Azərbaycanda meşə örtüyünün qorunması hər kəs üçün mühüm vəzifə olmalıdır

Təbiətin bəşəriyyətə hədiyyəsi olan və  bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən meşələr  Yer kürəsinin ən qiymətli sərvəti hesab olunur. Hesablamalara əsasən, dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın,   310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın   payına düşür. Meşənin əsas xüsusiyyətləri bitki örtüyünün altında formalaşan mikroiqlimdir. Bu mikroiqlim ətraf mühitin iqlimindən seçilir. Açıq ərazilərdən fərqli olaraq meşədə qış mövsümündə havanın temperaturu 3-5° C yüksək olur. İsti yay günlərində isə əksinə, temperatur bir neçə dərəcə aşağı olur.

Meşədə daim yüksək rütubətlilik nəzərə çarpır.  Ağacların çətiri günəş şüalarının qarşısını kəsərək kölgəlik əmələ gətirir və güclü küləklərin qarşısını alır. Bunun da nəticəsində meşə bitkiləri və heyvanların həyatı üçün əlverişlı yaşayış mühiti   yaranır.  Onu da deyək ki, ağacların çətiri altında toxumlar da sürətlə inkişaf edir.

Meşə ekosisteminə daxil olan bütün komponentlər bir-biri ilə sıx əlaqədə olur. Məsələn, quşlar meyvə və toxumlarla qidalanaraq toxumların uzaq məsafəyə yayılmasında iştirak edir. Ağac göbələklərinin inkişafı isə ağaclardan asılıdır. Ömrünü başa vuran ağacların budaqlarının və gövdəsinin çürüməsinə təsir göstərən göbələklər mineral maddələrin torpağa hopmasına kömək edir.

Meşə ekosistemini süni şəkildə yaratmaq çox çətindir. Meşənin müxtəlif tərkib hissələri arasında qarşılıqlı əlaqə uzun illər ərzində formalaşır. Sıx bitki örtüyü əmələ gəldikdən və heyvanların yaşayış şəraiti formalaşdıqdan sonra mikroiqlim yaranır. Daha sonra meşənin özünü tənzimləmə qabiliyyəti bütün təbii prosesləri nizamlayır. Yaşlı ağaclar məhv olduqca yerini cavan ağaclar tutur.

Meşələr güclü subuxarlandırıcı təsirə malik olduğundan bataqlıq sahələri tez bir zamanda quruda bilir. Bundan başqa, yol kənarlarındakı meşə massivləri və yaşıllıq zolaqları avtomobillərdən atılan karbon qazını selülozaya, habelə digər karbohidratlara çevirir. Ağaclar həm də tozuducu olduğundan yolun ekologiyasına müsbət təsir göstərir.

Yeri gəlmişkən, xatırladım ki, meşələrdəki  enliyarpaqlı ağaclar karbon qazını mənimsəməkdə iynəyarpaqlı ağaclardan 2 dəfə faydalıdır. Belə ki, 1 hektar palıd, ağcaqayın, fıstıq meşəsi bir ildə 22-25 ton karbon qazı, iynəyarpaqlı ağaclar isə 12-14 ton karbon qazı mənimsəyirlər. Sakit havada bol yağışdan sonra enliyarpaqlı ağac sahələrində  ağ duman görünür. Fikrimizcə, bu, gündüzlər buxarlanan, transpirasiya olan su ilə gecələr ağacların buraxdığı karbon qazının fiziki-kimyəvi birləşməsi, aerozoludur.

Parnik effektinə malik karbon qazı atmosferdəki azot və oksigen qazlarından fərqlı olaraq günəşdən gələn infraqırmızı şüaları udaraq yer səthinin qızmasına səbəb olur. Günəşdən yerə çatan istiliyin  70-75 faizi  infraqırmızı şüa şəklində yenidən kosmosa qayıdır. Karbon qazı isə havadan 1,5 dəfə ağır olduğundan yerin səthi boyunca qızmasına səbəb olur.

Üzvi yanacaqlardan, benzindən, dizel və   meşə yanacaqlarından isə il ərzində atmosferə 100 milyardlarla ton karbon qazı daxil olur. Bax, elə buna görə də  tezliklə yanacaq sistemi dəyişilməsə, bəşəriyyət  fəlakətlə qarşılaşa bilər. Elmin indiki inkişaf dinamikası da göstərir ki, yaxın gələcəyin yanacağı hidrogen və onun  izotopları (deyterium, triyium) olacaqdır.

Burada bir məqamı da xatırlatmaq istərdim. Yaponiyanın Kioto şəhərində 2002-ci ildə keçirilən beynəlxalq konfransda gündəliyə karbon qazını azaltmaq barədə məsələ çıxarılmışdı. Təəssüf ki, bəşəriyyət üçün belə ciddi və narahatlıq doğuran problemə ABŞ hökuməti tərəfindən laqeyd münasibət bəslənildi. Məsələnin reallaşdırılması istiqamətində müzakirələr nəticəsiz qaldı.

Atmosferdə karbon qazının qatılığının artması nəticəsində son 100 ildə yer səthində temperatur 1,8°C yüksəlmişdir. Alimlərin proqnozuna əsasən, yer səthində temperatur 3,5°C-dək artsa, mövcud olan 4 buzlağın (Antarktida, Şimal Buzlu okean, Qrelandiya və Tundra) əriməsi nəticəsində yer səthini 124 metr hündürlükdə su basa bilər. Bu isə Yer kürəsinin 90-92 faiz su altında qalması deməkdir.

Fikrimcə, yuxarıda xatırladılan narahatlıqları nəzərə alaraq, atmosferə daxil olan karbon qazını azlatmaq üçün mümkün olan yerlərdə bağ, meşə massivləri salınmalı, qarğıdalı sahələri genişləndirilməli və ümumiyyətlə, kənd təsərrüfatı intensiv inkişaf etdirməli, sürətlə yaşıl iqtisadiyyata keçilməlidir.

Meşə örtüyünün qorunması ilə bağlı başqa bir problemə də toxunmağı lazım bilirəm. Hazırda dünyada əhali artımı meşələrin azalmasına güclü təsir göstərir. Belə ki, meşələr əsasən kənd təsərrüfatının ehtiyacları üçün, ticarət, yanacaq və s. məqsədlə qırılır. Bu fikri belə bir fakt da təsdiqləyir: əkinçilik və maldarlıq yaranarkən bütün quru səthinin 56 faizi meşə ilə örtülmüşdü. Bu gün isə həmin göstərici 30 faiz həddindədir.  

Meşələrin məhv edilməsi prosesi  Avropada daha çox nəzərə çarpır.  Əgər VII əsrə qədər burada meşələr bütün ərazinin 80 faizini   tuturdusa, hazırda bu, dediyimiz kimi, cəmi 30 faiz  təşkil edir. Belə vəziyyət isə  torpağın tullantılarla çirklənməsinə səbəb olan “istixana effekti” yaradır. Belə ki, isti hava kütləsi torpağı qızdıraraq atmosferdəki karbon səddini dəf edib, kosmik fəzaya çıxa bilmir, torpağı isitməklə temperaturu yüksəldir. Deməli, Yerin hərarətinin +10 C artması belə dünya kataklizminə gətirib çıxara bilər, qütb buzlaqlarının əriməsi sürətlənər. Mütəxəssislərin hesablamalarına görə, XXI əsrin ortalarında dünya okeanının səviyyəsinin 1-5 metr qalxacağı gözlənilir. Bu da bir sıra regionların - Maldiv adaları, Sankt-Peterburq, Nil deltası və Azərbaycan hüdudlarında Xəzər dənizinin cənub sahilləri su altında qala bilər.

Hazırda respublikamızın meşə fondu torpaqlarının ümumi sahəsi 1,214 milyon hektardır və adambaşına 0,12 hektar meşə sahəsi düşür. Azərbaycanda  meşələr əsasən enliyarpaqlı cinslərdən ibarətdir. İynəyarpaqlı meşələrdə əsas Qarmaqvari şama Kiçik Qafqazda, Göygöldə, Tovuz rayonu ərazisində Şamlıq və Böyük Qışlaq kəndləri ətrafındakı meşələrdə, Böyük Qafqazda Qusar rayonu meşələrində təsadüf edilir. Azərbaycan  meşələrinin əsasını qışda yarpağını tökən enliyarpaqlı növlər təşkil edir.

Meşələrimizdə 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri mövcuddur. Bu bitkilərdə min tonlarla (adi qoz, alma, armud, zoğal, alıca, əzgil, fındıq, xurma, yemişan, şabalıd, böyürtkən və s.) yabanı meyvə məhsulu var. Bu meyvələrdən 30 faizi istismar əhəmiyyətli məhsullardır.

Respublikamızın şimal istiqamətli dağ yamaclarında palıd-vələs meşələri üstünlük təşkil edir. Aşağı dağ qurşağında az məhsuldar palıd, qarağac, dəmirağac meşələri, orta dağ qurşağında nisbətən məhsuldar palıd-vələs meşələri, yuxarı dağ meşə qurşağında isə daha yüksək məhsuldar palıd-vələs meşələri mövcuddur.

Azərbaycan meşələri əhəmiyyətinə görə əsasən torpaqqoruyucu, sutənzimləyici, kurort, sağlamlaşdırıcı və s. faydalı funksiyalar daşıyır. Meşələrdən sağlamlıq məqsədilə əhalinin mədəni və estetik tələblərinin ödənilməsi üçün də istifadə edilir.

Meşələr öz funksiyalarına görə eroziyaya qarşı (torpaq qoruyucu), su qoruyucu (meşə döşənəyi), çay kənarlarındakı qoruyucu meşələr (Kür çayı sahili Tuqay meşələri), şəhər yaşıllığı (parklar və bağlar), yol kənarındakı qoruyucu meşələr, istirahət və sanitar məqsədli kurort ərazilərdəki meşə sahələri və s. qruplara bölünür.

Son illərdə respublikanın əksər bölgələrində dövlətimiz tərəfindən meşəçilik və meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Məqsəd meşələrin münbitliyini və məhsuldarlığını artırmaq, meşə fondu torpaqlarından daha səmərəli istifadə etmək, meşələrin ətraf mühitə müsbət təsirini və qoruyucu funksiyalarını yüksəltməkdən ibarətdir.

Torpaq və iqlim müxtəlifliyi respublikada ən müxtəlif bitki növlərinin intişar tapmasına səbəb olmuşdur. Dünyada rast gəlinən bitki növlərinin demək olar ki, hamısı respublikamızda yayılmışdır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir.

Azərbaycanın meşə fondu bütün xalqın qiymətli sərvətidir. Hazırda meşə təsərrüfatının ən vacib problemi meşə fondundan məqsədyönlü və səmərəli istifadə olunmasıdır. Azərbaycanda bu problem olduqca aktualdır, belə ki, burada meşə sahələri çox azdır və meşə istehsalatına veriləcək torpaqların sahələrinin ehtiyatı da məhduddur.

Ermənistanın ölkəmizə təcavüzü nəticəsində də   meşələrimizə ciddi ziyan dəyib. Rəsmi məlumatlara görə, ermənilər tərəfindən 261 min hektar meşə sahəsi vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac növlərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırıb. Buna misal kimi Topxana meşəsini göstərmək olar. Təkcə son  bir neçə il ərzində  işğal altındakı torpaqlarımızda 6 min hektaradək ərazinin yandırılması da bu sahədə hökm sürən acınacaqlı vəziyyətdən xəbər verir. İşğal altında olduğu üçün bu mənfi tendensiyaya müdaxilə də müşküldür. Bəşəriyyətin qlobal problemlərinin həllinə diqqət yetirməli olan beynəlxalq təşkilatların üzərinə bununla bağlı  mühüm vəzifə düşür və artıq onlar əməli fəaliyyətə keçməli, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi sahəsində qətiyyətli mövqe ortaya qoymalıdırlar.

Respublikada meşələrin əhali üçün rekreasiya məqsədilə istifadəsinin geniş perspektivləri vardır. Belə ki, meşələrin nəhəng oksigen istehsaledici qüvvəsi, təbiətdə rast gəlinən ayrı-ayrı mənfi halları və antropogen təsiri yox etmək və ya azaltmaq (sel axınlarının, güclü küləklərin, mənfi hərarətin, günəşin yüksək şüalanmalarının, hava hövzəsinin, torpağın, suyun çirklənməsinin, səs-küyün qarşısını almaq) qabiliyyəti inkaredilməzdir. Eyni zamanda, havanı tozdan, küləkdən, tüstüdən, hisdən və s. kimi insanlara ziyan verən qarışıqlardan təmizləməkdə meşələrin çox böyük sağlamlaşdırıcı rolu mövcuddur. Müəyyən edilmişdir ki, 1 hektar palıd meşəsi gün ərzində 56 ton, fıstıq meşəsi 68 ton, şam meşəsi 38 ton tozu öz çətirləri (yarpaqları) arasından süzdürür və tozdan təmizləyir. Bir sözlə, respublikanın meşələri təmiz və müalicəvi havanın əsl mənbəyidir, onu oksigenin aktiv forması ilə zənginləşdirir. Meşələr özlərinin müalicəvi və estetik xüsusiyyətləri ilə insanların yüksək dərəcədə iş qabiliyyətini təmin etməyə, səhhətlərini və uzunömürlülüyünü qorumağa qadirdir.

Münbit torpaqlarımızın yuyulub getməsinin qarşısının alınmasında, sel daşqınlarının minimuma endirilməsində, tarlaların küləkdən və quraqlıqdan qorunmasında meşələrin müstəsna əhəmiyyəti var. Meşələr bir növ rütubət toplayıcısı rolunu oynayır və düzənliklərə suyun paylanmasını tənzimləyir, onu nisbətən tarazlaşdırır.

Ulu öndərimiz Heydər Əliyev meşələrin qorunmasına, yeni meşə massivlərinin, yaşıllığın yaradılmasına xüsusi qayğı və diqqət  göstərirdi. Keçən əsrin 90-cı illərinin axırlarında keçirdiyi müşavirələrdən birində ümummilli liderimiz demişdir: “Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də, siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...”. Bu münasibət sonrakı illərdə də davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 2003-cü il tarixli sərəncamı ilə meşələrin bərpa olunmasına və artırılmasına dair Milli Proqram təsdiq olunmuşdur. Bu proqrama əsasən,   ildə orta hesabla 10 min hektar sahədə yeni meşələr salınmış  və meşə bərpa tədbirləri həyata keçirilmişdir. Bundan başqa, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi, habelə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək!” çağırışı nəticəsində respublikamızın hər yerində yaşıllaşdırma sahəsində çox böyük işlər görülmüşdür. Artıq bu iş kampaniya xarakteri daşımır, hər il davam etdirilir. Bu da ölkəmizdə meşələrin artırılmasına verilən ən böyük töhfələrdən biridir.

Burada bir həqiqəti də xatırlatmaq yerinə düşərdi.  Azərbaycanın müstəqillik qazandığı ilk illərdə enerji təchizatı sistemində yaranan problemlər, xüsusən, bölgələri qazla təmin etməyin mümkün olmaması nəticəsində meşələr sürətlə qırılmışdır. Ümummilli liderimizin  həyata keçirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft-qaz strategiyası Azərbaycanda qaz təminatı, enerji təchizatı sahəsindəki problemlərin sürətli həllinə yol açmışdır. Rayonlarda əhalinin təbii qazla təminatının yaxşılaşdırılması, ucqar kəndlərə belə qaz çəkilməsi meşələrin qırılmasının qarşısını almışdır.  

Həsən HƏSƏNOV,
kimya elmləri üzrə
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında