Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Daşkəsəndə rayon ictimaiyyəti ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov fevralın 8-də Daşkəsən şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, iş adamları və sahibkarların iştirak etdiyi görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən Azərbaycanın bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da geniş tikinti-quruculuq, abadlıq işləri aparılıb, ucqar dağ kəndlərinə yollar çəkilib, körpülər inşa olunub, su, elektrik təchizatı yaxşılaşdırılıb. Rayonun siması tamamilə dəyişib, əhalinin məşğulluğunun artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində xeyli iş görülüb. Belə ki, 2015-ci il dekabrın 24-də Qabaqtəpə ərazisində 8247 nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolu və iki körpü sakinlərin istifadəsinə verilib. Hazırda Daşkəsən şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması üzrə işlər uğurla davam etdirilir. Həmin layihənin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin sakinləri fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqlar.

Rayon təbii sərvətlərlə, xüsusən faydalı qazıntı yataqları ilə olduqca zəngindir. Keçmiş Sovet İttifaqı dövründə “Azərbaycanın Uralı” adlandırılan Daşkəsən ərazisində dəmir filizi, alunit, qızıl, kobalt, əhəng daşı, qranit, mərmər və digər yataqlar var. Eləcə də rayon zəngin fauna və floraya malikdir. Bu gün qeyri-neft sektorunun inkişafına yönəlmiş dövlət siyasətinə uyğun olaraq, rayonun təbii sərvətlərindən səmərəli istifadə edilməsi, iş adamlarının bu sahəyə cəlb olunması Daşkəsəndə turizmin və dağ-mədən sənayesinin inkişafında mühüm rol oynaya bilər.

Daha sonra ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış edərək bildirib ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin yaratdığı maliyyə çətinlikləri digər ölkələrdə olduğu kimi, Azərbaycandan da yan keçməyib. Bu təsirin minimuma endirilməsi üçün lazımi tədbirlər görülür. Qeyd olunub ki, qiymətlərin süni surətdə qaldırılmasının qarşısını almağa yönəlmiş addımlar, bu məsələyə dövlət nəzarətinin gücləndirilməsi, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanılması, pensiya və müavinətlərin, maaşların artırılması dövlətimizin başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir. Atılan addımlar sübut edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təməlində məhz Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. İqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə 2016-cı ildə də bütün sosial layihələr icra olunacaq, iqtisadi islahatlar davam etdiriləcək.

Ekologiya və təbii sərvətlər naziri görüşdə yeni iş yerlərinin açılması məqsədilə Daşkəsən rayonunda yerli şəraitə uyğun ağac növlərinin yetişdirilməsi üçün tinglik təsərrüfatlarının yaradılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıq verib.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Rövşən Rzayev Azərbaycan Prezidentinin antiböhran tədbirləri ilə bağlı imzaladığı sərəncamların qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar açdığını diqqətə çatdırıb. Bildirib ki, sahibkarlar onlar üçün yaradılmış əlverişli şəraitdən maksimum bəhrələnməyə çalışmalıdırlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında