Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü günü möhtəşəm ağacəkmə kampaniyası ilə yadda qaldı

İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir.

Heydər Əliyev
Ümummilli lider

 


 

Ulu öndərin adı ilə bağlı olan istənilən tədbir ölkəmizin inkişafına, dövlətimizin qüdrətlənməsinə, xalqımızın eyni amal uğrunda daha sıx birləşməsinə, gəncliyin intellektual səviyyədə, vətənpərvər yetişməsinə, elmin, təhsilin, səhiyyənin, idmanın tərəqqisinə stimul verir. Xalqımızın böyük oğlunun anadan olmasının 93-cü ildönümü münasibətilə bilavasitə Prezident İlham Əliyevin və ailə üzvlərinin iştirakı ilə start verilən ağacəkmə kampaniyası da, əslində, yeni təşəbbüs deyil. Çünki ulu öndərin bu sahədə mükəmməl və böyük səmərə vermiş ənənəsi vardır. O, ölkəmizə birinci dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə məhz bu qəbildən olan təşəbbüslərlə neftli–mazutlu, tozlu–palçıqlı Abşeronun , eləcə də respublikamızın şəhər və rayonlarının kifayət qədər böyük ərazisinin yaşıllığa qərq edilməsinə nail olmuşdu.

 O, ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi dövrdə də Azərbaycan təbiətinin misilsiz qayğıkeşi və yorulmaz mühafizəçisi kimi çıxış edirdi. Rəsmi tədbirlərdən birində, sonra isə jurnalistlərin suallarını cavablandırarkən ölkədə, xüsusən, paytaxtda yaşıllığın qorunmasına və artırılmasına məsul olan şəxslərə üzünü tutaraq demişdi ki, qanunsuz bir yaşıl ağac kəsiləndə elə bilirəm ki, mənim qolumu kəsirlər. Ulu öndər Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqinin sonunda da xalqımız üçün təbiətin, ağacın böyük dəyər kəsb etdiyini yada salmışdı: “Çaylarınız qurumasın, ocağınız sönməsin, bulaqlarınız qurumasın, ağaclarınız kəsilməsin!”.

...Onun adı ilə bağlı olan istənilən tədbir haqqında söz açanda mütləq geridə qalan illərə qısa da olsa ekskurs etmək zərurəti yaranır. Çünki geridə qalan illərdə onun yüz illər boyu yaşayacaq əməlləri, xalqın və cəmiyyətin həyatında heç zaman silinməyəcək izlər buraxmış fəaliyyəti vardır. Yaxın tarix olduğuna görə hamı bilir ki, 1969-cu ildə dahi rəhbər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra respublikamızda bütün sahələrə, o cümlədən təbiətin mühafizəsinə də diqqət artırılmışdı. Ulu öndərin hakimiyyətə gəlməsi ilə Azərbaycan təbiətinin müdafiəsi işinə başlanılmış, onun bərpası və zənginləşdirilməsi tədbirləri həyata keçirilmişdir. Bu da onu göstərir ki, hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən Azərbaycanda, sözün əsl mənasında, tətbiqi ekologiya fəaliyyətə başlamışdır. Belə ki, təbiəti mühafizə işlərini daha da yaxşılaşdırmaq üçün 1969-1982-ci illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair 8 qanun, 32 qərar qəbul olunmuşdur.

Ulu öndərin siyasi irsinə aid olan həmin sənədlər – təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair qəbul edilmiş qanun və qərarlar müstəqillik bərpa edildikdən sonra yenidən işlənərək təkmilləşdirilmiş, ölkəmiz beynəlxalq konvensiyalara qoşulmuşdur. Respublikamızda aparılan genişmiqyaslı tədbirlər ekologiyaya birbaşa və ya dolayısı ilə aid olub, ətraf mühitin dayanıqlılığına, eyni zamanda, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına və sağlamlığının qorunmasına yönəldilmişdir. Fəxrlə qeyd edilməli tendensiyadır ki, ulu öndərin əsasını qoyduğu bu cür tədbirlər indi ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mayın 10-da reallaşdırılan möhtəşəm tədbir də məhz həmin ənənənin davam etdirilməsinin təzahürü idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Zığ – Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 29-30-cu kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər. Əvvəlcə dövlətimizin başçısına və xanımına Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərin təqdim olunması da təsadüfi deyildi. Çünki, dövlət başçısının öz imzası ilə təsdiq olunmuş “Ekologiya ili”ndə görülmüş işlərlə bilavasitə tanış olması bu sahədə çalışanların məsuliyyətini qat-qat artırır.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Prezident İlham Əliyevə nazirlik tərəfindən 2008-2016-cı illər ərzində salınmış və damcılı suvarma sistemi ilə təchiz edilmiş yaşıllıqlar barədə məlumat verərək bildirib ki, həmin müddətdə Bakı-Şamaxı magistral avtomobil yolunun ətrafında 622 mindən, Bayıl yamacında 463 mindən artıq, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Hacıqabul hissəsində 1 milyon 600 minə yaxın, Bakı-Quba magistral avtomobil yolunun ətrafında 680 mindən çox, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 500 minə yaxın ağac əkilib. Beləliklə, 2008-2016-cı illərdə respublika ərazisində nazirlik tərəfindən sahəsi 3776 hektar, uzunluğu isə 190 kilometr olan ərazidə ümumilikdə 4 milyon 826 mindən çox ağac əkilərək onlara zəruri aqrotexniki qulluq göstərilib.

Hələ ulu öndərin ölkəyə birinci dəfə rəhbərlik etdiyi illərdə yaşıllıq zonaları salınarkən ayrılmış sahənin torpağının rütubətliliyi, təbii imkanları mütləq nəzərə alınırdı. İndi də belədir. Prezidentin iştirakı ilə keçirilən tədbirdə qeyd olunub ki, yaşıllıqlar salınarkən zeytun ağaclarına daha çox üstünlük verilib. Buna görə də hazırda bu ağacların əkildiyi sahələr son yüz ildə Azərbaycanda salınmış zeytun bağlarının sahəsindən üç dəfə çoxdur. Əkilmiş zeytun ağaclarının sayı isə artıq 1 milyon 268 mini keçib. Son səkkiz ildə nazirlik tərəfindən yaşıllıq sahələrinə 11 min kilometr uzunluğunda damcılı suvarma xətləri çəkilib.

Xatırladaq ki, indiyədək Zığ – Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun ətrafında ümumi sahəsi 969 hektar, uzunluğu isə 20 kilometr olan ərazidə 58 növdə bir milyondan artıq ağac əkilib. Onların arasında zeytun, Eldar şamı, sərv, tuya, oleandr, Arizona sərvi, akasiya, göyrüş, lələk, tut, nar, badam, sarağan, meliya və digər ağac növləri var. Ərazisi 12 hektar olan bu yaşıllıq sahəsində mayın 10-da ümumilikdə 10 minə yaxın zeytun, Eldar şamı, sərv, Arizona sərvi, mavi küknar, limon sərvi, leylandi ağacları əkilib.

Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, hazırda ölkə ərazisində ətraf mühitin sağlamlaşdırılması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair imzaladığı sənədlər bu sahədə mühüm nailiyyətlər əldə etmək üçün hərtərəfli şərait yaradıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində də ölkəmizdə yaşıllıqların artırılmasına, mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirilir. Bu məsələdə fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.

* * *

Ulu öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə start verilən ağacəkmə kampaniyası ölkənin hər yerində davam edir.

* * *

Bölgə müxbirimiz Zaqataladan xəbər verir ki, bu aksiya çərçivəsində, ümumilikdə, 1 hektar ərazidə həmişəyaşıl, eləcə də, 60 ədəd palıd, 110 ədəd qoz, 420 ədəd akasiya, 130 ədəd katalba və 130 ədəd sərv agac növlərindən əkilib. Bundan başqa, müxtəlif növlərdən olan 4170 ədəd dekorativ gül və çiçəklər, 1820 ədəd qızılgül kolları əkilib. Ümumilikdə, rayon ərazisində 6840 ədəd müxtəlif növ ağac və gül kolları əkilib.

Şamaxıda isə rayonun idarə, müəssisə və təşkilatlarını təmsil edən 4350 nəfərin iştirakı ilə keçirilmiş iməciliklərdə 5 min ədədə yaxın həmişəyaşıl və dekorativ ağac növləri əkilib.

Digər müxbirimiz Zığ yolu istiqamətində reallaşdırılan ağacəkmə kampaniyasından yazır: “Rayonun müxtəlif idarə və müəssisələrindən, orta ümumtəhsil məktəblərindən, xidmət təsərrüfatlarından iməciliyə beş minə yaxın insan toplaşmışdı. Bayram əhval-ruhiyyəsi ilə iməciliyə qatılan insanlar magistral yolun kənarında salınmış yaşıllıqlara aqrotexniki qulluq edir, həmin əraziləri alaq otlarında təmizləyirdilər”.

Paytaxtın əsas yaşayış massivlərindən olan Nəsimi rayonunda keçirilən iməcilik haqqında hazırlanmış materialda oxuyuruq: “Həmin gün rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, park və bağlarda 50 min gül kolu, 3 mindən artıq həmişəyaşıl və 400 dekorativ ağac əkilmişdir. Yaşıllıqlara, məhəllələrə, yol kənarlarına 2 min kvadratmetrdən çox yaşıl ot örtüyü vurulmuşdur”.

Sumqayıt müxbirimiz isə bildirir: “Ümummilli liderin ölməz xatirəsinə əbədi ehtiramlarını bildirən iməcilik iştirakçıları şəhərin küçə və meydanlarında, ayrı-ayrı ərazilərdə abadlıq işləri gördülər, park və xiyabanlarda çoxsaylı mövsümi gül və bəzək kolları əkdilər”.

AZƏRTAC xəbər verir ki, Samuxda keçirilən aksiyanın ilk günündə rayonun əsas magistral və avtomobil yollarının kənarlarına yerli iqlim şəraitinə uyğun olan 3000 ədəd müxtəlif növ ağac və 15000 ədəd dekorativ gül kolu əkilib, ağaclara aqrotexniki qaydada qulluq göstərilib.

Digər materialda isə oxuyuruq: “İməciliklərdə 3000 nəfərdən çox rayon sakini iştirak edib. Şəhərin küçə və parklarında, yol kənarlarında 7000-dən çox müxtəlif növ ağac əkilib”.

Dövlət agentliyinin digər materialı Abşerondan hazırlanıb. Orada yazılır: “Mayın 10-da rayonda ağacəkmə aksiyası da keçirilib. Aksiya rayonun bütün kənd və qəsəbələrini əhatə edib. Sərv, şam, lyandra, kipariz tingləri və dekorativ bəzək kolları əkilib. Əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb. Həmçinin rayonun küçələrində təmizlik işləri də aparılıb”.

Ümumiyyətlə, aldığımız son məlumata görə, iməciliyin ilk günündə respublikanın şəhər və rayonlarında 305 min 800-dək ağac əkilmişdir.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında