Akademik Həsən Əliyevin təbiətin mühafizəsi ilə bağlı gördüyü işlər bu gün uğurla davam etdirilir

Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli təbiətşünas alim, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar respublika elmi konfransı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə foyedə alimin elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın Prezident İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Görkəmli alim H.Əliyevin elmə, təhsilə verdiyi töhfələrdən, bu sahələrin inkişafında əvəzsiz xidmətlərindən danışan AMEA rəhbəri onun ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin yeni istiqamətlərinin müəyyənləşməsində böyük rolu olduğunu deyib. Diqqətə çatdırılıb ki, akademik H.Əliyev zəngin elmi fəaliyyəti müddətində təbiətin mühafizəsinə dair kompleks proqram və layihələri uğurla həyata keçirib. Dünyanın bir sıra ölkələrində keçirilən müxtəlif konfranslarda, seminar və simpoziumlarda təmsil olunan alimin əsərləri elmi ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanıb.

Sonra AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov təbiətşünas alimin həyat və fəaliyyətinə dair məruzə ilə çıxış edib. Akademik H.Əliyevin keçdiyi çətin, lakin şərəfli ömür yolundan danışan məruzəçi gənc alimlər üçün örnək olan bu ömrün yarım əsrdən çoxunun ölkəmizdə coğrafiya, torpaqşünaslıq elmlərinin inkişafına və ekologiya məsələlərinə həsr edildiyini diqqətə çatdırıb. Bildirilib ki, akademik H.Əliyev Coğrafiya İnstitutuna rəhbərlik etdiyi illərdə torpaq-ekoloji tədqiqatlara və meşəçilik elminin inkişafına geniş yer verib, Azərbaycanda 40 min hektardan artıq meşə altından çıxmış torpaqlardan daha səmərəli istifadə etməyin yollarını müəyyənləşdirib. Alim ilk dəfə dağ yamaclarında az istifadəli torpaqlarda quru fitomeliorasiya işlərinin həyata keçirilməsinin elmi təşkilini uzun illər araşdırıb, ömrünün sonunadək həmin tədqiqatları davam etdirib.

 R.Məmmədov vurğulayıb ki, görkəmli alim hələ sovet dövründə Azərbaycanda beynəlxalq bioloji proqramın işlənib hazırlanmasında iştirak edib. Akademik H.Əliyev Böyük Qafqazın dağ-çəmən torpaqlarını öyrənməklə bütün Qafqazın torpaqlarının yaranması və yayılması qanunauyğunluqlarını araşdırıb.

Sonra ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun “Akademik Həsən Əliyev və Azərbaycanda təbiəti mühafizə” mövzusunda məruzəsi dinlənilib. Nazir təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onun mühafizəsinin təşkili sahəsində alimin fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin Azərbaycan təbiətinin, xüsusilə meşələrin qorunması, mühafizəsi və bərpası ilə bağlı gördüyü işlərdən danışıb. Bildirilib ki, akademik Həsən Əliyevin əsərlərində qeyd olunan ekoloji problemlər və onların həlli yolları bütün dövrlər üçün öz aktuallığını saxlamaqdadır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Akademik Həsən Əliyev və UNESCO-nun MAB fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Həsən Əliyevin innovativ fəaliyyətinə toxunan məruzəçi onun UNESCO çərçivəsində “İnsan və Biosfer” Azərbaycan Milli Komitəsinin yaradılması təşəbbüsünü xatırladıb. U.Ələkbərov biomüxtəlifliyin qorunub saxlanması və davamlı inkişafının həyata keçirilməsində bu proqramın əhəmiyyətindən söz açıb.

 Konfransda Bakı Dövlət Universitetinin professoru, coğrafiya elmləri doktoru Neron Babaxanov, Coğrafiya İnstitutunun şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İsmayıl Quliyev ömrünün 60 ilə yaxın bir dövrünü elmə həsr edən Həsən Əliyevin şəxsi keyfiyyətləri, təmənnasız xidmətləri, çoxtərəfli elmi, ictimai fəaliyyəti barədə fikirlərini bölüşüblər.

Daha sonra akademik Həsən Əliyev haqqında film nümayiş etdirilib.

Sonda mərhum akademikin oğlu, Əməkdar memar Rasim Əliyev konfransın təşkilinə görə ailəsi adından AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında