Oktyabrın ikinci ongünlüyünün əvvəlində kütləvi informasiya vasitələri belə bir xəbər yaymışdılar ki, guya, ayın 17-də planetdə güclü zəlzələ olacaq. Ayın 16-da isə elektron informasiya vasitələrindən biri daha da irəli gedərək öz xəbərinə çox qorxulu sərlövhə vermişdi: “Sabah dəhşətli zəlzələ olacaq, 40 milyon insan öləcək”.
Həmin “bədxəbər” həmkarlarımız öz məlumatlarını belə “əsaslandırırdılar” ki, bu proqnozu London Universitetinin nüvə mühəndisi Mehran Keşe verib. Alimin sözlərinə görə, guya, 17 oktyabr 2015-il tarixində güclü yeraltı təkanlar Şimali və Cənubi Amerika arasında parçalanmaya səbəb olacaqdı. O, iddia edirmiş ki, Amerika və Asiya sahillərində nəhəng sunami dalğaları əmələ gələcək və fəlakət nəticəsində 40 milyon insan həlak olacaq. Keşenin fikrincə, Amerika hökuməti bu fövqəladə hadisə ilə bacarmayacaq və fəlakət qaçılmazdır. Guya, Meksika və Meksika körfəzi məhv olaraq dağılacaq, Çin, Yaponiya və Karib adalarında böyük itkilər olacaqdı.
Hansısa bədniyyət adamın dünya əhalisində vahimə, təlaş yaratmaq məqsədilə söylədiyi cəfəng “proqnoz”un reallaşmadığı artıq hamıya məlumdur. O da məlumdur ki, dövri olaraq — iki-üç ildən bir gündəliyə gətirilən bu tipli xəbərlərin heç biri real təsdiqini tapmamışdır. Ancaq dünyanın müxtəlif ölkələrində zəlzələ və təbii kataklizmlər davam edir. Dünya alimləri planetimizdə baş verən yüzlərlə, minlərlə təbii fəlakətin heç birinin dəqiq vaxtını proqnozlaşdıra bilməyiblər. Zəlzələlər barədə çoxsaylı proqnozlar öyrənilsə də, hələlik dünya elminin bu məsələdə hansısa dəqiq nəticəyə gəldiyini deyə bilən alim yoxdur. Çünki zəlzələnin baş verəcəyi tarixin dəqiq öyrənilməsi, həqiqətən çətindir. Deməli, yuxarıda adıçəkilən alim də dəhşətli zəlzələ barədə proqnozu verəndə elmə əsaslanmamış, hansısa məqsədi güdmüşdür.
Alimlərin və təcrübəli mütəxəssislərin fikrincə, zəlzələlər barədə elmə məlum olan odur ki, bu proses yerüstü zərbələr və yerin üst qatının titrəməsidir. Bu titrəyişlər həm tektonik proseslərlə müşayiət olunan təbii olaraq, həm də partlayış, su bəndlərinin doldurulması, dağlardakı yeraltı sürüşmələrlə müşayiət olunan süni olaraq baş verir . Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər. Seysmologiya elmi sübut edir ki, zəlzələ nəticəsində nəinki çoxlu dağıntı və tələfat baş verə bilər, hətta, yerin üst qatının formasını dəyişməsi də mümkündür.
Sübut olunub ki, zəlzələlər Yerin təkində gedən dinamik proseslər nəticəsində baş verir. Bunun bir nəticəsi kimi lay tektonikasını göstərmək olar. Yerin özəyi və qabığı arasındakı litosfer laylar zəlzələlərin yaranmasında böyük rol oynayır. Zəlzələlər, əsasən, bu layların sərhəd zonalarında əmələ gəlirlər. Müxtəlif layların bir-birinə nəzərən sürüşməsi və toqquşması yeraltı təkanlara səbəb olur. Alimlərin fikrincə, yeraltı daşların kəsicilik möhkəmliyi həddi keçdikdə onlar burada yaranan gərginliyi sıçrayışla buraxır və nəticədə yeraltı tektonik təkanlar baş verir. Yaranan enerjinin həcminin hidrogen bombasının gücündən 100 dəfə çox olması məlumdur. Bu gərginliyin boşalması layların sərhəd zonalarında baş verdiyi kimi, onların orta hissələrində, möhkəmliyi zəif olan zonalarda da yarana bilər.
Dünya alimlərinin çoxsaylı müşahidələr nəticəsində gəldikləri yekdil fikir belədir ki, zəlzələlər denudasiya, vulkanik və tektonik növlərə bölünür. Denudasiya zəlzələləri o zaman yaranır ki, laylara süzülən su torpağın bəzi hissələrini həll edir və özü ilə aparır. Yeraltı sular dağıdıcı fəaliyyəti asanlıqla həll olan süxurlarda, məsələn, daş, duz, gips, əhəngdaşı inkişaf etdiyi yerlərdə meydana çıxır. Bu suların yerində boşluqlar və ya mağaralar əmələ gəlir. Zaman keçdikcə, həmin boşluqların tavan hissələri ağırlıq qüvvəsinin təsiri altında aşağı uçur və şiddətlə yerə dəyərək zəlzələnin əmələ gəlməsinə səbəb olur. Belə uçmalar birdən-birə baş verirsə, zəlzələ bir neçə dəqiqədən artıq davam etmir. Bəzən seysmik hərəkətlər bir neçə zəlzələ şəklində meydana çıxır. Bir zərbənin ardınca ikinci və sonrakılar hiss olunur: burada ayrı-ayrı zəlzələlər arasındakı fasilə bir neçə gün də ola bilər. Həmin hadisənin səbəbi odur ki, əmələ gəlmiş baş zərbə həmin mağaranın başqa yerlərində və qonşu mağaralarda müvazinətin pozulması və əlavə uçqunların əmələ gəlməsinə səbəb olur. Bu kimi zəlzələlərə uçma və karst deyilir.Yerin özəyi və qabıgı zəlzələnin yaranmasinda cox böyük rol oynayır.
İkinci tip zəlzələlər vulkanik proseslərlə əlaqədardır. Burada vulkan fəaliyyətinin ən dəhşətli dövrünü xatırlamaq kifayətdir: hər bir partlayış zamanı müxtəlif böyüklükdə olan bərk püskürmə məhsulları atılır, kraterin dibi titrəyir. Püskürmədən əvvəl vulkan ətrafında hiss olunan müxtəlif yeraltı zərbələr bu qəbildəndir. Vulkanik zəlzələlərin səbəbləri üstdəki layların təzyiqinə üstün gələ bilməyən qazların partlamasından ibarətdir. Yerin titrəməsinin böyük qüvvəyə çatmağına baxmayaraq, onlar böyük sahəyə yayıla bilmir. İndi isə, tektonik zəlzələlər barədə. Bu zəlzələlər Yer qabığında qırışıqların və çatların əmələ gəlməsi ilə əlaqədardır. Tektonik zəlzələlər vulkanik və karst zəlzələsindən yayıldığı sahənin böyüklüyünə, əmələ gələn parçalanma və pozulmanın miqyasına, zərbələrin eyni zamanda baş verməsinə və bu zəlzələnin böyük dərinliklərdə olmasına görə fərqlənir.
Zəlzələlərin cüzi hissəsi vulkanizm, mağara tavanlarının uçması, şaxtalarda uçqunların baş verməsi ilə əlaqədardır. Demək olar ki, zəlzələlərin hamısı tektonik səbəblərdən baş verir. Planetimizin daxilində bir-birinə təsir edən enerjilər tədricən toplanır və hər hansı bir yerdə süxurların müqavimət qabiliyyətindən artıq olduqda, həmin süxurların birdən-birə parçalanması və ya çatlaması baş verir. Parçalanma, hər tərəfə yayılmaqda olan və öz yolunda rast gələn maddələri rəqsi hərəkətə gətirən elastik dalğalar yaradır. Süxurların ilk parçalanma yeri zəlzələnin mərkəzi olur. Mərkəzdə zəlzələ həmişə qısa müddətli olur. Ən güclü təkanlar da belə bir neçə saniyə davam edir. Alimlərin fikrincə, yalnız Çilidə olan zəlzələlər on saniyələrlə davam edir. Toplanmış enerjinin azad olması sürətlə baş verir: enmə, qalxma, üfiqi istiqamətdə sürüşmə və ya mürəkkəb hərəkətlə parçalanma müstəvisi boyu yayılır.
O ki qaldı, zəlzələnin proqnozuna, bu üsullardan biri Yer qabığında müxtəlif səslərə qulaq asmaqdan ibarətdir. Yer qabığında hər bir böyük pozğunluqdan qabaq xırda pozğunluqlar baş verir, bu pozğunluqlar zəlzələ yaratmır, lakin hazırlıq işi aparır. Bu ibtidai pozğunluqlar müxtəlif səslər yaradır, səslərə qulaq asmaq üsuluna əsasən həssas səs cihazları ilə bu səsləri eşitmək mümkün olur.
Zəlzələ proqnozunun ikinci üsulu, meyilölçənlər vasitəsilə Yer səthinin meylini öyrənməkdən ibarətdir. Bu cihazlar Yer səthinin ən kiçik meylini böyük dəqiqliklə ölçür. Meyilölçənlər Yer qabığının hərəkətləri ilə və zəlzələyə hazırlıq işləri ilə əlaqədar olan meyilləri qeyd etməkdən başqa, xarici səbəblər nəticəsində baş verən meyilləri də göstərir. Təəssüf ki, meyilölçənin ümumi qeydlərindən, daxili səbəblərin yaratdığı meyli ayırmaq böyük çətinlik törədir.
Üçüncü üsul atmosferin elektrik vəziyyətini dəyişməsi, yəni zəlzələdən qabaq və zəlzələ zamanı elektromaqnit dalğalarının əmələ gəlməsi üzərində aparılan müşahidələrə əsaslanır. Lakin bu müşahidələr də hələlik təsadüfi kimi qiymətləndirilir və sistematik tədqiqat aparmağı tələb edir. Doğrudur, zəlzələ haqqında əvvəlcədən xəbər verən bir sıra əsaslandırılmış üsullar da vardır. Lakin alimlərin fikrincə, bu üsullar yalnız zəlzələ ərəfəsində özünü doğrulda bilir. Yəni 15-20 gün əvvəldən zəlzələnin olacağı günü proqnozlaşdırmaq hələlik mümkün deyil. Ona görə də London Universitetinin nüvə mühəndisi Mehran Keşe kimilərin o qəbildən olan proqnozları insanlar arasında həyəcan, təlaş və psixoloji sarsıntı yaratmaqdan başqa heç nəyə yaramır.
İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.