Azərbaycanın palçıq vulkanları Avropa alimlərinin tədqiqat obyektidir

Fransa və Ukrayna alimləri Azərbaycanın palçıq vulkanlarını öyrənir, tədqiqatların nəticələri üzərində dissertasiya işlərini müdafiə edirlər. Belə ki, “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” şirkətinin aparıcı mütəxəssisi Patris İmbert, Tuluza Universitetinin professoru Fransis Odonne, Po Universitetinin magistri Teymur Figarov, həmçinin Lil Universitetinin doktorantı Matieu Dupuis və magistri Dofal Antoni Qobustanın cənub-qərbində yerləşən Ayazaxtarma palçıq vulkanında geoloji-geofiziki tədqiqatlar aparıblar. Alimlər qeyd olunan təbiət abidəsinin geoloji və struktur quruluşunu öyrəniblər.

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin rəhbərliyi ilə aparılan tədqiqatlarda şöbənin aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov da iştirak ediblər. Alınmış nəticələr 2016-cı ilin sentyabr ayında Norveçin Tromso şəhərində keçirilmiş “Dəniz çöküntülərində qaz” adlı XIII  beynəlxalq elmi konfransda təqdim olunub. Bundan əlavə, həmin nəticələr əsasında Matieu Dupuis Lil Universitetində fəlsəfə doktorluğu üzrə dissertasiyasını müdafiə edib.

Araşdırmalar 2016-cı ilin mayında GGİ ilə “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilib. Tədqiqatları davam etdirmək üçün 2017-ci ilin mayında tərəflər əməkdaşlığa dair yeni müqavilə imzalayıblar. A.Əliyevin rəhbərliyi ilə Şamaxı – Qobustan, Abşeron və Şirvanın cənub-şərqində bir neçə palçıq vulkanında geoloji, geokimyəvi və geofiziki tədqiqatlar aparılıb. Hazırda nəticələrə dair məqalələr hazırlanır. İki fransalı gənc tədqiqatçı nəticələrin mövzusu üzrə Lil Universitetində fəlsəfə doktorluğu və magistratura dissertasiyaları ilə əlaqədar elmi iş müdafiə etməyi planlaşdırır.

Ölkəmizin palçıq vulkanlarına dair digər tədqiqatlar “Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi” mövzusuna köklənib. Bu istiqamətdə araşdırmalar GGİ-nin palçıq vulkanizmi şöbəsi ilə Ukrayna Milli Elmlər Akademiyasının dəniz geologiyası və çökmə filizəmələgəlməsi bölməsinin (DGÇFB) əməkdaşları tərəfindən həyata keçirilir. Məqsəd müxtəlif regionlarda intişar tapmış palçıq vulkanlarının spesifik-genetik xüsusiyyətlərini, geoloji-geokimyəvi fəaliyyətlərini müqayisəli təhlil etmək olub. Tədqiqatların yekununda Azərbaycanın palçıq vulkanlarının araşdırılmasında iki yeni istiqamət müəyyənləşdirilib. Onlar palçıq vulkanı brekçiyasında aksessor və fəsil minerallaşmanın araşdırılması ilə əlaqədardır. İlkin tədqiqatlar nəticəsində Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, dəmir, mis və titan, həmçinin sulfidlər, oksidlər, silikatlar, karbonatlar, fosfatlar, sulfatlar və digər komponentlərlə yanaşı, bir sıra yeni minerallar, daş kömür aşkar edilib.

Bu ilin aprel-may aylarında şöbənin əməkdaşları Abşeron, Xəzəryanı-Quba, Şamaxı-Qobustan və Şirvanın cənub-şərqində ekspedisiya işləri həyata keçiriblər. Ümumən 15 palçıq vulkanından götürülmüş nümunələr hazırda analiz olunur.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında