Qlobal istiləşmə XXI yüzilliyin ən ciddi ekoloji təhlükəsidir

Son dövrlər planetimizi bürümüş təbii fəlakətlərin səbəbi hamını maraqlandırır. Elmi-texniki tərəqqi və texnologiyanın sürətli inkişafı nəticəsində atmosferə zərərli maddə və məhsulların atılması ətraf mühitin və ekologiyanın korlanmasına gətirib çıxarmışdır. Bu da, öz növbəsində, təbiətdə baş verən proseslərə əsaslı təsir göstərərək, dəyişikliklərin baş verməsinə səbəb olmuşdur.

Müasir dövrdə dünyanın müxtəlif ölkələrində təbii fəlakətlərdən minlərlə insan həlak olur və milyonlarla insan isə xəsarət alır. Alimlər bunu ətraf mühitə, onun amillərinə insanın antropogen fəaliyyətinin neqativ təsiri ilə əlaqələndirirlər. Mütəxəssislərin mülahizələrinə görə, planetimizdə iqlim xəritəsinin kəskin dəyişilməsi qlobal istiləşmənin nəticəsidir. Qlobal istiləşmə insanlar üçün daşqınlar, quraqlıq, meşə yanğınları, sunami və epidemiya qədər təhlükə kəsb edən təbiət hadisəsidir.

Alimlərin fikrinə görə, qlobal istiləşmə həm Yer təbəqəsinin müxtəlif qatlarında temperatur fərqi yaradır, həm də buzlaqların əriməsi sürətləndiyi üçün dünya okeanında suyun səviyyəsi artdığından Yerin təkinə təsir edərək tektonik hərəkətlərə səbəb olur.

Amerika mətbuatının yazdığına görə, ABŞ-ın Atmosfer Tədqiqatları Milli İdarəsinin yeni hesabatında deyilir ki, dünyanın 48 ölkəsindən olan 300-dən artıq alim qlobal istiləşmənin qaçılmaz olduğuna əmindir. Sənəddə qlobal istiləşmənin səbəbləri göstərilmir. Lakin bildirilir ki, qarşıdakı illərdə bütün dünyada hərarətin yüksəlməsi və buzlaqların əriməsi prosesi davam edəcək. Ekoloqların fikrincə, əgər dünya birliyi qlobal istiləşmə ilə bağlı vaxtında qabaqlayıcı tədbirlər görməsə, qarşıdakı onilliklər ərzində bəşəriyyət iqlim dəyişikliyinin fəlakətli nəticələri ilə üzləşəcək.

Qlobal istiləşmənin səbəblərini aşkarlamaq üçün alimlər ciddi tədqiqatlar aparır, mümkün xilas yollarını axtarırlar. 1990-cı ildə Nobel mükafatı laureatı olan 49 alim bəyan etdi ki, "qlobal istiləşmə XXI yüzilliyin ən ciddi ekoloji təhlükəsidir və biz gələcək nəsillərin bu təhlükə ilə üzləşməyəcəklərınə əmin olmaq üçün indidən ölçü götürməliyik".

İqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin sayı xeyli artıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son illər ərzində təbii fəlakətlərdən 2,7 milyard insan zərər çəkib. Statistika göstərir ki, geofiziki fəlakətlərin sayı, o cümlədən zəlzələ və vulkan püskürmələri ötən əsrin 80-ci illərindən sonra o qədər də dəyişməyib. Amma eyni dövrdə daşqın və qasırğaların sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Təbii fəlakətlər nəticəsində hər il təxminən 250 milyon insan zərər çəkir. Bu fəlakətlərin 98 faizini iqlim fəlakətləri təşkil edir.

 Təhlükənin ciddiliyini nəzərə alaraq, Ümumdünya İqlim Proqramı yaradılmış və Birləşmiş Millətlər Təşkilatı tərəfindən iqlim dəyişkənliyi barədə Aralıq Konvensiyası, Çərçivə Konvensiyası və Kioto protokolu qəbul edilmişdir. İqlim dəyişkənliyini nəzarətdə saxlamaq üçün BMT tərəfindən beynəlxalq ekspert qrupu yaradılmışdır.

 İngiltərənin “EDDI” mərkəzinin hazırladığı xəritədə temperaturun 2 dərəcə artacağı təqdirdə, harada nələrin baş verəcəyi təsvir olunub. Xəritədə əsas təhlükəli ərazilər kimi Qərbi Avropa, Hind-Çin yarımadası, Cənubi Afrika və Amerika, Şimali Amerikanın sahil zonaları, ada əraziləri və Avstraliya göstərilib. Qafqaz zonası, eləcə də Azərbaycan ərazisində heç nə göstərilməyib. Yəni bizdə o təsirlər ən minimal səviyyədə olacaq.

“Xəzərin mövcudluğu Azərbaycanda iqlim dəyişmələrinin təsirini yumşaldır”– Bu fikri BMT-nin qlobal hesabatını şərh edən Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova bildirib. Onun sözlərinə görə, qlobal dəyişikliyin Azərbaycana təsiri çox hiss edilməyəcək: “Dünyada iqlim dəyişikliyi riyazi qaydalara əsasən hesablanır. BMT-nin müəyyən rəqəmlər göstərməklə hesabat verməsinə baxmayaraq, bu iqlim dəyişikliyinin Azərbaycana necə təsir edəcəyini demək çətindir. Çünki ölkəmizin iqlim durumu bir qədər fərqlidir. Dəfələrlə Avropanın iqlim durumu ilə bağlı proqnozlar verilib, amma digər Avropa dövlətlərindən fərqli olaraq, həmin proqnozlar özünü Azərbaycanda doğrultmayıb. Məhz bunları nəzərə alaraq Azərbaycanda iqlim dəyişikliyinin tam modelini hazırlamağın çətin olduğunu deyə bilərəm”.

 Amma qlobal iqlim dəyişikliyinin Azərbaycana göstərdiyi təsiri də duymamaq mümkün deyil. Son vaxtlar bölgələrə yağan güclü yağıntılar (yağış, dolu, palçıqlı yağış və s.), bəzi yerlərdə isə kəskin istilər bunun real nümunəsidir. Daha çox baş verən torpaq sürüşmələri, çayların tez-tez daşması yeni təhlükəli hava siklonlarının yarandığını ortaya qoyur. Alimlər respublikada meşələrin salınmasını və bərpasını vacib şərt kimi irəli sürürlər. Onlar meşə amilinin daşqınların, küləklərin qarşısını ala bilməsi ilə yanaşı, həm də torpaqqoruma xüsusiyyətinə malik olduğunu bildirirlər.

 Qeyd edək ki, dünyanın digər inkişaf edən dövlətləri kimi, Azərbaycan da iqlim dəyişikliklərinin mənfi təsirinə qarşı birgə mübarizədə iştirak edir və bununla bağlı müxtəlif beynəlxalq konvensiya və protokollara qoşulub. Məsələn, Azərbaycan 2000-ci ildə iqlim dəyişikliyi ilə bağlı vəziyyəti tənzimləyən beynəlxalq sənədə – Kioto protokoluna qoşulub. İnkişaf etməkdə olan ölkə kimi Azərbaycan ancaq təmiz inkişaf mexanizmində iştirak edə bilər. Bundan başqa, ölkə Prezidentinin qərarı ilə 2005-ci ildə Kioto protokolunun təmiz inkişaf mexanizminin idarə olunması üçün milli səlahiyyətli orqan yaradılıb. Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Bu orqan təmiz inkişaf mexanizminin layihələrini qeydiyyata alır, onların təsdiq olunmasında, razılaşdırılmasında və layihələrin işlənməsində yardım göstərir.

 Bunlar hələ ki, ilkin fərziyyələrdir və alimlər bəzi ümidverici proqnozlar da verirlər. Onların bəziləri deyirlər ki, iqlim dəyişikliyi hər zaman olub. Məsələn, əvvəl böyük buzlaşma dövrü, sonra istiləşmə dövrü olub. XVII- XVIII əsrlərdə isə kiçik buzlaşma dövrü olub. 125 min il bundan əvvəl Yerdə orta illik temperatur indikindən 4 dərəcə çox olub. Amma o vaxt, təbii ki, Yer səthində də vəziyyət başqa idi. Yaşıl kütlə daha çox idi ki, bu da karbon və digər istilik yaradan qazları müəyyən normada saxlayırdı və enerji balansı pozulmurdu. İstilik var idi, amma Yerə düşən və Yerdən qalxan enerji bərabər idi. İndi istiləşmə dövrünü yaşayırıq. Hətta bəziləri deyirlər ki, yaxında bizi buzlaşma dövrü gözləyir. Burada alimlərin çoxu tərəfindən qəbul olunan rəsmi sənədlərə əsaslanmaq lazımdır. Hələlik, bu sahədə tam aydınlıq yoxdur. 10 il sonra necə olacağını demək çətindir. Elm hələ o dərəcədə inkişaf etməyib ki, bu suala tam cavab tapsın.

 Hazırda qlobal istiləşmə Yer kürəsinin müxtəlif bölgələrində fəlakətlər yaratmaqda davam edir. Bu prosesi ləngitmək üçün beynəlxalq miqyaslı tədbirlərin həyata keçirilməsi vacib məsələdir.

Hazırladı:
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında