Azərbaycan Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının IV qurultayı

 Azərbaycan Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının  IV qurultayı keçirilmişdir. Qurultayda Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər  nazirinin müavinləri Firdovsi Əliyev və  Rauf  Hacıyev, Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyası  sədrinin  müavini  Cavanşir Alxasov, sahə həmkarlar ittifaqı respublika komitələrinin sədrləri, departament, idarə rəhbərləri, həmkarlar fəalları iştirak etmişlər.

Təbii Sərvətlər və Ekologiya İşçiləri  Həmkarlar İttifaqı Respublka Komitəsinin sədri Telman Quliyev  komitənin 2012-2017- ci illər dövründə  fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış etmişdir. O qeyd etmişdir ki, III qurultaydan ötən  beş ildə  Vətənimiz və təşkilatımız üçün bir çox hadisələrlə yadda qalmışdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratik dövlət quruculuğu prosesi respublika Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

Hesabat dövrü ərzində ölkəmizin ictimai-siyasi həyatında baş verən böyük dəyişikliklər həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə öz müsbət təsirini göstərmişdir. Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar  İttifaqı ötən qurultaydan sonra qarşıya qoyulmuş məqsəd və məramların yerinə yetirilməsi üçün üzvlərin ittifaqda sıx birliyinə nail olmuşdur. Həmkarlar ittifaqı  üzvləri təşkilatımızın fəaliyyətində fəal iştirak edərək, onun ətrafında sıx birləşiblər. Həmkarlar ittifaqı təşkilatı əməkçilərin hüquqlarının qorunması, iş şəraitlərinin yaxşılaşdırılması, istirahətlərinin təşkili üçün işəgötürənlərlə birgə çalışaraq  müəyyən nailiyyətlər  əldə etmişlər. İşçilərin maddi rifah halının yaxşılaşdırılması, əmək haqqının səviyyəsi,əməyin mühafizəsi, işçilərin həyat  sağlamlığının, sosial-iqtisadi mənafelərinin qorunması,səmərəli əmək fəaliyyətinə görə mükafatlandırılması və digər  sahələrdə  qarşıda  duran məsələlərin həlli istiqamətində  irəliyə doğru addımlar atılmışdır.  

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının seçkili orqanında 9 nəfərdən ibarət İcraiyyə Komitəsi, 31 nəfər məclis üzvü fəaliyyət göstərir. Sahə həmkarlar ittfaqı təşkilatlarında ümumilikdə seçkili orqanlarda  1285 nəfər çalışır (onlardan 674 nəfəri qadınlardır).

Mərizəçi sahə həmkarlar ittifaqları təşkilatlarının qarşısında  qoyulan əsas vəzifələr, xüsusən qadın və gənclərə diqqətin artırılması, kadrlarla  işin gücləndirilməsi məsələlərindən danışaraq qeyd etmişdir ki, bazar  iqtisadiyyatı, həmkarlar ittifaqlarındakı yeni vəziyyət həmkarlar ittifaqı işçilərindən yeni stil, yeni iş üsulları, biliklərin zənginləşdirilməsini tələb edir. Bəzi həmkarlar ittifaqı kadrlarının yaşlanması ilə əlaqədar qarşıdakı beşillikdə növbəti məsələlərin reallaşdırılması üçün həmkarlar ittifaqı kadrlarının hazırlanması, həmkarlar ittifaqı orqanlarına bu işi bilən və sevən, fəhlə və işçilərin əmək, sosial-iqtisadi hüquqlarının sahibkarlar tərəfindən pozulmasına effektiv surətdə qarşı durmağa qadir olan şəxslərin seçilməsi, təlimatlandırılması və yerləşdirilməsinə daha çox diqqət ayrılacadır.

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar  İttifaqı  Respublika Komitəsi idman sahəsinə də xüsusi diqqət ayırır. Mütəmadi olaraq sahə üzv təşkilatları arasında yarışlar keçirilır, qaliblərə mükafatlar verilir. Ekologiya və təbii sərvətlər naziri  Hüseynqulu  Bağırovun təşəbbüsü ilə yaradılmış “Ekosport” və “Geosport” idman klubları təşkilatımız tərəfindən maliyyələşdirilir.

2012-ci ilin yanvar ayında  Belçikada keçirilən buzadırmanma üzrə beynəlxalq turnirdə klubumuzun üzvləri də iştirak  etmişlər. Beynəlxalq  yarışlarda, yoldaşlıq görüşlərində idmançılara yaxından kömək göstərilir. Hər il Qusar rayonunun Ləzə kəndində keçirilən buzadırmanma üzrə respublika çempionatının təşkilində  yaxından iştirak edilir.

Məruzə ətrafında çıxışlar olmuşdur. Zəngilan Rayon  Ekologiya İdarəsinin rəisi Xuduş İsgəndərov, Elmi-Tədqiqat Meşəçilik İnstitutu  HİK-in sədri Cəmilə Məhərrəmova, Ətraf  Mühitin Çirklənməsinin Monitorinqi Mərkəzi HİK-in sədri Nazim Hümbətov, Mineral Xammal Elmi-Tədqiqat İnstitutu HİK-in sədri Bayan Rəhimova  çıxış edərək   ötən dövrdə Həmkarlar İttifaqının Respublika Komitəsinin  işini qənaətbəxş hesab etdiklərini bildirmiş, sahə respublika komitəsinə, yeni seçiləcək  heyətə  gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

Qurultay nümayəndələri  tərəfindən açıq səsvermə yolu ilə Telman Quliyev yenidən Təbii Sərvətlər və Ekologiya İşçiləri  Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri seçilmişdir.

 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər  nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov  görülən işlər barədə danışmış, həmkarlar  təşkilatlarının  qarşısında  duran məsələlərin həlli istiqamətində sahə respublika komitəsinə, yeni seçilən heyətə tövsiyələrini vermişlər.

Yığıncaq  2018- ci ildə keçiriləcək AHİK-in V qurultayında  yekdilliklə Milli Məclisin deputatı Səttar  Mehbalıyevin  yenidən  Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyasının sədri vəzifəsinə namizədliyinin  irəli sürülməsi və müdafiə olunması barədə qərar qəbul etmişdir.

 Bir qrup Həmkarlar  İttifaqı fəalı Ümumhəmkarlar İttifaqı Federasiyasının, Müstəqil Dövlətlər Birliyi Meşə İşçiləri Həmkarlar İttifaqı Federasiyasının, Təbii Sərvətlər və Ekologiya İşçiləri  Həmkarlar   İttifaqı Respublika Komitəsinin fəxri fərmanları  ilə təltif olunmuşdur.

Afət SADIQOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında