Meşələri yanğından qorumaq hər birimizin insanlıq borcu olmalıdır

Dünyanın hər yerindən ölkəmizə turist gəlir. İstirahət zamanı bəzən məişət tullantıları təyinatsız ərazilərə atılır, ətraf mühit çirklənir. İlk növbədə içməli su mənbələri, yol kənarları, kənd təsərrüfatı üçün yararlı torpaqlar, Dövlət Meşə Fondu və digər ərazilər ziyan çəkir. Əkin-biçin də, adi gəzintilər də vacibdir. Bu fəaliyyətlər ümumilikdə insana xidmət edir. Bunlarsız həyat yoxdur. Biz ölkəmizin təbiəti ilə fəxr edirik. Ancaq onu qorumağımızla da fəxr etməyə layiq olmalıyıq.

İstər ictimai istirahət obyektlərində, istərsə də fərdi mənzillərdə yaşayan vətəndaşların gündəlik fəaliyyəti zamanı məişət tullantılarının təyinatsız yerlərə atılmasına yol verməmək üçün hamımızdan obyektiv ictimai nəzarətin həyata keçirilməsi tələb olunur. Axı təbii sərvətlərin kompleks şəkildə mühafizə olunmasında və onların gələcək nəsillərə çatdırılmasında ictimaiyyətin rolu əvəzsizdir. Ona görə də bu ümumxalq əhəmiyyətli vacib məsələdə hamımızın yaxından iştirak etməsi zəruridir. Sizin ictimai nəzarətiniz baş verə biləcək hər hansı bir ekoloji problemin qarşısının vaxtında alınmasında mühüm rol oynayacaq.

Havaların çox isti keçməsi ilə əlaqədar yabanı otlar qurumuş və meşələr, yol kənarında əkilmiş ağaclar üçün ciddi yanğın təhlükəsi yaranmışdır. Yerli təşkilatlar tərəfindən  vaxtında yanğın əleyhinə zəruri tədbirlər görülsə də, təkcə bunlar kifayət etmir. Dünyada və ölkəmizdə baş vermiş yanğınlar məsul şəxslərin, hər bir insanın son dərəcə diqqətli olmasını, öz işlərinə, addımlarına daha ciddi yanaşmasını tələb edir. Bəzən vaxtında yanğına qarşı mineral zolaqların çəkilməməsi, yanğınların söndürülməsi üçün zəruri avadanlıq və ləvazimatların hazır vəziyyətdə saxlanmaması, xüsusən yerlərdə növbətçilərin olmaması səbəbindən məhz kənarda baş vermiş çöl yanğınları təşkilatların xidməti ərazisinə keçir və yanğına anında müdaxilə edilmədiyi üçün ciddi problemlərə səbəb olur.

Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Meşə yanğınlarının baş verməsi təhlükəsinin qarşısını almaq üçün ilk növbədə geniş təbliğat işlərinə ehtiyac duyulur. İnsanlar kiçik yaşlarından ümumxalq sərvəti olan meşələrin qorunması, təbiətə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar. Meşədə həmişə odla ehtiyalı olmalı və yanğın baş verərsə, onun qarşısını almaq üçün meşə işçilərinə kömək edilməlidir. Xüsusilə yanğın təhlükəsi artan quraqlıq aylarda təbliğat və təşviqat işləri gücləndirilməlidir. Meşə ərazisi olan rayonlarda  yaşayan əhali və təbiət qoynunda istirahət edən insanlar meşə yanğınlarının əmələ gəlməsi səbəblərini və onu söndürmək üsullarını bilməlidirlər.

Meşə yanğınları əsas etibarilə insanlar tərəfindən törədilir. Bunlardan meşədə ocağı yana-yana qoyub getməyi, siqareti söndürməmiş tullamağı, ovçu tüfəngindən atılan güllədən əmələ gələn yanğını və s. göstərmək olar. Meşə yanğınları ildırımla da törənə bilər. Meşədə çoxlu miqdarda qurumuş ağacların, tör-töküntülərin olması baş vermiş yanğının güclənməsinə şərait yaradır.  Böyük meşə sahələrində baş verəcək yanğın başqa sahələrə keçməsin deyə, əlavə yollar açılır. Ən çox yanğın təhlükəsi kütləvi istirahət sahələrində yaranır. Belə sahələrdə ocaq qalamaq üçün xüsusi yerlər düzəldilir.          

Bürkülü yay günləri davam edir. Belə isti havalarda meşələrdə yanğınların baş verməsinə heç kimdə şübhə ola bilməz. Əlbəttə, meşələrimizi yanğından qorumaq təkcə meşə gözətçilərinin işi deyil. Təbii sərvətlərimizin yanğından mühafizəsində hamımız bir nəfər kimi yaxından iştirak etməliyik. Yəni xatırladırıq ki, meşədə olarkən oddan istifadə etmək, sönməmiş siqaret kötüklərini yerə atmaq qəti qadağandır. Baş vermiş yanğını dərhal söndürmək üçün ictimaiyyətin köməyinə böyük ehtiyac var. Həmçinin meşələrdə, istirahət mərkəzlərində dincələn turistlərin, qonaqların bəzi ehtiyatsız hərəkətləri ictimai nəzarətə götürülməli, istirahət obyektlərinin rəhbərləri tərəfindən ətraf mühitin mühafizəsi ilə əlaqədar onlarla söhbətlər aparılmalıdır.

Son vaxtlar ölkə ərazisində havaların çox isti və quraq keçməsi, həmçinin taxıl biçini ilə əlaqədar yanğın təhlükəsi arta bilər. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha şəhər və rayon rəhbərliklərindən, bələdiyyələrdən meşə və kolluqların qorunması, eyni zamanda, gələcəkdə baş verə biləcək yanğın hadisələrinin, habelə digər ekoloji fəlakətlərin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsini tələb edir.

Yanğın zamanı alçaq boylu ağaclar və kollar, cücərtilər məhv olur. Hündürboylu ağacların gövdə və budaqları qovrulduğu üçün ümumi inkişafı yavaşıyır. Bitki qalıqlarının vaxtaşırı, müntəzəm yandırılması nəticəsində torpaq üzvü maddələrdən məhrum olur. Yanğın zamanı həm də yerin üstündə və altında yaşayan heyvanlar, mikroorqanizimlər məhv olur. Təşviqat vasitələri olaraq ərazinizdə, yol ətrafında “Odla ehtiyatlı olun”  , “Söndürülməmiş siqareti yerə atmayın”, “Meşəni oddan  qoruyun” və s. şüarlar yazılmış lövhələrin asılması həm vacib, həm də məqsədyönlü olardı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Meşə Fondunun qorunması tədbirləri haqqında” 21 avqust 1995-ci il tarixli 188 saylı qərarına əsasən, mülkiyyətində meşə və kolluqlar olan bütün hüquqi və fiziki şəxsləri meşə fondu ilə həmsərhəd zonada taxıl biçini və digər mövsümi işlərlə əlaqədar odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və  meşələrimizi, torpaqlarımızı qorumağa çağırır.

Bəzi bələdiyyələr çox vaxt öz hüquq və səlahiyyətlərindən lazımınca istifadə etmir. Əkin-biçindən sonra torpaqların yandırılmasına adi hal kimi yanaşırlar.  Torpaqlar  ildən-ilə məsuldarlıqdan  düşür və nəticə etibarilə eroziyaya uğrayır.

Yuxarıda qeyd etdiyimiz kimi  yanğınların çoxu odla ehtiyatsız davranışdan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. İsinmək, xörək bişirmək üçün qalanmış tonqalların və ocaqların meşəni tərk  edərkən tam söndürülməməsi çox vaxt yanğınlarla nəticələnir.

Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və s. kimi tez alışan mayelərə bulaşmış əsgi və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması,  eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yolverilməzdir.

Son vaxtlar  ölkəmiz beynəlxalq tədbirlərin bir çoxuna ev sahibliyi edir. Xüsusilə, turist zonası kimi gənclərin və uşaq təşkilatlarının istirahəti, maraqlı tədbirləri, yay düşərgələri burada keçirilir. Belə tədbirlər zamanı lazım gələndə meşədə tonqal yandırılması yalnız Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin icazəsi ilə bu təşkilatın ayırdığı xüsusi yerlərdə təşkil oluna bilər. Tullantıların yandırılması da bütün hallarda həmin təşkilatla razılaşdırılmalıdır.

Yeri gəlmişkən deməliyik ki, tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl edilməlidir. Tonqal heç bir halda ağacın altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də ocaq qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdır. Bunun üçün ilk növbədə  ağaclardan xeyli aralıda yer hazırlamaq məqsədəmüvafiqdir. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün çala qazılmalıdır.

Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə tədbir olaraq 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərindən təmizlənməsi, ərazidə yerləşdirilən hər hansı tikintinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. İnsanlar bilməlidir ki, onlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda, atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Bunları nəzərə alaraq meşə yanğınları zamanı birinci növbədə insanlar və kənd təsərrüfatı heyvanları təhlükəli zonadan çıxarılmalı, yanğın yerinə giriş məhdudlaşdırılmalı,  yanğın söndürülməklə təhlükəsizlik təmin edilməlidir. Yanğın ərazisində  işləyənlər xüsusi geyimlər, kaskalar, tüstü əleyhinə maskalar və əleyhqazlardan istifadə etməlidirlər.

İstiləşmənin getdikcə artması ilə əlaqədar ölkə ərazisində yanğın təhlükəsizliyi tədbirlərinə başlanılıb. İşimizlə bağlı bəzi müəssisələrdə olduq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  təlimatına uyğun olaraq, Hirkan Milli Parkında  xüsusi iş qrafiki tutulub. Belə ki, növbətçi cədvəli tərtib olunub. Mövcud 4 gözətçi məntəqəsinin hər birində  yanğın söndürən balonlar asılıb. Çənlər su ilə doldurularaq hazır vəziyyətə gətirilib. Milli parka yaxın yaşayış məntəqələrində bu baxımdan əhalinin maariflənməsinə xüsusi diqqət yetirilir. Müntəzəm olaraq yerli icra nümayəndələrinin, bələdiyyələrin və geniş əhali kütləsinin  iştirakı ilə tədbirlər keçirilir.

Masallı MMBM-nin təcrübəli meşəçisi Adil Mirzəyev mövzu ilə əlaqədar söhbət zamanı dedi:

– Mən 40 ildən çoxdur ki, meşə gözətçisi  işləyirəm. Hazırda Qəriblər meşəbəyliyinin 2 saylı meşə dolayına nəzarət edirəm. Atam Şabala da bütün ömrünü meşə mühafizəsinə həsr edib. Təcrübəmizdən bilirik ki, meşə xalqımızın milli sərvətidir, sağlamlıq mənbəyidir. Təbii ki, bizə ilk  növbədə həyat  bəxş edən, əvəzsiz nemətlər verən meşələr diqqətdən kənarda qalmamalıdır. Bu yaşıl  sərvətin də  qayğıya, diqqətə ehtiyacı var. Meşələr daim göz bəbəyi kimi qorunmalı və gələcək nəslə ötürülməlidir. Biz özümüz də həmişə belə işləmişik. Qeyd edim ki, əslində, bütün ailəmiz meşəçiliklə məşğul olur. Atamdan mənə gələn estafet indi övladlarımıza ötürülür.

Qoruduğum ərazidə nadir ağaclar, o cümlədən dəmirağacı, palıd, qızılağac, göyrüş, Qafqaz xurması və s. var. Meşələrin mühafizəsində bütün ailəmiz mənə kömək edir. Sevinirəm ki, oğlum Möhüb Mirzəyev də ekoloqdur. İndi qızmar yay günləri davam edir. Təbii ki, meşəçilərin əsas vəzifəsi yanğın üçün heç bir şərait yaratmamaqdır. Masallı MMBM-nin direktoru Vüqar Ələkbərovun rəhbərliyi ilə yanğına qarşı mübarizə tədbirləri günün tələbləri səviyyəsində qurulub. Biz də mövcud imkanlardan istifadə edərək çalışırq ki, belə hadisələr baş verməsin. Çoxillik təcrübəmiz də bu işdə bizə kömək edir...

Meşələri yanğından qorumaq hər birimizin insanlıq borcu olmalıdır. Bu məqsədlə əhatəli təbliğat işi aparılmalıdır. Bunun üçün əyani vasitələr də əhəmiyyətlidir. Əhali arasında təbliğat işi aparmaqla yanaşı, plakatlardan, reklam işlərindən də geniş istifadə etmək olar. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron xidmətlərindən də istifadə etmək zəruridir. Çünki hər bir vətəndaş bu xidmətdən ekoloji maariflənmə baxımından faydalana bilər.

Meşə yanğınları digər təbii fəlakətlər kimi, həm insanlara, həm də təbiətə böyük itkidir. İndi dünyanın çox yerində meşə yanğınları tüğyan edir. Təəssüf ki, dünyada bu cür ekoloji fəlakətlərə barmaqarası baxırlar. Necə deyərlər, ikili standart təbiətə də tətbiq olunur. Halbuki, ermənilərin işğal edilmiş ərazilərimizdə  həyata keçirdikləri “yandırılmış torpaq” siyasəti təkcə Azərbaycan təbiətinə ziyan vurmur, vahid bir orqanizm olan bütün planetimizə təsir edir. Burada  ayrı-seçkilik ola bilməz. Yandırılmış Azərbaycan əraziləri vahid təbiətin bir hissəsidir. Buna göz yummaq bəşəriyyətin sağlam gələcəyinə amansız zərbədir. Ancaq dünya ictimaiyyəti nə qədər laqeydlik göstərsə də, Azərbaycan xalqı, dövlətimiz  bu məsələni diqqət mərkəzində saxlayır.

Təbiətimiz bu yaraları da sağaldacaq, insanlara bəxş etdiyi min bir neməti, min bir məlhəmi ilə özünü də bərpa edəcək. Təki xalqımız ayıq-sayıq olsun, öz təbiətinin, torpağının, meşələrinin qədrini babalarımız kimi əziz tutsun.

Bəxtiyar HÜSEYNOV,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 
1 saylı Ərazi üzrə ETSŞ-nin sektor müdiri,
ekoloq-jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında