Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca ekoloji problemlər daha sürətlə həll edilir

Planetdə ekoloji tarazlığın qorunması, təbiətsevərlərin təşəbbüs və təkliflərindən səmərəli istifadə olunması, suyun, havanın, torpağın çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemdir.

Bu problemlərin həlli Azərbaycanın da qarşısında duran strateji vəzifələrdən biridir. Təbii ki, həmin vəzifələrin yerinə yetirilməsi üçün uzunmüddətli fəaliyyət proqramları, irihəcmli dövlət investisiyaları tələb olunur. Azərbaycanda sovet hakimiyyəti dövründə ekoloji tarazlığın qorunması prioritet məsələ idi, lakin əməl olunmurdu. Müstəqilliyin əldə edilməsindən sonrakı ilk illərdə isə ölkənin üzləşdiyi problemlər ekologiyaya xüsusi diqqət yetirilməsinə və bu sahəyə investisiyaların yatırılmasına imkan vermirdi. Məmnunluq gətirən faktdır ki, son illərdə ölkəmizdə ekoloji durumun sağlamlaşdırılmasına yönələn irimiqyaslı dövlət proqramları, böyük məbləğlərdə investisiya tələb edən iri layihələr həyata keçirilib.

Ekoloq mütəxəssislər qeyd edirlər ki, respublikamızda həyata keçirilən ekoloji proqramların əsası 2003-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Meşələrin bərpa edilməsi və artırılmasına dair” 2 milli proqram, daha sonra — 2003-2004-cü illərdə isə “Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı”, “Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair” və “Azərbaycan Respublikasında Hidrometeorologiyanın inkişafı”na dair 3 Dövlət Proqramı təsdiq olunmuşdur və həmin istiqamətlərdə böyük işlər görülmüşdür.

Bu istiqamətdə atılan ən önəmli addım “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” hesab olunur. Həmin plana əsasən? Bakı və Bakı ətrafında, eləcə də, Abşeron yarımadasında ekoloji böhran xarakteri almağa başlayan çirklənmənin qarşısını almaq strateji əhəmiyyət kəsb edirdi. Əvvəllər paytaxt Bakı ətrafında neft gölməçələri, məişət tullantılarının primitiv formada yandırılması nəticəsində paytaxtın üzərini və Abşeron yarımadasını bürüyən qalın tüstü dumanı, çirkab suların təmizlənməsi və axıdılması üçün yetərli infrastrukturun mövcud olmaması ekoloji vəziyyəti gərginləşdirirdi. Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş həmin plan da ətraf mühitin mövcud vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir.

Bakı buxtasının Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, eləcə də, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, eləcə də, Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlər tədbirlər planında əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

Bu da faktdır ki, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair bütün proqramlarda prioritet istiqamətlərdən biri də ekoloji vəziyyətdir. Həmin proqramlar çərçivəsində Bakı şəhərinin və Abşeron yarımadasındakı yaşayış massivlərinin kanalizasiya şəbəkələri ilə təmin edilməsi, mövcud təmizləyici qurğuların yenidən qurulması və yeni təmizləyici qurğuların tikilməsi istiqamətində yeni layihələr həyata keçirilməkdədir. 2011-ci ildə təsdiq edilən “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramı”nda da ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn layihələr müsbət nəticələr verir.

Mütəxəssislərin fikrincə, paytaxtın ekologiyasından danışarkən, Xəzəri xüsusi qeyd etmək vacibdir. Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasinin Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində imzalanmış “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilir. Həmin sərəncama əsasən, Xəzər sahillərində beynəlxalq standartlara cavab verən modul tipli lokal çirkab sutəmizləyici qurğular quraşdırılmışdır. Bu qurğular İtaliya, ABŞ, Almaniya, Tayvan, Türkiyə və Fransa istehsalı olan avadanlıqlardan ibarətdir. Həmin qurğular nefttutucu avadanlığı da nəzərə alsaq, gündə 4070 kubmetr çirkab su təmizləmə gücünə malikdir.

Həmin qurğulardan Abşeron yarımadasının Bilgəh, Buzovna və Mərdəkan qəsəbələrində quraşdırılmışdır. Artıq Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sisteminin beş stansiyası fəaliyyət göstərir. Çirkab suları təmizlənərək dənizin 250-300 metrədək dərinliyinə axıdılır. Aparılan monitorinq qısa zaman ərzində Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir. Çirkab sularını təmizlənməsi işləri Sumqayıt şəhəri istiqamətində davam etdirilir. Azərbaycan Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirlər həyata keçirir. Dövlət sənədlərinin icrası nəticəsində Xəzər akvatoriyasının daha da təmizlənməsi üçün Abşeron yarımadasını, eləcə də, Xəzər dənizini çirkləndirən mənbələr tam zərərsizləşdiriləcəkdir.

Başqa bir fakta diqqət yetirək. Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Proqramının qəbul olunması da mühüm addımdır. Alimlər bu qənaətdədirlər ki, Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Bu sahədə ilk önəmli addım 2004-cü ildə atılmışdı. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi bu sahədə çox mühüm addım idi. Bu məqsədlə 2009-cu ildə Sənaye və Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmış, 2011-ci ildə isə Qobustan rayonu ərazisində ölkədə ilk dəfə külək elektrik stansiyası işə salınmışdı.

Respublikada ən mühüm ekoloji layihələrdən biri də Bakıda məişət tullantılarının yandırılması üçün yeni texnologiyalara əsaslanan zavodun tikilməsidir. Zavodun tikintisinə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində məşhur Fransa şirkəti tərəfindən başlanıb. 346 milyon avroya başa gələn müəssisə Balaxanı qəsəbəsində — 20 hektar ərazidə inşa olunub. Onun illik gücü 500 min ton məişət tullantısı təşkil edir. Zavod tullantıların yandırılması zamanı 231.5 milyon KVt saat enerji hasil etmək gücünə malikdir. 2012-ci ilin sonundan tam fəaliyyətə başlayan müəssisə istehsalat gücünə görə, Şərqi Avropada və MDB məkanında bu tipli ən iri zavoddur.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində mühüm mərhələlərdən biri də ölkədə 2010-cu il hesab edilə bilər. Həmin il fevralın 18-də dövlət başçısı ekoloji problemlərə həsr olunmuş xüsusi müşavirə keçirmiş, elə həmin müşavirədə, 2010-cu il Prezident İlham Əliyev tərəfindən “Ekologiya ili” elan edilmişdi. “Ekologiya ili” çərçivəsində bölgələrdə milyonlarla ağac əkilmiş, ətraf mühitin problemlərinə dair ictimai müzakirələr aparılmış və digər mühüm tədbirlər həyata keçirilmişdi.

Bu istiqamətli daha bir layihəni yada salaq. İnşası 2005-ci ildə başlayan və 2010-cu ilin dekabrında təhvil verilən Oğuz-Qəbələ-Bakı su kəməri isə paytaxt Bakının, Abşeron yarımadasının uzun illər boyu üzləşdiyi içməli su probleminin həlli istiqamətində tarixi hadisə kimi qeyd edildi. Həmin layihənin icrasına 1 milyard manata yaxın vəsait xərcləndi. Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrinin işlədilməsi nəticəsində Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması və beləliklə də, əhalinin yüksək keyfiyyətli, ekoloji baxımdan təmiz su ilə təmin edilməsidir. Mütəxəssislərin fikrincə, Bakı və ətraf qəsəbələrdə supaylayıcı şəbəkələrin yenidən qurulması işlərinin başa çatdırılmasından sonra bu kəmər sayəsində paytaxt əhalisinin 75 faizinin içməli su ilə təminatı mümkün olacaqdır.

Bundan başqa, ölkəmizdə keçirilən birinci Avropa Oyunlarına hazırlıq mərhələsində paytaxtın ən çox çirklənməyə məruz qalmış ərazilərindən olan Böyük şor gölü və Bayıl mədənləri ərazisində möhtəşəm abadlıq və ekoloji cəhətdən təmizləmə layihələri həyata keçirilmiş, həmin ərazilərdə indi artıq bütün dünyada məşhur olan Bakı Olimpiya Stadionu və Su İdman Oyunları Kompleksi inşa olunmuşdur. Hər iki idman obyektinin ətrafı aylardır ki, paytaxt əhalisinin ən çox istirahət etdiyi ünvanlardan birinə çevrilib.

Bir sözlə, Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca, ölkənin digər problemləri kimi, ekoloji problemlərin həlli istiqamətində də mükəmməl addımlar atılır və xalqımızın hər bir nümayəndəsi həmin layihələrin nəticəsindən bəhrələnir.

İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında