bu baxımdan da aqrar-torpaq islahatları birdəfəlik kampaniya deyildi. Bu, cox ciddi, həssas bir proses idi. Ümummilli lider böyük uzaqgörənliklə həm də sübut etdi ki, Azərbaycanda aqrar sahənin inkişafı aparılacaq torpaq islahatlarının nəticələrindən asılı olacaq.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1996-cı ildə qəbul olunmasına baxmayaraq, bu məsələnin təməli əslində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə - 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi ilə qoyulmuşdu. Torpaq-vətəndaş münasibətlərində həyata keçirilən tarixi və inqilabi hadisənin birinci mərhələsinin yekunlarını ulu öndər olduqca yüksək qiymətləndirərək demişdir: “Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır”.

Beləliklə, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və həmin proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. İndi qürurla deyə bilərik ki, ölkəmizdə aparılan torpaq islahatları tarixə “Heydər Əliyevin torpaq islahatları” modeli kimi yazıldı. Çünki məhz müstəqillik qazanıldıqdan sonra torpaq öz sahibinə verildi və bununla da Azərbaycanda vətəndaşlar torpaq mülkiyyətçisinə çevrildilər.

Müşavirədə ötən dövrdə aqrar sahədə əldə edilən uğulardan danışılarkən bildirilib ki, bu gün Azərbaycanda ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə mühüm göstəricilər qazanılıb, ət, süd, yumurta və digər sahələrdə istehsalın artımı dinamik xarakter alıb. Pambıqçılıqla bağlı vəziyyət də yaxşılığa doğru dəyişib. 2015-ci ilin sonlarından etibarən bu məsələ ilə ciddi məşğul olunub, 2016-2017-ci illərdə müşavirələr keçirilib. Ötən il pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilib. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatdırılıb. Yəni, bu müddət ərzində pambığın yığımı altı dəfə artırılıb. Təbii ki, bu, son hədd deyil.

Müşavirədə sözügedən sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə də ətraflı danışılıb. Xatırladılıb ki, ötən müddətdə dövlət xətti ilə böyük həcmdə müasir texnika alınıb. Gübrə ilə təminat yaxşılaşdırılıb. Dövləti bu sahəni demək olar ki, öz üzərinə götürüb, 70 faiz güzəştlə gübrələr verilib.

Qeyd edilib ki, pambıqçılıq əmək tutumlu sahədir. Məhz buna görə də sözügedən sahənin inkişafı nəticəsində on minlərlə yeni iş yeri yaradılıb. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşıb. Bu, bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində əldə edilən uğurlu göstəricidir.

Müşavirədə pambıqçılığın gəlirli və ixracyönümlü sahə olması, emal sənayesinin inkişafına müsbət təsir göstərməsi də xatırladılıb. Bununla əlaqədar pambıqtəmizləmə zavodlarının fəaliyyətinin genişlənməsi, keçən ildən başlayaraq pestisid istehsalına başlanılması, gübrə təchizatının yaxşılaşması, artıq Azərbaycanda suvarma texnikası istehsalının təşkil edilməsi bunun bariz ifadəsidir.

Müşavirədə yuxarıda qeyd edilənlərlə bərabər, aqrar sahənin inkişafını sürətləndirən meliorasiya və su təsərrüfatı sahəsində görülən işlərdən də ətraflı danışılıb. Bildirilib ki, son 14 ildə 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib.

Ötən il respublikanın 25 rayonunda 69 min hektar pay torpaqlarında və 67 min hektar dövlət fondu, qış otlaq sahələrində, bələdiyyə və meşə torpaqlarında əkilmiş 136 min hektar pambıq sahəsini suvarma suyu ilə təmin etmək üçün 6800 kilometr suvarma kanalları və 1500 kilometr kollektor-drenaj şəbəkələri lildən təmizlənib, 463 hidrotexniki qurğu, 22 nasos stansiyası təmir edilib. Su təminatı çətin olan fond torpaqlarında və qış otlaq sahələrində əkilən pambıq tarlalarının suvarılması üçün 1436 kilometr yeni suvarma kanalları, 180 hidrotexniki qurğu tikilib. Suvarmanın mütəşəkkil keçirilməsi üçün lazımi texnika, nasos, avadanlıq ayrılıb. Ümumilikdə, pambıq sahələri keçən il 3,1 dəfə suvarma suyu ilə təmin edilib.

Müşavirədə vurğulanıb ki, yerli icra hakimiyyəti strukturları ilə dəqiqləşdirilmiş məlumatlara əsasən, cari ildə respublikanın 25 rayonu üzrə təxminən 140 min hektar sahədə pambıq əkini nəzərdə tutulur. Bu sahələrin 38 min hektarı dövlət fondu, 32 min hektarı bələdiyyə və 70 min hektarı pay torpaqlarıdır. İndiyədək pambıq sahələrinə xidmət edən suvarma kanallarının 2200 kilometr, kollektor-drenaj şəbəkələrinin 820 kilometr hissəsi təmir edilib. Suvarmanın mütəşəkkil keçirilməsi üçün yerlərə kifayət qədər nasos və avadanlıq ayrılıb.

Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin bütün kollektivi suvarma və kollektor-drenaj şəbəkələrinin, nasos stansiyalarının, subartezian quyularının və hidrotexniki qurğuların təmiri işlərinə səfərbər edilib. Həyata keçirilən tədbirlər cari ildə də pambıq sahələrinin suvarma suyu ilə tam təmin edilməsinə şərait yaradacaq.

Ötən il 103 min hektar sahəyə suyun çatdırılması və su təminatının yaxşılaşdırılması işləri həyata keçirilib.

Şəmkir-Samux-Goranboy magistral kanalının İpək yolu ilə kəsişmə qurğusunda və ondan sonra kanalın 5 kilometrə qədər hissəsində tamamlama işlərini başa çatdırmaqla Goranboy rayonunda 8 min hektar, ötən ildə torpaq məcrada inşa olunmuş 54 kilometr uzunluğunda Yeni Mil-Muğan kanalının cari ildə beton üzlüyə alınması ilə Saatlı, Biləsuvar və İmişli rayonlarında daha 13 min hektardan çox yeni torpaq sahələrinin suvarma mövsümündə su ilə təmin edilməsi mümkün olacaq.

Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək Neftçala rayonunun 12400 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, Ağcabədi rayonunda isə 1900 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin olunacaq. Kür çayında yeni tikilən nasos stansiyasında və “H” kanalında tikinti işləri davam etdirilərək Sabirabad rayonunun kəndlərinin layihə üzrə qalan 7500 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq, eləcə də rayonun Kür çayı üzərindəki yeni nasos stansiyasında və magistral kanalda tikinti işlərini tamamlamaqla rayonun əlavə 9300 hektar qış otlaq sahələrinə suvarma suyu çatdırılacaq. Eyni zamanda, bu layihələr çərçivəsində Biləsuvar rayonunun 1600 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin ediləcək. Hacıqabul rayonunda isə meliorativ tədbirlər davam etdirilməklə 2700 hektar yeni suvarılacaq torpaqlara suvarma suyu çatdırılacaq.

Ayrılan vəsait hesabına respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 subartezian quyusu cari ildə qazılaraq istifadəyə veriləcək. Bu quyuların 126-sının 5 min hektara yaxın əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün ölkənin 13 pambıqçılıq rayonunda qazılması nəzərdə tutulub. Həmin quyular əsasən vegetasiya suvarma dövründə istifadəyə veriləcək.

Cari ildə kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən bu iri infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi nəticəsində pambıqçılıq rayonlarında 62 min hektar sahəyə, o cümlədən 30 min hektar yeni suvarılacaq torpaqlara suvarma suyu çatdırılacaq və 32 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Bu da ölkədə pambıqçılığın və digər ixracyönümlü kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradacaq.

Müşavirədə pambıqçılıqda yol verilən nöqsanlar da diqqətə çatdırılıb. Qeyd edilib ki, itkilər həm tarlalarda, həm də ki, yollarda minimuma endirilməlidir. Pambıq sahələrinə gedən yollar əsaslı təmir olunmalıdır. Qəbul məntəqələri və pambıqtəmizləmə zavodları fasiləsiz elektrik enerjisi ilə təchiz edilməlidir. Eyni zamanda, nasos stansiyalarına da fasiləsiz enerji verilməlidir. Kənd təsərrüfatı üzrə kadr hazırlığı diqqət mərkəzində saxlanılmalıdır. Məhsuldarlığın artırılması, növbəli əkin sisteminin tətbiqinə də mühüm önəm verilməlidir. Emal müəssisələrinin gücü artırılmalıdır. Pambıqtəmizləmə zavodları müasirləşdirilməlidir. Toxumun keyfiyyəti yaxşılaşdırılmalıdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında