Əhalinin ekoloji cəhətdən təmiz məhsullarla təmin edilməsi dövlətin diqqət mərkəzindədir

Ötən ay  ölkəmizdə qida təhlükəsizliyi qurumu yaradılıb. Bu,  çox ciddi məsələdir. Çünki bu  qurum  idxal olunan qida məhsullarının keyfiyyətinə nəzarət edəcək. Yəni ölkəyə keyfiyyətsiz, yaxud da insan orqanizmi üçün zərərli mallar gətirilməsinin qarşısı alınacaq. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda qeyd edildi  ki, ölkə regionlarının  sosial-iqtisadi inkişafı  uğurla gedir. Bununla yanaşı, deyildi ki, qarşıda daha mühüm vəzifələr dayanır.  Həmin vəzifələrdən biri də ekoloji cəhətdən daha təmiz olan kənd təsərrüfatı məhsullarının istehsalının təmin edilməsi və ərzaq təhlükəsizliyi məsələsinin daim diqqət mərkəzində saxlanılmasıdır.

Xatırladaq ki,  yanvarın 26-da  Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi, Səhiyyə, Kənd Təsərrüfatı  və İqtisadiyyat nazirliklərinin  balansındakı müvafiq laboratoriyaların Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilməsi haqqında dörd sərəncam imzalanmışdır. Bu, ölkəmizdə həmin məsələyə nə qədər önəm verildiyinin növbəti sübutudur.

Gənc müstəqil Azərbaycan dövlətinin bugünkü hərtərəfli  inkişafını görən əcnəbilər bəzən  bizim  dövlət müstəqilliyini bərpa etməyimizdən cəmi 27 il  keçdiyinə inana bilmirlər. Bəlkə də haqlıdırlar. Çünki Azərbaycan dövləti bu qısa müddətdə, sözün həqiqi mənasında,  bəzi dövlətlərin 50-60 ildə keçdiyi inkişaf yolundan da artıq nailiyyətə imza ata bilib. Bu isə təsadüfi deyil. Çünki indiki müstəqil dövlətimiz 1918-ci  ildə yaratdığımız Azərbaycan Xalq Cümhuriyyəti kimi mütərəqqi bir dövlətin varisidir. O dövlətin ki, cəmi 23 ayda cəmiyyət həyatının,  az qala,  bütün sahələrini əhatə edən qanun və qərarlar qəbul etməyə nail olmuşdu. Fəxrlə yada salırıq ki,  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 2018-ci ili ölkəmizdə “Xalq Cümhuriyyəti ili” elan edilib.

Müasir Azərbaycanın  hərtərəfli, sürətli inkişafını təmin edən ikinci səbəb isə mükəmməl siyasi idarəetmədir. 1993-cü ilin yayından 2003-cü ilin payızına qədər ölkəmizə və dövlətimizə rəhbərlik etmiş ulu öndər Heydər Əliyev elə bir siyasi kurs yaradıb ki, o kursun davam edəcəyi bütün dövrlərdə Azərbaycan xalqı yalnız  uğur və nailiyyətlərdən söz açacaq. Xalqımızın xoşbəxtliyidir ki, 2003-cü ilin payızından etibarən ölkəmizdə  ulu öndərin siyasi kursu böyük prinsipiallıq və qətiyyət, həm də yaradıcılıqla davam etdirilir.

Dövlətimizin  həyata keçirdiyi hərtərəfli və dərin islahatların, təsdiqlənmiş və icrası daim diqqət mərkəzində saxlanılan  proqramların hər biri haqqında istənilən qədər yazmaq və söz açmaq mümkündür. Mən isə  əhalinin sosial-rifah halının yaxşılaşdırılması, ərzaq bolluğunun yaradılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi  istiqamətlərində həyata keçirilən tədbirləri yada salmaq istəyirəm. İxtisasca kimyaçı-alim olduğuma görə isə həmin istiqamətlərin bilavasitə ekoloji amillərlə bağlı olan məqamlarına diqqət yönəltməyi vacib sayıram.

Bəri başdan qeyd edim ki, həmin məsələlər hələ 2008-ci ilin yayında  təsdiq edilmiş  “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanunla tənzimlənir. Bu qanun Azərbaycan Respublikasında əhalinin, torpağın, suyun, bitkilərin və heyvanların sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir. Bundan başqa, Azərbaycan Respublikasında Ekoloji cəhətdən dayanıqlı sosial - iqtisadi inkişafa dair Milli Proqram da qəbul edilmişdir.

Xatırladaq ki, müasir dövrdə atmosferin ozon qatının dağılması, iqlimin getdikcə istiləşməsi, səhralaşma prosesinin zaman ötdükcə daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirklənməsi ilə əlaqədar müxtəlif xəstəliklərin geniş yayılması bəşəriyyəti narahat edən ən qlobal ekoloji problemlərdəndir. Zaman keçdikcə qeyd olunan bu problemlərin həll edilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da aktuallaşır. Vaxtında həllini tapmamış, kiçik bir təbiət hadisəsi kimi izah olunan problemlər indi artıq bəşəriyyət qarşısında qlobal, qarşısıalınmaz fəlakətlərlə başa çata biləcək prosesə çevrilmişdi.

Dünyanın aparıcı dövlətlərinin hamısının qəbul etdiyi “Dayanıqlı inkişaf” Konsepsiyasının prinsiplərinin həyata keçirilməsinə xidmət edən Milli Proqram “Azərbaycan Respublikasının 2002- ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli  fərmanının 19- cu bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmışdır.  Milli Proqramın məqsədi Azərbaycan Respublikasında indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunmasından və təbii ehtiyatlardan səmərəli istifadə edilməsindən ibarətdir. Bunu gerçəkləşdirmək məqsədi ilə təbii ehtiyatlardan istifadə yolları  hazırlanıb və iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilir.

Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin ekoloji təmiz məhsullarla təminatının daha da yaxşılaşdırılması məhz bu iki mühüm dövlət sənədi əsasında reallaşdırılır. Məlum olduğu kimi, bu məsələ Azərbaycan hökuməti  qarşısında qoyulan əsas tələblərdən biri olaraq,   daim diqqət mərkəzindədir. Xatirimdədir, ötən il aprelin 17-də  qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində dövlət baçşısı  bu məsələni xüsusi vurğulayaraq demişdi  ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş hədəflərə nail olmaq üçün ciddi addımlar atılmalıdır. Müəyyən edilmiş hədəflərə əsasən, 3-4 il ərzində Azərbaycan əsas istehlak malları ilə özünü tam şəkildə təmin etməlidir.

Qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən   müşavirəsində dövlət başçımız demişdi ki, biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək. Ona görə, növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək.

Maraqlıdır ki, bu gün dünyanın bütün ölkələrində   ekoloji təmiz qida məhsullarına tələb daim artmaqdadır və bu məhsulların istehsalı bütövlükdə dünya üzrə dinamik  inkişaf edir. Təəssüflər olsun ki,  məhsulların qablaşdırılması, markalanması, saxlanması və dövriyyəsi qaydalarına bir çox hallarda əməl olunmur və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının ənənəvi üsullarla istehsal edilmiş məhsullardan fərqləndirilməsi istehlakçı üçün problemə çevrilir. Belə ki, müəyyən edilmiş tələblərə cavab verən məhsulların əksəriyyətinin üzərində ekoloji təmiz məhsul olması barədə xəbərdarlığın olmaması, digər tərəfdən daha çox gəlir əldə etmək məqsədilə məhsulların üzərinə saxta “ekoloji təmiz” adının vurulması istehlakçıların aldadılmasına gətirib çıxarır.

Beynəlxalq aləmdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarını istehsal edənlər üçün  bir sıra tələblər müəyyən edilib. Belə ki, bu məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməməli, emalında yalnız beynəlxalq və milli standartlarda icazə verilən təbii qida əlavələrindən istifadə olunmalı, sanitariya-gigiyena qaydalarına ciddi riayət edilməli, “torpaqdan süfrəyə” prinsipi əsas götürülməlidir. Bu yolla ərzaq istehsalında istifadə olunan xammalın, suyun, digər qatışıqların orqanizm üçün törədə biləcək potensial təhlükələr aradan qaldırılmış olur və son nəticədə əldə olunan məhsulun zəmanətli satışına əminlik yaradır.

Mütəxəssislərin fikrincə, həmin  məhsullar sertifikatlaşdırılmalı, təbii saxlama müddətinə malik olmalı, onların tərkibində pestisidlər, mineral gübrələr, antibiotiklər, boy hormonları, müxtəlif konservantlar, antioksidantlar, aromatizatorlar, stabilizatorlar, rənglər, tamvericilər və süni mənşəyə malik digər qatqılar olmamalıdır. Məhsul əsasən, üç parametr -- ekoloji təmiz xammal, ekoloji təmiz inqredientlər, ekoloji təmiz texnologiya əsasında istehsal edilməlidir. Malların ekoloji təmiz olduğu onların etiketlərində qeyd edilməlidir.

Ekoloji təmiz kənd təsərrüfatı məhsulları "EKO-keçid" və "EKO" sözləri göstərilməklə müvafiq sertifikatlaşdırma orqanının icazəsi ilə markalanır. Belə məhsulların markalanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

İndi diqqət yetirək. Son illər elə  ay olmur ki, hansısa bölgədə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və ya saxlanılması ilə bağlı olan obyektin açılışı barədə xəbər eşitməyək. Beynəlxalq aləmdə qeyd edirlər ki, hətta ekoloji cəhətdən təmiz olan məhsullar belə standartlara cavab verən şəkildə qablaşdırılmasa və ya normal şəraitdə saxlanılmasa sıradan çıxa və zərərli məhsula çevrilə bilər. Azərbaycan dövləti bu problemlərin öhdəsindən yüksək səviyyədə gəlir. Belə ki, son illər ölkəmizdə ərzaq məhsulları qabları istehsal edən bir neçə müəssisə və çoxsaylı anbarlar inşa edilib. Hamısının da ya təməlqoyma, ya da açılış mərasimi məhz dövlət başçımızın iştirakı ilə keçib. Yəni Azərbaycanda ekoloji cəhətdən təmiz məhsulların istehsal edilməsi, qablaşdırılması və saxlanılması dövlətin daimi diqqət mərkəzindədir.

Günel ƏMƏNULLAYEVA,
kimya üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında