Azərbaycan meşələrlə bağlı qiymətləndirmə üzrə dünyada ilk beşliyə daxil edilib

 

 

 

 

 

 

 

 

 

 


İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir.

Heydər ƏLİYEV 
ümummilli lider



Mən Dövlət Neft Şirkətinin qarşısında vəzifə qoydum ki, Bibiheybət buxtasını və orada olan çirklənmiş bütün əraziləri təmizləməlisiniz. Ora Bakının neftlə çirklənmiş əsas yerlərindəndir. Həm görüntü baxımından, həm də ekologiya baxımından çox mənfi təsiri olan bir yerdir. Amma tarixi bir yerdir. Azərbaycanın neft tarixi həm də oradan başlanmışdır. Ona görə biz o yeri abadlaşdırmalıyıq, orada gözəl parklar salınacaq. İndi belə bərbad vəziyyətdə olan yerləri biz gözəl səviyyəyə çatdıracağıq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


…İyunun son günlərində Qəbələyə gedirdik

Bakı – Şamaxı yolunun 25–30 kilometrliyindən sonra – qızmar Günəşin qovurğaya döndərdiyi yarımsəhra ərazilərdəki göz yoran,  sap-sarı çöllər fonunda, az qala  möcüzəyə bənzər mənzərələr yolun hər iki tərəfi boyunca uzanıb gedirdi.  40–45 il  gedib-gəldiyimiz bu yolun kənarlarında şahidi olduğumuz yaşıllıq zolaqları, sözün həqiqi mənasında, göz oxşayırdı. Mənim həmin yaşıllıqlara təkcə heyranlıqla deyil, həm də böyük sevinclə nəzər saldığımı sezən sürücümüz Teymur dilləndi: “Neft pullarıdır, müəllim. Səhranı yaşıllığa çevirib. Bəzi ağzıgöyçəklər boşboğazlıq edəndə mən ölkənin hər yerində şahidi olduğum bu mənzərələri yada salıram. Qızım Böyük Şor deyilən əraziyə yaxın yerdə  yaşayır. O tərəflərdə nə qədər yaşıllıqlar salınıb, xəbəriniz varmı? Nəvəmi Naxçıvana – Əshabi - Kəhf ziyarətinə aparmışdıq. Naxçıvandan həmin ziyarətgaha qədər gedən yolun kənarları cənnətə döndərilib. 15–20 il əvvəl isə o yerlər Ərəbistan səhrası kimiydi. Gəncədə – Gəncə çayının sahili boyu salınan, uzunluğu  bilinməyən yaşıl parkı görmüsünüzmü?”

Sürücünün  ölkənin hər yerindən xəbər verməsi o  qədər təqdirəlayiq idi ki, mən də həmin məsələ barədə bildiklərimi  xatırlatmalı oldum: 

– Mən ötən əsrin yetmişinci illərinin əvvəllərində rayondan Bakıya köçəndə  Bayılda yaşamış və Bibiheybət neft mədənlərində çalışmışdım. Yəni həmin ərazilərin  o dövrki mənzərələrini tam təfsilatı ilə xatırlayanlardan biri də mənəm. İndi o yerlərdə Yeni bulvar deyilən böyük bir istirahət mərkəzi salınıb, Su İdmanı Kompleksi açılıb,  Daş Salnamə Muzeyi yaradılıb, Bakı Ali Neft Məktəbi üçün ən müasir kampus -- təlim-tədris, yaşayış, istirahət və idman kompleksi tikilib, SOCAR-ın ekoloji parkındakı yüz minlərlə ağacın yaratdığı ab-hava görənləri heyran edir, ərazidəki “Jurnalistlər şəhərciyi”nin binalarının sayı artır. Ən başlıcası, Böyük  İpək Yolunun paytaxta giriş-çıxış hissəsi bilavasitə Maksim Qorkinin cəhənnəmə bənzətdiyi həmin mazutlu, palçıqlı, bataqlıq ərazilərdən keçir. Yəni Azərbaycan dövləti ətraf mühitin sağlamlaşdırılması istiqamətində elə addımlar atır ki, təkcə qonaqlarımız deyil, elə özümüz də heyran oluruq. Onu da deyim ki, bizimlə eyni dövrdə müstəqillik qazanmış ölkələrin heç birində bu miqyaslı layihələr icra edilməyib.

Həmin söhbətimizdən cəmi iki həftə sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirəsi keçirildi.  Tədbirdə dövlət başçımızın giriş nitqindən sonra çıxış edən
ekologiya və təbii sərvətlər naziri
Hüseynqulu Bağırov təkcə son altı ayda deyil, ümumiyyətlə, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Nazirin çıxışında eşitdiyimiz faktlar və rəqəmlər sübut edirdi ki, Teymurla mənim ölkənin müxtəlif guşələrində  şahidi olduğumuz faktlar dövlətimizin son illərdə bu istiqamətdə gördüyü işlərin çox cüzi bir hissəsi imiş.

Qeyd edildi ki, Prezident İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilmiş ardıcıl tədbirlər sayəsində ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət daşıyan və vaxtilə real görünməyən nailiyyətlər əldə olunub. Məsələn, son 15 ildə meşə fondu ərazilərində 144,5 min hektar sahədə 101,5 milyon ağac əkilib,  son 6 il ərzində arid sahələrdə yeni yaşıllaşdırma layihələri həyata keçirilib, 4150 hektardan artıq ərazidə 5,2 milyondan çox ağac əkilib, 11 min kilometr uzunluğunda damcılı suvarma sistemləri qurulub.

 

Həm yaşıllıq, həm də qazanc, səmərə

 

Müxtəlif dövlət qurumlarında aparılan struktur dəyişiklikləri prosesində Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində yaradılmış “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin xidməti ərazisində 2 min hektar sahədə zeytun bağları salınıb. Burada becərilən zeytun ağaclarının sayı 1,3 milyonu keçib. Həmin  bağlardan 2016-cı ildə ilk dəfə 100 ton məhsul götürülüb. Məhsuldarlığın ildən-ilə artaraq 2017-ci ildə 1000 tona, 2025-ci ilədək isə 15 min tona çatması gözlənilir. Bundan başqa, 2017-2021-ci illər ərzində əlavə olaraq 5396 hektar ərazi müəyyənləşdirilib ki, orada da zeytun plantasiyasının salınması, o cümlədən yaşıllaşdırma aparılması nəzərdə tutulur. Mövcud və növbəti 5 ildə salınması nəzərdə tutulan bağlardan alınacaq məhsul gələcəkdə zeytun yağı və digər zeytun məhsullarına daxili ehtiyacın ödənilməsini təmin etməklə bərabər, ildə təxminən 50 milyon ABŞ dolları məbləğində ixrac potensialının yaradılmasına səbəb olacaq.

Burada başqa bir faktı da xüsusilə vurğulamaq zərurəti var. Belə ki, zeytun tinglərinə olan tələbatı xaricdən gətirməklə yox, daxili imkanlar hesabına ödəmək üçün “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin tinglik sahələrində vaxtilə İtaliya və Türkiyədən gətirilmiş elit sortlar hesabına, çilikləmə və toxumla yetişdirmə yolu ilə 2 milyon 250 min zeytun tinginin yetişdirilməsi nəzərdə tutulur. Bunun da 800 min ədədi artıq 2016-cı ildə təmin edilib, 2017-ci ilin yazında əlavə olaraq 450 min ədəd çilik kökləndirilib və bu payızda artıq biz standarta uyğun 300 min ədəd zeytun materialını əkinə yönəldiləcək.

Eləcə də, son zamanlar qeyri-neft sektorunun inkişafı prosesində  ipəkçiliyin prioritetlərdən biri kimi göstərildiyini nəzərə alaraq, 2016-cı ildə 192 min ədəd standart tut tingi müxtəlif rayonlarda tut bağlarının salınması üçün ödənişsiz paylanılıb və bu istiqamətdə işlər davam edir.

 

180 ölkə arasında 31-ci, MDB-də 1-ci

 

  Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin də marağına səbəb olub. BMT-nin sifarişi ilə məşhur Yel və Kolumbiya universitetləri tərəfindən xüsusi bir elmi mərkəz yaradılıb. Həmin mərkəz 2016-cı ildə Ekoloji Fəaliyyətin Effektivliyi İndeksini hazırlayıb. 180 ölkəni əhatə edən indeksə görə Azərbaycan 31-ci sırada qərarlaşıb. Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ikinci, MDB ölkələri arasında isə birinci olub.

 Aparılan ekoloji siyasətin nəticəsidir ki, meşələrlə bağlı qiymətləndirmə üzrə Azərbaycan dünyada ilk beş ölkə sırasına daxil edilib. Bu yüksək göstəricinin qazanılmasına yeni meşə əkinlərinin salınması nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artması, regionların qazlaşdırılması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi səbəb olub.

Ancaq uğurlar silsiləsi bununla  bitmir. Yuxarıda adını çəkdiyimiz  qiymətləndirməyə əsasən Azərbaycan iqlimə təsir edən faktorların azaldılması və enerjidən istifadənin ətraf mühitə təsiri baxımından ikinci, həmin bölmənin atmosferə atılan istixana qazlarının azaldılmasındakı nailiyyətlərə görə  birinci yerdə qərarlaşıb. Ümumi daxili məhsulun dəfələrlə artmasına baxmayaraq, tullantılar 1990-cı ildəki 73 milyon tondan 51 milyon tona qədər azaldılıb. Buna davamlı inkişaf prinsiplərinə böyük önəm verilməsi, ekoloji təmiz sənayenin və bərpa olunan enerji sektorunun inkişafı, enerji effektivliyinin artırılması, ən əsası isə Azərbaycan bütün bunlara öz resursları hesabına nail  olub.

 

Aqromeşələr və biosfer qoruğu

 

Ətraf mühitin mühafizəsi və ekoloji  tarazlığın qorunması məqsədilə atılan addımlardan biri də aqromeşələrin yaradılmasıdır.  Belə ki, meşə fondunda olan nisbətən kiçik sahəli açıq talalarda meşə növ ağaclardan yox, meşələndirmədə də əhəmiyyətlilik daşıyan meyvə verən ağaclardan aqromeşə massivlərinin salınmasına başlanılıb. Bu torpaqlarda 2017-ci ildən başlayaraq artıq 2200 hektar ərazidə 1,1 milyon ədəd tut, qoz, fındıq, nar, badam, şabalıd, zeytun və digər tinglər əkilməklə meyvə bağları salınıb.

Nazirin çıxışında qeyd edilir ki, salınacaq aqromeşə massivlərinin bir hissəsi Abşeron, Salyan və Qaradağ kimi arid ərazilərə düşür ki, burada suvarma işlərinə böyük ehtiyac vardır.  Məqsədyönlü tədbirlər nəticəsində həmin ərazilərdə su ilə  bağlı məsələlər də öz həllini tapıb. Belə ki,  inşa edilmiş və ətraf ərazilərdə salınmış yaşıllıqların suvarılmasında istifadə edilən Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan iki dəfə artırılaraq sutkada 2 min kubmetrə çatdırılıb. Eyni zamanda, Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların istehsal gücü də iki dəfə artırılaraq sutkada 5 min kubmetrə çatdırılıb. Hazırda həmin ərazilərin 1186 hektarında aqromeşələrin salınması üçün hazırlıq işləri aparılır və müvafiq olaraq şorsuların yararlı hala gətirilərək suvarmada istifadəsi layihəsi hazırlanır.

Bundan başqa, dövlət başçısının sərəncamına əsasən,   Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğun yaradılması istiqamətində iş aparılır. Eyni zamanda, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək, dəniz akvatoriyasını əhatə edən Milli Parkın yaradılması məqsədilə zəruri tədbirlər görülür. Yeni qorunan ərazilərin yaradılması işi başa çatdıqdan sonra xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcək ki, bu da ən qabaqcıl Avropa ölkələrinin səviyyəsi deməkdir.  Eləcə də, ipəkçiliyin prioritetlərdən biri kimi göstərildiyini nəzərə alaraq, 2016-cı ildə 192 min ədəd standart tut tingi müxtəlif rayonlarda tut bağlarının salınması üçün ödənişsiz paylanılıb və bu istiqamətdə işlər davam edir.

 

“Yaşıl marafon”  aksiyasının  uğurları

 

 Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında 2014-cü ildən  start götürmüş I “Ümumrespublika yaşıllaşdırma marafonu” layihəsi çərçivəsində respublika miqyasında on minlərlə  ağac və gül kolları əkilmişdir. Bu layihə çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.

“Yaşıl marafon”un internet səhifəsinin “Xəbərlər” bölümünə nəzər salanda, bu dəyərli təşəbbüsün  icrasına başlanıldığı gündən bəri ona qoşulan təşkilat, qurum və rayonların sayı, eləcə də, hansı rayonda nə qədər yeni ağacın əkilməsinə qədər bütün faktlarla tanış olmaq mümkündür.

Bir sözlə,  dövlətin ekoloji siyasəti Azərbaycan insanına xidmət edir.  Ona görə də  Nazirlər Kabinetinin yuxarıda qeyd etdiyimiz iclasında Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, bu proses davam edəcəkdir: “Azərbaycan Dövlət Dram Teatrının arxasında -- yol infrastrukturu yaradılan ərazidə də ictimai yerlər, parklar, bağlar, salınacaq, ağaclar əkiləcək ki, bunlar Bakı şəhəri üçün, necə deyərlər, yeni bir “ağ ciyər” olacaq. Bu ərazi yaşıllıq zonası olacaq və bu, bizə çox lazımdır. Son illər ərzində bir çox ictimai yerlər açılıbdır, parklar, bağlar yaradılıbdır. Elə bulvarın özü böyük ictimai istirahət zonasıdır və bu proses davam etdirilməlidir”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında