Azərbaycanda Ussuriya xallı marallarının sayı artır

Hirkan Milli Parkının flora və faunası ildən-ilə zənginləşir

2003-cü ilin ikinci yarısından bəri ölkəmizin hər yerində aparılan müasirləşmə və təkmilləşmə proseslərinin ən böyük səmərəsini görən sahələrdən biri də təbiətimiz, ətraf mühitimiz,  ekologiyamızdır. Bu arqumentin təsdiqini Prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən təxminən dörd  ay sonra imzaladığı sərəncamla formalaşdırılmış Hirkan Milli Parkının timsalında görürük.

Azərbaycanın  əsrarəngiz təbiəti ilə seçilən cənub  meşələrinin mühafizəsi məqsədilə hələ  1936-cı ilin dekabrında yaradılmış Hirkan qoruğunun sahəsi ilk vaxtlar  886 hektar təşkil edirdi. 2004-cü il fevralın 9-da isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məhz həmin qoruğun bazasında   40 min 358 hektar ərazini əhatə edən  Hirkan Milli Parkı yaradıldı. Park çoxlu sayda endemik və relikt növlərin mövcud olduğu nəhəng təbiət muzeyidir. Alimlərin fikrincə, bu “muzeyin” yaşı min illərlə ölçülür.  Elmi mülahizələrə görə, buzlaşma dövründə  Xəzərin nisbətən mülayim küləklərinin köməyilə nəhəng buz parçaları  tədricən əriyib və  nəticədə  bu ərazilər sərt soyuqlara  məruz qalmayıb. Ona görə də  qədim meşə örtüyü məhv olmayıb və  bu günümüzədək gəlib çatıb.

Elmi mənbələrdə göstərilir ki, parkın yerləşdiyi Lənkəran zonasının subtropik meşələrinin ən səciyyəvi xüsusiyyətlərindən biri də burada Hirkan meşələrinin yaxşı saxlanması, bir çox endemik, nadir ağac və kolların geniş yayılmasıdır. Talış zonasının flora və faunasına 150 növ daxildir. Bunun da 40-ı endemik növdür. Ağac və kolların bir çox növləri “Qırmızı kitab”a daxil edilib. Ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına imkan yaradıb.

Hirkan Milli Parkı saysız-hesabsız quşların da  məskənidir. Azərbaycan Respublikası Ekologiya Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı UNESCO-nun  Ümumdünya Mədəni İrs Siyahısına daxil etmək üçün qeydiyyata alınıb. Bu, həqiqətən də parkın dünyəvi əhəmiyyətə malik olmasını göstərir. Xatırladaq ki, Hirkan Milli Parkı  Lənkəran və Astara rayonlarının ərazisindədir.

Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının "Qırmızı kitabı"na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Burada ən isti ayın orta temperaturu 27 dərəcə olur. Parkın aşağı hissəsində, əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır.

Hirkanın faunasına  daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və sair növlərə rast gəlmək olar.   Burada Ön Asiya bəbiri, qonur ayı, zolaqlı kaftar, canavar, su samuru, cüyür, çöl donuzu, tirəndaz, çaqqal, meşə pişiyi, tülkü və sair növlərə rast gəlinir. Həmçinin milli parkın ərazisində Ussuriya xallı maralları da məskunlaşmış və yerli şəraitə uyğunlaşmışdır.

Dəniz səviyyəsindən 500-600 metr yüksəklikdə olan Hirkan Milli Parkında praktiki olaraq istifadə olunmayan və əsrlərlə toxunulmamış, indiki günümüzə qədər istifadəsiz formada gəlib çıxmış unikal meşə örtükləri,  təbii ki, parkın “nüvəsi” adlanan  hissəyə aid edilmişdir. Elmi-texniki şərtlərə görə, milli parkın nüvəsi bir sıra tələblərə cavab verməlidir; ərazinin florası heç bir kənar təsirə məruz qalmamalı, fauna növlərinin həyat tərzinə heç bir müdaxilə olunmamalıdır. Yalnız tədqiqat və elmi məqsədlərlə, xüsusi icazə olduqda bu ərazilərdə bu və ya digər işlərin aparılmasına yol verilir .

Parkın ərazisində bir sıra endemik quş növləri də məskunlaşmışdır. Onlara böyük talış alabəzək ağacdələni, kiçik talış alabəzək ağacdələni, Hirkan arıquşu, talış qırqovulu və sair aiddir. Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş çox nadir herpetofauna və entomofauna növləri də burada özünün müxtəlifliyi ilə diqqəti cəlb edir. Milli Parkın ərazisində 117 növdə quş nümünələrinə rast gəlmək mümkündür ki, onların da 68 növü  burada  məskunlaşmışdır.

Yarasalar dəstəsindən milli parkın ərazisində mövcud olan kiçik nalburun yarasa  Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin siyahısına daxil edilmişdir və qanunla qorunur. EUROBATS konfransına görə,  bütün yarasa növləri mühafizə olunur.

İsaq ƏMƏNULLAYEV,
  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında