“Ekologiya: təbiət və cəmiyyət problemləri”

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli təbiətşünas alimi, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr edilən “Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda üçüncü beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən ölkədə silsilə tədbirlərin keçirildiyini deyib. Akademik H.Əliyevin həyat və fəaliyyətindən, elmə verdiyi töhfələrdən danışan A.Məhərrəmov Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində görkəmli alimin xidmətlərini xüsusi qeyd edib. Bildirilib ki, təbiət vurğunu olan H.Əliyevin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələr həyata keçirilib. Akademik H.Əliyevin əldə etdiyi uğurlardan danışan rektor diqqətə çatdırıb ki, alimin ən böyük mükafatı xalqının məhəbbətini qazanmaq olub. Mərhum akademikin qoyub getdiyi irsin öyrənildiyi, yaratdığı elmi məktəbin uğurla davam etdirildiyi vurğulanıb. A.Məhərrəmov bildirib ki, bu gün görkəmli alimin tələbələri və aspirantları, kitablarından təbiəti, xalqı sevməyi öyrənən minlərlə insan ildən-ilə çiçəklənən, inkişaf edən ölkəmizdə ekoloji mühitin saflaşdırılması, gələcək nəsillərə daha yaxşı vəziyyətdə çatdırılması üçün Həsən Əliyev ənənələrini davam etdirmək əzmindədirlər.

BDU-nun torpaqşünaslıq kafedrasının müdiri, akademik Qərib Məmmədovun “Elmi axtarışlarla keçən ömür” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi görkəmli alimin təbiətşünaslıq elmində, eləcə də ətraf mühitin mühafizəsi sahəsində xidmətlərindən danışıb. Bildirilib ki, Həsən Əliyev bir sıra qurumlara rəhbərlik etdiyi müddətdə ciddi ictimai və pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, elmi potensialından da səmərəli istifadə edərək tədqiqatlarını uğurla həyata keçirib.

“Akademik Həsən Əliyevin həyat dərsləri” mövzusunda çıxış edən, BDU-nun coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı görkəmli alimin elm təşkilatçısı və ictimai xadim kimi fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, H.Əliyev Azərbaycanda ətraf mühitin mühafizəsinə dair ilk kafedranın BDU-da açılması ideyasını irəli sürən və təşəbbüs göstərənlərdən birincisi olub. Mərhum alim həmin kafedrada xüsusi kurs üzrə mühazirələr oxuyub.

Plenar iclasda Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İsmayıl Quliyev akademik H.Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan elmi, ictimaiyyəti qarşısındakı əvəzsiz xidmətlərindən söz açıb, xatirələrini bölüşüblər.

Mərhum akademikin oğlu, Əməkdar memar Rasim Əliyev konfransın təşkilinə görə ailəsi adından BDU-nun rəhbərliyinə minnətdarlığını bildirib.

Konfrans işini bölmə iclasları ilə davam etdirib. İkigünlük konfransda 300-dən çox məruzənin dinlənilməsi nəzərdə tutulub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında