Ekoloji problemlərin diqqət mərkəzində saxlanılması uğurlu perspektivlərdən xəbər verir Təbiət və biz

Müasir dünyada ekoloji tarazlığın qorunması, suyun, havanın, torpağın çirklənmədən  mühafizə edilməsi ümumbəşəri problemdir. Bu problemlərin həlli Azərbaycanın da qarşısında duran strateji vəzifələrdən biridir. Bu, irihəcmli dövlət investisiyaları tələb edir. Azərbaycanda sovet hakimiyyəti dövründə ekoloji tarazlığın qorunması prioritet məsələ olsa da, müstəqilliyin əldə edilməsindən sonrakı ilk illərdə  ölkənin üzləşdiyi problemlər ekologiyaya xüsusi diqqət yetirilməsinə və investisiyaların yatırılmasına imkan vermirdi.

Ona görə də həmin illərdə  paytaxt Bakıda, Xəzərin sahilboyu zolağında, Sumqayıtda və digər yerlərdə ağır ekoloji fəsadlar meydana gəlmişdi. Son illərdə isə ölkəmizin sürətli iqtisadi inkişafı  ekoloji problemlərin həllinə imkan yaratmış, ətraf mühitin qorunması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Nəticədə, Azərbaycanda ekoloji durumun sağlamlaşdırılmasına yönələn irimiqyaslı dövlət proqramları, böyük məbləğlərdə investisiya tələb edən iri layihələr həyata keçirilir.

Məlum faktdır ki, ölkəmizdə həyata keçirilən ekoloji proqramların əsası 2003-cü ildə qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən  “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Meşələrin bərpa edilməsi və artırılmasına dair” 2 milli proqram, daha sonra  isə “Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı”, “Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair” və   “Azərbaycan Respublikasında Hidrometeorologiyanın inkişafı”na dair dövlət proqramları təsdiq olunmuş və həmin istiqamətlərdə böyük işlər görülmüşdür.   

 

Mütəxəssislərin fikrincə, həmin istiqamətdə atılan ən önəmli addım “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” hesab olunur. Həmin plan Bakı və Bakı ətrafında, eləcə də Abşeron yarımadasında ekoloji böhran xarakteri almağa başlayan çirklənmənin qarşısını almaq üçün strateji əhəmiyyət kəsb etdi. Əvvəllər paytaxt Bakı ətrafında neft gölməçələri, məişət tullantılarının primitiv formada yandırılması nəticəsində paytaxtın üzərini və Abşeron yarımadasını bürüyən qalın tüstü dumanı, çirkab sularının təmizlənməsi və axıdılması üçün yetərli infrastrukturun mövcud olmaması ekoloji vəziyyəti gərginləşdirirdi. Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş həmin plan məhz  ətraf mühitin mövcud  vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir.

Adıçəkilən planın icrası zamanı əsas məqsəd o idi ki, Bakı buxtasının, Bibiheybət zonasının, Heydər  Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, eləcə də Abşeron yarımadasının ekoloji problemləri aradan qaldırılsın. Belə problemlər isə az deyildi. Paytaxt ətrafındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması əsas vazifə kimi qarşıya qoyulurdu. Bundan başqa, Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantı kütlələrinin  idarə olunmasının təkmilləşdirilməsi və digər  məsələlər qarşıya qoyulmuşdu.

Xatırladaq ki, dövlət başçımızın Bakı və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair imzaladığı bütün proqramlarda prioritet istiqamətlərdən biri məhz ekoloji vəziyyətdir. Həmin proqramlar çərçivəsində Bakı şəhərinin və Abşeron yarım­­adasındakı yaşayış massivlərinin kanalizasiya şəbəkələri ilə təmin edilməsi, mövcud təmizləyici qurğuların yenidən qurulması və yeni təmizləyici qurğuların  tikilməsi istiqamətində müasir  layihələr həyata keçirilməkdədir.  2011-ci ildə təsdiq edilən “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramı”nda  da ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn layihələr müsbət nəticələr verir.

Ekoloq mütəxəssislərin fikrincə, Bakının ekoloji problemlərindən danışarkən, Xəzər dənizini  xüsusilə qeyd etmək zərurəti vardır.  Çünki Xəzərin çirklənmədən mühafizəsi, onun nadir faunasının qorunması üçün mühüm tədbirlərin görülməsi daha vacibdir.  Azərbaycan Xəzər dənizinin çirklənmədən qorunması, orada yaşayan canlıların, xüsusən nərə balığı kimi dünyanın ən nadir balıq növlərindən birinin məhv olmaqdan xilas edilməsi istiqamətində  birtərəfli qaydada irihəcmli investisiyalar sərf edən, zəruri infrastruktur yaradan ölkədir. Belə ki, Xəzərin   ekoloji   vəziyyətinin   yaxşılaşdırılması   məqsədilə    Azərbaycan Respublikasinin   Prezidenti   tərəfindən   2007-ci  il  20 iyun tarixində imzalanmış “Xəzər   dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər    haqqında” sərəncamdan   irəli   gələn məsələlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilib. Müvafiq tədbirlərin həyata keçirilməsi sayəsində Xəzər ekosisteminə antropogen təsirləri azaltmaqla dənizin biomüxtəlifliyinin və istirahət-rekreasiya zolağının bərpası öz müsbət nəticələrini göstərir. Həmin sərəncama əsasən  Xəzər sahillərində beynəlxalq  standartlara cavab verən modul tipli lokal çirkab təmizləyici qurğular  quraşdırılmışdır. Bu qurğular İtaliya, ABŞ, Almaniya, Tayvan, Türkiyə, Fransa istehsalı olan avadanlıqlardan ibarətdir. Həmin qurğular nefttutucu avadanlığı da nəzərə alsaq, gündə 4070 kubmetr  çirkabtəmizləmə gücünə malikdir.

Müvafiq hesabatlarda göstərilir ki, həmin qurğulardan Abşeron yarımadasının Bilgəh, Buzovna və Mərdəkan qəsəbələrində quraşdırılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarında göstərilir ki, artıq Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sisteminin beş stansiyası fəaliyyət göstərir. Çirkli sular ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən inqrediyentlərdən (o cümlədən bəzi hallarda hər litrdə 2,3 milyon ədəd olan bağırsaq çöpü bakteriyalarından və normanı 100 dəfə üstələyən üzvi çirkləndiricilərdən) təmizlənərək 250-300 metrədək dənizin dərinliyinə axıdılır. Aparılan monitorinq qısa zaman ərzində Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti  tərəfindən yaradılan “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin  neftayırma zavodlarında istehsalat prosesləri zamanı formalaşan tullantıların təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində boyük iş görülür. Belə ki, Xəzər dənizinə, eləcə də ətraf mühitə atılan zərərli maddələrin miqdarı azaldılır.  Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar ilk dəfə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair dövlət proqramının qəbul olunması da mühüm addımdır. Çünki Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir.

2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi bu sahədə çox mühüm addımdır. Bununla əlaqədar 2009-cu ildə Sənaye və Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Bunun nəticəsində 2011-ci ildə Qobustan rayonu ərazisində ölkədə ilk dəfə külək elektrik stansiyası işə salınmışdı.

Respublikada ən mühüm ekoloji layihələrdən biri də Bakıda məişət tullantılarının yandırılması üçün yeni texnologiyalara əsaslanan zavodun tikilməsidir. Zavodun tikintisinə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində Fransa  şirkəti tərəfindən başlanılmışdı. Həmin zavod  Balaxanı qəsəbəsində -- 20 hektar ərazidə inşa olunub. Onun illik gücü 500 min ton təşkil edir. Iş prosesi zamanı bura 231,5 milyon KVt saat enerji hasil etmək gücünə malikdir. Zavod 2012-ci ilin sonundan tam fəaliyyətə başlayıb. İstehsalat gücünə görə müəssisə Şərqi Avropada və MDB məkanında bu tipli iri zavoddur.

Bir qədər geriyə nəzər salaraq xatırladaq ki, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində mühüm mərhələlərdən biri də  2010-cu il olmuşdur.  Belə ki, həmin il fevralın 18-də ölkə Prezidenti ekoloji problemlərə həsr olunmuş xüsusi müşavirə keçirdi. Elə həmin müşavirədə 2010-cu il Prezident İlham Əliyev tərəfindən “Ekologiya İli” elan edildi. Ekologiya  ili çərçivəsində də bölgələrdə milyonlarla ağac əkildi, ətraf  mühit problemlərinə dair ictimai müzakirələr aparıldı və digər mühüm tədbirlər həyata keçirildi. Bir  sözlə, bu gün Azərbaycanda  təbiətin qorunması, ekoloji tarazlığın bərpası dövlətin nəzarətindədir. Dövlət başçısının bu məsələni daim diqqət mərkəzində saxlaması  uğurlu perspektivlərdən xəbər verir.

İsaq ƏMƏNULLAYEV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında