Bakı şəhərinin və ətraf qəsəbələrin ekoloji problemlərinin həlli diqqət mərkəzindədir

Dövlət Proqramının izi ilə

Ekoloji vəziyyətin sağlamlaşdırılması Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair bütün proqramlarda prioritetlərdən biri kimi əksini tapıb. Həmin proqramlar çərçivəsində Bakı şəhərinin və ətraf  qəsəbələrin  kanalizasiya şəbəkələri ilə təmin edilməsi, mövcud təmizləyici qurğuların yenidən qurulması və yenilərinin tikilməsi, yaşıllıq  zonalarının salınması istiqamətində ardıcıl layihələr həyata keçirilmişdir

“2014–2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın  gerçəkləşməsində sonuncu ildir. Həmin proqramda Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün neftlə çirklənmiş torpaqların və göllərin təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni yaradılan müəssisələrə ciddi ekoloji tələblərin qoyulması öz müsbət nəticəsini verməkdədir.  Bundan əvvəl  həyata keçirilmiş dövlət proqramı problemin həllində əhəmiyyətli  rol oynamışdır. Belə ki, neftlə çirklənmiş 228 hektar ərazi rekultivasiya edilmiş, 1350 hektar sahədə 1,3 milyon ədəd ağac əkilmiş, 408 hektar ərazi abadlaşdırılmış, 53 yeni mədəniyyət və istirahət parkı salınmışdır.

Abşeron yarımadasında yerləşən 9 gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə aparılan hazırlıq işləri bitmək üzrədir. Eyni zamanda, Böyük Şor gölünün şərq hissəsindəki ərazinin ekoloji bərpası üçün layihələndirmə və mühəndis işləri aparılmışdır. Balaxanı poliqonunda tullantıların zərərsizləşdirilməsi prosesi daha da təkmilləşdirilmiş, bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları istifadəyə verilmişdir. Bütün bunlar meqapolisə çevrilməkdə olan şəhərimizin ekoloji mühitinin sağlamlaşmasında əhəmiyyətli rol oynamışdır. Ancaq problemin tam həlli üçün  görüləsi işlər hələ  qalmaqdadır.

Ona  görə yeni dövlət proqramında da   bu  məsələyə  xüsusi önəm verilmişdir. Burada ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində işlərin davam etdirilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi, abadlıq və yaşıllaşdırma işlərinin genişləndirilməsi  nəzərdə tutulmuşdu.

Qeyd edək ki, son illər Zabrat, Sabunçu, Kürdəxanı, Pirşağı və digər qəsəbələrin ərazilərində olan süni göllərin qurudulması, Balaxanı Əməliyyat Şirkəti və “Azgerneft” MMC-nin balansında olan neftlə çirklənmiş torpaqlarda rekultivasiya işlərinin aparılması üzrə işlər davam etdirilmişdir.

Dövlət proqramına müvafiq olaraq 2014-cü ildə paytaxt və qəsəbələrin yaşıllaşdırılması, ətraf mühitin yaxşılaşdırılması və ekoloji tarazlığın qorunub saxlanılması üzrə həllivacib işlər davam etdirilmişdir. Belə ki, ümumilikdə 74 hektar sahədə 376 min ədəd ağac və kol bitkiləri əkilmişdir. Bununla yanaşı, neft mədənləri ərazisində  çirklənmiş göllərin qurudulması, həmin ərazilərin yaşıllaşdırılması və abadlaşdırılması istiqamətində işlər davam etdirilmiş, ümumilikdə, 68,7 hektar neftlə çirklənmiş ərazi təmizlənmişdir.

Son illər respublikada mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud çirkabtəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, Xəzər dənizinin kiçik lokal mənbələrdən çirklənməsinin qarşısının alınması məqsədilə nazirlik tərəfindən Abşeron yarımadasının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan şimal sahilboyu ərazilərində, ümumilikdə, gündə 7900 kubmetr çirkab təmizləmə gücünə malik modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya istismara verilərək "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılmışdır.

Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edir. Bununla da göl öz təbii-tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaqdır. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə görə, Böyükşor dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilirdi. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda göllərin bərpası üzrə tədbirlər planının olması Azərbaycan dövlətinin vətəndaşların sağlamlığı, ekoloji durumun yaxşılaşdırılması istiqamətində gördüyü işlərin ardıcıl xarakter daşımasının təsdiqidir. Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpasını tarixi layihə adlandıran Prezident İlham Əliyev onun ekoloji əhəmiyyətini yüksək qiymətləndirmişdir.

Azərbaycan paytaxtının ekoloji balansının təmin edilməsində Xəzər dənizinin ayrıca rolu var. Lakin dənizin beynəlxalq hüquqi statusunun hələ də müəyyən olunmamış qalması onun çirklənmədən mühafizəsi, nadir faunasının qorunması üçün çoxtərəfli tədbirlərin görülməsi imkanlarını da məhdudlaşdırır. Buna baxmayaraq,  Azərbaycan Xəzər dənizinin çirklənmədən qorunması, orada yaşayan canlıların, xüsusən nərə kimi ən nadir balıq növlərindən birinin məhv olmaqdan xilas edilməsi istiqamətində  birtərəfli qaydada irihəcmli investisiyalar sərf edən, zəruri infrastruktur yaradan ölkədir. Bu fəaliyyət son bir neçə il ərzində geniş miqyas alıb.

Xəzərin   ekoloji vəziyyətinin   yaxşılaşdırılması   məqsədilə    Azərbaycan Respublikasının   Prezidentinin  2007–ci  il  iyunun 20-də imzaladığı "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi    tədbirlər haqqında" sərəncamdan   irəli gələn məsələlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilir. Sərəncamda qeyd olunub ki, sahil ərazilərindən tullantı sularının  təmizlənmədən axıdılması Xəzər dənizinin zərərli kimyəvi maddələrlə çirklənməsinə və bunun nəticəsi olaraq onun unikal bioloji müxtəlifliyinin aşınmaya məruz qalmasına səbəb olmuşdur.   Müvafiq tədbirlərin həyata keçirilməsi Xəzər ekosisteminə antropogen təsirləri azaltmaqla dənizin biomüxtəlifliyinin və istirahət-rekreasiya zolağının bərpasına xidmət etməkdədir və bu, müsbət nəticələrini verir. Bu sərəncam əsasında  Xəzər sahillərində beynəlxalq  standartlara cavab verən modul tipli lokal çirkabtəmizləyici qurğular  quraşdırılmışdır. İtaliya, ABŞ, Almaniya, Tayvan, Türkiyə, Fransa istehsalı olan bu qurğular, nefttutucu avadanlığı da nəzərə alsaq, ümumilikdə, gündə 4070 kubmetr çirkabtəmizləmə gücünə malikdir. 

Bakı və ətraf qəsəbələrdə  torpaqların, habelə Xəzərdə suların çirklənməsində uzun illər davam edən neft hasilatının da rolu var. Azərbaycan Dövlət Neft Şirkətində bu məsələ əsas prioritetlərdən biri kimi daim diqqətdə saxlanılır. Ötən bir neçə il ərzində şirkət Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində bir neçə pilot layihə həyata keçirib. ARDNŞ tərəfindən yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin  neftayırma zavodlarında istehsalat prosesləri zamanı formalaşan tullantıların təmizlənməsi və zərərsizləşdirilməsi nəticəsində Xəzər dənizinə, eləcə də ətraf mühitə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azaldılması sahəsində gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanda son illər həyata keçirilən ən mühüm ekoloji layihələrdən biri də Bakıda məişət tullantılarının yandırılması üçün ən yeni texnologiyalara əsaslanan zavodun tikilməsidir. Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton təşkil edən zavod tullantıların yandırılması prosesində ildə 231.5 milyon kvt/saat enerji hasil etmək gücündədir. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan bu müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. Yanma məhsulu olan tüstü külü xüsusi filtrlərlə tutularaq ətraf mühiti çirkləndirmir. Bu zavodun yaradılması uzun illər boyu Bakının məişət tullantılarının açıq havada yandırılması və şəhərətrafı boş ərazilərə atılması nəticəsində meydana gələn ciddi ekoloji problemlərin həlli istiqamətində mühüm addımdır.

 Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı sonuncu dövlət proqramı uğurla  reallaşdırılmaqdadır. Proqramda nəzərdə tutulmuş əsas müddəalar üzrə işlər artıq yekunlaşır.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında